/ / Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
17.08.2017 [10:08]
Respublikamız çoxvektorlu xarici siyasətində daim milli maraqlardan çıxış edir, eyni zamanda, beynəlxalq miqyasda etimad mühitinin möhkəmlənməsinə töhfə vermək əzmi nümayiş etdirir
Hazırda dünyada müşahidə edilən reallıqlar fonunda milli dövlətlərin özlərinin xarici siyasət kurslarının paradiqmalarını düzgün müəyyənləşdirmələri xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycanın çoxvektorlu xarici siyasəti diqqətəlayiqdir və bütün dünyada böyük maraqla izlənilir. Respublikamız regional və qlobal əməkdaşlıq formatlarında bir qayda olaraq milli maraqlardan çıxış edir, ölkəmizlə bağlı həqiqətlərin bütün dünyada layiqincə təbliğ edilməsinə çalışır, eyni zamanda beynəlxalq miqyasda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə öz töhfəsini vermək əzmi nümayiş etdirir. Bu gün Azərbaycanın modeli bütün dünya üçün nümunədir. Ölkəmiz tolerantlığı dövlət siyasətinin prioritetləri səviyyəsinə yüksəltməklə, praktiki müstəvidə müxtəlif mədəniyyətlərin təmsilçilərinin birlikdə, azad və firavan şəkildə yaşamalarına gözəl şərait yaratmaqla beynəlxalq birliyə Yaxın Şərqdə və digər regionlarda getdikcə daha geniş şəkildə alovlanan müharibələrin, münaqişələrin əsas səbəblərindən olan milli, dini, irqi dözümsüzlüyün aradan qaldırılmasına çağırış edir.
Azərbaycanın xoş niyyətə əsaslanan xarici siyasət kursu ölkəmizə çoxlu sayda dostlar qazandırıb
Ümumiyyətlə, Azərbaycan müəyyənləşdirdiyi fundamental prinsiplərə sadiq qalaraq fəal beynəlxalq əməkdaşlıq siyasəti həyata keçirir. Respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə xoş münasibətlər qurmağa nail olub. Ölkəmiz Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun sülh, əməkdaşlıq, tərəqqi məkanına çevrilməsinə böyük səy göstərir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, təkcə son illərdə ölkəmizin təşəbbüsləri və fəal iştirakı ilə bir neçə regional əməkdaşlıq platforması yaranıb və uğurla fəaliyyət göstərir. Xəzər və Qara dəniz hövzələri ölkələri bəhs olunan platformalar çərçivəsində siyasi əməkdaşlığı genişləndirir, eyni zamanda, regionun sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasında iştirak edirlər.
Azərbaycan regional müstəvidə olduğu kimi, beynəlxalq miqyasda cərəyan edən proseslərə də öz müsbət təsirini göstərməyə çalışır. Məlumdur ki, respublikamız qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal şəkildə iştirak edir, eyni zamanda, mütəmadi olaraq ölkələr arasında etimad, qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verən yeni təşəbbüslər irəli sürür. Respublikamızın dünyanın əksər dövlətləri ilə diplomatik münasibətləri, iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir.
Azərbaycanı müsbət mənada fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmiz bu gün aralarında kəskin ixtilaflar yaşanan Avropa və İslam dünyası dövlətləri ilə eyni dərəcədə səmimi münasibətlər qurmağa nail olub. Asiya ilə Avropanın, müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan Avropa coğrafiyasına daxil olan ölkələrlə əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Azərbaycanın istehsal etdiyi məhsulların böyük əksəriyyəti Avropaya ixrac edilir. Eyni zamanda, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur. Azərbaycan Avropa İttifaqının bütün üzv ölkələri ilə sıx münasibətlər qurub, qurumda təmsil olunan 9 dövlətlə isə strateji əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Avropa İttifaqı dövlətləri ilə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olan Azərbaycan, eyni zamanda, İslam coğrafiyasına daxil olan dövlətlər arasında həmrəyliyin güclənməsinə böyük səy göstərir. Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bu sahədə Azərbaycanın səylərinin nə qədər səmimi və ciddi olmasından xəbər verir. Azərbaycan bəşəriyyət üçün böyük mədəniyyət yaradan İslam coğrafiyasında əmin-amanlığın bərqərar olmasına yönələn səylərini İƏT çərçivəsində davam etdirir. Qeyd edək ki, indiyədək ölkəmiz İslam coğrafiyasına aid müxtəlif məsələlərə həsr olunan bir neçə beynəlxalq tədbirə məmnuniyyətlə ev sahibliyi edib.
Azərbaycanın fəal beynəlxalq əməkdaşlıq siyasəti davamlı xarakter daşıyır. Cari ilin birinci yarısında da ölkəmizin xarici siyasəti kifayət qədər aktiv olub. Azərbaycanın dövlət başçısı ilin birinci yarısında 5-i Avropa, 5-i isə müsəlman dövləti olmaqla 10 xarici ölkəyə səfər edib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində qeyd etdiyi kimi, Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, cari ilin birinci yarısında Azərbaycan xarici ölkələrdən çoxlu sayda yüksək səviyyəli qonağı qarşılayıb. Bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir”.
Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi məqsədyönlü xarici siyasət respublikamızın regional və qlobal miqyasda nüfuzlu aktora çevrilməsini təmin edib. Təsadüfi deyil ki, cəmi 25 illik müstəqillik tarixinə malik ölkəmiz dünyanın əksər dövlətləri ilə sıx partnyorluq münasibətləri qurub, 155 dövlətin dəstəyini qazanaraq BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilib. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq nüfuzunun artmasından məmnunluğunu bildirərək vurğulayıb: “Bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir”.
Yeri gəlmişkən onu da vurğulayaq ki, Azərbaycanın Prezident İlham Əliyevin siyasi iradəsi əsasında regional və qlobal əməkdaşlığa verdiyi töhfələr dünyanın ayrı-ayrı ölkələrinin yüksək səviyyəli rəsmiləri tərəfindən də etiraf olunur. Məsələn, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu yaxınlarda respublikamıza səfəri çərçivəsində keçirdiyi görüşlərdə vurğulayıb ki, Azərbaycan mühüm və etibarlı tərəfdaşımızdır. Azərbaycan və Türkmənistan Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır. Hər iki ölkə enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib ki, Prezident İlham Əliyevin uğurlu liderliyi təkcə regionda deyil, həm də dünya miqyasında bəhrələr verir.
Ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər Azərbaycana olan hörməti əks etdirir
Son illərdə yüksək iqtisadi inkişaf göstəriciləri və möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Respublikamızda ənənəvi olaraq mədəniyyətlərarası dialoq və humanitar forumlar keçirilir. Azərbaycanın 2008-ci ildə irəli sürdüyü təşəbbüs - “Bakı prosesi” mədəniyyətlərarası dialoqun davam etdirilməsi üçün əla platformaya çevrilib. 2012-ci ildə respublikamızın Avropanın mötəbər musiqi yarışmasına ev sahibliyi etməsi mədəni həyatımızda mühüm hadisə oldu.
Cari ilin birinci yarısında Bakıda V Qlobal Forum keçirilib. Bəhs olunan forum bütün dünya miqyasında böyük nüfuz qazanıb. Forumun önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Bu il Bakıda V Qlobal Forum keçirilibdir. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak etmişlər. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünə layiq yerini tuta bilmişdir”.
Cari ildə ölkəmizdə V Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də əlamətdar hadisədir. Bir neçə il bundan əvvəl Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən foruma artıq bütün dünyada böyük maraq yaranıb. Təsadüfi deyil ki, builki tədbirin təşkilatçısı qismində Azərbaycanla bərabər, dünyanın altı aparıcı beynəlxalq təşkilatı da çıxış edib.
Azərbaycanın ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayan mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Azərbaycan 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirdi. 2016-cı ildə respublikamız “Formula-1” yarışlarına və beynəlxalq şahmat olimpiadasına ev sahibliyi etdi. Böyük tamaşaçı auditoriyası 2017-ci ilin birinci yarısında Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” qran-prisinin həyəcanını unutmayıb. Elə bu günlərdə respublikamız 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edir. 2020-ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü Azərbaycan təşkil edəcək. Ümumiyyətlə, respublikamızda keçirilən və keçiriləcək mötəbər beynəlxalq yarışların siyahısı kifayət qədər uzundur.
Mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının Azərbaycanda keçirilməsi bir sıra nöqteyi-nəzərdən əlamətdardır. Azərbaycanda keçirilən tədbirlərin ən yüksək tədbirlər olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir”.
Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizin müsbət reallıqları bütün dünyada Azərbaycana böyük maraq yaradıb. Məsələn, Qərbi Avstraliya ştatının qubernatoru Kerri Sanderson Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini dilə gətirib. O, Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib. Kerri Sanderson Azərbaycan və Avstraliya arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu və oktyabr ayında keçiriləcək biznes forumunun bunun üçün yaxşı imkanlar yaradacağını xüsusi qeyd edib
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində dərc olunan məqalədə isə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra dünya ölkələrinə açıqlığı ilə fərqləndiyi və davamlı inkişaf göstəriciləri baxımından nümunəvi ölkəyə çevrildiyi vurğulanıb. Məqalədə qeyd edilib ki, Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası sayəsində ölkədə makroiqtisadi sabitlik və ardıcıl inkişaf müşahidə edilir.
Azərbaycan “Bir kəmər - bir yol” layihəsində əsas bağlayıcı rola malikdir
Beynəlxalq miqyasda nüfuzu getdikcə artan Azərbaycan, eyni zamanda, qlobal xarakter daşıyan transmilli layihələrin fəal iştirakçısı olmağa çalışır. Regional və qlobal miqyaslı nəqliyyat layihələrində iştirak etmək də Azərbaycanın prioritet hədəflərii sırasındadır. Məlum olduğu kimi, Çin 2013-cü ildə “Bir kəmər - bir yol” layihəsini təqdim edib. Bəhs olunan layihə Avrasiya məkanında qarşılıqlı nəqliyyat, infrastruktur əlaqəsinin yaradılmasını özündə ehtiva edir. Avrasiya ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə müvafiq infrastruktur yaradılmasına hədəflənən bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə birbaşa göndərilməsini təmin edəcək dəhliz yardılmasından gedir.
Qədim İpək Yolu marşrutunda mühüm əhəmiyyət kəsb edən Azərbaycan da “Bir kəmər - bir yol” layihəsinə böyük maraq göstərir. İndiyədək respublikamızın müvafiq qurumlarını təmsil edən rəsmilər yeni təşəbbüslə bağlı keçirilən beynəlxalq tədbirlərə qatılaraq ölkəmizin imkanlarını təqdim ediblər.
Azərbaycanın nəqliyyat-logistika sahəsində imkanları isə kifayət qədər genişdir. Coğrafi mövqeyi, quru və su sərhədlərinə malik olması, möhkəm daxili sabitlik Azərbaycanın daşımalar üçün cəlbediciliyini artıran amillərdir. Hazırda ölkəmizdə rəqabətqabiliyyətli nəqliyyat-logistika infrastrukturunun yaradılması istiqamətində intensiv iş aparılır. Bu baxımdan Azərbaycanın ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrin önəmi kifayət qədər böyükdür.
Regionun nəqliyyat-tranzit potensialından səmərəli istifadə edilməsi baxımından respublikamızın təşəbbüsü, güclü siyasi iradəsi və böyük maliyyə dəstəyi ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin obrazlı şəkildə dəmir ipək yolu adlandırılması təsadüfi deyil. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək.
Regionun tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da əhəmiyyəti kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı artıq istismara verilib. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda söylədiyi nitqində Azərbaycanın yeni nəqliyyat dəhlizlərinin yaradılmasında üzərinə düşən bütün vəzifələri yerinə yetirdiyinə diqqət çəkərək deyib: “Biz böyük nəqliyyat layihələri üzərində işləyirik. Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələri ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifələr tam icra edilib. İndi əlbəttə ki, tərəfdaş ölkələrdə bu işlərin sürətləndirilməsi prosesi gedir”.
Qeyd edək ki, Azərbaycanın yeni nəqliyyat dəhlizlərinin yaradılmasına fəal şəkildə qoşulması “Bir kəmər - bir yol” təşəbbüsünü irəli sürən Çin Xalq Respublikasında (ÇXR) yüksək qiymətləndirilir. Məsələn, ÇXR xarici işlər nazirinin müavini Li Huilai bildirib ki, Asiya və Avropa arasındakı nəqliyyat qovşağında yerləşən Azərbaycanın “Bir kəmər - bir yol” layihəsi çərçivəsində əsas bağlayıcı rolu var. Çin üçün Azərbaycan Avrasiya regionunda əsas tərəfdaşlardan biridir.
Ölkəmizin xarici siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir
Azərbaycanın xarici siyasətində əsas məsələ isə qonşu dövlətin işğalçılıq siyasəti nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistanın işğalı nəticəsində respublikamızın ərazisinin 20 faizi zəbt olunub, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində Azərbaycanın xarici siyasətinin prioritet hədəfinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır”.
Yuxarıda vurğuladığımız kimi, hazırda beynəlxalq münasibətlərdə gərginlik hədsiz dərəcədə artıb. Bunun bir səbəbi də həll olunmamış münaqişələrdir. Yaranmış vəziyyətdə iyirmi ildən çoxdur ki, davam edən və siyasi-iqtisadi müstəvidə regiona çoxsaylı narahatlıqlar gətirən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir zərurət kimi meydana çıxıb. Bu cəhət beynəlxalq təşkilatların hesabatlarında da nəzərə çatdırılır. Beynəlxalq Böhran Qrupu öz hesabatında vurğulayıb ki, son vaxtlarda regionda vəziyyətin gərginləşməsinin mühüm səbəblərindən biri də münaqişənin hələ də həllini tapmaması ilə əlaqədardır. Öz növbəsində ÇXR xarici işlər nazirinin müavini Li Huilai bildirib ki, Çin hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycan hökumətinin sabitliyin təmin edilməsində həyata keçirdiyi siyasəti dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsinin dəstəklənməsinə dair Çinin mövqeyi aydın və dəyişməzdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

