Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda işsizliyin və yoxsulluğun aradan qaldırılması həyata keçirilən sosial siyasətin prioritetlərini təşkil edir

Azərbaycanda işsizliyin və yoxsulluğun aradan qaldırılması həyata keçirilən sosial siyasətin prioritetlərini təşkil edir

02.08.2017 [09:53]

Prezident İlham Əliyev: İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılmışdır. Bu gün həm işsizlik, həm yoxsulluq ölkəmizdə təxminən beş faiz səviyyəsindədir
Azərbaycanın hər zaman özünün dərin məzmunlu sosial siyasətinə sadiq qalması, iqtisadi potensialın artmasından davamlı şəkildə insanların həyat səviyyəsinin yüksəldilməsi naminə istifadə edilməsi ölkəmizi fərqləndirən əsas cəhətlərdən biridir. Respublikamızda iki istiqamət - iqtisadi potensialın artırılması və sosial sferanın adekvat şəkildə dəstəklənməsi paralel şəkildə həyata keçirilir. Beləliklə, milli iqtisadiyyatın sosialyönümlülüyü təmin edilir ki, bunun da sayəsində cəmiyyətdə böyük məmnunluq hissi yaranır. Ölkənin real gücünün, iqtisadi və maliyyə imkanlarının artmasının konkret nəticələrini özlərinin gündəlik həyatlarında hiss edən insanlar məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinə, islahatlara hərtərəfli dəstək nümayiş etdirirlər.
Yoxsulluğun 5 faizədək aşağı salınması Azərbaycanın böyük nailiyyətidir
Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən genişməzmunlu sosial siyasətin nəticəsini müxtəlif istiqamətlərdə reallaşdırılan konkret layihələrdə, o cümlədən sosial infrastruktur quruculuğunda, səhiyyə sahəsində aparılan islahatlarda, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində görmək mümkündür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bir daha bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır”.
Ölkəmizdə son 13 ildə sosial sferanın inkişafı, ələlxüsus da əhalinin yüksək sosial təminatının əsas indikatorlarından biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar böyük nailiyyətdir. Respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması hədəflənib və çox qısa müddətdə yoxsulluq 50 faizdən 5 faizədək aşağı salınıb. Prezident İlham Əliyev V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimindəki nitqində bundan məmnunluq ifadə edərək bildirib: “İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılmışdır. Bu gün həm işsizlik, həm yoxsulluq ölkəmizdə təxminən beş faiz səviyyəsindədir”.
Ölkəmizdə milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönələn yeni sosial təşəbbüslər irəli sürülür, bu istiqamətdə bütün proqramlar uğurla yerinə yetirilir. Prezident İlham Əliyev milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Ümumiyyətlə, Azərbaycanın sosial siyasəti genişməzmunlu olmaqla davamlı xarakter daşıyır. Əvvəlki illərdə olduğu kimi, ölkəmizin cari il üçün dövlət büdcəsi də sosialyönümlüdür. Milli Məclisin bir qədər bundan əvvəl keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin qəbul edilməsi respublikamızın özünün dərinməzmunlu sosial siyasətinə sadiq qaldığını bir daha təsdiqləyir. Milli Məclisdə təsdiqlənən yeni qanun layihəsinə əsasən büdcəyə cəlb ediləcək vəsaitlərin böyük qisminin sırf sosial istiqamətlərə xərclənməsi nəzərdə tutulub.
Ölkədə yeni iş yerlərinin açılması daimi prosesə çevrilib
Ölkəmizdə davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətdən söhbət açarkən işsizliyin bir fenomen kimi tamamilə aradan qaldırılmasına yönəldilən səyləri xüsusi vurğulamaq lazımdır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə fikirlərini ifadə edərək vurğulayıb: “Bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir. Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik”.
Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,6 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb. Azərbaycan yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır. 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla gedir.
Ölkə üzrə həyata keçirilən layihələr, o cümlədən də yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artmasına müsbət təsir göstərir. Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib. Sənaye Parkında daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq. Həmin istehsalatlarda 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Son bir ildə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq. Eyni zamanda, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür. Bəhs olunan sənaye zonalarında yüzlərlə yerli sakin yeni iş yerləri ilə təmin olunacaq.
Xüsusi layihəyə uyğun olaraq ötən il Füzuli rayonunda “Azərxalça” ASC-nin xalça müəssisəsi fəaliyyətə başlayıb. Daha 9 rayonda isə xalçaçılıq müəssisələrinin tikintisi bu il başa çatdırılacaq. İlkin proqnozlara əsasən, regionlarda açılacaq xalçaçılıq müəssisələrində 1600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq fabrikinin yaradılmasına hazırlıq işləri aparılır ki, bu da əlavə iş yerlərinin açılması deməkdir.
Son vaxtlarda aqrar sektorda istehsal və ixrac imkanlarının genişlənməsi də regionlarda iqtisadi aktivliyin artmasının göstəricisidir. Qeyd edək ki, respublikanın 20 rayonunda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb. Hazırda 22 rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın yaradılması təşviq olunur. Bundan başqa, ötən ildən başlayaraq respublikanın bölgələrində böyük əmək tutumuna malik texniki bitkilərin becərilməsinə ciddi diqqət göstərilir. Bütün bunlar respublika üzrə fəal məşğul əhalinin iş yerləri ilə təmin olunmalarına geniş imkanlar açıb. Hazırda respublikanın 37 rayonunda baramaçılıq inkişaf etdirilir. Tütünçülük sahəsində qarşıya qoyulan hədəf yaxın perspektivdə istehsalı 3 dəfə artırıb 10 min tona çatdırmaqdan ibarətdir.
2016-cı ildən respublikanın ayrı-ayrı bölgələrində həmçinin pambıqçılığın şöhrətinin geri qaytarılmasına başlanılıb. Pambıqçılıq kənd təsərrüfatının əmək tutumu kifayət qədər geniş olan sahələrindən biridir. Ötən il respublikanın regionlarında 64 min fəal insan pambıq əkib-becərməklə məşğul olub. Cari ildə isə bu rəqəm 200 minədək artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanda qısa müddətdə pambıqçılıq sahəsində əldə olunan uğurlardan məmnunluğunu bildirərək vurğulayıb: “Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi, demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır”.
Ümumiyyətlə, respublikamızda əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunmasına nail olmaq məqsədilə müxtəlif layihələr reallaşdırılır. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü əsasında ölkə miqyasında ictimai iş yerlərinin yaradılması böyük aktuallıq daşıyır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğuladığı kimi, ictimai iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçün yaradılır: “Biz keçən il də ictimai iş yerlərinin açılması ilə bağlı tədbirlər gördük, bu il də görüləcək. Bu iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçün açılır. Bu işlər ictimai işlərdir. Bölgələrdə təmir-tikinti ilə, yaşıllıq zonalarına xidmətlə bağlı iş yerləri açılacaq. Dövlət şirkətlərinin xətti ilə də bu cür iş yerləri açılacaq. Yalnız ictimai xidmətlər istiqamətində 42 min iş yeri açılacaq. Görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri açılacaq və beləliklə, işsizlik Azərbaycanda həmişə olduğu kimi, aşağı səviyyədə qalacaq”.
Ünvanlı sosial yardımdan özünüməşğulluq proqramına keçid iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də dərin sosial mahiyyət daşıyır
Son vaxtlar ölkəmizdə sosial sferada müəyyənləşdirilən prioritetlərdən biri də əhalinin gəlir əldə etmək imkanlarının daha da genişləndirilməsi ilə bağlıdır. Cəmiyyətdə tez-tez belə bir fikir səslənir ki, ədalətli resurs bölgüsünü təmin edən baza yeni yanaşmalar, ilk növbədə isə əhalinin bütün təbəqələrini əhatə edən məqsədyönlü məşğulluq siyasətinin həyata keçirilməsi hesabına genişləndirilməlidir.
Respublikamızda sosial təminat sisteminin əhatəliliyinin genişlənməsi həmçinin sosial yardım proqramında da özünü göstərir. Ölkəmizdə 2006-cı ildən ciddi sosial təşəbbüs olan ünvanlı sosial yardım proqramı reallaşdırılır.
Respublika üzrə 2016-cı ildə orta hesabla 165352 ailə (692044 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da əvvəlki illə müqayisədə 53,26 faiz çox aztəminatlı ailənin dövlət sosial təminat sistemi ilə əhatə olunması deməkdir. Həmçinin ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,70 manat təşkil edib.
Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi Azərbaycan dövlətinin daim humanizm prinsiplərindən çıxış etməsinin təzahürüdür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, dövlət ehtiyac içində yaşayan vətəndaşlarına öz yardımını göstərib və bundan sonra da göstərəcək: “Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır”.
Lakin ünvanlı sosial yardım proqramında niyyət nə qədər təmiz olsa da, bəzi insanların bundan sui-istifadə etməyə cəhd göstərmələri barədə faktlar təəssüf doğurur. Söhbət ələbaxımlılıqdan gedir. Statistik məlumatlar bir sıra suallar yaradır. Hazırda regionlarda əksər ailələr həyətyanı torpaq sahələrinə malikdirlər, hər kəs mal-qara saxlaya, meyvə-tərəvəz yetişdirə bilər. Bu məhsulların bazarlarda satışından əldə olunan gəlir isə ailə büdcəsi üçün əsl gəlir mənbəyidir. Bu kimi məqamlar nəzərə alınaraq perspektivdə insanların layiqli iş yerləri ilə təmin olunması qarşıya prioritet hədəf qoyulub. Ölkəmizdə istiqamət ona götürülüb ki, yerlərdə əhalinin özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilsin, insanlar ələbaxımlılığa öyrəşməsinlər, işləyərək öz həyatlarını təmin etsinlər, ünvanlı sosial yardımlar isə buna daha çox ehtiyacı olan ailələrə verilsin. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, artıq Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən ölkədə proqramın əhatə dairəsi getdikcə genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər (mal və materiallar) hesabına yeni yaradılan fərdi təsərrüfatların sayı artır. İndiyədək özünüməşğulluq proqramı çərçivəsində 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib. Qeyd edək ki, bəhs olunan proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.
Respublikada peşə hazırlığı geniş vüsət almalıdır
Yeni şəraitdə iqtisadiyyatın, o cümlədən də sənayenin, regionlarda aqrar sektorun yeni yanaşmalar əsasında inkişafı əmək resurslarının idarə olunması və ondan səmərəli istifadə edilməsi kimi vacib məsələni bütün ciddiliyi ilə gündəmə gətirib. Elə etmək lazımdır ki, həm yaranan vakansiyalar ixtisaslı mütəxəssislərlə təmin olunsunlar, həm də ölkədə işsizlik artmasın. Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində kadr hazırlığının zəruriliyinə diqqət çəkərək bildirib ki, bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır: “Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31