Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: ...Biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək

Prezident İlham Əliyev: ...Biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək

26.07.2017 [09:13]

Möhtərəm Prezidentimizin jurnalistlərə diqqət və qayğısı sonsuzdur
Bu günlərdə ölkəmizdə növbəti möhtəşəm, xüsusilə KİV nümayəndələri üçün unudulmaz hadisə baş verdi. Belə ki, jurnalistlər üçün inşa edilmiş növbəti binadakı mənzillər öz sahiblərinə qovuşdu. 255 həmkarımızın sevincinə böyük sevinc qatıldı. Təbii ki, bütün bunlara görə “İki sahil” qəzetinin kollektivi adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk. Danılmaz faktdır ki, ölkəmizdə söz azadlığının, mətbuata xüsusi diqqətin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısı mətbuata daim qayğı ilə yanaşır və əlbəttə, bu, jurnalistlərin gündəlik həyatına, yaradıcılıq fəaliyyətinə öz müsbət təsirini göstərir. Bu diqqət və qayğının təzahürüdür ki, möhtərəm Prezidentimiz dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda söz və mətbuat azadlığından danışmaq qeyri-mümkün idi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmizin inkişaf tarixində yeni mərhələnin əsası qoyuldu. Təbii ki, bu inkişafdan ölkə mətbuatına da pay düşdü. Ümummilli liderin müvafiq Fərmanı ilə mətbuat üzərindən senzura götürüldü, demokratik, dünyəvi və sivil dövlət quruculuğu yolunda mühüm addımlar atıldı. Bununla da azad mətbuatın inkişafına əngəl yaradan süni maneələr aradan qaldırıldı. Həmçinin KİV-in maddi-texniki bazası möhkəmləndirildi, mətbuat işçiləri ilə mütəmadi görüşlərin ənənəsi yaradıldı. Bu diqqət və qayğının nəticəsi olaraq Ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Heydər Əliyev ideyalarının layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir. Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq cənab Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bir daha bunu təsdiqləyir.
Qeyd edək ki, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan davamlı sərəncamlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. İlk Sərəncam 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Milli mətbuatın 138 illiyində həmin binanın açılışı oldu. 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Ev alan jurnalistlər arasında heç bir ayrı-seçkiliyin qoyulmaması, yəni siyasi mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinin bu qayğıdan bəhrələnməsi dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının bariz nümunələrindən biri idi.
2013-cü ildə möhtərəm Prezidentimiz “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzaladı. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir. 2017-ci il iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bir sıra mühüm tezisləri diqqətə çatdırdı. “Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır” deyən möhtərəm Prezidentimiz bir daha jurnalistlərə diqqət və qayğı ilə yanaşdığını xüsusi olaraq vurğuladı: “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik”.
Son illər milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılıb, KİV redaksiyaları və fərdi jurnalist layihələrinə hərtərəfli dəstək göstərilib, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. İyulun 20-də isə ikinci - 17 mərtəbəli, üç bloklu, 255 mənzilli binanın təntənəli açılış mərasimi keçirildi. Bununla da 255 həmkarımız dövlət tərəfindən mənzillə təmin edilərək böyük sevinc, qürur hissi yaşadı. Bu möhtəşəm layihənin təşəbbüskarı və rəhbəri cənab Prezidentimizdir. Məhz dövlətimizin başçısının diqqət və qayğısı sayəsində jurnalistlərimizə səmərəli fəaliyyətləri müqabilində fəxri adlar verilir, KİV-in maddi-texniki bazasını daha da gücləndirmək məqsədilə birdəfəlik yardımlar ayrılır.
Dövlətimizin başçısı cənab İlham Əliyevin 19 iyul 2017-ci il tarixli “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. İyulun 20-də yaşanan növbəti mühüm məqam isə jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanın təməlinin qoyulması oldu. Hər zaman Öz vədinə sadiq qalan möhtərəm Prezidentimizin 2013-cü ildə qeyd etdiyi kimi, artıq bu ərazi “Jurnalistlər şəhərciyi”nə çevrilməkdədir. Dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimindəki nitqində bu məsələlərə də toxundu: “Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin, gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki indi yol bir tərəfdən çəkilibdir, ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun, insanlar burada daha da rahat yaşasınlar”.
Möhtərəm Prezidentimizin jurnalistlərə diqqət və qayğısının nəticəsidir ki, O, üç dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Qeyd edək ki, cənab Prezident İlham Əliyevin üçüncü dəfə layiq görüldüyü “Jurnalistlərin dostu” mükafatı ilə bağlı sorğu 2017-ci il iyunun 20-dən iyulun 15-dək kütləvi informasiya vasitələri arasında elan edilib. Sorğunun nəticələrinə əsasən, səsvermədə iştirak edənlərin böyük əksəriyyəti möhtərəm Prezidentimizi “Jurnalistlərin dostu” adına layiq görüb. Jurnalistlər üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi mərasimində “Jurnalistlərin dostu” mükafatı dövlətimizin başçısına təqdim edildi.
Ölkəmizin başçısının jurnalistlərə olan diqqət və qayğısı sonsuzdur. Təbii ki, görülən işlər bununla yekunlaşmır. Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimində çıxışı zamanı möhtərəm Prezidentimizin bir sıra mühüm xatırlatmaları bu reallığı ortaya qoyur: “Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq... Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək”.
Təəssüf ki, dünyada analoqu olmayan bu möhtəşəm hadisəyə, haqqı və əməyi olan jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilməsinə ağız büzən, bu nəcib və humanist təşəbbüsə qara yaxmağa çalışan “soydaşlarımız” da var. Sözsüz ki, bu cür yanaşmalar heç bir obyektiv fakta əsaslanmır və qərəzdən başqa bir şey deyil. Bu cür insanlar həmkarlarımızın ən xoş, sevincli anlarında belə ürək bulandırmağa, ara qatmaqla yaranmış şəraitdən öz “maraqlarına” uyğun formada “yararlanmağa” cəhd edirlər. Ancaq media, ümumilikdə Azərbaycan ictimaiyyəti əsaslı faktlarla onların cavabını verdi. Bir daha sübut olundu ki, bu cür “qüvvələr” heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər.
Dövlətimizin mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına göstərdiyi diqqət və qayğı digər mətbu orqanlar kimi, “İki sahil” qəzetinin yaradıcı kollektivinin də məsuliyyət hissini artırır. Çalışırıq ki, bütün səylərimizi birləşdirərək, Azərbaycan reallıqlarının təbliğinə, ölkəmizin hərtərəfli inkişafına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə öz töhfəmizi verək. Cənab Prezidentimizi əmin etmək istəyirik ki, 26 illik fəaliyyətində dövlətçilik və milli maraqları rəhbər tutan “İki sahil” qəzeti bundan sonra da bu müqəddəs amallara sadiq qalacaq, hər zaman dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın uğurlu, parlaq gələcəyinə hesablanmış çoxşaxəli siyasətə öz töhfəsini verəcək.
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş
redaktoru, Əməkdar jurnalist

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30