Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək

Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək

25.07.2017 [09:14]

Prezident İlham Əliyev: Bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir
Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri xüsusi önəm daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, həmçinin regional və beynəlxalq məsələlər geniş müzakirə edilib. Görüşdə həmçinin Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Qeyd etmək yerinə düşər ki, iyulun 21-də Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı münasibətlərin hazırkı səviyyəsi və inkişafından bəhs edərək görüşlərin çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verdiyini diqqətə çatdırıb: “Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var”.
Strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı üçün yaxşı perspektivlər var
Vurğulamaq gərəkdir ki, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik kontekstində mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır”.
Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “İkitərəfli münasibətlərin bütün spektri üzrə çox müsbət dinamika görürük. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır”.
Təsadüfi deyil ki, bəhs olunan səfər çərçivəsində hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir. Bütün sahələrdə əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir. Bu isə ümumi münasibətlər sisteminin inkişafını təmin edən strateji faktor kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir”.
Nəticə etibarı ilə, tərəflər arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı üçün yaxşı perspektivlər var.
Konstruktiv siyasi əlaqələr ölkələr arasındakı iqtisadi əməkdaşlığın inkişafına da zəmin yaradır
Ümumilikdə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan münasibətlərə strateji keyfiyyət çalarları bəxş edən mühüm faktorlardan biri ölkələr arasındakı iqtisadi əlaqələrdir. Daha da dəqiqləşdirsək, regional əməkdaşlıq münasibətləri ilə beynəlxalq münasibətlər sisteminin mühüm komponenti qismində çıxış edən Bakı-Moskva əlaqələrini gücləndirən keyfiyyət ünsürlərindən biri də tərəflər arasındakı iqtisadi münasibətlərdir. Müşahidələr onu deməyə imkan verir ki, konstruktiv siyasi münasibətlər ölkələr arasındakı iqtisadi əməkdaşlığa da mühüm töhfələr bəxş edir və onun dinamik səciyyə daşımasını şərtləndirir. İqtisadi əlaqələrin mütəmadi inkişafı bəhs olunan sahədə əməkdaşlığın əsaslarını möhkəmlətməklə yanaşı, onun coğrafi arealını da genişləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi: “Bizim münasibətlərin çox pozitiv dinamikası - çoxillik, davamlı inkişaf dinamikası müşahidə edilir. Biz bunu çox yüksək qiymətləndirir və Rusiyanı beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri hesab edirik”.
Rusiya-Azərbaycan əməkdaşlığı regional təhlükəsizliyə strateji töhfələr verir
Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyəti və strateji əsaslarından bəhs edərkən bir məqama da diqqət yetirmək lazımdır. Bu, iki ölkə əməkdaşlığının regional təhlükəsizliyə strateji töhfələr verməsidir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir. Rusiya-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır.
Onu da vurğulamaq lazımdır ki, Bakı-Moskva münasibətləri konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da ikitərəfli əlaqələrin strateji əsası qismində çıxış edir.
Qeyd olunanlarla yanaşı, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın və Rusiyanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Bu baxımdan, ötən il Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçirilən üçtərəfli görüş xüsusilə qeyd edilməlidir. Bəhs olunan üçtərəfli Zirvə görüşü regional təhlükəsizlik və əməkdaşlıq nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb edir. Ötən il avqustun 8-də Bakıda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü Avrasiya geosiyasi məkanında yeni əməkdaşlıq formatının əsasını qoydu. Ekspertlərin də qənaəti budur ki, Azərbaycanın, İranın, Rusiyanın iştirakı ilə yaranan yeni format regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Digər tərəfdən, üçtərəfli Zirvə görüşü region ölkələri arasında qarşılıqlı etimad mühitinin dərinləşməsi baxımından böyük önəm daşıyır.
Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirir
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətləri xarakterizə edərkən, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunmaq gərəkdir. Sirr deyil ki, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Məhz buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif manevrlərlə danışıqlar prosesini pozmağa çalışır. Əlbəttə, bütün hallarda, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, həmçinin bu qurumlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər) münaqişənin həlli ilə bağlı imperativ və operativ səciyyəli tədbirlər görməlidir. Məlum olduğu kimi, Rusiya Federasiyası da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu isə rəsmi Moskvaya problemin həlli prosesində daha fəal və intensiv olmağa xüsusi imkanlar yaradır. Mövcud reallıq və situasiya onu göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yüksək fəallıq nümayiş etdirir.
Yeri gəlmişkən, iyulun 21-də Soçidə baş tutan görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.
Rusiya-Azərbaycan münasibətlərinin pozulmasında maraqlı olan ermənipərəst qüvvələrin cəhdləri iflasa məhkumdur
Əlbəttə, bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinin dinamik, davamlı inkişafa malik olduğunu göstərir. Bəzi ermənipərəst qüvvələr isə tərəflər arasındakı regional sabitlik, təhlükəsizlik və inkişafa xidmət edən münasibətlərin pozulmasında maraqlıdırlar. Amma əminliklə söyləmək olar ki, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasında maraqlı olan qüvvələrin cəhdləri iflasa məhkumdur.
Yeri gəlmişkən, Soçi görüşü zamanı dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri, o cümlədən Rusiyada müxtəlif dövlət orqanlarına soxulmuş və səlahiyyət əldə etmiş erməniləri, ermənipərəstləri və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. Bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və qarşıdan gələn dövrdə də heç bir nəticə verməyəcək.
Bütövlükdə, Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfələr verib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1159 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30