Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
05.07.2017 [09:46]
Prezident İlham Əliyev: Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur
Yüksək döyüş hazırlığına malik nizami ordu, güclü hərbi-sənaye kompleksi hər bir ölkənin dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır. Azərbaycanda isə ordunun daim gücləndirilməsinin, döyüş qabiliyyətinin getdikcə daha da artırılmasının və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin yaradılmasının dövlətin prioritet hədəfləri sırasına daxil edilməsi həm də onunla şərtlənir ki, respublikamız bədnam qonşularımız Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb olunub. Bu müharibə nəticəsində ölkə ərazisinin təxminən 20 faizi işğala məruz qalıb, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından zorla qovularaq qaçqın vəziyyətə düşüb. Düşmən havadarlarının köməyi ilə işğal altına aldığı ərazilərdə misli görünməmiş vandalizm əməlləri törədib, xalqımıza məxsus çoxəsrlik maddi və mənəvi mədəniyyət nümunələrini vəhşicəsinə talayıb.
Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqe nümayiş etdirir. Dövlətimiz və xalqımız Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Prezident İlham Əliyev Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodu ilə tanışlıqdan sonra Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşdə söylədiyi nitqində ölkəmizin prinsipial mövqeyini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına gəldikdə, Azərbaycan dövlətinin mövqeyi ictimaiyyətə bəllidir. Biz bu mövqeyi dəfələrlə ifadə etmişik. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir”.
Azərbaycanın getdikcə güclənən Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü təmin etməyə qadirdir
Hələlik Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün təmin olunmasına sülh yolu ilə nail olmağa çalışır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara öz konstruktiv mövqeyi ilə dəstək verir. Məlumdur ki, beynəlxalq hüquq Ermənistanın zor gücünə zəbt etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın bütün dövlətləri və BMT tərəfindən tanınıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda o prinsipdən çıxış edir ki, beynəlxalq hüquq həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də şamil edilməlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda prinsipial mövqedən çıxış edərkən ölkəmiz ilk növbədə özünün getdikcə güclənən ordusuna arxalanır. Davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 13 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın ümumi dövlət büdcəsini üstələyir.
Yuxarıda bəhs olunan görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov məlumat verərək bildirib ki, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini, hərbi kadr potensialını artırıb, hərbi qulluqçuların sosial-məişət şəraitini yaxşılaşdırıb. İslahatlar döyüş hazırlığı, hərbi təhsil, tərbiyəvi iş, hərbi tibb və digər sahələri əhatə edir.
Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib.
Raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.
Dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər raket və artilleriya qoşunlarının istənilən vaxt effektiv tətbiqini mümkün edir. Hərbi Hava Qüvvələrinin döyüş tətbiqi və uçuş imkanlarının təkmilləşdirilməsi, aviabazaların infrastrukturunun və aerodrom avadanlıqlarının yenilənməsi üzrə layihələr həyata keçirilir. Zenit-raket, radiotexniki birləşmə və hissələrin müasir hava hücumundan müdafiə sistemləri ilə təchizatı hava məkanımızın etibarlı müdafiəsini, düşmənin təhlükəli aerodinamik hədəflərinin vaxtında aşkarlanaraq məhv edilməsini təmin edir. Düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir.
Silahlı Qüvvələrin döyüş hazırlığının və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasına yüksəlib. Bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordu quruculuğu daim diqqət mərkəzindədir. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik”.
Ordunun gücləndirilməsi Azərbaycan üçün bundan sonra da prioritet olaraq qalacaq
Azərbaycanın ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində davamlı olaraq həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verir. Son illərdə Azərbaycanın Silahlı Qüvvələrinin güclənməsi fonunda qoşunların təmas xəttində yeni reallıqlar yaranıb və ölkəmizin üstünlüyü təmin edilib. Cəbhə bölgəsində düşmən qüvvələrinin təxribat-diversiya hərəkətlərinin qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır və qarşı tərəfə sarsıdıcı zərbələr vurulur. Aprel döyüşlərində qazanılan zəfər, Lələtəpə kimi strateji yüksəkliyin geri alınması, bir qədər bundan əvvəl qoşunların təmas xəttində düşmənin layiqincə cavabını alması Azərbaycanın böyük qələbəsinin uzaqda olmadığından xəbər verir.
Azərbaycanın dövlət başçısının qeyd etdiyi kimi, müharibənin yalnız birinci mərhələsi başa çatıb. Müharibə hələ başa çatmadığına görə də respublikamız Silahlı Qüvvələrin gücləndirilməsi siyasətini bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkəmiz işğala məruz qalan torpaqlarını hərbi gücü sayəsində azad etməyə hazır olmalıdır: “Müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək”.
Ölkədə yaradılan müdafiə sənayesi Silahlı Qüvvələrimizin yeni silahlarla təchizatında mühüm rol oynayır
Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Belə ki, respublikamızda güclü hərbi-sənaye kompleksinin formalaşması ordunun bir sıra silahlara olan tələbatının yerli istehsal hesabına ödənilməsində mühüm rol oynayır.
Məlumdur ki, əvvəllər Milli Ordunun silah-sursata olan tələbatı sırf ixrac hesabına ödənilirdi. Bu isə böyük həcmdə valyutanın xarici bazarlara axması demək idi. Yerli istehsalatların uğurlu fəaliyyəti nəticəsində artıq ordumuzun xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur.
Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Yuxarıda bəhs olunan görüşdə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verərək bildirib ki, ötən müddət ərzində dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 58 adda istehsal sahəsi yaradılıb. Yeni yaradılan istehsal müəssisələrində ümumilikdə 283,5 min kvadratmetrlik tikinti və yenidənqurma işləri görülüb, 500 min kvadratmetr sahədə abadlaşdırma işləri aparılıb. Yaradılmış istehsal sahələrində bütün tələblərə cavab verən və insan amilini minimuma endirən rəqəmsal proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıq dəstləri, 2200-dən çox müxtəlif təyinatlı dəzgah, on minlərlə cihaz, alət və tərtibatlar alınaraq quraşdırılıb. Bütün bunların hesabına bu gün nazirliyin tabeliyində olan zavodların sayı artaraq 18-dən 28-ə çatdırılıb. 2005-ci ildən bəri ölkədəki müdafiə təyinatlı müəssisələrdə 1 milyard 745 milyon manatlıqdan çox məhsul istehsal edilib. Həmin məhsulların 80 faizdən çoxu müdafiə təyinatlı məhsullardır. 2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məhsulların istehsalının həcmi isə 42 dəfə artıb. Ümumilikdə müdafiə təyinatlı müəssisələrdə 1200-dək məhsulun istehsalı mənimsənilib. Ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və digər snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M, 2B, 3B və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını misal göstərmək mümkündür.
Əlamətdar cəhətlərdən biri də odur ki, yerli istehsalatlarda dövlət başçısının tapşırığına uyğun olaraq yeni nəsil silah növlərinin istehsalına böyük diqqət göstərilıir. Yaradılmış yeni nəsil “Zərbə KM” tipli pilotsuz uçuş aparatları uğurla sınaqdan çıxarılıb və istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də həmin silahın daha təkmilləşdirilmiş modeli olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlər davam etdirilir. Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşını üzrə işlər də uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib və seriyalı istehsalına hazırlıq işləri aparılır.
Sadalanan faktlar Azərbaycanın hərbi-müdafiə sənayesinin güclü potensialı barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan dünya miqyasında artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır. Bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilibdir. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb”.
Azərbaycanın hərbi texnika ixracına başlaması qürurverici haldır
Daha bir əlamətdar cəhət isə ondan ibarətdir ki, artıq Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası həm də xarici bazarlara çıxarılır. Ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. İndiyədək Müdafiə Sənayesi Nazirliyi 35-dən çox beynəlxalq sərgidə iştirak edib. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2017” beynəlxalq müdafiə sərgisində isə ölkəmiz 260 adda müdafiə təyinatlı məhsulla çıxış edib. Bəhs olunan sərgidə ziyarətçilərə yeni məhsullar da təqdim olunub və böyük maraqla qarşılanıb. Eyni zamanda, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2014-cü və 2016-cı illərdə Bakıda keçirilən Beynəlxalq Müdafiə Sənayesi sərgilərinin təşkilatçısı rolunda çıxış edib. Ölkəmiz növbəti belə sərgiyə 2018-ci ildə ev sahibliyi edəcək.
Beynəlxalq sərgilərə qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan məhsulları almaq və hərbi məhsulların istehsalı sahəsində ölkəmizlə əməkdaşlıq etmək barədə niyyətlərini bildirirlər. Ötən dövrdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə xarici partnyorlar arasında sıx əməkdaşlıq münasibətləri formalaşıb. Hazırda respublikamızdan müxtəlif döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların ixracı uğurla həyata keçirilir ki, bu da qürurverici haldır. Ümumiyyətlə, ixrac müqavilələrinin dəyəri 101 milyon ABŞ dolları təşkil edir və bunun da 54 milyon dolları qüvvədə olan müqavilələrdir. Prezident İlham Əliyev Azərbaycandan hərbi texnika ixracını ölkəmizin müasir reallıqlarından biri kimi səciyyələndirərək vurğulayıb: “Azərbaycan da həmçinin bütün aparıcı beynəlxalq hərbi sərgilərdə öz məhsulu ilə iştirak edir. Bunun nəticəsində biz artıq nəinki özümüzü böyük dərəcədə təmin edirik, bizdə gözəl ixrac potensialı da yaranmışdır. 2005-ci ildə isə bu barədə ancaq fikirləşmək olardı. Bəlkə də, heç təsəvvürümüzə gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da ixrac edəcək. Bu, artıq reallıqdır”.
Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

