Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 min nəfəri ötdü

Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 min nəfəri ötdü

04.07.2017 [10:01]

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Məlum olduğu kimi, bu il Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü tamam olur. 25 illik fəaliyyəti dövründə partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq, çox böyük və şərəfli yol keçib. Bu il partiyamız üçün digər mühüm bir əlamətdar hadisə isə ondan ibarətdir ki, YAP üzvlərinin sayı artıq 700 min nəfəri ötüb. Ümumiyyətlə, ölkəmiz demokratik inkişaf yoluna Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli şəkildə həyata keçirilən demokratikləşmə prosesi cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda demokratiya tam bərqərar olub, söz azadlığı, siyasi plüralizm təmin edilib. Bunun əsas göstəricilərindən biri də çoxpartiyalı sistemin mövcudluğudur. Hazırda ölkəmizdə rəsmi dövlət qeydiyyatından keçmiş 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. 21 noyabr 1992-ci ildə yaradılan, 1993-cü ildən isə hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası siyasi palitranın ən güclü təşkilatıdır.
YAP ümumxalq partiyasıdır
Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir. Ümumiyyətlə, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən YAP ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
YAP-ın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, ən böyük hörmətə malik olan siyasi partiyadır. Ulu öndərimiz vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Yeni Azərbaycan Partiyası siyasi sistemin güc mərkəzidir
Xüsusilə vurğulamalıyıq ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi: “Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.
Ümumiyyətlə, YAP-ın fəaliyyət mexanizminin əsasları kontekstində belə bir siyasi ümumiləşdirmələri aparmaq mümkündür ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır. Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 700 mindən çox olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir. Qeyd edək ki, bu gün YAP sıralarında 250 mindən çox gənc birləşib, qadınların sayı isə ümumi partiya üzvlərinin 50 faizi civarındadır. Bütövlükdə, Azərbaycan cəmiyyətinin intellektual potensialı YAP-ın sıralarında cəmləşib. Beləliklə də, YAP Azərbaycan xalqının ən böyük siyasi təşkilatlanmasıdır.
YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Partiyanın bu istiqamətdə siyasətinin əsasları onun başlıca ideoloji prinsiplərində öz əksini tapıb. Partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında qəbul edilmiş Proqramda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində aşağıdakı ideoloji prinsiplərə əsaslanır. Bunlar müstəqil dövlətçilik prinsipi, qanunçuluq prinsipi, azərbaycançılıq, vətənçilik prinsipi, varislik, yaradıcı təkamül prinsipi, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi prinsipi və sosial ədalət prinsipidir. Sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəyliyi və bütövlüyü təmin edən mexanizm qismində çıxış edir.
Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Bu məqamda qeyd edək ki, YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər partiyanın bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir. YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 1993, 1998, 2003, 2008 və 2013-cü ildəki prezident seçkiləri buna sübutdur.
Onu da qeyd etmək gərəkdir ki, bu dövrdə partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin - referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi. Ötən ilin 26 sentyabrında da ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirildi. Bu prosesdə YAP “Yeni Azərbaycan” təşviqat qrupu yaradaraq referenduma çıxarılan məsələlərin cəmiyyətdə geniş təbliğatını həyata keçirdi.
YAP bu uğurları və qələbələri 1999-cu, 2004-cü, 2009-cu və 2014-cü illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 1995-ci, 2000-ci, 2005-ci, 2010-cu və 2015-ci ildə keçirilən parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın əhəmiyyətli qələbələr qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.
YAP-ın sıralarında intellektual, vətənpərvər gənclər ordusu birləşib
Vurğuladığımız kimi, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, hələ 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ulu öndərin səsləndirdiyi fikirlər həm gənclərimizə, həm də ölkəmizin mövcudluğunu həzm edə bilməyən qüvvələrə önəmli mesaj idi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Beləliklə, Ümummilli lider gənclərin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə aktiv cəlb olunması yönündə əməli addımlar atdı. Zaman keçdikcə YAP-ın gənclərə olan diqqət və qayğısı artdı, gənc nəslə yönələn fəaliyyəti genişləndi. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu. Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.
YAP Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür, layihələr həyata keçirir. Və bu prosesdə partiyanın rəhbərliyi gənclərə hərətərfli dəstək verir.
YAP geniş beynəlxalq əlaqələrə malikdir
Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. YAP 50-dən çox ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. YAP-ın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər inkişaf etməkdədir. Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Beləliklə, əminliklə qeyd edə bilərik ki, bu gün YAP-ın sıralarında 700 mindən çox insanın birləşməsinin ciddi əsasları var. Bu, o deməkdir ki, xalqımız Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirir və Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir. Ümumiyyətlə, statistikaya nəzər salsaq, deyə bilərik ki, partiyamızın sıraları kəmiyyət və keyfiyyət baxımından yüksələn xətlə inkişaf edir. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Yeni Azərbaycan Partiyası 2008-ci il avqustun 2-də özünün IV Qurultayında kəmiyyət və keyfiyyət baxımından daha da güclü siyasi qüvvə kimi çıxış etdi. Belə ki, bu qurultay ərəfəsində artıq partiya üzvlərinin sayı 450 min nəfərə yüksəlmişdi. Daha sonra qısa müddət ərzində YAP üzvlərinin sayı 500 min və 600 min nəfərə qədər yüksəldi.
Bu gün isə partiyamızın üzvlərinin 700 min nəfəri ötməsi bir daha Yeni Azərbaycan Partiyasının gücünün və qüdrətinin parlaq ifadəsidir. Beləliklə, 25 il ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, YAP bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 798 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30