Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Azərbaycanı özünün dəyərli tərəfdaşı hesab edir

ABŞ Azərbaycanı özünün dəyərli tərəfdaşı hesab edir

03.06.2017 [10:34]

Ekspertlər ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı məktublarda ifadə olunan yüksək fikirləri ölkəmizin qlobal miqyasda müsbət imicinin daha da güclənməsinin növbəti dəfə təsdiqi kimi dəyərləndirirlər
Ardıcıl səciyyə daşıyan daxili və xarici siyasət kursunda milli maraqların keşiyində qətiyyətlə dayanan Azərbaycan, eyni zamanda, regional və qlobal əməkdaşlığa özünün sanballı töhfəsini verməyə çalışır. Son illərdə ölkəmizin təşəbbüsləri və fəal iştirakı ilə region dövlətlərinin potensialını əlaqələndirməyə, əməkdaşlığı daha da genişləndirməyə xidmət edən ikitərtəfli və çoxtərəfli əməkdaşlıq platformaları yaranıb. Respublikamız həmçinin beynəlxalq səviyyəli tədbirlərə, humanitar forumlara yüksək səviyyədə ev sahibliyi etməklə, terrorizmə qarşı mübarizə tədbirlərinə fəal şəkildə qoşulmaqla qlobal miqyasda təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməyə çalışır. Öz növbəsində Azərbaycanın qlobal miqyasda sabitlik və təhlükəsizlik mühitinin bərqərar olması, təhdidlərin, separatçılıq meyillərinin aradan qaldırılması naminə çalışmaları beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, bu gün bütün dünya miqyasında Azərbaycana böyük hörmət bəslənilir və beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər ölkəmizlə davamlı əməkdaşlığa ciddi önəm verdiklərini bildirirlər.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktublarında qlobal enerji təhlükəsizlinin təmin olunmasında, terrorizmə qarşı mübarizədə, Xəzər regionunda enerji resurslarının işlənilməsində və ixracında Azərbaycanın oynadığı rol yüksək dəyərləndirilib. Sənədlərdə ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığı nəzərə çatdırılıb. Xüsusi olaraq vurğulanıb ki, ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq, həmçinin demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir.
Azərbaycan ictimaiyyətinin nümayəndələri ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı məktublarda ifadə olunan fikirləri ölkəmizin regional və qlobal miqyasda müsbət imicinin daha da güclənməsinin növbəti dəfə təsdiqi kimi dəyərləndirirlər. AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib ki, dünyanın yeganə fövqəldövləti olan ABŞ Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı iki məktub ilk baxışda protokol qaydası kimi görünsə də, əslində, onlarda yazılanların dərin mənası vardır: “Birinci məktubda ABŞ Prezidenti Respublika Günü ilə əlaqədar olaraq təbriklərini çatdırmaqla yanaşı, dövlət müstəqilliyimizə olan hörmət və ehtiramını, Prezident İlham Əliyev ilə diplomatik-siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq etmək istəyini ifadə edir. Bu istək dövlətimizin beynəlxalq nüfuzunun artmasının ABŞ tərəfindən bir daha təsdiq edilməsi, qarşılıqlı münasibətlərdə yeni dövrün başlanması istəyinin ifadəsidir. İkinci məktub ABŞ-ın enerji sahəsində ölkəmizlə əməkdaşlıq etmək istəyini, eyni zamanda, enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin artan rolunun və alternativ mövqeyə sahib olmasının etiraf edilməsidir. Məktublar göstərir ki, Azərbaycan ilə ABŞ arasında münasibətlərin böyük potensialı və perspektivləri var”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Sevinc Fətəliyeva ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlamasını və sənədlərdə ölkəmizlə əməkdaşlığa böyük önəm verməsini, perspektivdə bu əməkdaşlığı daha da dərinləşdirmək istəyini ifadə etməsini qlobal miqyasda Azərbaycana verilən növbəti yüksək qiymət kimi dəyərləndirdiyini bildirib: “Məlumdur ki, Azərbaycan dünyada gedən proseslərə daim konstruktiv, ədalətli yanaşma nümayiş etdirir. Ölkəmiz məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasətində o mövqedən çıxış edir ki, beynəlxalq hüquq hər yerdə və həmişə əsas meyar kimi götürülməlidir. Azərbaycanın öz prinsiplərinə ardıcıl şəkildə sadiq qalmasının nəticəsi olaraq qlobal miqyasda respublikamıza qarşı inam və rəğbət getdikcə artır. ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı məktublarda ifadə olunan fikirlər bunu bir daha təsdiqləyir. D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab etdiyini vurğulayıb və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin bundan sonra da gücləndirilməsini arzuladığını diqqətə çatdırıb”.
Sevinc Fətəliyeva son illərdə dünyada gedən proseslər fonunda terrorizmə qarşı mübarizənin aktuallığının daha da artdığını bildirib. Millət vəkili deyib: “Təəssüf doğuran haldır ki, hazırda terrorizm bir çox ölkələr üçün çox ciddi təhdidə çevrilib. Ən acınacaqlı cəhət odur ki, terror hadisələri bir çox hallarda milli-dini-irqi zəmində törədilir ki, bu da gələcək birgəyaşayış üçün daha təhlükəlidir. İnsanlarda sabaha inam azalır. Dünyanın gələcəyi üçün getdikcə daha böyük təhlükəyə çevrilən terrorun qarşısını ancaq birgə səylərlə almaq mümkündür. Bu istiqamətdə Azərbaycanın səyləri hər cür yüksək qiymətə layiqdir. Ölkəmiz özünün xoş məramına sadiq qalaraq dünyanın bu və ya digər guşəsində aparılan antiterror əməliyyatlarına öz töhfəsini verməyə çalışır. Bu amil D.Trampın Azərbaycanın dövlət başçısına ünvanladığı məktubda da nəzərə çatdırılıb. Azərbaycanın antiterror əməliyyatlarında fəal iştirakı dünya birliyi, o cümlədən də ABŞ tərəfindən yüksək qiymətləndirilir. Amerika Birləşmiş Ştatlarının Prezidenti vurğulayıb ki, ABŞ və Azərbaycan birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırlar”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə bildirib ki, Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf edir. O deyib ki, ABŞ Prezidentinin dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı məktublar bu münasibətləri özündə ehtiva edir. Onun sözlərinə görə, məktubların məzmunu konkret bir reallığı ifadə edir: ABŞ Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirmək, əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək istəyindədir: “Azərbaycan güclü dövlətdir, Cənubi qafqaz regionunun lideridir. Eyni zamanda, ölkəmiz bir sıra transmilli, qlobal layihələrin təşəbbüskarı və müəllifidir. Təbii ki, münasibətlərin inkişafında bu faktorlar nəzərə alınır. Donald Trampın Prezident İlham Əliyevə məktublarında ABŞ-ın enerji və təhlükəsizlik sahəsində ölkəmizlə əməkdaşlıq etmək istəyi də öz əksini tapmışdır. Bütün bunlar ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu göstərir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31