“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları əsl idman və həmrəylik bayramına çevrildi
25.05.2017 [09:43]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir
Müstəqillik tarixində Azərbaycan güclü iqtisadi potensialına və xalqın xoş məramına əsaslanaraq həyata keçirdiyi məqsədyönlü siyasəti sayəsində regional və qlobal əhəmiyyət daşıyan bir sıra uğurlara nail olub. Hazırda bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycan, eyni zamanda, bütün dünyada böyük nüfuza və hörmətə layiq ölkə kimi qəbul edilir.
Respublikamız bu günlərdə növbəti tarixi qələbəyə imza atıb. Paytaxt Bakının arenalarında keçirilən IV İslam Həmrəyliyi Oyunları böyük uğurla başa çatıb. Ümumi qənaət belədir ki, respublikamızın ev sahibliyi etdiyi Oyunlar İslamiadanın tarixində ən yaxşı cəhətdən yaddaşlarda qalacaq. Statistikaya diqqət yetirdikdə Oyunların miqyası barədə konkret təsəvvür yaranır. Bakıda keçirilən Oyunlara rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb. Müqayisə üçün bildirək ki, indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Eyni zamanda, “Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb.
lV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünü, qüdrətini göstərir. Bir daha təsdiq olundu ki, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər. Prezident İlham Əliyev mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində İslamiadanın respublikamız üçün önəminə diqqət çəkərək bildirib: “Bu Oyunların keçirilməsi, əlbəttə ki, ölkəmiz üçün tarixi hadisə idi”.
Oyunların Bakıda keçirilməsi İslam dünyasının Azərbaycana olan böyük hörmətinin və inamının təzahürüdür
VII-VIII əsrlərdən etibarən Azərbaycan xalqının həyat tərzi, mədəniyyəti, məişəti İslam dini ilə sıx vəhdətdə olub. Ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşıb, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında da İslama mənsubluğunu əks etdirib. Keçmiş ittifaqın tərkibində olduğu dövrdə də xalqımız basqılara baxmayaraq, öz dini dəyərlərinə sadiqliyini qoruyub saxlayıb.
Ötən əsrin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız özünün tarixdən gələn milli-dini dəyərlərinə tam sahiblik hüququ qazanıb. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra respublikamızda din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Sonradan bu siyasət Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib.
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Bütün bu deyilənlər, bütün dünyada olduğu kimi, İslam ölkələri arasında da respublikamıza böyük hörmət qazandırıb. Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək deyib: “Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir”.
Elə növbəti İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də bütün müsəlman dünyasında Azərbaycanın nüfuzunun əhəmiyyətli dərəcədə artmasını təsdiqləyir. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Bakıda keçirilmiş Oyunlar sayca üçüncü İslam Həmrəyliyi Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda keçirilib. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, İndoneziya müsəlman aləmində əhali baxımından ən böyük ölkədir. Müsəlman aləminin bu iki aparıcı ölkəsindən sonra üçüncü Oyunların, - halbuki bu Oyunların adı dördüncüdür, amma biz bilirik ki, cəmi üçüncü dəfə keçirilibdir, - Azərbaycanda keçirilməsi, əlbəttə, bizə olan böyük hörmətin və inamın təzahürüdür”.
Azərbaycanın ev sahibliyi etdiyi Oyunlar İslam həmrəyliyinin güclənməsinə yeni töhfələr verəcək
Son illərdə İslam ölkələri üçün meydana çıxan mühüm çağırışlardan biri həmrəyliklə bağlıdır. Məlumdur ki, hazırda kifayət qədər geniş coğrafiyanı əhatə edən İslam dünyasında arzuolunmaz kataklizmlər yaşanır. Ardı-arası kəsilməyən vətəndaş müharibələri, xarici müdaxilələr, dövlətçilik ənənələrini məhv edən hakimiyyət çevrilişləri, terror hadisələri, uşaqların acınacaqlı taleyi, maddi mədəniyyət abidələrinin kütləvi şəkildə dağıdılması... Təəssüf doğuran haldır ki, bütün bu kimi neqativ hallar bu gün müsəlman dünyasının kədərli mənzərəsini təşkil edir. Tarix boyu bəşər sivilizasiyasının zənginləşməsinə sanballı töhfələr verən və təbii ehtiyatlarla zəngin olan ayrı-ayrı müsəlman ölkələri bu gün aclıqdan, səfalətdən əziyyət çəkirlər. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, İslam mədəniyyətinə və coğrafiyasına təhdid meyilləri getdikcə daha da artır, islamofobiya güclənir.
Açıq etiraf etmək lazımdır ki, İslam dünyasında yaşanan gərginliklərin ən ciddi səbəblərindən biri məhz ölkələr arasında həmrəyliyin olmamasıdır. İndiki çətin və sınaq dövründə İslam mədəniyyətinin daşıyıcısı olan ölkələr ümumi məqsədə xidmət edən siyasət aparmaq əvəzinə, necə deyərlər, bir-birlərinin ayağını çəkməklə məşğuldurlar. Bu da onları gücdən salır. Təbii ki, düşmənlərə də elə bu lazımdır. Bir-birindən ayrı düşən ölkələri, xalqları əzmək, sərvətlərini talamaq daha asandır.
Bütün bu deyilənlər indiki dövrdə İslam coğrafiyasında ölkələr və xalqlar arasında həmrəyliyin nə qədər vacib olduğu barədə konkret təsəvvür yaradır. Azərbaycan öz nümunəsində İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır və bu məqsədlə daim yeni təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradəsini, xoş niyyətini ifadə edir.
Şübhə yoxdur ki, ölkəmizin paytaxtı Bakıda əsl idman bayramına çevrilən IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyini gücləndirəcək. Bu Oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmlətmək olub. Əlamətdar haldır ki, Oyunlar zamanı bəzi hallarda siyasi cəhətdən o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırdılar. Prezident İlham Əliyev vurğulayıb ki, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycanın dövlət başçısı ölkəmizin dünyada İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı niyyətini bir daha nəzərə çatdıraraq deyib: “Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə, əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

