Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə Hesablama Palatasının illik hesabatı dinlənilib

Milli Məclisdə Hesablama Palatasının illik hesabatı dinlənilib

15.04.2017 [10:35]

Millət vəkilləri həmçinin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul ediblər
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyə 39 məsələnin daxil edildiyini bildirib.
İclasda əvvəlcə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatı dinlənilib. Hesabatı təqdim edən qurumun sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2016-cı ilin iş planına uyğun olaraq hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si təhlil işi olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u təhlil olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Dövlət büdcəsinin gəlirlərini əhatə edən tədbirlərin sayı 8 olub, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 audit keçirilib. Hesabat ilində 2 analitik təhlil növbəti ilə keçirilib, 2 nəzarət tədbirinin nəticələrinə məxfi qaydada baxılıb və 1 auditin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin tədbirlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək. Ümumilikdə, 2016-cı ildə auditlə əhatə edilmiş qurumların sayı 155 olub. Eyni zamanda, 2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8 faiz (82 və 74) az olub. Bununla belə, auditlərlə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 34,2 faiz çox olmaqla ümumilikdə əhatə dairəsi hesabat ilində 5,6 milyard manat təşkil edib.
Qeyd edilib ki, hesabat ilində müəyyən edilmiş nöqsanlar və pozuntular vahid yanaşma tətbiq olunmaqla təsnifləşdirilib. Ümumilikdə, 8 istiqamət üzrə 825 halda nöqsan müəyyən edilib. Yol verilmiş nöqsan və pozuntuların ümumi məbləğinin 21 faizi büdcə qanunvericiliyinin pozulması halları, 25,8 faizi əsaslı xərclər üzrə, 20,2 faizi mühasibat uçotu və hesabatlılıq ilə bağlı, 12,7 faizi dövlət borcu üzrə, 12,5 faizi vergi qanunvericiliyinin pozulması, 7,7 faizi dövlət satınalmaları ilə bağlı olub və 0,1 faizini digər sahələr təşkil edib. Bildirilib ki, Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarını hesabat ilində əsasən üç istiqamət üzrə qruplaşdırıb və ümumilikdə 53,4 milyon manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunub.
Vurğulanıb ki, Hesablama Palatası ötən illərdə həyata keçirilmiş auditlər üzrə görülmüş tədbirlərin sona çatdırılması işinə də diqqət yetirir və bu məlumatlar da daim nəzarətdə saxlanılır. Beləliklə, Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi maliyyə-büdcə nəzarəti fəaliyyətinin və əvvəlki illərdə başa çatmış tədbirlərin davamı olaraq ümumilikdə, 11,3 milyon manat, 75 min ABŞ dolları, 17,8 min avro məbləğində vəsaitin bərpası təmin edilib və bu, keçən ilin müvafiq göstəricilərindən 9,6 faiz çoxdur.
Həyata keçirilmiş tədbirlərin bir istiqaməti görülməmiş işlərin başa çatdırılması ilə əlaqədardır. Hesabat ilində qurumlar tərəfindən 4,1 milyon manat məbləğində görülməmiş işlər başa çatdırılıb, sifarişçi-podratçı təşkilatlar tərəfindən 4,4 milyon manat məbləğində işlərin 2017-ci ilin birinci yarısında başa çatdırılacağı ilə bağlı öhdəlik məktubu Hesablama Palatasına daxil olub. Audit olunan qurumlar üzrə 3,6 milyon manat məbləğində maliyyələşmə məbləğinin azaldılması təmin edilib. Dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 282 min manat məbləğində vəsait bərpa edilib, yığım hesabına toplanılmış 209,3 min manat məbləğində vəsait müvafiq hesabatlara bərpa edilib.
Müzakirələr zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hesabatın təkmil formada hazırlandığını bildirib. Onun sözlərinə görə, Hesablama Palatasının şəffaflığın təmin olunması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Millət vəkili həmçinin bir sıra təkliflərlə çıxış edib. Ölkəmizdə əməkqabiliyyətli əhalinin 5 milyon nəfərdən çox olduğunu deyən M.Quliyev deyib ki, onların yalnız 1 milyon nəfəri sosial sığorta ödəyirlər. Bu məsələdə şəffaflıq təmin olunmalıdır ki, DSMF-ə sosial sığorta haqları daha çox ödənsin və dövlət büdcəsindən bu quruma transfert azalsın.
“Şəffaflıq əsas amillərdən biridir. Çünki bu gün müxtəlif sahələrdə qanun pozuntularının olması, müxtəlif maliyyə pozuntularının əmələ gəlməsi nəticəsində büdcəyə və vətəndaşların əmlakına kifayət qədər ziyan dəyir”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışı zamanı deyib. S.Novruzov bildirib ki, əsas məsələ vəsaitlərin dövlət büdcəsinə geri qaytarılmasıdır: “İstənilən cəzanın verilməsi və ya ağırlaşdırılmasından asılı olmayaraq, vəsaitlər geri qaytarılmırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Əksinə, cəza verilmiş şəxsin saxlanılması üçün dövlət kifayət qədər vəsait ayırır. İllər ərzində gözümüzün qarşısında bank və digər sektorlarda maliyyə pozuntularına yol verilib. Hazırda onlara cəza da tətbiq edilib. Lakin həmin vəsait büdcəyə geri qaytarılmır. Ona görə də ilk şərt həmin vəsaitlərin büdcəyə qaytarılması olmalıdır. Bunun özündə struktur dəyişikliyinə ehtiyac var. Biz gözləyirik ki, hər hansı şəxs cinayəti törətsin, sonra ondan həmin pulun geri qaytarılmasını tələb edək. O da geri qaytara bilmədiyi təqdirdə məhkəmə çəkişmələri davam edir. Əgər bir yerdən pozuntularla bağlı siqnal daxil olursa, o zaman Hesablama Palatasına həmin qanun pozuntularının qarşısının alınması səlahiyyəti verilsin ki, onlar oğurlanan vəsaitləri büdcəyə qaytarsınlar. Yoxsa biz illərlə gözləyirik ki, kimsə pulları silib-süpürsün, sonra axtaraq ki, pullar hara gedib”.
Millət vəkillərindən Fərəc Quliyev, Əli Məsimli, Fəzail İbrahimli, Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev və başqaları çıxış edərək hesabata münasibət bildiriblər. Müzakirələrdən sonra hesabat qəbul olunub.
İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bu barədə məlumat verib. Sonra Şuranın tərkibində dəyişikliklər barədə məsələ səsverməyə çıxarılıb. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi - Aparat rəhbəri Həsən Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.
Daha sonra “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda təqdim edilib. Layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir.
Sonra iclasda Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Xidməti və mülki silah haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Dərman vasitələri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında”, “Telekommunikasiya haqqında”, “Avtomobil yolları haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşma haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Turizm haqqında” qanunlara, həmçinin Şəhərsalma və Tikinti, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər qəbul edilib.
Sonra Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılaraq təsdiq edilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ Qanununun tətbiqi ilə əlaqədar hazırlanıb.
Daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, qanun layihəsi Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar hazırlanıb.
Layihələr səsə qoyularaq qəbul edilib.
Bundan başqa, iclasda Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması məsələsi müzakirə olunub. Vüsal Hüseynov Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. H.Rəcəbli qeyd edib ki, qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxış edərək bu qanunun vacib sənəd olduğunu deyib. Millət vəkili deyib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası məsələsinə xüsusi diqqət yetirilməlidir. Millət vəkili həmçinin layihədə bəzi səhiyyə müəssisələrində siqarət çəkmək üçün yerlərin ayrılması ilə bağlı müddəaların sənəddən çıxarılmasını təklif edib.
“Siqaret böyük, sosial bəladır, əslində siqaret çəkmək narkomaniyanın ilk mərhələsidir. Belə bir statistika qeyd edildi ki, müəyyən yaş həddində dünyada hər 4 kişidən biri siqaret istifadəçisidir. Azərbaycanda da bu rəqəm kifayət qədər böyükdür”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbuluna ciddi ehtiyac var.
Qanun layihəsində müəyyən dəqiqləşdirmələrin aparılmasına ehtiyac olduğunu deyən Hikmət Babaoğlunun sözlərinə görə, qanunun 1-ci maddəsinin 1-ci bəndində tütün məmulatlarının adları əks olunsa da, burada sulu qəlyanın adı çəkilməyib: “Sulu qəlyan da tütün məmulatlarından hazırlanan bir vasitədir. Digər məmulatlarda təsvir olunan bənzərlikləri onda da tapmaq lazımdır. Belə olan halda, burada ziddiyyət yaranır və bunu aradan qaldırmaq lazımdır. Sulu qəlyanın da qadağan edilməsi yaxşı olardı”.
Millət vəkili çıxışı zamanı tütün məmulatlarının istehlakı üçün xüsusi yerlərin ayrılması məsələsinə də toxunub: “Bu məsələyə qanun layihəsində iki dəfə toxunulur. Belə ki, maddə 1-in 9-cu bəndində qeyd olunur ki, hüquqi təşkilatın formasından asılı olmayaraq bütün idarə və müəssisələrə yerlərin ayrılması tövsiyə olunur. Maddə 10-un 2-ci bəndində isə bu məsələdə bir məcburiyyət ifadə olunur. Belə çıxır ki, Milli Məclisdə də xüsusi qapalı yer ayırmalıyıq və onu güclü havatəmizləyici qurğularla təmin etməliyik. Yəni bunun üçün vəsait ayırmalıyıq ki, kimsə burda siqaret çəksin. Amma bunlar əlavə xərcdir. Hesab edirəm ki, xüsusi qapalı yerlər qanundan çıxarılsa yaxşıdır. Çünki digər ölkələrdə siqaret çəkmək üçün qapalı yerləri ləğv edirlər”.
Qanun layihəsində bir sıra ifadələrin redaktəyə ehtiyacı olduğunu deyən Hikmət Babaoğlu bildirib ki, maddə 6-da “tütündən qorunmaq sahəsində vətəndaşların hüquqları”ndan bəhs olunur. Amma bu ifadə “tütün məmulatlarından” adlandırılmalıdır. Çünki ölkəmizdə tütünçülük inkişaf edir və tütün əkib-becərmək ziyansızdır.
Tütün məmulatlarının anti-reklamında kütləvi informasiya vasitələrinin rolunun böyük olduğunu deyən millət vəkili qeyd edib ki, qanun layihəsində bu məsələyə də yer verilib: “Amma bu vəzifə qanunla elektron mediaya şamil edilir. Çap mediası da bu işi görə bilər. Qanunda Səhiyyə Nazirliyinin və digər qurumların anti-reklamlar hazırlamaqla bağlı adları çəkilir. Bu işi çap mediasında reallaşdırmaq olar. Bu məqsədlə belə reklamların hansı qəzetlərdə nəşri ilə bağlı kriteriyalar müəyyənləşdirilməli və ayda bir dəfə müəyyən ölçüdə anti-reklam yerləşdirilə bilər. Bu prosesə könüllü qeyri-hökumət təşkilatları, biznes qurumları qoşula bilər və çap mediasında da ödənişli sosial reklam çərçivəsində bu proses həyata keçirilsin. Çünki mətbuatın mühüm bir funksiyası cəmiyyəti maarifləndirməkdən ibarətdir”.
Millə vəkillərindən həmçinin Tahir Kərimli, Tahir Rzayev, Rüfət Quliyev, Qənirə Paşayeva, Sona Əliyeva və digərləri çıxış edərək sənədə münasibət bildiriblər.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31