Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Sərəncamı ölkəmizdə həyata keçirilən humanizm siyasətinin növbəti təzahürüdür

Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Sərəncamı ölkəmizdə həyata keçirilən humanizm siyasətinin növbəti təzahürüdür

17.02.2017 [10:06]

Ekspertlər bu Sərəncamı cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi kimi səciyyələndirirlər
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması nəzərdə tutulub. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.
Ekspertlər penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsini ölkəmizdə həyata keçirilən hüquqi islahatların yeni mərhələsi kimi səciyyələndirirlər.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam Azərbaycan dövlətçiliyində inqilabi xarakterli bir addımdır: “Mütəmadi olaraq Prezident İlham Əliyev ölkədə keyfiyyət dəyişikliklərinə səbəb olan tədbirlər həyata keçirir. Ötən ilin əvvəlində Prezident İlham Əliyev 2016-cı ilin ölkədə islahatlar ili olacağını bəyan etmişdi. Biz bunun şahidi olduq. Həmin islahatlar təkcə ötən illə kifayətlənmədi. Bu ilin əvvəlindən idarəçiliyin daha da təkmilləşdirilməsi ilə bağlı bir çox tədbirlərin şahidi olduq”.
Millət vəkili əlavə edib ki, cəza sisteminin humanistləşdirilməsi ilə bağlı Sərəncam da bu qəbildəndir: “Bu, o deməkdir ki, insanlara buraxdığı səhvə görə yenidən başlamaq imkanı veriləcək. Bu, bir tərəfdən, insanları buraxdığı səhvə görə mütləq həbslə bitəcək variantdan xilas edir. Dünya ölkələrində bu məsələlərin ev dustaqlığı, şərti cəza verilməsi, vurduğu zərəri ödədikdən sonra məsuliyyətdən azadolma kimi alternativ variantları var. Bu, həmçinin ağır cinayətlər istisna olmaqla, digərlərinin alternativ cəza ilə əvəz edilməsinə gətirib çıxaracaq. Ümumilikdə, humanistləşdirmə cəmiyyətin xeyrinədir. İnanıram ki, 18 yaşına çatan uşaqlar və qadınlarla bağlı cəzaların yüngülləşdirilməsi variantı seçiləcək”.
A.Mirzəzadə vurğulayıb ki, bu Sərəncam həmin həssas kateqoriyanın, cəmiyyətin qorunmasına gətirib çıxaracaq: “Məsələn, dünyada hər 100 min nəfərə düşən məhbusların sayına görə ən yaxşı vəziyyət Norveçdədir. Bu ölkədə hər 100 min nəfərə cəmi 41 məhbus düşür. Orada hər məsələni məhkəməyə gətirib çıxarmırlar. Yaşayış yeri üzrə icmalar müraciət edərək az ağır cinayətlər barədə onların müzakirə edib qərar çıxarmasını xahiş edirlər və bu da yerinə yetirilir. Ümumiyyətlə, bu, Azərbaycanda hüquq sistemində həyata keçirilən islahatların növbəti əhəmiyyətli mərhələsidir”.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə deyib ki, bu gün Azərbaycanda zamanın çağırışlarına, tələblərinə əsasən bütün sahələrdə yeniləşmə, təkmilləşmə prosesi gedir: “Penitensiar sahənin inkişafı və cəza siyasətinin humanistləşdirilməsi prosesi də ümumi islahatlar siyasətinin tərkib hissəsidir. Ona görə də Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam mühüm əhəmiyyətə malikdir”.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamı ölkə başçısının humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir: “Bu Sərəncamın imzalanması, eyni zamanda, cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinin başlanğıcıdır. Çünki Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq”.
“Hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili zərurətə çevrilib”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, bəhs olunan sahədəki bütün problemlərin aradan qaldırılması üçün kompleks institusional, qanunverici və praktiki tədbirlər görüləcək. S.Vəliyeva diqqətə çatdırıb ki, Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılmasıdır: “Eyni zamanda, burada böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması da nəzərdə tutulur. Sərəncamdan irəli gələn məsələlərdən biri də penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, həmçinin cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsidir. Eyni zamanda, Sərəncama əsasən Ədliyyə Nazirliyi qarşısında müvafiq vəzifələr müəyyən edilib, habelə Baş Prokurorluğa və məhkəmələrə tövsiyələr verilib”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30