Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan hakimiyyətinin işğalçı siyasəti davam etdirməsi bu ölkədə iqtisadi tənəzzülü dərinləşdirir

Ermənistan hakimiyyətinin işğalçı siyasəti davam etdirməsi bu ölkədə iqtisadi tənəzzülü dərinləşdirir

08.02.2017 [09:55]

Sarkisyan rejiminin avtoritar idarəçiliyi korrupsiyanın daha da çiçəklənməsinə yol açır
Ermənistandakı ağır iqtisadi durum, hakimiyyət daxilində klanlararası savaşın güclənməsi, işsizlik, miqrasiyanın artımı, işğalçı ölkənin gələcəyi ilə bağlı bədbin proqnozlar səsləndirilməsini şərtləndirir. Hazırda bu ölkədə siyasi-iqtisadi böhran pik həddinə çatıb. Qlobal iqtisadi böhran hərbi xuntanın ianələr hesabına formalaşdırdığı dövlət büdcəsinin də boş qalmasına yol açıb. Digər tərəfdən, “təpədən dırnağa” qədər korrupsiyaya qurşanmış məmur-oliqarxların ölkə hakimiyyətini faktiki olaraq tamamilə ələ keçirməsi sadə ermənilərin gələcəklə bağlı ümidlərini də tamamilə puç edir.
Yeri gəlmişkən, bu ölkədəki acınacaqlı durum artıq bir sıra xarici diplomatlar tərəfindən də səsləndirilməkdədir. Belə ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils Ermənistandakı Amerika Ticarət Palatasındakı çıxışı zamanı qeyd edib ki, apreldəki 4 günlük müharibə zamanı və ondan sonrakı dövrdə gedən ictimai müzakirələr korrupsiyanın milli təhlükəsizliyə aşındırıcı təsir göstərə biləcəyini üzə çıxardı və məsələni ictimaiyyətin diqqət mərkəzinə gətirdi. Səfirin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması korrupsiyanı gücləndirir, çünki o (münaqişə - red), Ermənistan sərhədlərini bağlı saxlayır. Onun sözlərinə görə, sərhədlər bağlı olanda güclü biznes adamları və digərləri üçün iqtisadi bazarları nəzarət altında və rəqabətdən kənar saxlamaq asan olur.
Əslində, bu açıqlama Ermənistandakı vəziyyəti izah etmək üçün “yol xəritəsidir”. Yəni işğalçılıq siyasəti Ermənistanı uçuruma aparsa da, Sarkisyan rejimi sərhədlərin bağlı qalmasına nail olmaqla korrupsiyanın daha da çiçəklənməsinə və öz şəxsi ambisiyalarının təmin olunmasına çalışır.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü İmamverdi İsmayılov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda üstünlük əldə etməsi faktının artıq həm düşmən ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən etiraf edildiyini deyib. Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi-siyasi kursun, hərbi siyasətin ölkəmizin bir nömrəli probleminin həllində önə keçməyimizə şərait yaratdığını deyib: “Azərbaycan dövləti illərdir ki, öz hərbi müdafiə xərclərinin artırılması istiqamətində mühüm işlər aparır. Ölkə başçısının yürütdüyü uğurlu hücum diplomatiyası Ermənistanı beynəlxalq müstəvidə də iflic duruma salıb. Ermənistan bütün dünyaya erməni lobbisinin səyi ilə yalan informasiyalar ötürərək Azərbaycanın haqq səsini batırmağa çalışsa da, əsası Ulu öndər tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü xarici siyasət strategiyası erməni yalanlarının ifşa olunması ilə nəticələnir”.
Millət vəkili bildirib ki, Azərbaycan dövlətinin qətiyyəti işğalçı Ermənistanın regionda həyata keçirilən bütün layihələrdən kənarda qalmasını şərtləndirib. Bu isə həmin ölkənin iqtisadi tənəzzül yaşamasına yol açır. Beləliklə işğalçı ölkədə sosial etirazlar güclənir: “Ötən ilin aprelində cəbhə xəttində Azərbaycan Ordusunun qazandığı zəfər, mühüm strateji yüksəkliklərin azad edilməsi və həmin ərazilərin tam Azərbaycanın nəzarətinə keçməsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin abadlaşdırılmasına başlanması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ölkəmizin qüdrətini, Ermənistanın isə çöküşünü sübuta yetirir”.
Millət vəkili Tahir Mirkişili bildirib ki, öz qonşularına qarşı sərsəm torpaq iddiaları səsləndirməklə, təcavüzkar, işğalçı siyasət yürütməklə Cənubi Qafqaz regionunun ümumi inkişaf trayektoriyasından kənarda qalan Ermənistan olduqca ağır sosial-iqtisadi günlərini yaşayır. İstər siyasi, istərsə də iqtisadi cəhətdən məhv olmanın astanasında dayanan, bütün gücünü, dayaqlarını itirən, siyasi gərginliyin günü-gündən artdığı Ermənistanda korrupsiyanın genişlənməsi, oliqarxların mübarizəsi bütün sahələrdə iflic durumunun yaranmasına səbəb olub. Millət vəkili qeyd edib ki, ötən ilin aprelində Ermənistan hakimiyyətinin bütün yalanları ifşa olundu. Erməni xalqı bir daha Sarkisyan komandasının “Qarabağ kartı”ndan yalnız hakimiyyətdə qalmaq üçün istifadə etdiklərinin şahidi oldu: “Heç cür monolit idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir. Bu isə öz növbəsində korrupsiyanın çiçəklənməsinə yol açır. Artıq bu faktın xarici bir ölkənin səfirinin dilindən səsləndirilməsi Sarkisyan hakimiyyətinin tənəzzülündən xəbər verir. Birmənalı olaraq qeyd edilməlidir ki, hazırkı durumda Ermənistanda hər an dövlət çevrilişindən tutmuş, xalq üsyanına qədər hadisələrin baş verməsi gözləniləndir. Təbii ki, siyasi gərginliklərin, miqrasiyanın səviyyəsinin rekord həddə çatması onsuz da ianələrlə formalaşdırılan Ermənistan iqtisadiyyatının çöküşünü rəsmiləşdirir. Bu gün Ermənistan əhalisinin, demək olar ki, yarısı ölkəsini tərk etmək məcburiyyətində qalıb. Sarkisyan hakimiyyətinin ölkədə yaratdığı monopolist durum, eləcə də ordudakı eybəcərliklərin açıq şəkildə cəmiyyət tərəfindən müşahidə edilməsi bu prosesi daha da sürətləndirir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31