Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir

28.01.2017 [10:43]

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman da qaçqın və məcburi köçkünlərin maddi təminatının yüksəldilməsinə xidmət göstərir
Xəbər verildiyi kimi, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Fərmanda göstərilir ki, Nazirlər Kabineti sənəddə göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən etmək, eləcə də Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək tapşırılıb.
Qeyd edək ki, bu Fərman ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində növbəti uğurlu addım kimi qiymətləndirilir. Ölkə ictimaiyyəti məcburi köçkünlərə veriləcək müavinətlərin ünvanlılığının təşkili, eləcə də vahid məbləğlə təyin edilməsinin bu kateqoriyadan olan vətəndaşlarımızın maraqlarına xidmət göstərdiyi fikrindədir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanı olduqca mühüm əhəmiyyət kəsb edir. Millət vəkili deyib ki, Azərbaycanda dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının dayanması faktı növbəti dəfə öz təsdiqini tapmış oldu. Eləcə də ölkə Prezidentinin məcburi köçkünlərə xüsusi diqqət ayırması dövlətimizin iqtisadi qüdrətinin bariz göstəricisi rolunda çıxış edir: “Dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı Fərman imzalaması bir daha göstərir ki, məcburi köçkünlərlə bağlı məsələ dövlətin daim diqqətindədir. Azərbaycan dövləti davamlı olaraq məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atır”.
Millət vəkili onu da qeyd edib ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi və bu müavinətin birbaşa şəxsə ödənilməsi haqda Fərman məcburi köçkünlərin işini daha da asanlaşdırmış olacaq. Belə ki, bu həm ünvanlılığın təmin edilməsi, həm də sənədləşmə prosedurlarının asanlaşması deməkdir. Eləcə də bu müavinətlərin hər bir məcburi köçkünə onların özlərinin plastik kartları vasitəsilə çatdırılması şəffaflıq dərəcəsini də xeyli yüksəldir. Bir sözlə, cənab Prezidentin imzaladığı bu Fərman hər bir məcburi köçkünün arzusunun reallaşması kimi xarakterizə olunmalıdır. Ümumiyyətlə, son bir ayda həm minimum aylıq əməkhaqqının artırılması, həm əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, həm də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı Fərman və sərəncamlar göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması dövlətimizin əsas qayəsidir.
Milli Məclisin deputatı Mirzəcan Xəlilov da bildirib ki, ölkə Prezidentinin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman birmənalı şəkildə məcburi köçkün soydaşlarımızın maraqlarının qorunmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Millət vəkili qeyd edib ki, bu Fərman illərdir ki, qaçqın və məcburi köçkünlərə dövlət qayğısını özündə əks etdirən dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın bütün qayğıları, problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs özündə qaçqın və məcburi köçkün soydaşlarımızın sosial rifahının yüksəldilməsini, onların mənzil şəraitinin yaxşılaşdırılmasını və digər zəruri problemlərinin həllini ehtiva edir. Bu siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 2003-cü ildə möhtərəm Prezidentimiz ölkəmizdə çadır şəhərciklərinin ləğv ediləcəyi haqda vəd vermişdi və qısa zaman ərzində doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız yeni qəsəbələrə köçürüldülər, ölkəmizdə çadır şəhərcikləri ləğv edildi. Bundan başqa, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qaçqın və məcburi köçkün soydaşlarımızın digər sosial ehtiyaclarının ödənilməsində əsaslı rol oynadı. Vurğulamaq lazımdır ki, indiyə qədər qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı xeyli vəsait sərf olunub. Qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində məktəblər, mədəniyyət mərkəzləri, uşaq bağçaları, tibb məntəqələri və digər zəruri obyektlər tikilərək vətəndaşlarımızın istifadəsinə verilib. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticələridir”.
Millət vəkilinin sözlərinə görə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərman ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə və çatdırılma mexanizminin sadələşdirilməsinə xidmət göstərir. Sözügedən Fərmanın müxtəlif kontekstlərdən mühüm əhəmiyyətə malik olduğunu vurğulayan M.Xəlilov bildirib ki, bu Fərman şəffaflığın daha da yüksəldilməsinə, vahid müavinət alan şəxslərin bu vəsaitdən müstəqil şəkildə istifadəsinə imkan yaradır. Onun sözlərinə görə, məcburi köçkün ailələri alacaqları maddi vəsaitin kommunal xərclərdən əlavə hissəsini digər ehtiyacları üçün istifadə edə biləcəklər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31