Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın dövlət başçısının imzaladığı yeni Fərman qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin daha da güclənməsini təmin edəcək

Azərbaycanın dövlət başçısının imzaladığı yeni Fərman qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin daha da güclənməsini təmin edəcək

25.01.2017 [08:39]

Prezident İlham Əliyev: Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il yanvarın 23-də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Nazirlər Kabinetinə bu Fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.
Bəhs olunan Fərman Azərbaycanın yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiq qaldığını bir daha təsdiqləyir. Məlumdur ki, dünyada yaşanan gərginliklər fonunda ölkələr üçün sosial sfera ilə bağlı çağırışlar xüsusi aktuallıq daşıyır. Hazırda ayrı-ayrı dövlətlər özlərinin azalan gəlirlərini kompensasiya etmək üçün bir sıra hallarda sosial proqramları ixtisar etmək, hətta maaşları və pensiyaları azaltmaq məcburiyyətində qalıblar. Bu baxımdan respublikamızın mənzərəsi nikbinlik üçün hər cür əsaslar yaradır. Bir sıra çətinliklərlə müşayiət olunan 2016-cı ildə ölkəmizdə nəinki heç bir sosial layihə təxirə salınmayıb, əksinə, əhalinin mənafeyinə, insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönələn yeni təşəbbüslər irəli sürülüb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanı nümunəvi dövlət kimi fərqləndirən bu cəhətə xüsusi diqqət çəkərək vurğulayıb ki, sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur.
Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
Azərbaycanda prioritet sahə kimi daim böyük diqqət göstərilən sosial siyasət bir sıra cəhətləri ilə fərqlənir. Əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə əhalinin bütün sosial təbəqələri dövlət qayğısından bəhrələnmək imkanına malikdirlər. Prezident İlham Əliyevin Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimində sakinlərlə görüşündə qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.
Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağır nəticələrindən biri də soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələridir. Prezident İlham Əliyevin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azərbaycan” üçün müsahibəsində qeyd etdiyi kimi, Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiklərini itirən insanlar ilk vaxtlarda çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar.
Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın sosial müdafiələrinin gücləndirilməsinə davamlı qayğı göstərir. Qeyd edək ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə qayğı siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldiyi elə ilk vaxtlardan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərini diqqət mərkəzində saxlamağa başladı və ölkəmizin üzləşdiyi humanitar fəlakətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində əməli tədbirlər gördü. Ümummilli liderin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə təxminən 640 milyon ABŞ dolları həcmində humanitar yardım göstərildi. 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin BMT-nin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə ölkə Prezidentinin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu.
Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir.
Müvafiq layihələrin icrası nəticəsində 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub
Son 13 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ötən müddətdə bu məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra Fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. Bundan başqa, dövlət başçısı 21 fevral 2011-ci il tarixində “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” başqa bir Sərəncam imzalayıb.
Haqqında bəhs olunan Dövlət Proqramı və ona edilən əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Ümumilikdə, Dövlət Proqramında 22921 ailənin - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulurdu.
Ötən müddətdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Belə ki, bəhs olunan dövrdə müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Qaçqınlara və məcburi köçkünlərə qayğı siyasəti bundan sonra da davam etdiriləcək
Qeyd etdiyimiz kimi, ölkəmizdə əhalinin həssas təbəqəsi olan qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı çoxşaxəlidir. Belə hərtərəfli qayğı nəticəsində qaçqınlıq taleyi yaşayan soydaşlarımızın bir sıra problemləri həllini tapıb, onların həyat şəraiti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Belə ki, Prezident İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb.
2016-cı ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Ölkəmizdə bütün çadır şəhərciklərinin ləğv edilməsindən sonra növbə fin evlərində və digər uyğunlaşdırılmış tikililərdə müvəqqəti sığınacaq tapan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına çatıb. Hazırda ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbənin ləğvi istiqamətində intensiv iş aparılır. Bundan başqa, ölkəmiz qaçqın və məcburi köckün soydaşlarımızın sosial problemlərinin həllinə dəstək məqsədilə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı davam etdirir. Bu yaxınlarda Dünya Bankı ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi kimi məsələləri özündə əks etdirən yeni Saziş imzalanıb. Sazişə uyğun olaraq Dünya Bankı tərəfindən ölkəmizə 78,5 milyon ABŞ dolları həcmində vəsaitin ayrılması nəzərdə tutulub.
Eyni zamanda, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına daha tez bir zamanda nail olmaq üçün yeni təşəbbüslə çıxış edərək bildirib ki, dövlət bu qəbildən olan soydaşlarımız üçün hazır binalardan mənzillər ala bilər. Beləliklə, həm müvafiq kateqoriyadan olan insanların problemləri həllini tapar, həm də tikinti sektorunda aktivlik artar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində vurğulayıb ki, qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı proses bundan sonra da davam etdiriləcək: “Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.
Qaçqınlar və məcburi köçkünlər üçün salınan qəsəbələrdə müasir sosial infrastrukturun yaradılması da təqdirəlayiq haldır. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.
Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğı təkcə Onun imzaladığı Fərman və sərəncamlarda ifadə olunmur. Dövlət başçısı tez-tez Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən insanların müvəqqəti məskunlaşdıqları ünvanlara baş çəkir, yeni mənzillərində qaçqın və məcburi köçkün soydaşlarımızın qonağı olur. Belə səmimi təmaslarda məlum səbəblərdən öz yurd-yuvalarından ayrı düşən soydaşlarımız göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edir, ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini bildirirlər. Cəbhə bölgəsinə növbəti səfəri çərçivəsində Ağdam rayonunun ictimaiyyəti ilə görüşən Prezident İlham Əliyev qaçqın və məcburi köçkün soydaşlarımız üçün yeni qəsəbələrin salınmasından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır”.
Ekspertlər Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsini vacib sosial addım kimi dəyərləndirirlər
Azərbaycan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün soydaşlarımızın sosial müdafiəsi ilə bağlı yeni Fərman imzalamasını ölkəmizdə həyata keçirilən dərinməzmunlu sosial siyasətin davamı kimi səciyyələndirirlər. Ekspertlər bildirirlər ki, dövlət başçısının imzaladığı yeni Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi vacib sosial addımdır. “Doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri daim dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini prioritet olaraq diqqət mərkəzində saxlayır”. Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını şərh edərkən bildirib.
Millət vəkilinin sözlərinə görə, bu Fərman məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi məqsədilə ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə və çatdırılma mexanizminin sadələşdirilməsinə xidmət göstərir. Fərmanın mühüm əhəmiyyətini vurğulayan İ.İsmayılov deyib: “Dövlət başçısının imzaladığı yeni Fərmanla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Vahid aylıq müavinət məcburi köçkün ailələrinin hər bir üzvünə şamil ediləcək. Vacib məqam həmin vəsaitin xərclənmə mexanizmində ünvanlılığın təmin edilməsidir. Beləliklə də, dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də kommunal xidmətlərin ödənilməsi üçün ayrılan vəsait ədalət prinsipi əsasında bölüşdürüləcək, əvvəllər rast gəlinən müəyyən bürokratik əngəllər aradan qaldırılacaq, eyni zamanda, elektrik enerjisindən, sudan, qazdan daha qənaətlə istifadə olunması stimullaşdırılacaq”.
Qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov da Prezident İlham Əliyevin imzaladığı Fərmanın qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi mexanizminin səmərəliliyinin artırılması baxımından böyük önəm daşıdığını vurğulayıb. Millət vəkili deyib: “Bundan sonra məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər verilən müavinəti necə sərf edəcəklərini özləri müəyyənləşdirəcəklər. İndiyə qədər belə idi ki, yemək xərci müavinəti pul formasında məcburi köçkünlərin kartına köçürülürdü, kommunal xidmətlər üçün müavinət isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azəriqaz, “Azərişıq”, “Azərsu”ya və digər müvafiq təşkilatlara köçürülürdü. Elə məcburi köçkün ailələri var ki, onlar kommunl xərclər üçün köçürülən məbləğin həcmindən az elektrik enerjisi, su, “mavi yanacaq” işlədirdi. İndi vahid aylıq müavinət pul formasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin kartına yüklənəcək. Məcburi köçkün və qaçqın soydaşlarımız da artıq özləri müəyyənləşdirəcək ki, hara nə qədər pul ödəsinlər”.
Elman Məmmədov bildirib ki, bu, daha səmərəli variantdır: “Məcburi köçkün heç bir təşkilatdan asılı olmadan vəsaiti özü paylaşdıracaq. Belə olan halda kommunal xərclər üçün ayrılmış vəsaitdən az istifadə edən məcburi köçkün ailələri yerdə qalan məbləği digər ehtiyaclarının ödənilməsinə sərf edəcək ki, bu da məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılmasında müəyyən rol oynayacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31