Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ikinci iclası keçirilib

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ikinci iclası keçirilib

16.12.2016 [10:21]

Əli Əhmədov: Şura bütün əlaqədar dövlət qurumları ilə ciddi iş aparır. Hesabatların və digər öhdəliklərin icrası məqsədilə beynəlxalq ekspertlər bu işlərə cəlb ediləcəklər
Dünən Nazirlər Kabinetində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ikinci iclası keçirilib. Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclası açaraq müzakirə olunacaq məsələlər haqqında məlumat verib. Əli Əhmədov xatırladıb ki, Şuranın əsas məqsədi 2030-cu ilə qədər Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşmasını təmin etməkdən, eləcə də bu məqsədlərə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Əli Əhmədov Şuranın ilk iclasından ötən dövrdə xeyli işlərin görüldüyünü deyib. O, bütün bu işlərin ilk addımlar olduğunu qeyd edib, qarşıda daha çox işlərin görüləcəyini bildirib: “Bütün bu işləri həyata keçirən zaman bir daha görürük ki, Şuranın qarşısında böyük məsuliyyət tələb edən vəzifələr qoyulub və görəcəyi işlər hələ qarşıdadır”.
Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar müəyyən vəzifələrin və öhdəliklərin əhəmiyyətinə toxunan Şura sədri qeyd edib ki, birgə əməkdaşlıq şəraitində hökumət, dövlət qurumları bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi işlərin öhdəsindən layiqincə gələcək. Onun sözlərinə görə, dayanıqlı inkişaf üzrə müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsi üçün İşçi qrupları müəyyənləşdirilib, Şuranın Katibliyinin yaradılması ilə əlaqədar müəyyən təşkilati işlər görülüb.
Bu proqramın BMT-nin milli dövlətlərlə birlikdə həyata keçirdiyi layihə olduğunu xatırladan Əli Əhmədov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ofisi və təşkilatın digər qurumları ilə ciddi əməkdaşlıq ediləcəyini diqqətə çatdırıb. “Şura bütün əlaqədar dövlət qurumları ilə ciddi iş aparır. Hesabatların və digər öhdəliklərin icrası məqsədilə beynəlxalq ekspertlər bu işlərə cəlb ediləcəklər”, - deyən Şura sədri BMT-nin müvafiq ekspertlərinin ölkəmizə səfər edəcəyini vurğulayıb. O, İşçi qrupları ilə beynəlxalq ekspertlər arasında görüşlərin keçirilməsinin, qarşılıqlı fikir mübadiləsinin vacibliyini bildirib.
İclasda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ofisinin rəhbərinin iştirak etdiyini deyən Əli Əhmədov onun tövsiyələrinin görüləcək işlər üçün əhəmiyyətli olacağını qeyd edib.
İclasda ilk olaraq Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin və İşçi qruplarının yaradılması ilə bağlı görülmüş işlər müzakirə olunub. Bu barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, artıq bütün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Ötən dövrdə Şuranın Katibliyinin formalaşdırılması üzrə mühüm işlər görülüb və əlaqələndirici qrup formalaşdırılıb. Beynəlxalq ekspertlərin cəlb edilməsi üçün isə Maliyyə Nazirliyi ilə iş aparılır. S.Həsənova qeyd edib ki, artıq iqtisadi inkişaf və layiqli məşğulluq, sosial inkişaf, eləcə də ekologiya sahəsi üzrə 3 İşçi qrupu yaradılıb. Müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qruplarının tərkibi və rəhbərləri müəyyənləşdirilib. BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədindən 14-ü Azərbaycanda qəbul edilə bilər. Lakin bunun bir daha müzakirəsinə ehtiyac var. BMT-nin məqsədləri üzrə isə 169 hədəf müəyyən olunub.
İclasda İşçi qruplarının tərkibi və rəhbərləri yenidən müzakirə edilib, müvafiq dəyişikliklər olunaraq təsdiqlənib.
Daha sonra Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi məsələsi müzakirə olunub. Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib ki, BMT 230 statistik göstərici üzrə hesabat hazırlayacaq. Bu göstəricilərin 70-ə yaxını Azərbaycanda var. Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi üzrə Statistika Komitəsi tərəfindən müxtəlif qurumlarda müvafiq şəxslər müəyyən olunub. Həmin qurumların məlumat bazasının Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası üzrə işlər aparılır. Komitədə isə 3 İşçi qrupu yaradılıb.
İclasda 2017-ci ilin iyul ayında Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın hesabatının Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilməsi üçün BMT-nin baş katibinə müraciətin ünvanlanması və hesabatın hazırlanması məsələsi də müzakirə olunub. Şuranın sədri Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsinin vacibliyini bildirib. O qeyd edib ki, İşçi qruplar arasında BMT-nin məqsədləri üzrə hədəflər təyin edilməlidir. BMT-nin məqsədləri üzrə 169 hədəf üzrə də ciddi iş aparılmalıdır və ən əsası, bu hədəflərin Azərbaycandakı Dövlət proqramlarında nə dərəcədə öz əksini tapdığı araşdırılmalıdır. Əli Əhmədov vurğulayıb ki, Azərbaycan BMT-nin 6 məqsədi üzrə könüllü hesabat hazırlamağı nəzərdə tutur. O, gələn ilin əvvəlinədək Azərbaycanın hesabatının hazırlanmasının vacibliyini qeyd edərək deyib ki, artıq bu gündən hesabatın hazırlanması üçün işlərə başlanılmalıdır.
İclasda qarşıdakı dövrdə görüləcək işlərlə əlaqədar geniş müzakirələr aparılıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 965 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31