Milli Məclisin növbəti iclası keçirilib
15.10.2016 [11:00]
İclasda millət vəkilləri 28 qanun layihəsini müzakirə edərək qəbul ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verdikdən sonra müzakirələr başlayıb. Əvvəlcə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin sədr müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, dəyişikliyə əsasən sənədə “korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” məzmunlu 11-1-ci və 11-2-ci maddələr əlavə edilib. Əlavələrə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada təqdim edilə bilər. İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilər. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
Məsələ ilə bağlı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, qanuna təklif edilən dəyişikliklər çox vacib məsələlərdir. Onun sözlərinə görə, bu layihənin qəbul edilməsi korrupsiya hallarının qarşısını almağa xidmət edəcək: “Çünki dünyanın bir çox ölkəsinin qanunvericiliyində korrupsiya halları ilə bağlı hər kəsin məlumat vermək hüququnun olduğu əks edilib. Bu cür hallarla rastlaşan hər bir kəs müvafiq qurumlara məlumat verməlidir. Əks təqdirdə, bilə-bilə məlumat verməmə ucbatından növbəti cinayətə səbəb yaranacaq”.
Millət vəkillərindən Elmira Axundova, Qüdrət Həsənquliyev, Fərəc Quliyev və Çingiz Qənizadə layihə haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi haqqında da birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, qanuna “terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında” məzmunlu 305.1.14-cü maddə əlavə edilir. Dəyişikliklərə görə, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Nəzərdə tutulan dəyişikliklər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunda dəyişikliklər edilməsi barədə 2015-ci il 20 oktyabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Z.Əsgərov deyib ki, sözügedən dəyişiklik terrorizmə qarşı mübarizəni daha da gücləndirəcək.
İclasda həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub. Qanun layihəsinə əsasən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri də təhsil haqqından azad ediləcək. Eyni əhəmiyyətli düzəliş həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində də öz əksini tapıb. Belə ki, valideynlərini itirən və valideyn himayəsindən məhrum uşaqlar arasında olan şəxslərdən AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura pilləsində oxuyanların da təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Təklif olunan dəyişikliklər “Təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, şəhid ailələrinə dövlət tərəfindən xüsusi qayğı göstərilir və bu məsələ daim ölkə Prezidentinin diqqət mərkəzindədir. S.Novruzov bildirib ki, cəmiyyətdə də şəhid ailələrinə diqqət vacibdir. Şəhid ailələrinə bir sıra məsələlərdə güzəştlərin edildiyini deyən millət vəkilinin sözlərinə görə, bütün bunlar davamlı xarakter daşıyır.
“Amma komitəmizə bəzi problemlərlə bağlı ictimai birliklər tərəfindən müraciətlər də daxil olur. Hərc-mərclik dövründə Azərbaycanda xeyli adama Qarabağ müharibəsi veteranı vəsiqəsi verilib. Amma haqqı olanların bir hissəsi bu vəsiqəni ala bilməyib. Elə şəxslər var ki, qəhrəmancasına döyüşüb, amma bu gün də veteran vəsiqəsi ala bilmir. Bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb. Yəni veteran vəsiqəsi paylanılıb. Onların sayı çoxdur. Hesab edirəm ki, bu məsələ müzakirə olunmalı və müvafiq tədbirlər görülməlidir. Hər kəs haqqını almalıdır”, - deyə S.Novruzov vurğulayıb.
“Cəmiyyətimizin həssas üzvləri olan şəhid ailələrinə təhsil sahəsində də müəyyən güzəştlərin edilməsi, eyni zamanda, valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlətin diqqətinin artırılması alqışalayiq haldır”. Bu fikri isə Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin bu istiqamətdə göstəriş və tapşırıqları ilə bir daha şəhid ailələrinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara olan qayğının yüksək səviyyədə olduğunu görürük. “Əlbəttə ki, şəhid ailələrinə hörmət etmək bizim hər birimizin borcudur. Amma bəzən görürük ki, kimlərsə bilməyərəkdən şəhid ailələrinin üzvlərinə münasibətdə səhvlərə yol verirlər. Daxil olmuş bəzi şikayətlərə əsaslanaraq demək istəyirəm ki, heç kəs şəhid adının əbədiləşdirilməsi işlərinə mane olmasın. Axı həmin şəhidlərin ataları, anaları, yaxınları və qohumları onların adlarının əbədiləşdirilməsi üçün layihələndirilmiş işlərdən təskinlik tapırlar. Bir də görürük ki, abadlıq aparılan yerlərdə bilməyərəkdən, yaxud ehtiyatsızlıqdan şəhidin adına qoyulmuş bulağı, barelyefi və ya büstü dağıdırlar. Əgər məqsəd şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün düzəldilmiş bulağın, barelyefin və ya büstün yerinin dəyişdirilməsidirsə, o zaman bu, məlumatlandırma və ehtiyatla həyata keçirilməlidir. Çünki belə hallar şəhid ailələrində narazılıq yarada bilər”, - deyə S.Vəliyeva qeyd edib.
Deputatlardan Fərəc Quliyev, Tahir Rzayev, Tahir Kərimli, Əflatun Amaşov, Musa Quliyev, Elman Məmmədov və Hadi Rəcəbli bildiriblər ki, qanunvericiliyə belə düzəlişlərin edilməsi dövlətin şəhid ailələrinə və valideynlik himayəsindən məhrum olan insanlara qarşı böyük diqqət və qayğısının göstəricisidir.
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib.
İclasda həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilən texniki düzəlişlər də qəbul olunub. Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Komitə sədri bildirib ki, dəyişikliyə görə, sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Eyni məzmunlu məsələ İnzibati Xətalar Məcəlləsində də əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, belə hallar baş verdikdə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğində cərimə olunacaqlar.
Gündəlikdə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklər isə Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələsini asanlaşdırmaq məqsədi daşıyır. Eyni məzmunlu məsələlərlə bağlı müddəalar həmçinin Şəhərsalma və Tikinti, eləcə də İnzibati Xətalar məcəllələrində də öz əksini tapıb. Qanun layihələri qəbul olunub.
İclasda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” qanunlara da dəyişikliklər edilib.
Gündəlikdə olan “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklər barədə qanun layihəsinə isə 27.6-cı maddə əlavə edilir. Buna əsasən, büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə olunmamasına görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. Digər dəyişikliklərə görə isə, dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmamasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Məsələ ilə bağlı millət vəkili Aydın Hüseynov çıxış edərək öz təkliflərini verib. Sonra qanun layihəsi qəbul olunub.
İclasda həmçinin Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də qəbul olunub.
Sonra “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. M.Quliyev bildirib ki, hazırda Tarif Şurası tərəfindən dövriyyədə olan 9 min 850-yə qədər adda dərman vasitələrinin qiyməti tənzimlənib. Qiymətlərin tənzimlənməsi əhali tərəfindən müsbət qarşılanır. M.Quliyev deyib ki, dövlət tənzimlənməsi nəticəsində ümumilikdə dərman vasitələrinin qiyməti iki dəfə aşağı enib. Onun sözlərinə görə, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər nəticəsində qiyməti tənzimlənən dərmanları fərqli qiymətə satan apteklər üçün məsuliyyət müəyyən edilir.
“Qanunun 4-cü maddəsinə edilən əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir. Bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq. Qanunun 16-cı maddəsinə edilən əlavəyə görə isə, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludur”, - deyə M.Quliyev vurğulayıb.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Qeyd edək ki, iclasda bir sıra digər qanunlara da dəyişikliklər edilib. Bütövlükdə parlamentin dünənki iclasında millət vəkilləri 28 qanun layihəsini qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

