Azərbaycanda xalçaçılığın inkişafı yeni mərhələyə qədəm qoyur
06.08.2016 [10:09]
Prezident İlham Əliyev: Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil
Azərbaycan dünya birjalarında neftin qiymətinin kəskin aşağı düşməsi fonunda valyuta daxilolmalarının azalmasını digər vasitələrlə, ələlxüsus da qeyri-neft sektorunda ixracyönümlü məhsul istehsalını genişləndirməklə kompensasiya etmək üçün geniş imkanlara malik olan ölkədir. Respublikamızda qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində belə ölkənin inkişaf tendensiyasının davam etməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur.
Hazırda respublikamızda xarici bazarlara daha çox həcmdə və daha çox çeşiddə Azərbaycan brendi olan məhsul çıxarılması geniş şəkildə təşviq olunur. Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Fərman imzalayıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur.
İndiki mərhələdə ölkənin ixrac imkanlarını artırmaq üçün qeyri-neft sektorunda geniş perspektivlərə malik bir sıra sahələrdə ənənələrin dirçəldilməsi yolu ilə inkişafa nail olunması da yeni hədəflər sırasında yer alır. Belə sahələrdən biri də xalçaçılıqdır.
Xalçaçılığın Azərbaycanda böyük tarixi və ənənələri var
“Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil”. Bu fikri Prezident İlham Əliyev Bakıda Xalça Muzeyinin açılışındakı çıxışında ifadə edib. Həqiqətən də, xalqımızın min illər boyu yaşatdığı, nəsildən-nəslə ötürdüyü ənənələri sırasında xalçaçılıq xüsusi yer tutur. Dünyanın ən məşhur muzeylərində Azərbaycan xalçaları qiymətli eksponatlar kimi qorunub saxlanılır və böyük tamaşaçı marağına səbəb olur. Rəngbərəng ilmələrdən toxunan xalçalar təkrarsız sənət nümunələri olmaqla əsrlər boyu dünya miqyasında keçmişimizi, bu günümüzü, mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edib.
Xalq tətbiqi sənətinin çox geniş yayılmış qollarından biri olan xalçaçılığın Azərbaycanda çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bununla bağlı qədim dünya tarixçilərinin əsərlərində müxtəlif məlumatlar var. Tarixi qaynaqlarda bildirilir ki, III-VII əsrlərdə Azərbaycanda xalça sənəti daha sürətlə inkişaf edib, burada ipəkdən, qızıl və gümüş saplardan nəfis xalçalar toxunub. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi.
Azərbaycanda xalçaçılığın şərti olaraq 7 məktəbi fərqləndirilir. Bunlar Quba, Abşeron, Şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ, Təbriz xalçaçılıq məktəbləridir. Hər xalçaçılıq məktəbində toxunan xalçaları ümumi cəhətlər birləşdirsə də, onlar naxış, kompozisiya, rəng həlli və bir sıra texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.
Ölkəmizdə xalçaçılıq ənənələrinin qorunmasına böyük diqqət göstərilir
Respublikamızda xalqımızın milli kimliyini təsdiqləyən sənət növlərindən olan xalçaçılıq ənənələrinin davam etdirilməsinə böyük diqqət göstərilir. Prezident İlham Əliyev Bakıda Xalça Muzeyinin açılışındakı çıxışında bu böyük sənət növünün qorunmasının zəruriliyinə diqqət çəkərək bildirib: “Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə, çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik”.
Respublikamızda xalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə 1967-ci ildə Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına və zənginləşdirilməsinə böyük önəm verən Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə muzeyin fondlarının zənginləşdirilməsi üçün lazımi qədər vəsait ayrılıb və birinci ekspozisiya İçərişəhərdə Cümə məscidində 1972-ci ildə nümayiş etdirilib. Müstəqillik dövründə isə Xalça Muzeyi Muzey Mərkəzində fəaliyyət göstərib. Orada ekspozisiyaların lazımi səviyyədə nümayiş etdirilməsi üçün şərait məhdud idi, ilk növbədə, darısqallıq Azərbaycan xalçalarının mövzu və naxış zənginliyinin tamaşaçılar qarşısında bütün miqyası ilə canlandırılmasına imkan vermirdi. Prezident İlham Əliyev 2006-cı ildə Muzey Mərkəzində olarkən Xalça Muzeyi üçün yeni binanın inşası ilə bağlı təşəbbüs irəli sürdü və 2007-ci ildə müvafiq Sərəncam imzaladı. UNESCO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə 2008-ci ildə təməli qoyulan bu gözəl, möhtəşəm binanın tikintisi qısa müddətdə tamamlandı və Xalça Muzeyi 2014-cü ildə artıq yeni ünvanda öz qapılarını xalçasevərlərin üzünə açdı.
Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb.
Ölkəmizdə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də xalçaçılıq muzeyləri fəaliyyət göstərir. Eyni zamanda, xalçaçılıq ənənələrinin nəsildən-nəslə ötürülməsini təmin etmək məqsədilə başqa tədbirlər də görülür. Prezident İlham Əliyev Xalça Muzeyinin açılışındakı çıxışında regionlarda Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəklərinin əhəmiyyətini xüsusi vurğulayıb: “Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər”.
Bu məqamda onu da qeyd edək ki, bənzərsiz sənət nümunələri olan xalçalarımızın dünya miqyasında təbliğində Ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun və onun rəhbəri, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Avropanın ayrı-ayrı şəhərlərində keçirdiyi silsilə tədbirlərdə müxtəlif xalçaçılıq məktəblərinə aid xalçalarımız da geniş şəkildə nümayiş olunur. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirmi illiyi münasibətilə Böyük Britaniyada, Fransada və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri böyük şöhrət qazanıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü iş sayəsində 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb.
Yeni şəraitdə xalçaçılıq sənaye əsasında inkişaf etdiriləcək
Xalçaçılıq qədim sənət növü olmaqla yanaşı, eyni zamanda, sənaye iqtisadiyyatının bir istiqaməti kimi geniş inkişaf perspektivlərinə malikdir. Yeni iqtisadi şəraitdə perspektivli istehsal sahəsi kimi xalçaçılığın önəmi daha da artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində xalçaçılığın sənaye əsasında inkişaf etdirilməsinin ölkəmizə böyük həcmdə valyuta gətirəcəyinə əminliyini ifadə edərək deyib: “Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixracyönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək”.
Ölkəmizdə yeni iqtisadi şəraitdə xalçaçılığın sənaye əsasında inkişafına göstərilən siyasi iradəyə uyğun olaraq müvafiq maddi-texniki bazanın yaradılması, strukturun formalaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Respublikamızda xalçaçılığın qorunması və inkişaf etdirilməsi haqqında ayrıca qanun qəbul edilib. Prezident İlham Əliyev 5 may 2016-cı il tarixində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamla müəyyən edilib ki, “Azərxalça” ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində xalça istehsalının sənaye üsulu ilə təşkil olunması məqsədilə struktur məsələlərinin həllini tapmasından məmnunluğunu ifadə edərək deyib: “Artıq bütün struktur məsələləri öz həllini tapıb. Eyni zamanda, Prezident Administrasiyasına göstəriş verilib ki, müxtəlif bölgələrdə yerlər ayrılsın və xalçaçılıqla məşğul olanlar orada işləsinlər. Göstəriş artıq icra edilir. Dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir və ediləcək”.
Xalça istehsalının genişlənməsində özəl bölmə də fəal iştirak edir
Ölkəmizdə xalçaçılığın inkişafına həmçinin özəl bölmədə fəaliyyət göstərən sahibkarlıq subyektləri də sanballı töhfələr verirlər. Respublikamızdakı əlverişli sahibkarlıq mühitindən bəhrələnərək fəaliyyətə başlayan “Azər-İlmə” belə müəssisələrdəndir. Müəssisənin peşəkar kollektivi Azərbaycan xalçalarının unudulmaqda olan çeşnilərini bərpa etməyi, milli xalçalarımızın bədii ənənələrini yaşatmağı və gələcək nəsillərə ötürməyi, Azərbaycan xalçasının beynəlxalq miqyasda ticarətini təşkil etməklə layiqli şəkildə təbliğinə nail olmağı özünün əsas məqsədi sayır. Bu məqsədə doğru addım-addım, ilmə-ilmə yaxınlaşan “Azər-İlmə” tarixən qədim toxuculuq mərkəzləri sayılan Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaradıb. Həmin emalatxanalar uğurla fəaliyyət göstərərək Azərbaycan xalçaçılıq ənənələrinin zənginləşməsində mühüm rol oynayırlar.
Təxminən 300 nəfər yüksək səviyyəli xalça ustasının cəmləşdiyi “Azər-İlmə”də hazırlanan xalçalar ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda da geniş şöhrət qazanıb. Burada yerli ustaların min bir məhəbbətlə araya-ərsəyə gətirdikləri xalçalar 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover, 2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərlərində uğurla sərgilənib, Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və digər ölkələrdəki muzeylərdə, şəxsi kolleksiyalarda Azərbaycanın, necə deyərlər, vizit vərəqinə çevrilib. Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında yundan və ipəkdən, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli xalçalar istehsal edən “Azər-İlmə” “Uğur”, Caspian Energy İnternational Award, “Kraliça Viktoriya adına eksklüziv”, “İlin brendi” və digər mükafatlara layiq görülüb.
Sonda bir məqamı da vurğulayaq. Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Dövlət başçısının siyasi iradəsi əsasında ölkəmizdə xalçaçılığın sənaye əsasında inkişaf etdirilməsi də əhalinin məşğulluğu probleminin həllinə müsbət təsir göstərəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində buna əminliyini ifadə edərək deyib: “Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq. Həm məşğulluq təmin olunacaq - xüsusilə nəzərə alsaq ki, daha çox qadınlar bu işlərlə - toxuculuqla, xalçaçılıqla məşğuldurlar - biz qadınları işlə təmin edəcəyik və həm də ixrac məhsulu yaranacaq. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

