Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir

Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir

23.06.2016 [10:06]

Tarixin inkişaf mərhələlərində xalqlar bir çox nailiyyətlərə imza atıb, inqilabi dəyişikliklərə, xalqların gələcəyini müəyyənləşdirən əhəmiyyətli yeniliklərə şahidlik edib. Lakin zaman keçdikcə bu yeniliklər heç də bütün bəşəriyyətin firavan həyatına xidmət etməyib. Əksinə, bəzi hallarda inkişaf və dəyişimlər sivilizasiyaların toqquşmasına, xalqların, toplumların fəlakətinə rəvac verib. Bunların məntiqi nəticəsi olaraq isə hazırda dünya ictimaiyyəti kifayət qədər çətin suallar qarşısındadır. Bir yandan, baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadları, digər yandan, siyasi müstəvidə baş verən qarşıdurmalar ictimaiyyəti ciddi narahat edir. Bunlarla yanaşı, dini, irqi zəmində ayrı-seçkilik və bunun şərtləndirdiyi dərin kataklizmlər, terror dalğası bizi narahat etməyə bilməz. Xüsusilə, son illərdə baş verən qanlı terror hadisələri bir daha bu reallığı sübut edir ki, heç bir xalq, heç bir dövlət bu kimi mənfi hadisələrdən sığortalanmayıb. Dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi, bəzi maraqlı qrupların xalqlar arasına ciddi nifaq toxumları səpməyə cəhd etdiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Multikultural təhlükəsizliyin təmin olunması həm də cəmiyyətlərdə inkişaf ahənginin, sülh və barışın, ədalətli balansın defakto reallaşdırılması deməkdir.
Azərbaycan, sözün əsl mənasında, tolerantlıq nümunəsidir
Cəsarətlə deyə bilərik ki, tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi - dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb.
Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.
Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kolleci, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir.
Milli-dini müxtəliflik, ölkənin bütün vətəndaşlarına bərabər hüquqların verilməsi Azərbaycanın demokratik inkişafının əsas prinsiplərindəndir
Deyilənlərdən də aydın olduğu kimi, dünyaya yüksək tolerantlıq, mədəni müxtəliflik, dini dözümlülük nümayiş etdirməsi ölkəmizin mənzərəsini fərqləndirən əsas cəhətlərdən biridir. Əlamətdar haldır ki, Azərbaycanda tarixi ənənələrlə, milli-dini-mədəni müxtəlifliyə münasibətdə cəmiyyətdən gələn sosial sifarişlərlə dövlətin həyata keçirdiyi siyasət bir-birini tamamlayır. Ölkənin ayrı-ayrı regionlarında müxtəlif mədəniyyətlərin daşıyıcısı olan ailələr o qədər qaynayıb-qarışıblar ki, onları fərqləndirmək belə çox çətindir.
Birmənalı şəkildə vurğulanmalıdır ki, müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan Ulu öndər dəfələrlə bəyan etmişdi ki, milli-dini müxtəlifliyə dözümlü yanaşma, ölkənin bütün vətəndaşlarına bərabər hüquqların verilməsi Azərbaycanın demokratiya yolu ilə inkişafının əsas prinsiplərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev böyük dövlət xadimi və praqmatik siyasətçi kimi, Azərbaycan xalqının təhlükəsizlik mühitində inkişafını təmin etmək məqsədilə multikulturalizmin daha güclü əsaslarının yaradılması və onun cəmiyyətin əsas sütunlarından biri kimi qorunması istiqamətində güclü hüquqi bazanın yaradılmasına nail oldu. Belə ki, məhz Ulu öndərin təşəbbüsü və göstərişi ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunub. Daha dəqiq desək, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür. Ümummilli liderimizin də ifadə etdiyi “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır” tezisi Azərbaycanın dövlət idarəçiliyində və cəmiyyətdaxili münasibətlərin tənzimlənməsində mayak rolunu oynadı.
Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir
Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Eyni zamanda, respublikamızda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır.
Ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Gəncəyə səfəri çərçivəsində respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşündə bu məqamlara toxunaraq deyib: “Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik”.
Bəli, Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. Bir müddət öncə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. Eyni zamanda, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir... Azərbaycanda pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq. Azərbaycanda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Ənənəvi humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları keçirilir. Bu il isə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir ki, bu, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər forumdur. Bu il bu şərəfli missiyanı Azərbaycan öz üzərinə götürür”.
Beləliklə, Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimlərisə ayrı-seçkiliyə məruz qoyan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsindəki təhlili göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət etdikdə ölkənin həm daxili potensialı öz zənginliklərini ən dərin qatlardan daha həvəslə üzə çıxarır, həm də ölkə öz beynəlxalq imicinə müsbət çalarlar əlavə edir. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması isə ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, bu, ölkəmizin dünyada sülh və barışa, mədəniyyətlər arasında dialoqa nə qədər əhəmiyyət verdiyini bir daha nümayiş etdirir. İnanırıq ki, Bakıdan dünyaya verilən bu mesaj lazımi şəkildə qiymətləndiriləcək.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31