Azərbaycan postneft dövrünə keçidi uğurla təmin edir
19.02.2016 [09:43]
Prezident İlham Əliyev: Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir
Son iki ildə neftin dünya birjalarında kəskin dəyər itirməsi qlobal məkanda yeni iqtisadi vəziyyət yaradıb. İndiki situasiya, təbii ki, həm də ölkələr üçün qarşıya yeni çağırışlar çıxarıb. Yaranmış vəziyyət reallığa uyğun çevik tənzimləmə proqramları həyata keçirməyi və strateji hədəfləri düzgün müəyyənləşdirməyi tələb edir. Bu baxımdan qlobal məkanda proqnozlaşdırılması çətin görünən indiki şəraitdə də Azərbaycan öz inkişafını davam etdirir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə vurğuladığı kimi, dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir.
Qlobal çətinliklər şəraitində də Azərbaycanın kənar təsirlərə az məruz qalması və inkişafın davamlılığına nail olmaq əzmi nümayiş etdirməsi bir sıra obyektiv amillərlə şərtlənir. Burada, ilk növbədə, ölkənin güclü iqtisadi potensialı ilə respublikada daim uzaq perspektiv nəzərə alınmaqla həyata keçirilən məqsədyönlü siyasətin vəhdətini vurğulamaq lazımdır. Müstəqilliyin ilkin mərhələsində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin bu siyasəti eyni ardıcıllıqla davam etdirməsi, ölkədə milli maraqlara, zəngin daxili potensiala əsaslanan siyasi xəttin varisliyinin təmin olunması respublikamızın qlobal məkanda yaranan yeni situasiyaya nisbətən az itkilərlə adaptasiya olunmasını, psixoloji gərginliyin çox az vaxtda aradan qaldırılmasını və artıq yeni inkişaf mərhələsinə keçidi şərtləndirən fundamental amillər rolunda çıxış edir.
Enerji siyasəti Azərbaycan üçün müasirləşmək, inkişaf etmək, infrastruktur yaratmaq yolu olub
Son 12 ildə Azərbaycan qlobal məkanda iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə olub, həmçinin respublikamız digər sahələrdə də böyük uğurlara imza atıb. Müstəqil Azərbaycanın güclü iqtisadi dayaqlara malik ölkəyə çevrilməsində isə uğurlu enerji siyasəti mühüm rol oynayıb. Müstəqilliyin ilk illərində ölkəmizin iqtisadiyyatı hədsiz dərəcədə zəif idi. Keçmiş ittifaq respublikaları ilə qurulan təchizat-satış əlaqələri tamam qırılmışdı, müəssisələr fəaliyyətlərini dayandırmışdı. Respublikanın müxtəlif mallara olan tələbatının ödənilməsində ciddi problemlər yaşanırdı. Eyni zamanda, ölkədə kəskin maliyyə çatışmazlığı yaranmışdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, belə şəraitdə Azərbaycanın dünya xəritəsində yerini müəyyənləşdirməyin yeganə yolu enerji ehtiyatlarından istifadə olunması ilə bağlı idi. Dövlət başçısının qeyd etdiyi kimi, o zaman bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi: “... Dünya xəritəsində yerimizi müəyyənləşdirməyin yeganə yolu ölkəmizin inkişafı üçün enerji ehtiyatlarımızdan istifadə etmək idi. Buna görə də müstəqilliyimizi bərpa etdikdən sonra üç ildən daha da az müddətdə - 1994-cü ildə biz dünyanın əsas enerji şirkətlərini Azərbaycana gəlməyə və sərmayə yatırmağa dəvət etdik. O zaman Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin birbaşa cəlb edildiyi ərazi olmuşdu. O zaman bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi. Çünki neft satışından əldə etdiyimiz vəsait suveren rifah fondunda saxlanılırdı və eyni zamanda, neftdən asılılığı azaltmaq üçün infrastruktura sərmayə kimi yatırılırdı”.
Həqiqətən də, müstəqillik illərində ölkəmizin dinamik inkişafının əsası xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük zəhməti hesabına 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 6 dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər ölkəmizin hərtərəfli inkişafını şərtləndirən xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Neft gəlirləri institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalına, sosial məzmunlu layihələrin icrasına, bütün ölkə boyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.
Geniş şaxələndirmə siyasəti sayəsində ümumi daxili məhsulun 70 faizi qeyri-neft sektorunda formalaşır
İqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın qlobal risklər şəraitində belə öz potensialını genişləndirməsi, ilk növbədə, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan güclü infrastruktur təminatına malik ölkəyə çevrilib. Ölkəmizdə 2004-cü ildən bəri 25 elektrik stansiyası, 6 yeni hava limanı, nəhəng ticarət limanı tikilib istifadəyə verilib, təxminən 12 min kilometr yol çəkilib. Dövlət başçısının siyasi iradəsi əsasında yaradılan belə güclü infrastruktur ölkədə neftdənkənar iqtisadiyyatın güclənməsinə, daxili istehsalın artmasına, regionların iqtisadi potensialından dolğun şəkildə istifadə olunmasına zəmin yaradıb. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idisə, hazırda bu göstərici qeyri-neft sektorunun xeyrinə əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu şaxələndirmə siyasətinin nəticəsində indi ümumi daxili məhsulumuzun 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşür.
Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2015-ci ilin statistik göstəriciləri bir daha təsdiqləyir. Ötən il ölkəmizin iqtisadi inkişafı əsasən qeyri-neft sektorunun üstün inkişafı hesabına təmin olunub. İl ərzində qeyri-neft sənayesinin 8 faizdən çox genişlənməsi respublikamızda həyata keçirilən siyasətin göstəricisidir.
Hədəf neftdən asılılığı tam aradan qaldırmaqdır
Azərbaycanın qarşıya qoyduğu hədəf isə yaxın perspektivdə neft amilindən asılılığı tam aradan qaldırmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün inkişaf strategiyasının konkret istiqamətləri də müəyyənləşdirilib. Prezident İlham Əliyev dünya birjalarında neftin qiymətinin aşağı düşməsini ölkəmizdə qeyri-neft iqtisadiyyatının ayrı-ayrı sahələrinə sərmayələr yönəltmək baxımından fürsət kimi dəyərləndirərək deyib: “İndi isə biz özəlləşdirmə, iqtisadiyyatımızın şaxələndirilməsi və biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, neft və qazdan asılılığı azaltmaq üçün irimiqyaslı islahatlar həyata keçiririk. Yeri gəlmişkən, neftin qiymətinin kəskin şəkildə - dörd dəfə ucuzlaşması bizim üçün daha çox texnologiyaya, qeyri-neft iqtisadiyyatına, kənd təsərrüfatına, informasiya-kommunikasiya texnologiyalarına sərmayə yatırmaq baxımından fürsət idi”.
Yaxın perspektivdə ölkəmizdə neft amilindən asılılığın tamamilə aradan qaldırılacağına inamın möhkəm əsasları var. Bu da onunla bağlıdır ki, son illərdə respublikamızda dövlət başçısının yuxarıda qeyd etdiyi istiqamətlərdə genişmiqyaslı proqramlar reallaşdırılıb və fundamental baza yaradılıb.
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafından söhbət açarkən yeni sənaye quruculuğu istiqamətində qazanılan uğurları xüsusi vurğulamaq lazımdır. Azərbaycanda yeni sənaye quruculuğu siyasətinin uğurla reallaşdırılması sayəsində ölkənin sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Hazırda sənayenin regional strukturu formalaşdırılır ki, bu da ölkənin potensialından səmərəli istifadə olunması və qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi baxımından çox önəmlidir. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2015-ci ilin əvvəllərində 50 faizədək yüksəlib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Ölkədə kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət qayğısı bu sahədə diqqətəlayiq uğurlar əldə olunması ilə nəticələnib. Ötən il aqrar sektorda təxminən 7 faiz həcmində artım baş verib. Əlamətdar haldır ki, artıq respublikamız bir sıra ərzaq məhsullarına olan tələbatını sırf daxili istehsal hesabına təmin edir.
Hazırda hər bir ölkənin inkişafının bu və ya digər dərəcədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf və tətbiq səviyyəsi ilə bağlı olduğu heç kəsdə şübhə doğurmur. Bu mənada Azərbaycanın gələcəyinə nikbin yanaşmağa ciddi əsaslar var. Bütün sahələrdə dinamik inkişafa nail olan Azərbaycan həmçinin Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk dövlətdir. Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya məqsəd qoyan Prezident İlham Əliyev innovasiyalara əsaslanan İKT sektorunun inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının müvafiq sərəncamları ilə bu sahənin inkişafını təmin edən Dövlət proqramları təsdiqlənib. Qısa müddətdə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub.
Eyni zamanda, qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmik ailəsinin üzvlüyünə daxil olması qürurverici hadisədir. 2013-cü ildə ilk peykini - “Azerspace-1”i orbitə çıxaran Azərbaycan artıq kosmik sənayeyə malik ölkədir. Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti yalnız “Azerspace-1”lə yekunlaşmır. Yeni peykin - “Azersky”ın kommersiya fəaliyyətinə start verilməsi ilə Azərbaycanın kosmik imkanları daha da genişlənib. Ölkəmiz gələcəkdə dünya kosmik ailəsinin daha fəal üzvünə çevrilmək əzmi nümayiş etdirir. Hazırda Azərbaycan növbəti peykini orbitə çıxarmaq istiqamətində intensiv iş aparır.
Göründüyü kimi, Azərbaycanın gələcək inkişaf strategiyası, ilk növbədə, iqtisadiyyatın neftdənkənar sahələrini əhatə edir. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəf isə yaxın perspektivdə neft amilindən asılılığı tam aradan qaldırmaqdan ibarətdir. Dövlət başçısı əminliyini ifadə edərək bildirib ki, biz növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, ölkənin neftdən asılılığını tamamilə aradan götürmək mümkün olacaq: “Növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, qəti əminəm ki, Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək”.
Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlayıb
Yuxarıda deyilənlərdən də göründüyü kimi, Azərbaycanda son 12 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq neftdən sonrakı dövr üçün fundamental baza yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Proqnozlara əsasən, bu dövr 15-20 il bundan sonra başlamalı idi. Lakin qlobal məkanda baş verən kataklizmlər, necə deyərlər, prosesləri sürətləndirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq ölkəmizdə postneft dövrü başlayıb: “... Bu yaxınlarda neftin qiymətinin aşağı düşməsi səbəbindən Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlamışdır və biz dünya bazarında təkcə neft və qaz ixrac edən ölkə kimi yox, digər məhsulları ixrac edən ölkə kimi yerimizi tapmalıyıq”.
Qeyd edək ki, hazırda ölkəmizdə yaranmış vəziyyətdən maksimum dərəcədə az itkilərlə çıxmaq və inkişafın ardıcıllığını təmin etmək məqsədilə institusional və struktur islahatları da daxil olmaqla genişmiqyaslı tədbirlər həyata keçirilir. Respublikada səmərəsiz fəaliyyət göstərən və yaxud bir-birini təkrarlayan strukturların yenidən təşkil olunması istiqamətində işlərə start verilib. Dövlət başçısı manatın məlum devalvasiyasından sonra iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin edilməsinə hüquqi əsaslar yaradan bir sıra sənədlər imzalayıb. Bunlardan bir neçəsini sadalamaq yerinə düşərdi. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı xüsusi yer tutur. Bu Fərmanla investisiya təşviqi sənədinin verilməsi qaydası təsdiqlənib. Qaydalara əsasən investisiya təşviqi sənədinin verilməsi üçün meyarlar müəyyənləşdirilib. Dövlət başçısının imzaladığı sənədlər arasında qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam da böyük önəm daşıyır. Dövlət başçısının “Valyuta tənzimi haqqında” qanunu imzalamaması da ölkədə iqtisadi aktivliyin təmin olunmasına xidmət edir.
Yeni nəsil iqtisadi islahatlar ölkəmizin reallıqları nəzərə alınmaqla qəbul edilir. Bu isə onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı şəraitdə də Azərbaycanın dinamik inkişafını təmin edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

