Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək

Əli Həsənov: Yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək

21.11.2015 [09:40]

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisinin fikirləri media ictimaiyyəti tərəfindən təqdirlə qarşılandı
Sirr deyil ki, Azərbaycanda KİV azadlığı yüksək səviyyədə təmin olunub. Respublikamızın dövlət müstəqilliyi qazandıqdan sonrakı dövr milli mətbuatımızın həm ideya cəhətdən zənginləşməsi, dünya çağırışlarına daha adekvat cavab verməsi, həm də maddi-texniki bazasının möhkəmlənməsi baxımından xüsusilə əlamətdar olub. Tam qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan mətbuatı yeni səviyyəyə qalxıb. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı və Azərbaycan mətbuatı tam şəkildə azad fəaliyyət göstərməyə başladı.
Məmnunluq hissi ilə bildirmək yerinə düşər ki, bu gün dünyada mətbuatın Azərbaycan qədər azad olduğu və mətbuat işçilərinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyi ölkələrin sayı çox azdır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilməsini nəzərdə tutan mühüm sənəddir. Konsepsiyanın əsas müddəalarından biri KİV-lərin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı kənar müdaxiləyə yol verilməməsi ilə bağlıdır. Konsepsiyada əks olunmuş məsələlərin həlli, o cümlədən də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2009-cu ildən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl tədbirlər həyata keçirir. Siyasi oriyentasiyasından asılı olmayaraq müəyyən prosedur qaydaları gözlənilməklə nəşr edilən bütün kütləvi informasiya vasitələri fondun vəsaitlərindən bəhrələnirlər. Azərbaycanda yenə də hansı siyasi mövqe tutmasından asılı olmayaraq bütün KİV-lərin əməkdaşları dövlət vəsaiti hesabına tikilən mənzillərlə təmin olunurlar ki, bu da dünyada analoqu olmayan haldır. Bu gün Azərbaycan internet azadlığı sahəsində ən qabaqcıl ölkələrlə rəqabət apara bilər. Ölkənin bütün regionlarında əhalinin 70 faizdən çoxunun sürətli internetə çıxışı təmin edilib.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu günlərdə KİV-ə verdiyi müsahibəsində ölkəmizdə mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğuna xüsusi diqqət çəkib. Ə.Həsənov bildirib ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib. Söz və məlumat azadlığını Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsi kimi səciyyələndirən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi onu da vurğulayıb ki, qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.
Təəssüf doğuran haldır ki, bəzi KİV-lər indiki dövrdə mətbuatın üzərinə düşən böyük missiyanı unudaraq ölkədəki əlverişli demokratik mühitdən sui-istifadə edirlər. Son vaxtlar belə hallara ayrı-ayrı KİV-lərdə daha tez-tez rast gəlinir. Ə.Həsənovun bəhs olunan müsahibəsində qeyd etdiyi kimi, xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əli Həsənov vurğulayıb: “Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar”.
Ayrı-ayrı KİV-lərin qanuna zidd fəaliyyəti hüquqi məsuliyyət yaradır
Yuxarıda qeyd olunanların fonunda KİV təmsilçilərinin hüquqi məsuliyyəti də xüsusi aktuallıq kəsb edir. Ə.Həsənov təəssüf hissi ilə vurğulayıb ki, bəzi hallarda aparıcı KİV-lər də dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar: “Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir.
Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir”.
Heç bir halda yol vermək olmaz ki, mətbuatımızda belə hallar bundan sonra da təkrarlansın. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda mətbuatımızda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Ə.Həsənov qeyd edib ki, əks təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək.
Media qurumlarının təmsilçiləri mətbuatda sui-istifadə hallarına yol verilməsini qətiyyətlə pisləyirlər
Son vaxtlar bəzi KİV-lərdə ölkədəki mətbuat azadlığından sui-istifadə hallarının artması ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqlarının sədri Müşfiq Ələsgərli təəssüf hissi ilə bildirib ki, mediada araşdırılmamış, əsaslandırılmamış informasiyaların yayılması həmişə müşahidə edilib. Ancaq son vaxtlar bu hal kifayət qədər intensivləşib, hətta təhlükəli bir həddə çatıb. M.Ələsgərli son vaxtlar mediada müşahidə edilən arzuolunmaz tendensiya ilə bağlı xüsusi narahatlıq yaradan amillərə diqqət çəkərək deyib: “Bundan qabaq əsaslandırılmamış informasiyaların yayılması, adətən, peşəkarlıq problemi ilə bağlı olurdu. Yəni jurnalistlər, xəbər istehsalçıları araşdırma aparmadan hansısa informasiyanı yayırdılar. Son vaxtlar isə belə bir tendensiya müşahidə edilir ki, bu qəbildən olan informasiyalar təsadüfən, qeyri-peşəkarlıqdan yox, bilərəkdən, düşünülmüş və qərəzli şəkildə dövriyyəyə buraxılır. Açıq-aşkar Azərbaycan dövlətinə, hakimiyyətə etimadsızlıq mühiti formalaşdırılmasına cəhd göstərilir. Bunlar qərəzli qüvvələr tərəfindən düşünülmüş şəkildə ortaya atılan informasiyalardır”.
M.Ələsgərli bəzən ənənəvi medianın fərqinə varmadan belə informasiyaların yayılmasında iştirakçıya çevrildiyini təəssüf hissi ilə vurğulayaraq bildirib ki, belə halların qarşısı alınmalıdır: “Qeyd etmək istəyirəm ki, indiyədək əsaslandırılmamış informasiyalar yayanlara xəbərdarlıq və tövsiyələr edilməsi ilə kifayətlənilməsi, əslində, dövlətin humanist yanaşmasıdır. Yanlış informasiyaların yayılması həm də hüquqi məsuliyyət yaradır. Belə informasiyaları yayanlarla hüququn sərt dili ilə danışmaq lazımdır. Bu baxımdan, hesab edirəm ki, jurnalistlər öz fəaliyyətlərində dönüş yaratmalı, KİV haqqında qanunun və peşə kodeksinin tələblərinə əməl etməlidirlər”.
“Son vaxtlar ölkəmizdə hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların və sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulmasına qarşı ciddi tədbirlərin görülməsi ilə paralel surətdə, ayrı-ayrı internet portallarında, həmçinin çap mediasında dezinformasiya xarakterli məlumatların yayılması halları da artıb. Milli təhlükəsizlik və rabitə nazirlərinin tutduqları vəzifələrdən kənarlaşdırılması, bir sıra yüksək vəzifəli məmurlar barəsində həbs-qətimkan tədbirlərinin seçilməsi ayrı-ayrı media orqanlarında tamamilə başqa rakurslardan təqdim olunur. Bu isə, təbii ki, insanlarda narahatlıq və təlaş yaradır. Elə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun KİV-ə müsahibəsində də bəzi mətbuat orqanlarında yayılan qərəzli informasiyalara görə cəmiyyətdə yaranan narahatlıq ifadə olunub”. Bu fikri isə qəzetimizə açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib. Mətbuat Şurasında xeyli vaxtdır ki, yeni medianın tənzimlənməsi ilə bağlı müzakirələrin aparıldığını bildirən R.Məcid vurğulayıb ki, bəzi KİV-lərdə yalan, qərəzli informasiyaların yayılması halları ciddi şəkildə araşdırılmalı və belə hallara ciddi münasibət sərgilənməlidir. “Mətbuat Şurasında “reket mətbuat” orqanları ilə bağlı komissiya yaradılıb. Bu komissiya indiyədək bir sıra media qurumları barədə öz qərarlarını verib. Hesab edirəm ki, mətbuatda yalan, qərəzli informasiyalar yayılmasına qarşı sərt mövqe tutulmalıdır. İctimai qınaq və digər vasitələrdən istifadə etməklə belə halların qarşısı alınmalıdır”, - deyə R.Məcid bildirib.
“525-ci qəzet”in baş redaktoru həmçinin bəzi mətbuat orqanlarının kimlərinsə əlində alətə çevrilməsinə də sərt münasibət ifadə edib: “Eyni zamanda, son vaxtlar belə bir fikir tez-tez səslənir ki, bəzi mətbuat orqanları ayrı-ayrı şəxslərin və dairələrin əlində alətə çevrilərək onların qeyri-qanuni maraqlarına xidmət göstərirlər. Belə “KİV”-lər barəsində ən sərt şəkildə ölçü götürülməlidir. Hazırda məlum hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır. Aparılan araşdırmalar zamanı hansısa KİV-lərin məlum hadisələrdə kriminal ünsürlərlə əlaqələri aşkarlanarsa, həmin media qurumları barəsində də hüquq müstəvisində tədbirlər görülməli və günahkarlar öz cəzalarını almalıdırlar”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31