/ / “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib
03.10.2015 [11:04]
Oktyabrın 2-də Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə Prezident Administrasiyasının, MSK-nın rəsmiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.
Seminar-müşavirəni açan MSK sədri Məzahir Pənahov bildirib ki, tədbir bu formatda ilk dəfədir keçirilir. M.Pənahov deyib: “Bu, Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir. Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. Çalışmışıq ki, yerli mətbuatla yanaşı, beynəlxalq KİV nümayəndələri də bizim tədbirlərin işıqlandırılmasında fəal iştirak etsinlər. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.
Qeyd edilib ki, seçkiləri şəffaf, demokratik keçirmək üçün ölkədə ictimai-siyasi sabitliyin mövcud olması çox önəmlidir.
Noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq işlərinə toxunun MSK sədri deyib: “Namizədliklə bağlı 1700-dən çox müraciət daxil olub. Onlardan 700-dən çoxunun namizədliyi qeydə alınıb. Artıq oktyabrın 9-dan təşviqat prosesi başlayır”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əminliklə qeyd edib ki, seminar-müşavirə Milli Məclisə seçkilərin şəffaf, demokratik keçirilməsinə öz müsbət təsirini göstərəcək.
Əli Həsənov deyib ki, Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azərbaycanda indiyə qədər keçirilən bütün seçkilər demokratik və ədalətli olub.
Trend-in məlumatına görə, Ə.Həsənov bildirib ki, seçki prosesi zamanı müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan sığortalanmayıb. Lakin ümumi nəticələrə görə bütün seçkilər ədalətli, demokratik keçib: “İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdr. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb”.
Seçki prosesi zamanı mətbuatın fəaliyyəti haqqında danışan Ə.Həsənovun sözlərinə görə, jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri əvvəldən axıra qədər seçkini izləmək hüququna malik olsunlar: “Biz medianı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. KİV-lərin vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının vəziyyətini öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mediadır. Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma KİV-lər bunu obyektiv dəyərləndirir. KİV-lər seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, siyasi partiya bloklarına, ayrı-ayrı namizədlərə bərabər şərait yaratmalıdır. Mətbuat “KİV haqqında” Qanuna, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralist siyasətə söykənərək, namizədlər üçün bərabər şərait yaratmalıdır”.
Ə.Həsənov deyib ki, eyni zamanda media dövlətin imicinin formalaşmasında iştirak edən mühüm vasitədir: “Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-lərin rolu əvəzsizdir. Dünyada ümumi tendensiya ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar. Amma o da sirr deyil ki, bütün dövlətlərdə KİV-lərin idarə edilməsi tendensiyası mövcuddur. Bütün dövlətlər çalışır ki, onun fəaliyyəti ilə bağlı informasiya yayan, həmin cəmiyyətdə mövcud olan ictimai ovqatı dəyərləndirən və bu barədə məlumat verən KİV-lər maksimum dərəcədə idarə olunsun”.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti də çalışır ki, KİV-ləri idarə etsin: “Amma nə dərəcədə biz buna nail oluruq, bu idarəçilik onların azadlığına, sərbəst fəaliyyətinə mane olur və ya olmur, bunu dəyərləndirmək lazımdır. Dövlətin KİV üzərində müəyyən nüfuza malik olması hansı mexanizmlə həyata keçirilir? Dünya ölklərində bunun müxtəlif yolları, vasitələri var. Biz Azərbaycanda KİV-ləri dəstəkləmək xətti götürmüşük. Bilirsiniz ki, bu, KİV-lərin maddi-texniki bazasını gücləndirmək, bu məqsədlə dövlət büdcəsindən müəyyən qrantlar ayırmaq, yaxud birbaşa onların bu və ya digər problemlərinin həllinə dövlət yardımı göstərmək xətti ilə həyata keçirilir. Azərbaycanda KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyasi qəbul olunub və ona müvafiq olaraq Fond yaradılıb. Amma heç kim deyə bilməz ki, bütün bunlar Azərbaycan hakimiyyətinin total şəkildə KİV-in fəaliyyətinə müdaxiləsi formasında həyata keçirilir və ya bu müdaxiləyə şərait yaradır. Heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir, bütün jurnalist normalarını, azad jurnalistika prisiplərini hakimiyyət müəyyənləşdirir. Amma, eyni zamanda, əlbəttə biz dövlət olaraq bu resursların əhəmiyyətini dəyərləndirir və onunla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışırıq. Bizim KİV-lərə münasibətlərimizin təməlində tərəfdaşlıq dayanır”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda KİV sahəsində plüralist normaların formalaşmasının təməlində Ümummilli lider Heydər Əliyevin siyasəti dayanır: “1998-ci il 6 avqust Fərmanı ilə Ümummilli lider KİV üzərindən senzuranı, sonrakı dövrdə isə bütün tənzimləyici və dövlət idarəedici mexanizmləri götürməklə, ləğv etməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməlini qoydu. Bu gün də Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralistik cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Hazırda Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan bloq açıb, orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü, düşüncəsini və digər məsələləri təbliğ edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya bilər, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilərlər. Biz sosial şəbəkələri idarə etmirik və etmək fikrimiz də yoxdur. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. Ümummilli lider tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralistik cəmiyyət normaları Prezident İlham Əliyev və Onun komandası tərəfindən inkişaf etdirilir və bundan sonra da bu proses davam etdiriləcək”.
Ə.Həsənov sonra bildirib ki, hər bir jurnalist Azərbaycanda seçki prosesini sərbəst şəkildə izləmək hüququna malikdir, amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-lərin nümayəndələrinə aid deyil: “Bu, bütün dünyada belədir. Xarici KİV-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün normalar var. Onlar Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmək və Mərkəzi Seçki Komissiyasına müşahidə etmək arzularını bildirib, müvafiq sənədi aldıqdan sonra seçkiləri müşahidə edə bilərlər. İstərdik ki, mətbuat da bu barədə məlumat versin və Azərbaycan əleyhinə kampaniya aparanlar da bilsinlər ki, dövlətin idarəçiliyi qanunlar çərçivəsində həyata keçirilir və bütün hüquqi normalara əməl etmək lazımdır”.
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək aparılan müzakirələrin parlament seçkiləri kimi taleyüklü hadisənin uğurla reallaşmasına böyük töhfə verəcəyini deyib. Bildirib ki, Azərbaycan cəmiyyəti bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə böyük maraq göstərməkdədir. Hər gün ölkənin aparıcı KİV-lərində seçkilərə hazırlıqla bağlı müxtəlif məzmunlu materialların dərci bu marağın ödənilməsinə dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır. Əvvəllər olduğu kimi, media orqanlarının bu dəfə də seçki kampaniyasının ayrı-ayrı namizədlərinin platformalarının işıqlandırılmasına geniş yer ayıracağı şübhəsizdir.
“Müstəqil Azərbaycan Respublikasında ölkə Konstitusiyasının qəbulundan sonra xeyli seçkilər və referendum keçirilib. Ötən müddət ərzində Azərbaycan mediası seçki prosesində iştirakçılıq ənənələrini inkişaf etdirib, təcrübə imkanlarını genişləndirib, qanunverici bazanın möhkəmləndirilməsi sahəsində müvafiq hüquqi aktların, normativlərin tətbiqi istiqamətində uğurlara nail olub. Medianın seçki dövründəki hüquq və öhdəlikləri İnsan Hüquqları Bəyannaməsinin 19-cu və 21-ci maddələrindən törəyir. Bu maddələr hər bir insanın ifadə və məlumat azadlığının, həmçinin öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququnu təmin edir. Azərbaycanın Seçki Məcəlləsində KİV təmsilçilərinin fəaliyyəti geniş surətdə öz əksini tapıb. Seçki Məcəlləsi mətbuat azadlığına hörmət bəsləmək, təşviqat aparılması üçün KİV nümayəndələrinə bərabər imkanların yaradılması, namizədlərə və MSK-ya KİV-lərdə müvafiq nəşrlərin dərc edilməsi baxımından geniş hüquqi imkanlar yaradır”, - deyə U.Mirzəyev qeyd edib.
Bildirilib ki, müxtəlif vaxtlarda ölkədə medianın seçkiqabağı təşviqatı və seçki ilə əlaqədar prosesləri işıqlandırmasına dair xoşagəlməz meyillər hökm sürüb. KİV-lər bəzən bu və ya digər namizəd, onun təmsil olunduğu siyasi düşərgə barədə etik dəyərlərə, peşə prinsiplərinə zidd materiallar yayımlayıb. Nəticədə qəzet səhifələrində təhqir, böhtan, şərəf və ləyaqətin aşağılanması kimi mənfi hallar müşahidə olunub. Həm bu xoşagəlməz meyillərin təkrarlanmaması, həm də medianın seçki prosesini işıqlandırmasına dair yeni vərdişlərə yiyələnməsinə dəstək üçün müxtəlif illərdə Mətbuat Şurası tərəfindən bir sıra addımlar atılıb. KİV təmsilçiləri üçün seminarlar, treninqlər və məşğələlər təşkil olunub. Onlar dünyanın qabaqcıl ölkələrində seçkinin işıqlandırılmasına dair təcrübə ilə tanış ediliblər. Digər tərəfdən, media məkanında cərəyan edən meyillər araşdırılıb, onların ictimai müzakirəsi təşkil edilib və nəticədə müsbət irəliləyişlər əldə olunub. U.Mirzəyev deyib: “Müqayisə üçün demək istəyirəm ki, ötən parlament seçkiləri öncəsi, seçki günü KİV-lərin qanunvericiliyin tələbinin, habelə peşə davranışı qaydalarının prinsiplərini pozması halları 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə təxminən 50 faiz aşağı olub. Güman edirəm ki, noyabrın 1-də keçiriləcək seçkilər bu baxımdan daha sivil mənzərənin müşahidə edilməsi ilə yaddaqalan olacaq”.
Qeyd edilib ki, Azərbaycan Mətbuat Şurası fəaliyyətində KİV-lərin seçkiləri ədalətli, tərəfsiz və qərəzsiz işıqlandırılmasına ictimai nəzarəti həyata keçirib, mövcud istiqamətdəki nəzərəçarpan meyilləri qruplaşdırıb, konkret faktları ictimaiyyətə çatdırıb. Həmçinin media təmsilçilərinin prosesi işıqlandırarkən üzləşə biləcəkləri mümkün maneələrə qarşı müvafiq təsir mexanizminin formalaşdırılmasına da nail olunub.
Mətbuat Şurası qəzet, jurnal, informasiya agentlikləri daxil olmaqla ölkənin aparıcı KİV-lərinin, o cümlədən tanınmış internet xəbər portallarının seçki ilə bağlı məlumatlarını diqqətdə saxlayır. Namizədlər və onların səlahiyyətli nümayəndələri ilə bağlı dərc edilmiş materialların Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının tələbləri ilə nə dərəcədə uyğunluğu nəzərdən keçirilir. Bu zaman balans prinsipinin pozulması, faktın təhrifi, kontekstdən çıxarılmış sitatlarla manipulyasiya, foto-manipuliyasiya, sərlövhənin mətnlə uyğunsuzluğu, hadisənin şərait imkanlarının təhrifi, real olmayan fakta əsaslanan tənqid, faktla müəllifin şərhi arasında fərqin qoyulmaması halları nəzərə alınır.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Qabil Orucov və Fuad Cavadovun “Seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” adlı məruzələri dinlənilib.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

