Dünya liderliyi uğrunda mübarizə
11.08.2026 [09:15]
ABŞ, Çin və yeni qlobal sistemin gələcəyi
Bu strategiyanın bir neçə əsas istiqaməti mövcuddur. Birincisi, Çin beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda daha fəal rol almağa çalışır. Pekin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq strukturlarda öz təsir imkanlarını artırmağa, eyni zamanda inkişaf etməkdə olan ölkələrlə siyasi və iqtisadi əlaqələrini genişləndirməyə çalışır. İkincisi, Çin strateji texnologiyalarda xarici asılılığı azaltmaq məqsədi daşıyan siyasət həyata keçirir. Elizabeth Economynin araşdırmalarında vurğulandığı kimi, Pekin texnologiyanı yalnız iqtisadi inkişaf vasitəsi kimi deyil, həm də milli təhlükəsizliyin və dövlət gücünün əsas elementi kimi qiymətləndirir. Bu yanaşma xüsusilə yarımkeçiricilər, telekommunikasiya, süni intellekt, kosmik texnologiyalar və yüksək texnologiyalı istehsal sahələrində özünü göstərir. Çin hesab edir ki, gələcəyin beynəlxalq rəqabətində texnoloji üstünlük hərbi və iqtisadi üstünlük qədər mühüm rol oynayacaq. Üçüncüsü, Çin qlobal təsir imkanlarını iqtisadi layihələr vasitəsilə genişləndirir. “Bir kəmər, bir yol” təşəbbüsü bu strategiyanın əsas nümunələrindən biridir. Elizabeth Economy bu cür layihələri yalnız iqtisadi əməkdaşlıq kimi yox, eyni zamanda Çinin beynəlxalq mövqeyini gücləndirən geosiyasi alətlər kimi təhlil edir.
Onun yanaşmasına görə, Çinin məqsədi sadəcə daha zəngin dövlət olmaq deyil, Pekin həm də beynəlxalq sistemdə öz siyasi və institusional çəkisini artırmaq istəyir. Bu isə ABŞ və digər Qərb dövlətləri ilə strateji rəqabətin əsas səbəblərindən biridir. Economynin təhlillərində mühüm bir məqam da var: Çinin yüksəlişi avtomatik olaraq onun qlobal liderliyi ələ alacağı anlamına gəlmir. Böyük iqtisadi imkanlarla yanaşı, Çin qarşısında daxili iqtisadi problemlər, demoqrafik dəyişikliklər, xarici etimad məsələsi və digər dövlətlərlə münasibətlərin mürəkkəbləşməsi kimi çağırışlar da var. Bu baxımdan Elizabeth Economynin yanaşması Çin fenomeninə birtərəfli baxışdan uzaqdır. O, bir tərəfdən Çinin artan imkanlarını və strateji ambisiyalarını göstərir, digər tərəfdən isə Pekinin qarşısında duran məhdudiyyətləri vurğulayır. Onun əsas tezisi belə ümumiləşdirilə bilər: Çin artıq yalnız qlobal iqtisadiyyatın iştirakçısı deyil, qlobal qaydaların formalaşmasına təsir göstərmək istəyən böyük strateji aktordur. Buna görə də Çinin yüksəlişi XXI əsrin ən mühüm geosiyasi hadisələrindən biri olaraq qalır, bu, həm də ABŞ-Çin rəqabətinin gələcək istiqamətini təyin edən əsas amillərdən biridir. Yanaşmalar göstərir ki, ABŞ-Çin rəqabəti yalnız liderlik uğrunda mübarizə deyil, həm də iki fərqli inkişaf modelinin qarşılaşmasıdır. ABŞ daha çox bazar iqtisadiyyatı, özəl innovasiya və açıq texnoloji ekosistem üzərində qurulan model təqdim edir, Çin isə dövlət strategiyası, uzunmüddətli planlaşdırma və sənaye siyasəti vasitəsilə texnoloji üstünlük yaratmağa çalışır.
Rəqabətin digər mühüm istiqaməti qlobal təsir uğrunda mübarizədir. ABŞ uzun illər ərzində dünya miqyasında geniş müttəfiqlər şəbəkəsi yaradıb. NATO, Asiya-Sakit okean regionundakı tərəfdaşlıqlar, maliyyə institutları və beynəlxalq təşkilatlardakı rolu Vaşinqtonun qlobal təsir imkanlarını artırır. Çin isə daha çox iqtisadi əlaqələr və infrastruktur layihələri vasitəsilə təsir imkanlarını genişləndirir. “Bir kəmər, bir yol” təşəbbüsü bu strategiyanın ən mühüm nümunələrindən biridir. Layihənin məqsədi Asiya, Avropa və Afrikanı nəqliyyat, enerji və ticarət əlaqələri vasitəsilə birləşdirməkdir. Ancaq bu təşəbbüs ətrafında beynəlxalq münasibətlərdə fərqli fikirlər mövcuddur. Bir qrup ekspert bunu qlobal inkişaf üçün mühüm imkan kimi qiymətləndirir, digərləri hesab edirlər ki, böyük infrastruktur layihələri gələcəkdə siyasi və iqtisadi asılılıq yarada bilər. Əslində, bu mübahisə XXI əsrin əsas geosiyasi dilemmasını əks etdirir: iqtisadi əməkdaşlıq hansı həddə qədər qarşılıqlı faydalıdır, hansı nöqtədən sonra strateji təsir alətinə çevrilir?
Bu sual xüsusilə kiçik və orta dövlətlər üçün mühüm əhəmiyyət daşıyır, çünki onlar ABŞ, Çin və digər böyük güclər arasında seçim etmək məcburiyyətində qala bilər. Lakin müasir beynəlxalq sistemdə bir çox dövlət daha çevik siyasət yürütməyə, müxtəlif güc mərkəzləri ilə iqtisadi, siyasi və təhlükəsizlik əlaqələri quraraq strateji balans yaratmağa çalışır. ABŞ-Çin rəqabətinin gələcəyi böyük ölçüdə bu iki dövlətin daxili imkanlarından asılı olacaq. ABŞ texnoloji və institusional üstünlüyünü qoruyub saxlaya biləcəkmi? Çin iqtisadi yüksəlişini qlobal etimada və davamlı təsirə çevirə biləcəkmi? Bu sualların cavabı yalnız Vaşinqton və Pekinin qərarlarından asılı deyil. Dünya siyasətinin gələcək istiqaməti həm də digər dövlətlərin davranışından, beynəlxalq təşkilatların rolundan və qlobal sistemin yeni qaydalarının necə formalaşacağından asılı olacaq. XXI əsrin əsas mübarizəsi yalnız kimin daha güclü olmasına bağlı deyil, əsas məsələ dəyişən dünyada hansı dövlətlərin daha çevik, innovativ və strateji düşüncəyə malik olmasıdır.
Çinin texnoloji sıçrayışı, ABŞ-ın narahatlığı, elektromobil inqilabı və gələcəyin sənaye müharibəsi
ABŞ-Çin rəqabətinin ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu mübarizə artıq yalnız diplomatik bəyanatlar və iqtisadi göstəricilər səviyyəsində aparılmır. Əsl rəqabət gələcəyin sənaye sahələrində - elektrik avtomobilləri, robot texnologiyaları, süni intellekt, yarımkeçiricilər və yüksək texnologiyalı istehsal sahələrində gedir. Əgər XX əsrdə sənaye gücü əsasən avtomobil, neft, polad və ağır sənaye ilə ölçülürdüsə, XXI əsrdə yeni sənaye inqilabının əsas göstəriciləri dəyişir. İndi sual yalnız “kim daha çox istehsal edir?” deyil. Əsas sual budur: kim gələcəyin istehsal sistemlərinə nəzarət edəcək? Məhz bu baxımdan Pekinin son illər əldə etdiyi irəliləyiş ABŞ və digər Qərb dövlətlərində ciddi strateji narahatlıq yaradıb. Çinin elektromobil sənayesində yüksəlişi bunun aydın nümunələrindən biridir. Uzun illər dünya avtomobil sənayesində liderlik ABŞ, Almaniya, Yaponiya və Cənubi Koreya kimi ölkələrin əlindəydi, General Motors, Ford, Volkswagen, Toyota və digər nəhəng şirkətlər qlobal avtomobil bazarının əsas oyunçuları hesab olunurdu. Lakin son onillikdə Çin bu sahədə gözlənilməz sürətlə irəliləyib elektromobil bazarında dünyanın ən güclü istehsal mərkəzinə çevrildi.
Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency - IEA) məlumatlarına görə, Çin dünyanın ən böyük elektrik avtomobil bazarına malikdir və qlobal elektromobil satışlarının böyük hissəsi məhz Çin bazarının payına düşür. Bu ölkə həm elektrik avtomobillərinin istehsalında, həm də batareya texnologiyalarında lider mövqeyə yüksəlib. Çin şirkəti BYD bu dəyişimin simvollarından birinə çevrilib. Uzun müddət “Tesla” elektromobil bazarının lideri sayılırdı, lakin BYD qısa müddət ərzində istehsal gücü, qiymət siyasəti və texnoloji imkanları hesabına “Tesla” ilə birbaşa rəqabət aparan şirkətə çevrildi. Bu proses yalnız avtomobil sənayesində dəyişiklik yaratmır; əslində, elektromobil inqilabı enerji, logistika, süni intellekt, proqram təminatı və sənaye avtomatlaşdırılması sahələrinin birləşməsini tələb edir. Başqa sözlə, gələcəyin avtomobili sadəcə nəqliyyat vasitəsi deyil, böyük həcmdə proqram təminatı və rəqəmsal texnologiya daşıyan platformadır. Məhz burada ABŞ və Çin arasındakı rəqabətin mahiyyəti ortaya çıxır. Əgər Çin elektrik avtomobillərində və batareya istehsalında üstünlük qazanarsa, bu, yalnız kommersiya uğuru anlamına gəlmir - bu, gələcək sənaye standartlarının kim tərəfindən müəyyən ediləcəyi məsələsidir. ABŞ və Avropa dövlətlərinin narahatlığı da əsasən bundan qaynaqlanır, onlar hesab edir ki, Çin şirkətlərinin ucuz və yüksək texnologiyalı məhsullarla dünya bazarlarına sürətli çıxışı yerli sənayelərə ciddi təzyiq göstərə bilər.
Avropa İttifaqı 2024-cü ildə Çindən idxal olunan elektrik avtomobillərinə əlavə gömrük rüsumları tətbiq etdi. Avropa Komissiyası bu qərarı Çin istehsalçılarına verilən dövlət subsidiyalarının Avropa avtomobil sənayesinə yaratdığı rəqabət təhrifləri ilə əsaslandırdı. ABŞ da Çin texnologiyalarına münasibətdə daha sərt siyasət yürüdür, Vaşinqton xüsusilə strateji texnologiyalarda Çin təsirinin artmasından narahatdır. Narahatlıq yalnız avtomobillərlə məhdudlaşmır. Robot texnologiyaları gələcək sənaye rəqabətinin digər mühüm istiqamətidir. İkiayaqlı humanoid robotlar artıq elmi fantastika mövzusu olmaqdan çıxaraq real sənaye layihələrinə çevrilir. Çin şirkətləri bu sahəyə böyük investisiyalar yatırır və humanoid robotların istehsalatda, logistika sahəsində və xidmət sektorunda istifadəsini genişləndirməyə çalışır. Çinin “Unitree Robotics” kimi şirkətləri ikiayaqlı robotların inkişafında mühüm addımlar atır. Bu texnologiyalar gələcəkdə zavodlarda insan əməyinin müəyyən hissəsini əvəz edə, təhlükəli işlərdə istifadə oluna və yeni sənaye modelinin əsas elementlərindən birinə çevrilə bilər. ABŞ isə bu sahədə Çinlə texnoloji rəqabəti milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Vaşinqtonun əsas narahatlığı ondan ibarətdir ki, robot texnologiyaları, süni intellekt və məlumat infrastrukturu bir ölkənin əlində cəmləşərsə, həmin ölkə gələcəyin sənaye sistemində strateji üstünlük qazana bilər.
Bu səbəbdən ABŞ son illər Çin texnologiyalarına qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər həyata keçirir. Yüksək texnologiyaların ixracına nəzarət, bəzi Çin şirkətlərinə qarşı sanksiyalar və kritik infrastrukturda Çin texnologiyalarının istifadəsi ilə bağlı məhdudiyyətlər bu siyasətin tərkib hissəsidir. Fəqət burada daha böyük sual yaranır: əgər Çin elektromobil, robot texnologiyası və istehsal sahəsində sürətlə irəliləyirsə, bu, ABŞ üçün yalnız iqtisadi rəqabətdirmi, yoxsa qlobal liderlik məsələsidir? Cavab getdikcə özünü daha aydın göstərir: bu, artıq sadəcə bazar uğrunda yox, gələcəyin iqtisadi modelinin kim tərəfindən müəyyən ediləcəyi uğrunda mübarizədir.
Çin uzun illər “dünyanın fabriki” kimi tanınıb, ancaq artıq Pekinin strategiyası yalnız ucuz istehsal üzərində qurulmur. Çin “Made in China” modelindən “Created in China” modelinə keçmək istəyir. Yəni məqsəd yalnız dünyanın istehsal mərkəzi olmaq deyil, həm də texnologiya yaradan ölkəyə çevrilməkdir. Bu strategiyanın nəticələri artıq görünür: Çin dünyanın ən böyük elektromobil istehsalçılarından biridir, batareya istehsalında dominant mövqeyə malikdir. Günəş enerjisi panelləri, dronlar, telekommunikasiya avadanlıqları və bir sıra yüksək texnologiya sahələrində Çin şirkətləri qlobal bazarlarda ciddi mövqe tutur.
Bu vəziyyət ABŞ və Qərb üçün tarixi xəbərdarlıqdır
Çünki XX əsrdə sənaye liderliyi əsasən Qərbin əlindəydi, XXI əsrdə isə inkişaf etməkdə olan bir ölkə ilk dəfə yalnız istehsal gücü ilə yox, texnoloji innovasiya sahəsində də Qərb liderlərinə real rəqabət yaradır. Dəyişən iqtisadi reallıqları izah edən mühüm nəzəri yanaşmalardan biri Harvard Universitetinin professoru Dani Rodrikin araşdırmalarında öz əksini tapır. Dani Rodrik müasir siyasi iqtisad sahəsində dünyanın tanınmış alimlərindən biridir. O, Harvard Universitetinin John F. Kennedy School of Government məktəbində Ford Foundation International Political Economy professoru, eyni zamanda National Bureau of Economic Research (NBER) elmi əməkdaşıdır. Rodrik qloballaşma, iqtisadi inkişaf, beynəlxalq ticarət və dövlətlərin sənaye siyasəti sahəsində apardığı tədqiqatlarla beynəlxalq akademik dairələrdə yaxşı tanınır.
Rodrikin əsas tezisi ondan ibarətdir ki, XXI əsrdə qlobal iqtisadi rəqabət artıq yalnız sərbəst bazar mexanizmləri ilə müəyyən olunmur. Müasir dövrdə dövlətlərin hansı texnologiyalara, hansı sənaye sahələrinə və hansı strateji istiqamətlərə investisiya yönəltməsi onların gələcək iqtisadi gücünü müəyyən edən əsas amillərdən birinə çevrilir. Alimin yanaşmasına görə, son onilliklərdə Çin kimi dövlətlərin yüksəlişi göstərdi ki, uzunmüddətli sənaye strategiyası, dövlət planlaşdırması və məqsədyönlü investisiya siyasəti ölkələrə qlobal rəqabətdə mühüm üstünlüklər qazandıra bilər. Çin yalnız ucuz istehsal mərkəzi kimi qalmaqla kifayətlənmədi; dövlət proqramları vasitəsilə yüksək texnologiyalı istehsala, elektromobil sənayesinə, batareya texnologiyalarına, robotlaşdırmaya və qabaqcıl sənaye sahələrinə böyük resurslar yönəltdi.
Məhz bu səbəbdən ABŞ və Avropa ölkələri son illər sənaye siyasətinə yenidən diqqət yetirməyə başlayıb. Uzun müddət iqtisadi nəzəriyyədə dövlətin iqtisadi proseslərə məhdud müdaxiləsi üstün yanaşma hesab edilirdi. Lakin Çin modelinin sürətli inkişafı göstərdi ki, strateji sahələrə dövlət dəstəyi, elmi tədqiqatlara investisiya və milli istehsal imkanlarının qorunması qlobal rəqabətdə mühüm rol oynaya bilər. Rodrik hesab edir ki, gələcəyin iqtisadi liderliyi yalnız böyük bazara və maliyyə imkanlarına sahib olmaqla qazanılmayacaq, əsas üstünlük hansı dövlətlərin yeni sənaye inqilabının istiqamətlərini əvvəlcədən müəyyənləşdirə bilməsi, innovasiya yaratması və insan kapitalını inkişaf etdirməsi ilə bağlı olacaq. Bu yanaşma ABŞ-Çin rəqabətinin mahiyyətini daha aydın göstərir. Əsl mübarizə yalnız bugünkü iqtisadi göstəricilər uğrunda aparılmır, əsas yarış gələcəyin iqtisadi sistemini kimin formalaşdıracağı uğrundadır. Elektromobil, yarımkeçirici, robot texnologiyaları, süni intellekt və yüksək texnologiyalı istehsal sahələrində üstünlük qazanan dövlət XXI əsrin iqtisadi xəritəsində daha güclü mövqeyə yiyələnəcək. Rodrikin təhlilləri mühüm bir nəticəyə gətirir: qlobal rəqabət dövründə dövlətlərin əsas vəzifəsi yalnız mövcud iqtisadi üstünlükləri qorumaq deyil, gələcəyin iqtisadi imkanlarını əvvəlcədən yaratmaqdır. ABŞ-Çin qarşıdurması da əslində iki ölkə arasında sadə ticarət mübahisəsi deyil, XXI əsrin sənaye modelinin, texnoloji üstünlüyünün və iqtisadi liderliyinin kim tərəfindən müəyyənləşdiriləcəyi uğrunda uzunmüddətli mübarizədir.
Bu baxımdan Çin modeli Qərb ölkələri üçün mühüm sual yaradır: dövlət tərəfindən uzunmüddətli sənaye strategiyası həyata keçirən ölkə qlobal texnoloji yarışda üstünlük qazana bilərmi? ABŞ-ın cavabı son illər dəyişməyə başlayıb: Vaşinqton artıq yalnız bazar mexanizmlərinə güvənmir, “CHIPS and Science Act” kimi proqramlarla yarımkeçirici istehsalını ölkə daxilində gücləndirməyə və kritik texnologiyalarda asılılığı azaltmağa çalışır. Beləliklə, dünya yeni bir sənaye rəqabəti mərhələsinə daxil olur. Bu dəfə mübarizə neft yataqları və xammal uğrunda yox, gələcəyin zavodları, robotları, batareyaları, çipləri və texnologiyaları uğrundadır. Ən böyük sual isə budur: əgər XXI əsrin sənaye xəritəsini Çin formalaşdırmağa başlayarsa, ABŞ, bütövlükdə Qərb bu yeni reallığa uyğunlaşa biləcəkmi? Tarix göstərir ki, böyük dövlət çox vaxt rəqiblərinin güclənməsindən deyil, dəyişən dünyanın sürətinə uyğunlaşa bilməməkdən zəifləyir. Yeni dünya nizamında liderlik artıq yalnız gücə sahib olmaqla qorunmur, liderlik daim yenilənmə, innovasiya və gələcəyin texnologiyalarını müəyyənləşdirmə qabiliyyəti tələb edir. Çin bu yarışa çox ciddi hazırlaşır. Bu fakt XXI əsrin ən böyük geosiyasi suallarından birini ortaya qoyur: gələcəyin dünyasını kim quracaq - mövcud liderliyini qorumağa çalışan ABŞ, yoxsa yeni texnoloji gücə çevrilməyə çalışan Çin?
Kəramət QƏNBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi,
beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 20:57
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26

