Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağdamda Mərkəzi park inşa olunur: Tarixi-mədəni elementlər müasir infrastrukturu tamamlayacaq

Ağdamda Mərkəzi park inşa olunur: Tarixi-mədəni elementlər müasir infrastrukturu tamamlayacaq

11.08.2026 [14:21]

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması, yaşayış binalarının və sosial obyektlərin tikintisi ilə yanaşı, ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması istiqamətində də işlər həyata keçirilir. Ağdam şəhərində inşa olunan Mərkəzi park belə layihələrdən biridir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva AZƏRTAC-a bildirib ki, Ağdam şəhərində inşa olunan Mərkəzi park müasir şəhərsalma prinsiplərinə uyğun formalaşdırılan yaşıllıq və ictimai istirahət məkanlarından biridir.

Parkın təməlqoyma mərasimi 2023-cü il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Təməlqoyma mərasimi Ağdam şəhərinin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrin mühüm tərkib hissələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Ümumi sahəsi 5,5 hektar olan parkın 3,73 hektarı yaşıllaşdırma zonası kimi nəzərdə tutulub. Burada həm istirahət, həm də ictimai tədbirlərin təşkili üçün geniş imkanlar yaradılır. Park ərazisində meydanlar, ümumi sahəsi 7349 kvadratmetr olan açıq məkanlar və 5652 metr uzunluğunda daxili yollar sistemi layihələndirilib.

Layihə çərçivəsində çay evi, inzibati bina və iaşə obyekti də inşa olunur. Çay evi zirzəmi və üç mərtəbədən ibarət olmaqla ümumi 562 kvadratmetr sahəyə malikdir. İnzibati binada isə idarəetmə, nəzarət və xidmət funksiyaları üçün müxtəlif otaqlar nəzərdə tutulub. Burada ziyarətçilərin istirahəti üçün iaşə obyekti də fəaliyyət göstərəcək.

Park ərazisində həmçinin mobil tipli köşklər, mühafizə və sanitar qovşaqlar, su anbarı və nasosxanalar da layihəyə daxildir. Bu infrastruktur parkın dayanıqlı və rahat fəaliyyətini təmin edəcək.

Mərkəzi parkın dizaynında tarixi-mədəni elementlərə də xüsusi diqqət yetirilib. Görkəmli şair Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanı Fərhadın heykəli layihənin mühüm hissəsidir. İlk dəfə 1959-cu ildə heykəltaraş Tokay Məmmədov tərəfindən yaradılan bu abidə işğal dövründə dağıdılmışdı. Heykəl Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında elə rəssamın tələbəsi Azərbaycan Respublikasının Xalq rəssamı Hüseyn Haqverdiyev tərəfindən yenidən hazırlanır. Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru Azərbaycan Respublikasının Əməkdar rəssamı, elmlər doktoru Rəşad Mehdiyevdir.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31