Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun III iclası keçirilib

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun III iclası keçirilib

03.09.2015 [10:12]

Tədbirdə 18 ölkədən 40 nəfərə yaxın nümayəndə iştirak edib
Dünən Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun III iclası keçirilib. İCAPP Qadınlar Qolunun həmsədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı iclası açaraq bildirib ki, bu tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının davam etdirilməsidir. O qeyd edib ki, tədbirdə 18 ölkədən 40 nəfərə yaxın nümayəndə iştirak edir.
Toplantının açılış mərasimində, İCAPP Qadınlar Qolunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, Saenuri Partiyasının parlament fraksiyasının sədr müavini Park İn-suk iclasın qadınların ictimai həyatda iştirakçılığının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub, qadınların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb. Park İn-suk bildirib ki, İCAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcud problemlərinin həlli istiqamətində mühüm işlər görüb.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da son illər ərzində qadınların əldə etdiyi naliyyətlərdən və tədbirin əhəmiyyətindən danışıb. Təşkilatın iki il öncə Bakıda yaradıldığını xatırladan B.Muradova qeyd edib ki, indiki qonaqların əksəriyyəti İCAPP-ın Qadınlar Qolunun təsis olunduğu tədbirin iştirakçılarıdır: “Belə bir qurumun yaradılmasının vacibliyi bir daha təsdiqlənib. Ötən müddət ərzində İCAPP-ın ümumiyyətlə fəaliyyəti və onun çərçivəsində Qadınlar Qolunun əldə etdiyi nailiyyətlər bizi bu qərarın necə uzaqgörənliklə qəbul edildiyinə bir daha inandırır. Əlbəttə ki, bu gün dünyada mövcud olan ictimai-siyasi durum, bütün qitələri təhdid edən təhlükələr, çağırışlar bizi vadar edir ki, ən müxtəlif formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə siyasi partiyaların birliyi olan İCAPP tipli təşkilatlarda birləşək və hər bir ölkənin qarşısında dayanan hədəfləri izah etməklə, bu hədəflərin bəşəriyyətin və insanlığın nailiyyətlərinə yönəlməsi işini təşkil etməklə yanaşı, eyni zamanda, bu yolda maneə olan problemləri aradan qaldırmaqda səylərimizi birləşdirək. Hesab edirəm ki, bu format çox önəmli formatdır. Nəzərə alsaq ki, bu gün dünyanın ən qarışıq, ən çox münaqişə ocaqlarının mövcud oluduğu region Asiya regionudur, bu regionda siyasi partiyaların bir araya gəlməsi və regionun qarşısında dayanan hədəflərə nail olması üçün yollar araması çox vacibdir. Xüsusilə bu sahədə qadınların iştirakı çox ciddi əhəmiyyət daşıyır. Əlbəttə ki, qadınlar istənilən cəmiyyətdə ən yüksək vəzifələrdə təmsil olunmaqla yanaşı, onların üzərinə bir ictimai vəzifə düşür. Qadın hər zaman yaşadığı cəmiyyət və onun gələcəyi üçün narahatlıq keçirir. Bu narahatlığın çox ciddi səbəbləri vardır. Bu gün İCAPP-ın Qadınlar Qolunun keçdiyi qısa, eyni zamanda, çox məzmunlu bir dövrə nəzər salsaq, görərik ki, bu təşkilat da məhz bu ictimai məsuliyyətdən irəli gələn vəzifələri hər zaman qarşısına qoyur. Təşkilat yarandığı gündən bu günə qədər çox ciddi məsələlər ətrafında müzakirələr aparıb və çox geniş bir məkanı əhatə edən bu təşkilatın imkanlarını səfərbər edərək, qadınların həm cəmiyyət həyatına inteqrasiyası, həm dövlət orqanlarında, ümumiyyətlə təmsilçiliyi məsələsini irəli aparmaq üçün çox ciddi səylər göstərir, bu yolda maneə olan bir çox məsələləri müzakirəyə çıxarıb”.
B.Muradova deyib ki, Qafqaz regionu özünün bir çox üstün cəhətləri ilə yanaşı, eyni zamanda, münaqişə ocaqlarının olduğu bir region kimi də dünyada tanınır: “Əlbəttə, münaqişələrin mövcudluğu bu gün bizim müzakirə edəcəyimiz məsələlər ətrafında bir çox problemlərin yaranmasına gətirib çıxarır. Bütöv bir nəslin sağlamlığına, təhsilinə, sosial rifahına ciddi təsir göstərir. İnsan çox ciddi məhrumiyyətlərlə üz-üzə qalır. Azərbaycanın təcrübəsində də bu, özünü göstərib”.
Vitse-spiker qeyd edib ki, təhsil, sağlamlıq olmadan əlbəttə, hər hansı bir şəxs bütöv bir şəxsiyyət kimi formalaşa, öz ölkəsi, xalqı, vətəni üçün yararlı bir şəxsə çevrilə bilməz: “Ona görə də təhsil birinci yerdə dayanır. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bir ifadəni də qeyd etməklə Azərbaycanın mövqeyini diqqətə çatdırmış olaram. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın neft kapitalını insan kapitalına çevirmək istiqamətində siyasət yeridir və buna uyğun şəkildə ölkədə Dövlət proqramları icra olunur”.
B.Muradova bildirib ki, Yeni Azərbaycan Partiyasının timsalında bu təşkilatda təmsilçiliyi iştirak baxımından böyük əhəmiyyət kəsb edir: “Biz nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı olan bir partiyanın imkanlarını və nailiyyətlərini Asiyada mövcud olan problemlərin aradan qaldırılmasına yönəltmək kimi bir imkanı əldə etmişik, buraya Latın Amerikası və Afrika ölkələri siyasi partiyaları birliyini, eyni zamanda, Avropa qurumları ilə əməkdaşlığımızı da əlavə etsək, bununla bütün Yer kürəsini əhatə etmiş oluruq. Göründüyü kimi, biz qadınlar ilkin halda öz ailəmizlə, uşaqlarımızla, onların gələcəyi ilə məşğul olmaq kimi vəzifə üzərimizə qoyulduğu halda, bütün bu hədləri aşıb çox geniş məkana çıxaraq, dünya siyasətinin müəyyən olunmasında iştirak edirik”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova isə çıxışında deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Təbii ki, bu amillər ölkəmiz haqqında təsəvvürlər yaradır. Bu, həmçinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib rol oynayır. H.Hüseynova bildirib ki, xüsusilə, aparıcı siyasi partiyaların, onların müxtəlif qollarının Azərbaycanda keçirdiyi toplantılar bu tərəfdaşlığın bariz nümunəsidir. Onun sözlərinə görə, 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunan VII Baş Assambleyası keçirilib.
“Onu da xatırladım ki, 2013-cü ilin aprel ayında Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun I iclası da Bakı şəhərində keçirilib. Müasir inteqrasiya, eləcə də, davamlı inkişaf prosesində qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması qarşıda dayanan aktual məsələlərdəndir. Bu baxımdan, sayca III toplantıdan gözləntilərimiz böyükdür. Qeyd etmək lazımdır ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Qadınlar Qolu qadınların hüquqlarının müdafiəsi istiqamətində çox mühüm layihələr həyata keçirir, onların iqtisadi və sosial həyatda iştirakının təmin olunmasında, bərabər hüquqların əldə edilməsində xüsusi rol oynayır”, - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.
“XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyon Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaratmışdı. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edirdi. Bütün bu çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar. Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar vardır. Ölkəmizin sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunması Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də, ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır”, - deyə o qeyd edib.
H.Hüseynova bildirib ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyasının Sədr müavini, millət vəkili Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür: “Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Məhz bir çox ölkələrin birinci xanımları onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. Əlbəttə, bu, bizim üçün fəxrdir”.
Tədbirin açılış mərasimində, həmçinin, Sudan Milli Konqres Partiyasının (NCP) qadın məsələləri üzrə katibi, Zeynəb Əhməd Eltayeb İbrahim və Meksika Vətəndaş Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, COPPPAL-ın nümayəndəsi Vania Roksana Avila Qarsia çıxış edərək İCAPP-ın Qadınlar Qolunun fəaliyyətinin əhəmiyyətini vurğulayaraq toplantının işinə uğurlar arzulayıblar.
İclasda İCAPP Qadınlar Qolunun Büro üzvləri seçilib. Türkiyənin Ədalət və İnkişaf Partiyasının Qadın Qolunun sədr müavini Məryəm Göka və Nepal parlamentinin üzvü Sucata Koirala təşkilatın həmsədrləri seçiliblər. İCAPP-ın baş katibi, təşkilatın Daimi Komitəsinin həmsədri Çunq Eu-Yonq yeni seçilən heyətə uğurlar arzulayıb. O, həçminin, YAP-ın tədbirə ev sahibliyini yüksək qiymətləndirib: “Yeni Azərbaycan Partiyası İCAPP-da böyük nüfuza malik partiyadır və onun təşkilatımız çərçivəsindəki fəaliyyətini yüksək qiymətləndiririk”.
İclasda daha sonra Nepal parlamentinin üzvü Sucata Koiralanın moderatorluğu ilə Qadınlar arasında yoxsulluğun aradan qaldırılması üzrə I plenar sessiya keçirilib. Sessiyada çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib ki, hər bir cəmiyyət yoxsulluğa qarşı mübarizənin aparılmasını başlıca vəzifələrdən biri hesab edir. Onun sözlərinə görə, hazırda dünyada yoxsulluqdan əziyyət çəkən ölkələr və xalqlar var. Onların problemlərinin həlli üçün isə dünya birliyi səylərini birləşdirməlidir. S.Fətəliyeva qeyd edib ki, bu problem qadınlardan da yan keçmir.
Azərbaycanda yoxsulluğa qarşı mübarizə haqqında tədbir iştirakçılarına məlumat verən millət vəkili bu sahədə müvafiq dövlət proqramlarının həyata keçirildiyini qeyd edib. Bütün bunların nəticəsində də ölkəmizdə yoxsulluq 5 faiz həcminə düşüb.
Tədbirdə çıxış edən Ümumçin Qadın Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin baş direktor müavini Sonq Venyan Çin Xalq Respublikasının bu yöndəki təcrübəsi haqqında məlumat verib.
Sessiyada, həmçinin, İndoneziya Rifah və Ədalət Partiyasının Qadın Qolunun müdiri Anis Byarvati Burhanuddin, Laos Milli Assambleyasının İqtisadi planlaşdırma və maliyyə komitəsinin sədr müavini Bouakham Thipphavonq, Pakistan Müsəlman Liqasının Xarici əlaqələr komitəsinin sədri və Qadın Qolunun sədri, Senatın üzvü Nuzhat Sadiq, Taylandın “Pheu Thai” partiyasının təmsilçisi, Baş nazir ofisinə tabeli keçmiş nazir Nalinee Taveesin və Kamboca Xalq Partiyasının gənc üzvü, Nazirlər Şurası Ofisinin ASEAN departamentinin direktoru Polyne Hean çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə, həmçinin, Qadınların sağlamlığı və təhsili üzrə II plenar sessiya, Qadınların siyasi iştirakçılığı üzrə III plenar sessiya və bağlanış sessiyası keçirilib. Çıxışlar zamanı belə bir format çərçivəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ayrı-ayrı ölkələrin nümayəndələri müxtəlif məsələlər, eləcə də, qadınların üzləşdiyi problemlərinin həlli ilə əlaqədr təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
İclasın sonunda “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi” qəbul olunub.
Vüsalə CAVANŞİR,
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31