Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət ittihamçısı ermənipərəst Leyla Yunusovaya 11, Arif Yunusova isə 9 il həbs cəzası istəyib

Dövlət ittihamçısı ermənipərəst Leyla Yunusovaya 11, Arif Yunusova isə 9 il həbs cəzası istəyib

07.08.2015 [00:26]

Vergidən yayınma, dələduzluq, qanunsuz sahibkarlıq və başqa cinayətlərdə ittiham edilən yunusovların əməlləri şahid ifadələri ilə tam təsdiqini tapıb
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Sülh və Demokratiya İnstitutu” adlı qurumun həbsdə olan direktoru Leyla Yunusova və həyat yoldaşı Arif Yunusovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, əvvəlcə dövlət ittihamçısı Fərid Nağıyev təqsirləndirilən şəxslərə ittihamları səsləndirib və bu ittihamların məhkəmə yolu ilə tam sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı L.Yunusovanın 11 il, A.Yunusovun isə 9 il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını istəyib.
Yunusovlar külli miqdarda vəsaiti xarici banklara köçürməklə vergidən yayınmağa çalışıblar
F.Nağıyev qeyd edib ki, L.Yunusova və A.Yunusov fəaliyyət göstərdikləri müddətdə dələduzluq, qanunsuz sahibkarlıqla məşğul olub və vergidən yayınıblar: “Belə ki, onlar 896 min manat məbləğində qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyiblər. Qrantları banklarda nağdlaşdırarkən heç bir maliyyə uçotu aparmayıblar. Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə keçirdikləri yoxlamalar nəticəsində məlum olub ki, Leyla Yunus və Arif Yunus maliyyə uçotu qaydalarını kobud şəkildə pozublar. Bankdan nağdlaşdırdıqları vəsaiti heç bir mədaxil qəbzinə qeyd etməyiblər”.
Dövlət ittihamçısı əlavə edib ki, onlar bu qrant vəsaitlərini banklarda şəxsi depozit hesablarına qoyaraq faizlər hesabına şişirtdikdən sonra xaricdəki - Çexiya, Almaniya və Türkiyədə olan bank hesablarına qeyri-qanuni köçürüblər: “Onlar həmin qrant vəsaitləri hesabına Türkiyədə, Çexiyada mülklər, o cümlədən, torpaq sahələri, yaşayış evləri alıblar. Bütün bunlar təsdiq edir ki, onlar qrant vəsaitlərinin istiqamətini qeyri-qanuni yolla dəyişərək xaricdə özlərinə mülk almağa yönəldiblər. Beləliklə, onlar qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməməklə külli miqdarda vergidən yayınıblar. O cümlədən, Leyla Yunus işçilərə əməkhaqqı verərkən onlar üzrə heç bir vergi və sosial müdafiə xərcləri ödəməyib”.
F.Nağıyev bildirib ki, onlar, həmçinin, bank köçürmələrini qeyri-qanuni yolla aparıblar: “Belə ki, Leyla Yunus qrant vəsaitlərini əvvəlcə öz adına olan hesaba, daha sonra isə Arif Yunusun xaricdəki bank hesabına köçürüb. Eyni zamanda, Arif Yunusun adına köçürülən pul daha sonra yenidən Leyla Yunusun xaricdə olan bank hesablarına köçürülüb. “AccessBank”da Leyla Yunusun adına 17, Arif Yunusun adına 14 bank hesabı, həmçinin, “Unibank”da Leyla Yunusun adına 19, Arif Yunusun adına isə 4 bank hesabı olub. Leyla Yunus, həmçinin, vəzifə səlahiyyətlərindən də sui-istifadə edib. Belə ki, o, Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini kimi çıxış edib və bu adla bir çox qeyri-qanuni bank əməliyyatları həyata keçirib. Halbuki onun Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini təyin edilməsi haqqında araşdırmalar zamanı heç bir sənədə rast gəlinməyib”.
Dövlət ittihamçısı Yunusovların bütün mülkiyyətlərinə və bank hesablarına həbs qoyulmasını və bunların dəymiş zərərin ödənilməsinə yönəldilməsini istəyib
Sonra dövlət ittihamçısı deyib ki, Leyla və Arif Yunusovlara qarşı səsləndirilən bütün ittihamlar məhkəmə yolu ilə tam təsdiqini tapıb. Dövlət ittihamçısı, həmçinin, L.Yunusova və A.Yunusovun bütün mülkiyyətlərinə və bank hesablarına həbs qoyulmasını və bunların dəymiş zərərin ödənilməsinə yönəldilməsini istəyib. O, həbs müddəti bitdikdən sonra onların hər hansı bir vəzifədə çalışmalarına qadağa qoyulmasını və cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini istəyib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmə onlara avqustun 10-dək vaxt verib. Məhkəmə prosesi avqustun 10-da davam etdiriləcək.
Ermənipərəst cütlüyün törətdiyi əməllər şahid ifadələri ilə təsdiqini tapıb
Xatırladaq ki, L.Yunusova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma (külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunusov isə 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Vurğulandığı kimi, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunan Yunusov-Barseqyan ailəsinin üzvlərinin dələduzluq, qanunsuz sahibkarlıq, vergiləri ödəməkdən yayınma, saxta sənəd hazırlama və istifadə etmə kimi qanun pozuntularına yol vermələri şahid ifadələri əsasında bir daha öz təsdiqini tapdı. Bəlli oldu ki, fərqli təşkilatların adından xarici “donor”larla əlaqəyə girərək ianələr alan, bir sıra iqtisadi maxinasiyalara yol verən, vergidən yayınan erməni əsilli bu ailənin üzvləri QHT pərdəsi arxasında özləri üçün “qanunsuz imperiya” yaradıblar. Qeyri-qanuni pullarla xaricdə mülklər alınıb, Azərbaycanda isə onlarla fərqli hesab nömrələrinə pullar yatırılıb.
Qeyd etdiyimiz kimi, məhkəmə prosesində ifadə verən “QHT” sektorunun nümayəndələri, şahid və zərərçəkmiş qismində prosesdə iştirak edən şəxslər də Leyla və Arif Yunusov-Barseqyanların qeyri-qanuni əməllərini ifşa ediblər. Məsələn, şahid Adelə Manafova deyib ki, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının təsisçilərindən biri olub, təşkilatın fəaliyyətində təxminən 3 il iştirak edib, sonradan isə təşkilatın fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb, o cümlədən, L.Yunusova-Barseqyanın sədr müavini seçilməsi barədə qərar qəbul olunmasından, qrantların alınması və xərclənməsindən heç bir məlumatı olmayıb.
Bir başqa şahid Zemfira İsmayılova da Leyla Yunusova-Barseqyanın əməlləri ilə bağlı ifadəsində bildirib ki, sənədlərə əsasən, o da “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının təsisçilərindən biri olub. Lakin həmin təşkilatın fəaliyyətindən, L.Yunusova-Barseqyanın sədr müavini seçilməsi barədə qərar qəbul olunmasından, qrantların alınması və xərclənməsindən heç bir məlumatı olmayıb.
Leyla Yunusova-Barseqyan Rəna Səfərəliyevanın rəhbərlik etdiyi təşkilatın adından qrantlar alıb
Artıq uzun müddətdir ki, davam edən məhkəmə prosesində yaşanan maraqlı məqamlardan biri də “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sədri Rəna Səfərəliyevanın ifadəsi olub. Qeyd edək ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni Leyla Yunusova-Barseqyanın üzünə qarşı bir daha təsdiq etməklə ittihamın mahiyyəti üzrə onu ifşa edən fikirlər səsləndirib. Rəna Səfərəliyeva ifadəsində 2005-ci ilin sonlarından “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatı ilə əlaqəsini kəsdiyini, bütün səlahiyyətlərini, təşkilatın möhür və blankını Leyla Yunusova-Barseqyana təhvil verdiyini, həmin tarixdən sonra təşkilat tərəfindən hər hansı donor təşkilatla qrant müqaviləsinin bağlanılmasından, təşkilatın hesablarına pulların köçürülməsindən məlumatının olmadığını, bütün bu işlərin Leyla Yunusova-Barseqyan tərəfindən aparıldığını bildirib.
R.Səfərəliyeva, həmçinin, deyib ki, Leyla Yunusova-Barseqyanın hərəkətlərinin hüquqi araşdırılması ilə əlaqədar müəyyən edilmiş pozuntularla bağlı təşkilatın təsisçiləri çox narahatçılıq keçirib, ona yenidən təşkilata qayıdıb işləri icra etməsini xahiş ediblər: “Bununla da təsisçilərə böyük mənəvi ziyan dəyib. Digər tərəfdən, 2005-ci ilin sonlarından təşkilatdan faktiki ayrıldıqdan sonra təşkilat adından bağlanılmış heç bir qrant müqaviləsindən xəbərim, maliyyə məsələlərinə isə aidiyyətim olmayıb. Həmin müqavilələr təşkilatla xarici donorlar arasında bağlanılıbsa, təbii ki, bu gün donorlar qarşısında təşkilat məsuliyyət daşıyır. Bu səbəbdən, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatına maddi ziyan da dəyib”.
Qanunları pozanlar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər...
Nəticə etibarı ilə L.Yunusova-Barseqyanla vaxtilə eyni təşkilatda təmsil olunan şəxslər onun qeyri-qanuni əməllərini ifşa edirlər. L.Yunusova-Barseqyan həmin şəxslərin adıçəkilən təşkilatdan ayrılmasından sui-istifadə edərək fəaliyyəti, rəhbəri olmayan qurumun adı ilə xarici ermənipərəst təşkilatlardan pul yığmaqla məşğul olub. Həmin pulları isə özünün və həyat yoldaşı Arif Yunusov-Barseqyanın adına olan çoxsaylı bank hesablarında gizlədərək xarici ölkələrə köçürülməsinə çalışıb. Məhkəmədə ifadə verən şahidlərin ifadələrindən də bəlli olur ki, Yunusov-Barseqyanlar ailəsi ölkə qanunvericiliyini pozublar. Təbii ki, hüquqi dövlət olan və qanunların aliliyinin təmin edildiyi Azərbaycanda qanunları pozan şəxslər kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidirlər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31