Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Növbəti böyük humanizm nümunəsi

Növbəti böyük humanizm nümunəsi

07.01.2015 [09:46]

Azərbaycan ictimaiyyətinin nümayəndələri əfv Sərəncamının imzalanmasını yüksək qiymətləndirirlər
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.
Bu məqamda qeyd edək ki, ölkəmizdə 2014-cü ilin mühüm hadisələrindən biri də dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması oldu. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 79 nəfər cəzasının çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.
Ümumiyyətlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Ümummilli lider Heydər Əliyev məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi. Buradan da, əfv sərəncamlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.
Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir. Qeyd olunduğu kimi, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 Amnistiya aktı qəbul edilib və 32 əfv Fərmanı imzalanıb. Amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Ümummilli lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Sevindirici haldır ki, Ulu öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Prezident İlham Əliyevin hər il imzaladığı əfv sərəncamları minlərlə ailəyə sevinc gətirir.
Öz növbəsində, Azərbaycan ictimaiyyətinin nümayəndələri qəzetimizə açıqlamalarında Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı növbəti Sərəncamı yüksək qiymətləndiriblər.
Məsələn, qəzetimizə açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə əfv və amnistiya təsisatlarının bərpa edilməsi, Ombudsman institutunun yaradılması, bunun ardınca cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların imzalanması qısa zaman kəsiyində cəmiyyətə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verib: “Ölkəmiz günü-gündən inkişaf edir, bu gün artıq Azərbaycanın iqtisadi inkişaf modelinin, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi, sabitlik diyarı kimi tanınması sözsüz ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu və düşünülmüş siyasətin nəticəsidir. Ölkə vətəndaşları heç şübhəsiz bu inkişafa dəstək olmalı, cəmiyyətin idarə olunmasında vacib əhəmiyyət kəsb edən qanunlara hörmətlə yanaşmalı və onlara yüksək səviyyədə riayət etməlidir. Hazırda özündə yüksək dəyərləri və normaları ehtiva edən humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməkdədir. Səhvini anlayan, törətdiyi əməldən peşman olan, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən cinayətkarların və məhkumların bağışlanması ilə bağlı bu günədək Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamların nəzərdə tutulmuş qaydada reallaşdırılması isə sözügedən humanizm siyasətinin yüksək səviyyədə həyata keçirilməsinin bariz nümunəsidir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin ötən il dekabrın 29-da imzaladığı əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsidir. Bu əfv Sərəncamı dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi qiymətləndirilməlidir”.
Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib ki, Prezident İlham Əliyevin ötən il dekabrın 29-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam cəmiyyətdə böyük sevinclə qarşılanıb: “Ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Ölkəmizdə hər zaman mərhəmət, insanpərvərlik və humanizm kriteriyalarından çıxış edilib və cinayət törətmiş şəxslərin bağışlanması ənənəsi yaşadılıb, qorunub, daha da inkişaf etdirilib. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, sivil cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imzaladığı əfv sərəncamları ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edib. Ümumiyyətlə, cinayət törədənlərin əfv olunması bütün parametrləri ilə böyük önəm daşıyan addımdır. Çünki bu cür addımlar çox vaxt insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Bu cür sərəncamlar, eyni zamanda, məhkumların cəmiyyətdə özlərinə layiqli yer tapmasına da şərait yaradır”.
Məsələyə münasibət bildirən “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əfv Sərəncamının imzalanması Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi yüksək diqqətin bariz təzahürüdür: “Bildiyimiz kimi, dövlət başçısı hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, əsasən, bayramlar ərəfəsində baş verir. Bu dəfə də cənab Prezident Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində növbəti əfv Sərəncamını imzaladı. Bu Sərəncam təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyətin sevincinə səbəb oldu”.
Anar Xəlilov onu da deyib ki, cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən bu əfv sərəncamlarının imzalanması qısa zaman kəsiyində öz təsirini göstərir. Mən bir daha ölkədəki qeyri-hökumət təşkilatları, ictimai birliklər adından bu humanist addımına görə ölkə başçımıza öz dərin təşəkkürümü bildirirəm: “Qeyd etmək istəyirəm ki, məhz bu cür humanist aksiyalar dövlət və Vətəndaş arasında onsuz da var olan sağlam münasibətləri daha da möhkəmləndirəcək. Çünki hər bir Azərbaycan vətəndaşı anlayır və dərk edir ki, onu qoruyan dövləti var”.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da dövlət başçısının imzaladığı əfv Sərəncamını çox yaxşı addım kimi dəyərləndirib: “İmzalanan hər bir Sərəncam və Fərman törətdikləri cinayət əməlinə görə cəza çəkən insanların və onların ailələrinin, yaxınlarının və qohumlarının ağrı-acılarına, üzləşdikləri problemlərə, sosial müşküllərinin böyük qisminə son qoyulması deməkdir. Əfv Sərəncamı hüquq sistemimiz üçün də mühüm əhəmiyyət daşıyır, çünki qanun pozuntusuna görə cəzalanmış insanı birgəyaşayış prinsipləri ilə davranmağa sövq edir, onu cəmiyyətə yenidən adaptasiya edir. Bu cür sərəncamları ancaq təqdir etmək lazımdır. Eyni zamanda, mən son əfv Sərəncamını Azərbaycanın dövlət başçısının ölkədə qanunların hakim olduğu demokratik cəmiyyəti gücləndirmək istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirirəm. Və ümid edirəm ki, əfv Sərəncamının şamil olunduğu şəxslər dövlət başçısının bu humanist addımının mahiyyətini anlayacaq, qanunlar çərçivəsində yaşayaraq fəaliyyət göstərəcəklər”.
Oktay

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31