Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyası seçki kampaniyasında çox fəal şəkildə və uğurla iştirak edib

Yeni Azərbaycan Partiyası seçki kampaniyasında çox fəal şəkildə və uğurla iştirak edib

24.12.2014 [10:14]

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə keçirilən bələdiyyə seçkilərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirib
Dekabrın 23-də Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə keçirilən bələdiyyə seçkilərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirib. Tədbirdə YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da iştirak edib.
YAP-ın bələdiyyə seçkilərində iştirakı fəal və əhatəli olub
YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov qeyd edib ki, Azərbaycanda növbəti - sayca 4-cü bələdiyyə seçkiləri başa çatıb: “Yeni Azərbaycan Partiyası seçki kampaniyasında çox fəal şəkildə və uğurla iştirak edib. Partiyamız bütün bələdiyyələrə öz namizədlərini irəli sürüb. Məlum olduğu kimi, Azərbaycanda 1607 bələdiyyəyə seçkilər keçirilib ki, bu bələdiyyələrə də 15035 üzv seçilməlidir. Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası bütün bələdiyyələrə öz namizədlərini irəli sürüb. Bütövlükdə, YAP-ın namizədlərinin sayı 16760 nəfərdir. Onlardan 13404 nəfəri partiyamız tərəfindən irəli sürülüb. Eyni zamanda, YAP-ın sıralarında olan 3356 nəfər fərdi qaydada öz namizədliyini irəli sürüb. Bu, bir daha Yeni Azərbaycan Partiyasının insani resurslarının nə qədər böyük və əhəmiyyətli olmasından xəbər verir. Bu kontekstdə bir göstəricini diqqətinizə çatdırmaq istəyirəm. Məlum olduğu kimi, bələdiyyə seçkilərində 8 siyasi partiya iştirak edib. YAP-dan başqa 7 partiyanın bütövlükdə bələdiyyələrə irəli sürdüyü namizədlərin sayı 503 nəfərdir. Beləliklə, fərq ortadadır. Bu, ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində iştirakı nəinki kifayət qədər fəal və geniş olub, eyni zamanda, belə bir reallıq növbəti dəfə bəlli olub ki, YAP Azərbaycanın siyasi həyatında çox böyük rolu və ictimai dəstəyi olan, yüksək fəallıq nümayiş etdirən siyasi partiya kimi özünü təsdiqləyib”.
YAP seçki kampaniyasını uğurlu aparmaq üçün çox geniş proqram əsasında fəaliyyət göstərib
YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov əlavə edib ki, YAP seçki kampaniyasını uğurlu aparmaq üçün çox geniş proqram əsasında fəaliyyət göstərib. Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin təşviqat kampaniyası müvəffəqiyyətlə həyata keçirilib: “Bu kampaniyada namizədlərlə yanaşı, partiyamızın fəalları, YAP-ın tanınmış simaları yaxından iştirak ediblər. Apardığımız genişmiqyaslı təşviqat kampaniyası irəli sürdüyümüz namizədlərin uğur qazanması üçün ciddi əsaslar yaradıb. Bu kontekstdə onu da qeyd etmək istəyirəm ki, partiya olaraq bütün seçkilərə kifayət qədər ciddi şəkildə yanaşmışıq. Bu il keçirilən bələdiyyə seçkilərinə də partiyamızın yanaşması kifayət qədər ciddi olub. Partiyamızın platforması “Rifah və quruculuq naminə” adlanır. Beş il ərzində bələdiyyə üzvlərimiz insanların rifahının yaxşılaşdırılması, həmin ərazilərdə quruculuq işinə töhfə verilməsini özlərinin məqsədi hesab ediblər, qarşıdakı dövrdə bu fəaliyyətlə məşğul olacaqlar”.
Yeni Azərbaycan Partiyası seçki kampaniyasına gedərkən kifayət qədər əsaslı resurslara istinad edib
Yeni Azərbaycan Partiyasının seçki kampaniyasına gedərkən kifayət qədər əsaslı resurslara istinad etdiyini deyən YAP-ın Sədr müavini - İcra katibi deyib ki, hər şeydən əvvəl, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycana gətirdiyi uğurlar, ölkə həyatında baş verən dəyişikliklər istinad edilən başlıca seçki resursu olub: “2009-cu ildə keçirilən bələdiyyə seçkilərindən ötən 5 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin uğurlu nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. İstər ölkə iqtisadiyyatının inkişafı və insanların rihafının yaxşılaşdırılması, istərsə də Azərbaycanın modernləşdirilməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlər sayəsində əldə edilmiş yüksək nəticələr Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin həyata keçirilən siyasətə inamını artırıb, bu siyasəti dəstəkləməsini şərtləndirib. İnanıram ki, bələdiyyə seçkiləri nəticəsində Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyət - irəli sürdüyümüz namizədlərin bələdiyyə üzvlüyünə seçilməsi əsas etibarilə bu resursa söykənəcəkdir. Digər resurs Yeni Azərbaycan Partiyasının üstün nüfuzu və ciddi sosial dəstəyidir. Bu gün partiyamızın sıralarında 640 mindən çox Azərbaycan vətəndaşı birləşib. Beləliklə, YAP-ın ictimai dəstəyi və siyasi nüfuzu irəli sürdüyümüz namizədlərin dəstəklənməsi üçün əhəmiyyətli bir resursdur”.
Builki bələdiyyə seçkilərindən daha yüksək nəticə gözləməyimizə kifayət qədər əsaslar var
Bundan əvvəlki seçkilərdə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin 60 faizdən çox səs alaraq bələdiyyələrdə çoxluğu təşkil etdiyini deyən Əli Əhmədov vurğulayıb: “Beləliklə, bu gün mövcud olan bələdiyyələrdə YAP-ın üzvləri ümumi çoxluğu təşkil edirlər. Hesab edirik ki, ötən 5 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da möhkəmlənməsi builki bələdiyyə seçkilərindən daha yüksək nəticə gözləməyimizə əsas yaradır.
Biz 2009-cu ildə keçirilən bələdiyyə seçkilərindən etibarən bələdiyyələrdə gənclərin və qadınların daha fəal iştirak etməsi şüarı ilə çıxış etmişik. Xatırladım ki, 2009-cu ilin bələdiyyə seçkilərində bizim bu təşəbbüsümüz nəticəsində bələdiyyələrdə təmsil olunan gənclər və qadınların sayı əhəmiyyətli dərəcədə artdı. 2004-cü il bələdiyyə seçkilərinin nəticələrinə görə, bələdiyyələrdə qadınlar təxminən 4-5 faiz, gənclər də bir o qədər təmsil olunurdular. 2009-cu ildə keçirilən seçkilərdən sonra isə irəli sürdüyümüz namizədlər sırasında qadınlar və gənclərin sayının çoxalması nəticəsində bələdiyyələrə seçilən qadınlar və gənclərin sayı bir neçə dəfə artdı: qadınlar 29 faizə qədər, gənclər isə 24 faizə qədər bələdiyyələrin tərkibində çoxaldılar. Bu, əhəmiyyətli bir irəliləyiş idi və o zaman Avropanın müvafiq qurumları bu məqama xüsusi önəm vermişdi. Biz budəfəki seçkilərdə də gənclərin və qadınların sayının artmasına xüsusi diqqət yetirdik. Namizədləri seçərkən bu məqam xüsusilə nəzərə alındı. Güman edirəm ki, bu seçkilərdə partiyamız tərəfindən irəli sürülən namizədlərin sırasında - mandat alan bələdiyyə üzvlərinin içərisində qadınların və gənclərin sayı bir az daha artacaq. Bütün bunlar, əlbəttə, gənclər və qadınların ictimai-siyasi həyatda aktiv iştirak etməsi üçün böyük əhəmiyyət kəsb edir”.
Səsvermə prosesi uğurla baş tutub
“Bütövlükdə, Yeni Azərbaycan Partiyası bu seçki kampaniyasının gedişini sabitlik və əmin-amanlıq, Seçki Məcəlləsinin tələblərinə uyğunluq baxımından çox yüksək qiymətləndirir. Nəzərinizə çatdırım ki, 5000-dən yuxarı seçki məntəqələrinin hər birində partiyamız tərəfindən təyin edilmiş müşahidəçilərimiz fəaliyyət göstərib, onlar səsvermə prosesinin gedişini müşahidə ediblər. Müşahidəçilərimiz tərəfindən hər hansı bir ciddi qanun pozuntusunun olması barədə məlumatlar daxil olmayıb. Bu, onu göstərir ki, seçki kampaniyası uğurla keçirilib. Bu, bütövlükdə, yerli demokratiyanın inkişafına, seçki təcrübəsinin daha da təkmilləşdirilməsinə əhəmiyyətli dəstək kimi qiymətləndirilə bilər”, - deyə YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31