Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın yeni inkişaf strategiyası

Azərbaycanın yeni inkişaf strategiyası

02.07.2026 [12:57]

Yol xəritəsinin prioritetləri: innovasiya, kibertəhlükəsizlik və rəqəmsallaşma

Hər dövrdə ölkələr qarşısında yeni çağırışlar meydana çıxır. Hazırda dünya keyfiyyətcə yeni, sayca dördüncü sənaye inqilabı dövründən keçir. İnkişafın bu mərhələsində qlobal məkanı kiçik kəndə çevirib bir ovuc içində birləşdirən informasiya-kommunikasiya texnologiyaları (İKT) həyatımızın ayrılmaz, çox vacib hissəsinə çevrilib. Eyni zamanda, bu gün iqtisadi və institusional inkişafı, xidmət sektorunu, təhsili, ölkələrin müdafiə sistemlərini, ümumiyyətlə bütün sahələri rəqəmsal texnologiyalarsız təsəvvür etmək belə mümkün deyil. Proses getdikcə daha dönməz xarakter alır və yeni qlobal trendlər yaranır. Texnologiyalar artıq yalnız yardımçı alət deyil, iqtisadi artımın əsas təkanverici qüvvəsi və milli təhlükəsizliyin təməl elementi qismində çıxış edir.

Yeni sənaye inqilabına transformasiya bütün ölkələr kimi Azərbaycanın da qarşısında yeni çağırışlar yaradır. Bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirlən mühüm fikirlər ümumilikdə dövlətin bu sahəyə verdiyi böyük önəmin göstəricisidir. Mehriban xanım Əliyevanın bildirdiyi kimi, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir.

Möhkəm hüquqi bazanın təmin edilməsi

Hər bir sahədə uğurlu nəticələrin əldə olunması üçün zəruri hüquqi bazanın yaradılması vacib şərtdir. Respublikamızda həmçinin rəqəmsallaşma sahəsində son illərdə bir sıra normativ hüquqi aktlar qəbul edilib. Belə ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda innovasiyaların təşviqi, müasir texnoloji həllərin tətbiqinin genişləndirilməsi, müasir texnologiyaların iqtisadiyyat, səhiyyə, kənd təsərrüfatı və bir çox digər sahələrdə tətbiqi kimi mühüm məsələlər müəyyən edilib. Ölkədə informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması üçün kibertəhdidlərə qarşı mübarizədə daha mükəmməl texnoloji həllərin tətbiqi, yeni təkmil texnoloji infrastruktur komponentlərinin formalaşdırılması məqsədilə dövlət başçısının 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiqlənib. Sözügedən Strategiyada informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması üçün yeni texnoloji həllərin tətbiqinin və daim inkişaf etdirilməsinin zəruri olduğuna xüsusi diqqət çəkilib. Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” rəqəmsal inkişafın əlaqələndirilmiş formada həyata keçirilməsini, rəqəmsal infrastrukturun gücləndirilməsini, vahid rəqəmsal arxitekturanın qurulmasını və texnoloji adaptasiyanın sürətləndirilməsini əsas hədəflər kimi müəyyən edib. Azərbaycan Respublikasında süni intellektin inkişafının sürətləndirilməsi, bu sahədə tədqiqatlar aparılmasının təşviq edilməsi, Sİ üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Cənubi Qafqazda ilk olaraq ölkəmizdə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlənib. Həmçinin, Prezident İlham Əliyevin  2025-ci il 12 avqust tarixli Fərmanı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, eləcə də elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəni təmin edən Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiq edilib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” ilə iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi üçün tədbirlər müəyyən edilib. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib.

Zəruri infrastrukturun yaradılması

Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Mehriban xanım Əliyeva rəqəmsallaşma sahəsində müəyyənləşdirilən hədəflərə diqqət çəkib. “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”, - deyə Birinci vitse-prezident vurğulayıb.

Aydın məsələdir ki, mühüm məqsədlərə çatmaq hədəflənərkən ilk növbədə ölkədə yaradılan infrastruktur təminatına istinad olunub. Ölkəmizdə zəruri infrastrukturun qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Son 4 il ərzində orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlib. Müvafiq Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində “Onlayn Azərbaycan” layihəsi həyata keçirilib və mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlığı ilə əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması prosesi yekunlaşdırılıb. Ötən 4 ildə ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 20 dəfədən çox artaraq təxminən 4.8 milyona çatdırılıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib. Son 3 ildə respublika üzrə genişzolaqlı internetin illik orta sürəti 2 dəfə, son 6 il ərzində isə 10 dəfə artıb və 2026-cı ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 90 Mbit/saniyəyə çatıb. Bununla da ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam yekunlaşıb.

Yeni  Fəaliyyət Planının icrası uğurla təmin edilir

Rəqəmsal İnkişaf Şurasının ilk iclasında “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın uğurla icra edilməsindən məmnunluq ifadə olunub. Bildirldiyi kimi, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. İndiyədək rəqəmsallaşma istiqamətində 40 dövlət qurumu ilə Yol xəritələri hazırlanıb, onlardan 13-ü artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verilib. Dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlər davam etdirilir. “Mygov” platformasının xidmət dairəsi genişləndirilib, son üç ayda istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona çatıb. Eləcə də bir neçə tətbiq platformaya inteqrasiya olunub, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur.

Gələcəkdə vətəndaş və bizneslər dövlət xidmətlərinə çıxış üçün bir neçə mobil tətbiqdən istifadə etməyəcəklər və bütün proseslər “mygov” və “mygov biznes” platformaları üzərində aparılacaq. Artıq bu prosesə başlanılıb və qısa müddət ərzində “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” tətbiqlərinin bir çox xidmətləri artıq inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə “mygov” üzərindən təqdim edilməsi planlaşdırılır. Bundan sonra yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşın ayrıca müraciət etməsinə ehtiyac qalmayacaq və dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında pensiya proaktiv qaydada təyin olunacaq. Eyni qayda uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsində də tətbiq olunacaq. Doğum faktı dövlət sistemlərində qeydə alındıqdan sonra valideynin əlavə sənəd təqdim etməsinə və ya müraciət etməsinə ehtiyac olmadan müvafiq ödəniş proaktiv şəkildə həyata keçiriləcək. Vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmazdan əvvəl avtomatik şəkildə məlumatlandırılacaqlar. Bu, sənədlərin vaxtında yenilənməsini asanlaşdıracaq və əlavə inzibati çətinliklərin qarşısını alacaq. Səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışlar rəqəmsal formada həyata keçiriləcək. Müvafiq şəxslər dövlət informasiya sistemləri vasitəsilə vaxtında məlumatlandırılacaq və çağırış prosesi daha operativ və şəffaf şəkildə təşkil olunacaq .

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31