Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

23.12.2014 [09:52]

Seçkilərin demokratik şəraitdə və yüksək standartlar əsasında keçirilməsi üçün bütün lazımi hazırlıq işləri və müvafiq tədbirlər görülüb
Bu gün ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilir və artıq dekabrın 22-də seçkiqabağı təşviqat üçün ayrılan müddət başa çatıb. Məlumat üçün qeyd edək ki, Seçki Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, seçkiqabağı təşviqat aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır.
Bələdiyyə seçkiləri 5015 məntəqədə keçirilir. Bunların 128-i müvəqqəti yaradılmış məntəqələrdir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sözlərinə görə, 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd var. Seçkilərdə 8 siyasi partiya - YAP, VHP, Ümid, ASDP, MDHP, ADİP, BQP və AVP bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edəcəklər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə, 30 partiyanın üzvləri seçkilərdə iştirak edirlər.
Qeyd edək ki, seçkilər 118 Seçki Dairəsi üzrə 1607 bələdiyyəyə keçirilir ki, 15035 bələdiyyə üzvü seçilməsi nəzərdə tutulub.
MSK sədrinin sözlərinə görə, səsvermə 50 min 551 müşahidəçi tərəfindən izlənəcək.
Qeyd edək ki, seçkilərin demokratik şəraitdə və yüksək standartlar əsasında keçirilməsi üçün bütün lazımi hazırlıq işləri və müvafiq tədbirlər görülüb. Sözügedən məqama toxunan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 19-da bildirib ki, Azərbaycanda seçkilərin hazırlanması və keçirilməsi prosesində aşkarlıq institutlarının normal fəaliyyəti, xüsusilə müşahidəçilik fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaradılıb. Onun sözlərinə görə, seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən geniş istifadə olunur. “Azərbaycanda keçirilən seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək bələdiyyə seçkilərində də davam etdirilir”, - deyən MSK sədri əlavə edib ki, səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20 faiz) veb-kamera quraşdırılıb.
Diqqətə çatdırılıb ki, veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün proses daim diqqət mərkəzində saxlanılır: “Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olacaqlar.
Azərbaycanda əhalinin təqribən 73-75 faizinin internet istifadəçisi olmasını nəzərə aldıqda qeyd etmək olar ki, seçkilərdə tətbiq olunan veb-kameralar seçki günü proseslərin geniş ictimaiyyət tərəfindən birbaşa izlənməsinə və beləliklə, aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq”.
Bələdiyyə seçkiləri yerli demokratiyanın inkişafı və bu təsisatın təkmilləşdirilməsi baxımından da əhəmiyyətlidir
Ümumiyyətlə, bələdiyyə seçkiləri yerli demokratiyanın inkişafı və bu təsisatın təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz, bələdiyyələrin inkişafında, yerli özünüidarəetmə kontekstində kadr potensialının formalaşdırılmasında seçkilər və seçicilərin iradəsi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan dövləti bu istiqamətdə öz üzərinə düşən bütün vəzifələri sistemli şəkildə uğurla yerinə yetirir. Ən əsası, demokratik şəkildə baş tutan seçkilər siyasi sistemin struktur elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirakçılıq və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə, nəhayət, bələdiyyə institutunun fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artmasına real zəmin yaradır. Qısacası, yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi işində müstəsna əhəmiyyət kəsb edən bələdiyyə seçkiləri mahiyyətinə görə həm də sosial-siyasi fəallığı və iştirakçılığı artıran, siyasi sistemin rəqabətlilik qabiliyyəti və demokratiklik səviyyəsini yüksəldən, siyasi mədəniyyət və davranışa yeni keyfiyyət çalarları əlavə edən və siyasi sistemin komponentlərini təkmilləşdirən ümummilli aksiya önəmi kəsb edir.
Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb
Şübhəsiz, ölkəmizdəki ictimai-siyasi vəziyyət və hüquqi platformada mövcud olan reallıqlar da sadalananlar baxımından böyük əhəmiyyət kəsb edir. Bəllidir ki, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində təkmilləşdirmə işləri aparılıb. Məhz bu amil bələdiyyə seçkilərinin də demokratikliyi və şəffaflığını təmin edən mühüm faktor kimi çıxış edir.
Azərbaycanda bələdiyyə institutunun səmərəli fəaliyyəti üçün olduqca əlverişli şərait yaradılıb
Bu kontekstdə digər bir məqama nəzər yetirmək lazımdır. Belə ki, Azərbaycanda bələdiyyə institutunun səmərəli fəaliyyəti üçün olduqca əlverişli şərait yaradılıb. Bu, bütövlükdə, dövlət quruculuğu kontekstində müstəsna əhəmiyyət kəsb edir. Yerli özünüidarəetmənin inkişafında mühüm ictimai təsisat rolu oynayan bələdiyyələrin fəaliyyəti üçün Azərbaycanda zəngin qanunvericilik bazası mövcuddur. Buna görə də bələdiyyələr vətəndaşların sosial xarakterli yerli əhəmiyyətli problemlərinin həlli istiqamətində vətəndaşla hakimiyyət strukturlarının koordinasiyası işində aktiv fəaliyyət göstərmək imkanlarına malikdir. Əlbəttə, bələdiyyələrin səmərəli fəaliyyəti, ilk növbədə, bu təsisatların öz funksiyalarını normal yerinə yetirmələrindən asılıdır. Nəzərə almaq lazımdır ki, bələdiyyələrin fəaliyyətində mülkiyyət məsələləri daha çox ön plana çıxır. Ümumiyyətlə, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bu baxımdan, bələdiyyələrin öz funksiyasını normal icra etməsi dedikdə daha çox yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, mülkiyyət məsələsi, bu qəbildən olan məsələlərin həll olunması əsas götürülür.
Ümumiyyətlə, hazırda Azərbaycanda 1600-dən çox bələdiyyə fəaliyyət göstərir. Bununla yanaşı, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları mövcuddur. Bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır. Belə olan halda, bələdiyyə institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və şaxələndirilməsi zərurəti bir daha özünü göstərir.
Digər tərəfdən, bu və ya digər ölkələrdə, o cümlədən Azərbaycanda bələdiyyələrin inkişafı, institusional təşkilatçılıq qabiliyyəti ölkə daxilindəki davamlı islahatlardan, ümumilikdə, daxili siyasət kursundan, dövlət quruculuğu prosesindən asılıdır. Qeyd etdiyimiz kimi, Azərbaycanda reallaşdırılan demokratik islahatlar ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli idarəetmə mexanizmi formalaşdırmalıdırlar. Bu, ilk növbədə, müasir çağırışlara adekvat cavab vermək qabiliyyətinin formalaşdırılmasından asılıdır. Bu, eyni zamanda, vətəndaşların bələdiyyə strukturları ilə işbirliyi prosesinə, bu instituta münasibətində yeni müsbət dəyişikliklərə mühüm töhfələr verər. Digər tərəfdən, bələdiyyələrin inkişafı desentralizasiya (və ya əks mərkəzləşmə) siyasətinin inkişafı, yəni idarəetmədə regionların rolu və potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bələdiyyə seçkiləri Azərbaycanın siyasi sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir
Nəticə etibarilə sadalananlar deməyə əsas verir ki, bu gün keçirilən bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişafında mühüm rol oynayacaq. Təsadüfi deyil ki, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir.
Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Bu istiqamətdə əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, Azərbaycanda demokratik transformasiya prosesi uğurla başa çatdırılıb. Eyni zamanda, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki, bu seçkilər də Azərbaycanın siyasi sisteminin inkişafı baxımından spesifik əhəmiyyət kəsb edəcək.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 661 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31