Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbəti tükənməzdir

Ulu öndər Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbəti tükənməzdir

13.12.2014 [12:11]

Ulu öndər Heydər Əliyevin vəfatından 11 il keçir. Bu dahi şəxsiyyət misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Bu böyük insan Öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev çağdaş Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb və qalacaq. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası Onu Azərbaycan xalqının Ümummilli liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür.
Ötən 11 il ərzində xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmayıb. Onun uyuduğu Fəxri xiyabandan ziyarətçi ayağı heç vaxt kəsilməyib. Bu günlər Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda, xarici ölkələrdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir.
Hər il olduğu kimi, bu il də dekabrın 12-də insanlar səhər tezdən Fəxri xiyabana axışırdılar. Axışırdılar ki, müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirsinlər.
Onlardan biri də paytaxt sakini, pensiyaçı Sara Vəliyeva idi. Ulu öndərin zəngin həyat yolunun hər kəsə nəsib olmayan yenilməz siyasi iradənin, xalqına, Vətəninə sonsuz məhəbbətin təcəssümü olduğunu bildirən S.Vəliyeva Onun məzarını ziyarət etməsini dahi rəhbərə sonsuz sevgisi ilə əlaqələndirərək deyib: “Ulu öndər Heydər Əliyev o nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində Özünə möhtəşəm abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdi. Yaşımın çox olmasına baxmayaraq, çalışıram ki, hər il dekabrın 12-də - Heydər Əliyevin vəfatı günündə Fəxri xiyabana gəlib dahi şəxsiyyətin məzarını ziyarət edim. Bunu özümə vətəndaşlıq borcu hesab edirəm. Bu gün ziyarətə gələn gəncləri görəndə ürəyim dağa dönür. Sevinirəm ki, gənc nəsil Ulu öndərinin xatirəsini daim əziz tutur. Heydər Əliyev bugünkü müasir müstəqil Azərbaycanı qurub-yaratdı və bizə ərməğan qoyub getdi. Biz də bu dövləti göz bəbəyimiz kimi qorumalı, Ulu öndərin bu günümüz və sabahımız üçün gördüyü işləri daim xatırlamalıyıq”.
Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələn Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üzvü, Böyük Britaniyanın Qlazqo Universitetinin tələbəsi Toğrul Məmmədli Ulu öndərin gənclər siyasətinin uğurlarından danışaraq deyib: “Gənclərə hər zaman diqqət göstərən, onların qayğısının, problemlərinin həllinə xüsusi fikir verən Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Ulu öndər dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Azərbaycan gəncliyi hər zaman Ulu öndərin xatirəsini əziz tutacaq, dövlətimizin qüdrətinin artması, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin inkişafı üçün həyata keçirilən işlərdə yaxından iştirak edəcək”.
Ziyarətə gələnlər yaxşı bilirlər ki, “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur”, - deyən Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövr sadəcə təqvim göstəricisi deyil. Bu dövr Azərbaycan üçün yeni üfüqlər, yeni zirvələr deməkdir. Ulu öndərimiz tərəfindən görülən böyük işlərin, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.
Bu uğurların əhəmiyyətini vurğulayan Rəsul Qurbanov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərin tariximizə böyük siyasi dönüşlər və yeni mərhələlərin başlanğıcı kimi yazıldığını bildirərək deyib: “Ümummilli liderin siyasi, iqtisadi, mədəni və sosial-ictimai həyatımızın bütün sahələrində həyata keçirdiyi strateji islahatlar artıq gerçəkliyə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısında ən böyük xidməti Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, dövlətimizi və dövlətçiliyimizi möhkəmləndirmək olub. Onun lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəb olaraq, xalqımızın yalnız bu günü deyil, işıqlı sabahı üçün də geniş üfüqlər açıb. Biz hələ sağlığında əfsanələşən Heydər Əliyevin böyüklüyünü zaman keçdikcə daha çox hiss edəcəyik. Ümummilli liderin Vətənimiz, xalqımız üçün gördüyü misilsiz işləri hər zaman xatırlamalıyıq. Çünki bizim borcumuz Onun böyük zəhmətlə qurub-yaratdığı Azərbaycan dövlətini daha da inkişaf etdirməkdən ibarətdir ki, bunu da Heydər Əliyev ideyaları ətrafında sıx birləşmədən həyata keçirmək mümkün deyil”.
Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri var. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edib, müstəqil dövlətimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada Ümummilli liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.
Ötən əsrin 90-cı illərində - ölkəmiz üçün olduqca mürəkkəb və gərgin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Ulu öndər respublikada baş alıb gedən xaos və anarxiyaya qısa zaman kəsiyində son qoydu, uğurlu sosial-iqtisadi islahatlar həyata keçirməklə Azərbaycanı dünyanın hərtərəfli inkişaf edən dövlətləri sırasına çıxardı. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olan müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir.
Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin “Aqreqat” İstehsalat Birliyinin əməkdaşı Məzahir Qasımovun fikirlərini xatırlatmaq yerinə düşər: “Ümummilli lider Heydər Əliyev müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub. Onun həyat yolu, xeyirxah əməlləri xalqımızın yaddaşına əbədi həkk olunub. Çünki O, Azərbaycanın ən ağır, məşəqqətli günlərində xilaskar kimi köməyə gəlib, canından artıq sevdiyi doğma xalqına dünya birliyində layiqli yer tutan, möhkəm dövlətçilik təsisatları olan, iqtisadi cəhətdən qüdrətli və dayanıqlı müstəqil bir dövlət bəxş edib. Ümummilli liderin genişmiqyaslı fəaliyyəti ilə bağlı olan 30 ildən artıq bir dövr böyük quruculuq və milli dirçəliş illəri kimi Azərbaycan tarixinə əbədi yazılıb. Heydər Əliyev, sözün əsl mənasında, Vətənin böyük oğlu, lideri, bənzərsiz dövlət xadimi idi. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı. Azərbaycanın bir dövlət kimi siyasətini, iqtisadiyyatını, mədəniyyətini, elmini, təhsilini dünya standartları səviyyəsinə qaldırdı, respublikamıza rəhbərlik etdiyi dövrdə Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa qoymadı. Bir sözlə, Heydər Əliyevin xidmətlərini sadalamaqla qurtarmaq olmaz. Bu böyük şəxsiyyət daim bizim qəlbimizdə yaşayacaq.
Dahi şəxsiyyət Heydər Əliyevin iqtisadi islahatlar irsini araşdıran mütəxəssislər yazırlar ki, Azərbaycanın yeni inkişaf modelində Ulu öndərin neft strategiyası mühüm rol oynayıb. Bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, bu strategiya 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə reallaşmağa başladı. Dahi şəxsiyyətin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu”.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin şöbə rəisi Xalid Səfərəliyev Ulu öndərin yeni neft strategiyasının əhəmiyyətini vurğulayaraq deyib: “Əsrin müqaviləsi” ilə Azərbaycana sərmayə axını başladı. Bütün sahələrdə islahatlar vüsət götürdü, ölkədə yeni sənaye müəssisələri yaradıldı. Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. Neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi ilə nəticələndi. Mənim çalışdığım “Azərbaycan Dəmir Yolları” da yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan ölkənin daxili polad magistralının yenidən qurulması ilə yanaşı, Qərb ilə Şərqi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihənin təşəbbüsçüsü oldu. Bu beynəlxalq layihənin reallaşdırılması ölkəmizin tranzit əhəmiyyətini daha da artıracaq. Azərbaycan təkcə bu layihənin deyil, bir çox beynəlxalq layihələrin müəllifidir. Bu, Ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Ölkənin iqtisadi müstəqilliyi siyasi islahatlarla möhkəmləndirilməli idi. Bu mənada Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaradıb. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilib, siyasi plüralizm, söz, mətbuat, vicdan azadlığı bərqərar olub”.
Anım günündə Ulu öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəkər Məmmədova deyib: “Ulu öndər Heydər Əliyev Azərbaycanda sivil, demokratik, hüquqi dövlətin banisi və qurucusu kimi hər bir azərbaycanlının qəlbində əbədi məskən salıb. Demokratik dövlət quruculuğu istiqamətində Heydər Əliyevin ən mühüm addımlarından biri də o oldu ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələr, mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələri gündən-günə möhkəmləndi. Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçildi və bu quruma 2 dəfə uğurla sədrlik etdi. Azərbaycan ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq edir. Heydər Əliyevin Azərbaycan üçün etdikləri o qədərdir ki, onları bir neçə cümlədə ifadə etmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycan durduqca xatırlanacaq. Heydər Əliyev bütün dünya azərbaycanlılarının qəlbində silinməz iz buraxıb”.
Gün ərzində insanların Fəxri xiyabana axını davam edirdi. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirdilər. Onlar fəxr edirlər ki, Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir, Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində artıq müstəqil dövlətimiz, sosial-iqtisadi sabitliyimiz və dinamik inkişaf edən iqtisadiyyatımız vardır. Xalqımız əmindir ki, Ulu öndərimizin quruculuq xətti bundan sonra da uğurla davam etdiriləcək, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunacaq, əhalinin rifahı daha da yaxşılaşacaq.

Paylaş:
Baxılıb: 689 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31