Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın bəzi təşkilatları Azərbaycanı güclü görmək istəmir

Avropanın bəzi təşkilatları Azərbaycanı güclü görmək istəmir

29.11.2014 [11:36]

Millət vəkilləri ölkəmizə qarşı əsassız tənqidlərə etiraz ediblər
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri Avropa Parlamentinin sədri Martin Şultsa və son vaxtlar Azərbaycana qarşı olan əsassız tənqidlərə etiraz ediblər. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Avropa Parlamentinin sədri Martin Şultsun qurumun noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında ölkəmizlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O.Əsədov deyib ki, belə adamlar Azərbaycandakı hadisələrə dərhal mənfi münasibət bildirmək əvəzinə, ilk növbədə, öz ölkələrində cərəyan edən proseslərə baxsınlar: “Avropa İttifaqı ölkələrindəki diskriminasiya hallarını, miqrantlara qarşı mənfi münasibəti, eyni zamanda, başqa dövlətlərdə polislərin qəddarlığını görsünlər. Onlar açıq yalan danışmaqla məşğuldurlar. Biz hər dəfə çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq. Deputatlarımız bu qurumun iclaslarında tam sayda iştirak edirlər. Onlardan isə toplantılara 2-3 nəfər qatılır. Biz necə münasibətlə üzləşiriksə, qarşılığında da o cür münasibət göstərməliyik”.
Vitse-spiker Bahar Muradova isə bildirib ki, bu məsələlərlə əlaqədar qarşı tərəfə suallar ünvanlansa da, həmin suallar cavabsız qalır: “Görünür, bundan sonra da suallara cavab almayacağıq. Ona görə də, ölkə içində məsələlərlə məşğul olmaq lazımdır ki, dövlət, ordu və xalqın birliyi nəticəsində biz bu təzyiqlərin qarşısında dayanaq. Bu təzyiqlərin səbəbləri bəllidir və müəyyən hədəflərə ünvanlanıb. Bu hədəflərin yolunda Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması onlar üçün müəyyən məhdudiyyətlər yaradır. Bunu aradan qaldırmaq istəyirlər. Bizim vəzifəmiz isə doğru yolumuzu davam etmək və kimə məhdudiyyət yaratmağımızdan asılı olmayaraq sona qədər müqavimət gücümüzü formalaşdırmağımız olmalıdır. Avropa qurumlarından bəzən belə fikirlər səslənir ki, Azərbaycanda onların azadlıqda bir nəfər tərəfdaşı qalmayıb. Mənə maraqlıdır ki, onların tərəfdaşları yalnız Leyla Yunus, ya onun kimi müəyyən məqsədlərə xidmət edən 3-5 nəfərdir, yoxsa Azərbaycandır? Tərəfdaş olaraq biz konkret şəxşləri deyil, Avropa İttifaqını görürük. Ona görə də, biz öz tərəfdaşlıq öhdəliklərimizə sadiqik. Amma onlar üçün Azərbaycan deyəndə, 3-5 nəfər gözlərinin önünə gəlirsə, bunu ədalətli tərəfdaşlıq hesab etmirik. Yaxşı olardı ki, onlar tərəfdaşlıqla bağlı mövqelərini sərf-nəzər etsinlər və həqiqətən Azərbaycanı tərəfdaş qismində görürlərsə, buna uyğun mövqe sərgiləsinlər. Yox, həbsdə olan bir neçə nəfərlə tərəfdaşlıqları bitirsə, biz də öz işimizi bilməliyik və mövqeyimizi açıq şəkildə ifadə etməliyik”.
Vitse-spiker qeyd edib ki, Azərbaycanda hər bir vətəndaş qanun qarşısında bərabərdir. Onun sözlərinə görə, hər kəs törətdiyi əmələ görə məsuliyyətini daşımalıdır: “Ən böyük cinayət dövlətə xəyanət etmək və onun maraqlarını satmaqdır. Kimsə hesab edirsə ki, dövlətin mənafeyini satıb həyatını sürəcək, bu xəyanəti biz ona bağışlamayacağıq. Hesab edirəm ki, biz parlament olaraq öz mövqeyimizdə ardıcıl olmalıyıq, Avropa İttifaqı, onun müvafiq qurumları ilə əlaqələrimizə dövlətimizin maraqları baxımından yanaşmalıyıq və müstəqil siyasi iradə sahibi olan ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik”.
Spiker Oqtay Əsədov isə bildirib ki, mötəbər saydığımız beynəlxalq təşkilatların mötəbərliyi artıq qalmayıb: “Çünki onlar artıq müstəqil deyillər. Bu “mötəbər” təşkilatlara bel bağlamaq olmaz, onların mötəbərliyi bir xəttə qədərdir. Onlara bel bağlayan belsiz qalar. Avronest, Avropa Parlamentinin adı var, ciddi bir fəaliyyətləri yoxdur. Onlar Azərbaycana təzyiq göstərməyə çalışırlar. Bunun da səbəbləri dərindir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, həmin təşkilatların böyük əksəriyyətinin islah edilməsinə ehtiyac var: “Martin Şultsun bəyanatı tənqid yox, təhqiredicidir. Rəsmi saytlarda Azərbaycan ifadəsi yox, azəri hökuməti ifadəsini işlədib. Azərbaycan “Şərq Tərəfdaşlığı”na qoşulan bəlkə də yeganə ölkədir ki, burada hüququn aliliyi, demokratiya var və insan hüquqlarının qorunması sistemi mövcuddur. Bu bölgədə yeganə ölkədir ki, dövlət içində dövlət deyil. Məşhur Azərbaycan yazıçısı Qurban Səidin “Altunsaç” romanında çox maraqlı epizod var. Türk qızı bir avropalı ilə ailə həyatı qurur. Amma avropalı onun şərəf və ləyaqətini qoruya bilmədiyi üçün qız türk-müsəlman şeyxinə müraciət edir və dərdini onunla bölüşür. Şeyx qıza deyir ki, “avropalılar ola bilsin hansısa müharibədə vətənpərvərlik edib qələbə qazanırlar. Amma onların şəxsi ləyaqət hissi yoxdur”. Bu ifadə həm Martin Şults, həm də Avropa Şurasının baş katibi Yaqlandı xarakterizə edən ən dəqiq ifadədir”.
Ə.Hüseynli bildirib ki, Azərbaycan həmişə real tərəfdaş kimi çıxış edib, müxtəlif qərarlara imza atıb və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz töhfələrini verir: “Amma onlar öz məqsədlərindən əl çəkmək niyyətində deyil. Avropada elə mərkəzlər var ki, erməni lobbisi ilə birgə çalışırlar. Məqsəd də Azərbaycanı güclü görməməkdir. Onların Azərbaycanda hüquq müdafiəçiləri və radikal müxalifət kimi tərəfdaşları var. Bütün bunlara baxmayaraq, biz həmin təşkilatlarla əməkdaşlığımızı davam etdirməliyik. Çünki bu sözlərimizi orda da deyirik”.
İclasda, həmçinin, millət vəkilləri, Zahid Oruc, Bəxtiyar Əliyev, Yevda Abramov, Çingiz Qənizadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev və başqaları çıxış edərək Avropa Parlamentinin sədrinin mövqeyini tənqid ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31