Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Serj Sarkisyanın yalanları: dünyanı çaşdırmaq üçün növbəti cəhd

Serj Sarkisyanın yalanları: dünyanı çaşdırmaq üçün növbəti cəhd

12.11.2014 [09:51]

Ermənistanın dövlət başçısı Amerika mətbuatına həm müsahibə verib, həm də məqalə ilə çıxış edib. Qeyri-səmimi fikirlər söyləyən prezident tarixi keçmişlə bağlı faktları təhrif edərək, dünya ictimaiyyətini anti-Türkiyə və anti-Azərbaycan mövqe tutmağa çağırıb. S.Sarkisyanın bunları təsadüfdən etmədiyi məlumdur. Ölkəni olduqca ağır daxili vəziyyətə salmaqla cəmiyyətdə narazılıqları artıran, xarici siyasətdə də müstəqil ola bilməyən rəsmi İrəvan çoxlu sayda çətinliklərlə üzləşməkdədir. Ermənistan prezidenti özünə haqq qazandırmaq üçün başqalarını ittiham edir. Ancaq onun bu cəhdlərinin nəticəsiz qalacağına şübhə yoxdur. Çünki yalanın sonu yoxdur.
Müəmmalı mülahizələr: Serj Sarkisyan öz ampluasında
Ermənistan prezidenti növbəti dəfə siyasətdə təsadüfi adam olduğunu nümayiş etdirib. ABŞ-ın “The New York Times” nəşrinə verdiyi müsahibədə və “The International New York Times”da dərc etdirdiyi məqaləsində başdan-ayağa şər-böhtan və yalan olan fikirlər ifadə edib. Siyasətdə naşı adamları çaşdırmağa hesablanmış müəmmalı mülahizələr reallıqdan çox uzaq bir məzmundadır (bax: Interview with Serzh Sargsyan, President of Armenia / www.armeniainternationalreports.com, 22 oktyabr 2014 və President Serzh Sargsyan’s article in the newspaper International New York Times / www.president.am, 24 sentyabr 2014).
Serj Sarkisyan yenə də Türkiyə və Azərbaycanı hədəfə alıb. O, beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmamaqda ittiham etməkdən çəkinməyib. Erməni lider deyib: “Mən təcavüzkarla təcavüz qurbanı arasında bərabərlik işarəsi qoyan beynəlxalq ictimaiyyətin mövqeyini başa düşə bilmirəm” (bax: Marianna Mkrtçən. Serj Sarqsən: Ə ne ponimaö poziüiö mejdunarodnoqo soobhestva, stavəheqo znak ravenstva mejdu aqressorom i jertvoy aqressii / “Arminfo”, 24 oktyabr 2014).
Bu, çox qəribə və əsassız bir iraddır. Reallıq belədir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. İndi həmin ərazidən çıxmaq fikri də yoxdur. Bəs hansı əsasla demək olar ki, təcavüzün qurbanı Ermənistandır. Beynəlxalq ictimaiyyət, həqiqətən, erməniləri çox müdafiə edib. Rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınsa da, münaqişənin birdəfəlik həlli istiqamətində hansısa konkret addım atılmır. S.Sarkisyan nədən şikayət edir?
Görünür, adını başqasına qoymağa çalışır ki, özünə haqq qazandırsın. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin çox gərgin fəaliyyəti, həqiqətləri dünyaya çatdırmaq qabiliyyəti rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. İnformasiya savaşında uduzduğunu hiss edən S.Sarkisyan ağ yalanlara keçib.
S.Sarkisyan Prezident İlham Əliyevin siyasətində “Tvitter diplomatiyası”nın əlamətlərini tapmağa çalışır. Əgər bu insan müasir dövrdə “Tvitter” sosial şəbəkəsi vasitəsi ilə ciddi beynəlxalq məsələlərin həll edilməsinin mümkünlüyünə inanırsa, onda o, ən azından siyasi cəhətdən sadəlövhdür. Çünki “Tvitter”də yalnız real diplomatiya, ciddi düşünülmüş siyasi kurs, gərgin fəaliyyət nəticəsində gəlinən bəzi nəticələr ifadə oluna bilər. Ondan həqiqəti demək üçün də istifadə etmək mümkündür. Lakin bu, köməkçi vasitədən başqa bir şey deyildir.
Maraqlıdır ki, erməni lider bu kimi səthi mülahizələrin sərhədini aşa bilmir. Onun tam əsassız olduğunu bir danılmaz fakt sübut edir ki, bu da Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsidir! İndi də həmin ərazilərdən qoşunlarını çıxarmaq istəmir. Belə olan halda Azərbaycanın dövlət başçısı hansı dildə təcavüzkarla danışmalıdır?
Bütün bunlara görə S.Sarkisyanın “Azərbaycan Prezidentinin davakar ritorikası” ifadəsi tam sünidir. Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün zəruri olan bütün addımları atmağa hazır olduğunu bildirib. Ermənistan rəhbəri bunun reallaşacağını anlayır və bu səbəbdən də işğal faktını deyil, onu aradan qaldırmağa istiqamətlənmiş addımları mənfi aspektdə təqdim etməyə çalışır. Təbii ki, dünya ictimaiyyətini bu cür bəsit tezislərlə çaşdırmaq mümkün deyil.
Deməli, Ermənistan prezidentini qorxudan uzun illərdir gizlətdikləri həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycanın dövlət başçısı bu istiqamətdə olduqca təsirli işlər görür, Azərbaycanın haqlı olduğunu sübuta yetirir. Erməni terroru nəticəsində kütləvi surətdə dinc sakinlərin həyatdan məhrum edilməsinin bəşəriyyət üçün bir ləkə olduğuna “Tvitter” vasitəsi ilə milyonlarla oxucusunu inandıra bilir. Bununla da Ermənistanın əsl siması üzə çıxır və onun fonunda Azərbaycan dövlətinin sülhsevər obrazı formalaşır.
Qonşulara atılan böhtan: tarixi riyakarlıq davam edir
Bunlardan əlavə, İrəvan Azərbaycanın dövlət kimi inkişafını, ordusunun daha da güclənməsini və müstəqil xarici siyasət yeritməsini həzm etmək iqtidarında deyil. Buna qarşı əsaslı arqument tapa bilmədiyindən şər və böhtandan başqa yol qalmır. S.Sarkisyanın bu xisləti qondarma “erməni soyqırımı” məsələsində də qabarıq surətdə özünü göstərir. O, “The New York Times” qəzetinə verdiyi müsahibədə Türkiyəni çox kəskin ittiham edir. Ermənistanın dövlət başçısının məqsədi aydındır - “soyqırımı”nın ildönümü ərəfəsi ABŞ mətbuatından istifadə edərək bir daha özlərinin məzlum xalq obrazını yaradıb bundan təbliğat yolu ilə yararlanmaq. S.Sarkisyan utanmadan deyir ki, Ermənistan soyqırımlarının baş verməməsi üçün əlindən gələni edir. Bunun üçün İrəvan artıq baş vermiş soyqırımlarının tanınmasını əsas şərtlərdən biri sayır (bax: Interview with Serzh Sargsyan, President of Armenia / www.armeniainternationalreports.com, 22 oktyabr 2014).
Guya Ermənistan, ümumiyyətlə, kütləvi insan qətllərinin əleyhinədir, onun soyqırımlarının tanınması istiqamətində gördüyü işlər isə bütövlükdə insanlıq naminədir. Əsl həqiqətdə ermənilərin kim olduqlarını sübuta yetirən minlərlə faktlar vardır. Təkcə Xocalını xatırlatmaq yetər. Xocalı soyqırımını ermənilər görünməmiş vəhşiliklə törədiblər. İndi Ermənistan prezidenti ağ yalan danışaraq, Azərbaycanı uşaq bağçalarını, məktəbləri, dinc sakinləri atəşə tutmaqda ittiham edir.
Bu dərəcədə riyakarlıq insanı çox təəccübləndirir. Belə hərəkətlərlə S.Sarkisyan diplomatiya sahəsindəki uğursuzluqlarını ört-basdır etməyə çalışır. Digər tərəfdən, o, ölkədə daxili vəziyyətin ağırlaşması səbəbindən əhalinin diqqətini başqa istiqamətə yönəltməyə cəhd edir. O cümlədən, Ermənistan prezidenti müsahibəsində “soyqırımı” nağılı üzərində də çox dayanıb.
S.Sarkisyan bu məsələdə beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını qeyd edib. Keçən əsrin əvvəllərində baş vermiş hadisələrə yanlış məzmun verməklə prezident onları bu günün aktual probleminə çevirməyə çalışır. Bununla aşağıdakı iki məqsədin güdüldüyünü düşünürük: birincisi, dünyanın diqqətini ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməsindən yayındırmaq, ikincisi, özünün qurban obrazını yaratmaqla xarici qüvvələrin dəstəyinə nail olmaq.
Ermənistan rəhbəri deyir: “Keçmişin cinayətləri lazımi qiymətini almayınca tarix təkrar olunacaq” (bax: Armənskiy narod neset isklöçitelğnuö missiö po predotvraheniö povtoreniə qenoüidov - Serj Sarqsən / Tert.am, 23 oktyabr 2014). Doğrudur, erməni terroru haqqında beynəlxalq aləmin tam təsəvvürü olmalıdır.
Uzun illərdir bu barədə Azərbaycan bütün səviyyələrdə konkret faktlarla çıxış edir. Təəssüf ki, hələlik lazımi dərəcədə reaksiya yoxdur. S.Sarkisyan da bu məqamdan istifadə edərək 90 il bundan əvvəl, guya, baş vermiş hadisələri həqiqət kimi dünyaya sırımağa çalışır.
Əslində, erməni liderin həm müsahibəsi, həm də məqaləsi köhnə mahnının təkrarıdır. Onun yeni bir şey deməyə sözü də yoxdur. S.Sarkisyan fürsətdən istifadə edərək Ermənistanın beynəlxalq aləmdə getdikcə minimuma enən nüfuzunu xilas etməyə çalışır. Bu kontekstdə onun Amerikada ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasının səbəblərini izah etməyə çalışmasını vurğulamaq olar. O, İrəvanın bu addımı Qərblə olan münasibətlərinin hesabına atmadığını deyib (bax: Interview with Serzh Sargsyan, President of Armenia/ www.armeniainternationalreports.com, 22 oktyabr 2014).
Bu məsələdə də S.Sarkisyanın uğursuz manevr etdiyi aydın görünür. Çünki hər kəs bilir ki, Aİİ-yə üzvlük ilk növbədə geosiyasi seçimdir. Bununla Ermənistan Avropa strukturlarına inteqrasiya olunmaq məsələsini “böyük qardaş”ın ixtiyarına vermiş olur. Çox güman ki, ABŞ-da bunları daha yaxşı dərk edirlər.
Beləliklə, Ermənistan prezidentinin növbəti dəfə dünyaya yalanlar sırımaq istədiyi aydın görünür. Onun bu cəhdi də əvvəlkilər kimi nəticəsiz qalmaqdadır. Bununla yanaşı, dünyanın böyük dövlətlərinin də ədalətli olması və yalanı həqiqətdən ayırması gərəkdir.
Newtimes.az

Paylaş:
Baxılıb: 708 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31