/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub
18.06.2014 [10:01]
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində iyunun 15-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əvvəlcə burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb.
“ELPİDA” Dostluq Assosiasiyası 1990-cı ildə yaradılıb. Yunan cəmiyyətində böyük nüfuz qazanan bu assosiasiyanı insanlara ən çox sevdirən məhz xərçəng xəstəliyinə tutulan uşaqlara xüsusi qayğı göstərməsi olub.
Mərasim “ELPİDA”nın fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə davam etdirilib.
Assosiasiyanın prezidenti Marianna Vardinoyannis çıxış edərək Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı “ELPİDA”da görməkdən məmnun olduğunu bildirib. O, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib.
“ELPİDA”nın layihələrindən danışan Marianna Vardinoyannis assosiasiyanın ötən dövrdəki fəaliyyətinə nəzər salıb, Heydər Əliyev Fondu ilə əlaqələrinə toxunub, Bakıda Talassemiya Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
Sonra Marianna Vardinoyannis “ELPİDA” mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib: “Hörmətli Marianna.
Əziz uşaqlar, əziz dostlar.
Bu gün sizin gözəl ölkənizdə yenidən olmağıma çox şadam. Biz ölkələrimiz - Azərbaycan ilə Yunanıstan arasında ildən-ilə güclənən, qarşılıqlı faydaya, tərəfdaşlığa və hörmətə əsaslanan əlaqələrdən fərəh hissi duyuruq. Bu cür sıx münasibətlər bir çox sahələri - siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edir. Ümidvaram ki, Azərbaycan Prezidentinin səfəri əməkdaşlığımızı dərinləşdirəcək və genişləndirəcəkdir.
Mən “ELPİDA” Assosiasiyasına ilk dəfə 5 il öncə səfər etdim. Həmin vaxt əldə etdiyiniz bütün nailiyyətlər mənə böyük təəssürat bağışladı. Həyata keçirdiyiniz bu nəcib missiyanızda sizə minnətdarlığımı bildirmək istərdim.
Əziz dostum Marianna ilə ilk dəfə UNESCO-ya xoşməramlı səfir təyin edildikdən sonra tanış oldum. Həmin vaxtdan etibarən biz yaxın dostlara çevrildik. Onu da deyim ki, bizi yalnız dostluq deyil, həm də ideallar birləşdirir. Təşkilatlarımız - “ELPİDA” və Heydər Əliyev Fondu ehtiyacı olan insanlara yardımı prioritet hesab edir.
Mariannanın qeyd etdiyi kimi, Heydər Əliyev Fondu da sosial, mədəni və təhsil sahələrində bir çox layihələr həyata keçirir.
Yunanca “ELPİDA” “ümid” deməkdir. Bütün bu binaları - xərçəngdən əziyyət çəkən uşaqlar üçün çox müasir xəstəxana, onların valideynləri üçün qonaq evi və ən yaxşı avadanlıqla təchiz edilmiş, olduqca peşəkar həkimlərdən ibarət bölməni gördükdən sonra deyə bilərik ki, bu məkan uşaqlar və onların valideynləri üçün əsl ümid yeridir.
Həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox xeyirxah işdir. Burada siz nəinki yüksək texnologiya əsasında tibbi müalicə aparırsınız, o cümlədən xüsusi mühit yaradırsınız. Bu, böyük qayğı, məhəbbət və dəstək mühitidir. Uşaqları qəlbinizdə saxlayırsınız. Bu uşaqlar hər hansı digər uşaqlar kimi oynamağı, gəzməyi və dostları ilə birgə olmağı sevirlər. Siz isə onları heç zaman təklikdə qoymayan insanlarsınız. Fəaliyyətiniz böyük təşəkkürlərə layiqdir. Çox sağ olun.
Sonda mən hörmətli Mariannaya, “ELPİDA” Assosiasiyasının bütün üzvlərinə bu mükafata görə təşəkkürümü bildirirəm. Bu mükafatı Heydər Əliyev Fondunun səhiyyə sahəsində apardığı fəaliyyətin yüksək qiymətləndirilməsi kimi qəbul edirəm. Məqsədlərimiz eyni olaraq qalır: ehtiyacı olan insanlara hər zaman kömək etmək.
Əminəm ki, biz bu məramı uşaqlarımız üçün davam etdirəcəyik. Çünki insanlar gələcəyə ümidlə yaşayır. Gələcək isə uşaqlarsız mümkün deyildir.
Mən bir daha göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. Bütün gələcək təşəbbüslərinizdə sizə uğurlar arzulamaq istəyirəm. Sizə ən böyük uğurlar diləyirəm. Çox sağ olun.
Sizin hamınızı 2015-ci ildə paytaxt şəhərimiz Bakıya - ilk Avropa Oyunlarına dəvət edirəm”.
* * *
Daha sonra Mehriban Əliyeva öz adı yazılmış ulduzu “ELPİDA”nı ziyarət edən görkəmli şəxslərin adları olan lövhəyə vurub.
Sonra Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun hədiyyələrini uşaqlara təqdim edib.
Ötən dövrdə bir çox uğurlu layihələr həyata keçirən “ELPİDA” bu sahədə model tibb bölməsinin yaradılmasına nail olub, sümük iliyi nəqli, uşaqlarda müxtəlif şişlərin, talassemiya və digər irsi xəstəliklərin müalicəsi istiqamətində mühüm irəliləyişlər əldə edib, ixtisaslaşmış uşaq xəstəxanası açıb. Ən əsası isə “ELPİDA” ölkədə və dünyada xərçəng xəstəsi olan uşaqların cəmiyyətdə sosial təcridinin aradan qaldırılması kimi mühüm problemin həllinə güclü dəstək verib. Hazırda “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqlara diqqət və qayğını beynəlxalq səviyyədə təbliğ edir, bununla bağlı simpozium və konfranslar keçirir. Bundan əlavə, “ELPİDA”nın xətti ilə müxtəlif vaxtlarda dünyanın bir çox bölgələrinə, xüsusilə də Balkan regionuna humanitar yardımlar göstərilib.
* * *
Sonra Akropol Muzeyinə gələn Mehriban Əliyeva və Marianna Vardinoyannis burada nümayiş etdirilən tarixi eksponatlara baxıblar.
Məlumat verilib ki, Akropol ətrafında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatların nümayiş etdirildiyi muzey dünya memarlığının və incəsənətinin nadir inciləri ilə zəngindir və bura turistlərin ən çox sevdiyi yerdir.
* * *
Daha sonra UNESCO-nun xoşməramlı səfirləri Mehriban Əliyeva və Marianna Vardinoyannis birlikdə nahar ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28

