Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Ağcabədi pambıqçısı”ndan “Aran”a gedən YOL

“Ağcabədi pambıqçısı”ndan “Aran”a gedən YOL

09.09.2022 [10:52]

90 illiyin astanasında...

Bölgələrdəki qəzetlər vətənin bir parçasının canlı salnaməsidir. Çünki heç bir kütləvi informasiya vasitəsi əhatə etdiyi rayonun mənzərəsini yerli qəzet qədər canlandırmaq imkanına malik deyil. Bu baxımdan əyalət qəzeti hər bir rayonun tarixini, ictimai-siyasi durumunu öz səhifələrində yaşatmaqdadır. Bu baxımdan paytaxtdan kənarda fəaliyyət göstərən mətbuat orqanlarının hazırkı vəziyyəti, perspektivləri, fəaliyyət mexanizmi maraq kəsb edir.

Əyalət qəzetlərindən söz düşmüşkən, müsahibimiz Azərbaycanın qocaman mətbuat orqanlarından biri, Ağcabədidə nəşr olunan “Aran” qəzetinin redaktoru Məhsəti Musadır. Məhsəti xanımla bölgələrdə nəşr olunan qəzetlərin durumu, inkişaf istiqamətləri, maddi vəziyyəti, rayonlarda çap mətbuatına marağın olub-olmaması barədə söhbətləşdik...

- “Aran” qəzeti, onun yaranma tarixi barədə bir az danışardınız...

- Aran qəzeti 1932-ci ildə “Ağcabədi pambıqçısı” adı ilə fəaliyyətə başlayıb. 1966-1990-cı illərdə “Sürət” adı ilə nəşr edilib və nəhayət  1990-cı ildən etibarən  “Aran” adı ilə çap olunur. Bu illər ərzində heç də  hər zaman yolu hamar olmayan  qəzet xeyli  çətinliklərdən də keçib.  Bəzən bağlanmaq təhlükəsi ilə də üz-üzə qalıb. Amma görünən budur ki, qəzeti yaşatmağa, ayaqda saxlamağa çalışan peşəkar və vicdanlı jurnalistlər, redaktorlar bunu bacarıblar. Gec-gec, həm də  çox az tirajla çıxsa da, nəşri dayanmayıb. 

“Aran” son zamanlaradək ayda bir dəfə olmaqla 400-500 nüsxə tirajla çap edilib. Amma Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və köməyi ilə 2020-ci ildən başlayaraq qəzet 1500, sonra 2600, 2021-ci ilin iyul ayından etibarən isə 3000  nüsxə tirajla həftədə 2 dəfə çap olunur.

- Bölgələrdə qəzetə maraq necədir?

- Bəllidir ki, təkcə rayon, yaxud ölkə yox, ümumiyyətlə, dünyada elektron media çap mediasını sıxışdırmaqdadır. Amma buna baxmayaraq, hər zaman çap mediasının qorunub saxlanmasının tərəfdarıyam. Çünki qəzetlər həm də bir tarixdir, sənəddir. Arxivdə qalır, illər sonra rahat şəkildə istifadə oluna bilir. Elektron mediaya isə bu qədər güvənmək olmur. Cəmi 10-15 il əvvəl hansısa saytda gedən materialı bu gün axtarıb tapa bilmirik. Ancaq qəzet daim köməyimizə yetir. Lakin ümumilikdə qəzeti oxunaqlı etmək, maraq yaratmaq üçün birinci növbədə səmimi yazılara yer vermək lazımdır. Gündəlik, həftəlik xəbərlərlə yanaşı əhalinin diqqətini çəkən, problemlərinə işıq salan, yaradıcılıqlarını üzə çıxaran, tarixini, mədəniyyətini araşdıran yazılara yer verdikdə, əlbəttə maraq yaranır. Məsələn, qəzetimizdə Vətən müharibəsində igidlik göstərən qəhrəmanlarımız- şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçıları ilə bağlı mütəmadi çap olunan yazılar, müsahibələr təkcə onların yaxınlarının yox, hər kəsin diqqətində idi. Buna görə redaksiyamıza yazan, minnətdarlığını bildirənlər də çox olurdu. Hətta müxtəlif mövzulu yazılarla bağlı haqlı və ya haqsız irad bildirən, adi texniki səhvləri belə diqqətimizə çatdıranlar, bunun üçün zəng vuran, mesaj yazanlar varsa, demək ki, qəzet oxunur, həm də diqqətlə oxunur... Təbii ki, əhalinin hamısına bunu şamil etmək olmaz. Sosial mediadan informasiya almaq daha rahatdır və məlumatın doğru olub - olmamasına baxmayaraq, insanlar sosial şəbəkələrə daha çox meyillidirlər. Amma bu da qəzet oxunmur fikrinə əsas vermir.

 - Ağcabədi ziyalılarının qəzetə münasibəti necədir, dəstək olurlarmı?

- Bir qəzetin yaşaması üçün ziyalılarımızın əsas dəstəyi abunə olmaqdır ki, bundan da şikayətçi deyilik. Əlbəttə, daha çox ola bilər. Amma buna da şükür.

- Həftəlik dərc olunursunuz ?

- Bəli, həftədə iki dəfə.

- Bölgədəki gənclər qəzetə maraq göstərir?

-  Hamısını deməzdim. Əsasən yaradıcı, bir də müxtəlif dövlət işlərində çalışan bir sıra gənclərin qəzetə maraq göstərdiyini hiss etmək olur. Amma “Aran” qəzetinin həm “www.aranqazeti.az” adlı saytı, həm sosial şəbəkə səhifələri var ki, məhz bu vasitələrlə ötürdüyümüz informasiyaya gənclərin də maraqlı olduğunu  aydın görmək mümkündür.

- Qəzetinizdə ən çox hansı xəbərlərə üstünlük verilir?

- Demək olar ki, rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələri, görülən işlər, yeniliklər, keçirilən tədbirlər, mövcud problemlər, o cümlədən Ağcabədinin tanınmış şəxsləri, tarixi, folkloru haqqında araşdırma yazılar, şəhidlərimiz, qazilərimiz haqqında məqalələr, oxucu məktubları üstünlük təşkil edir. Ölkə Prezidentinin çıxışları, səfərləri, müsahibələri ilə bağlı  sakinlərin, ziyalıların fikirləri də mütəmadi olaraq işıqlandırılır.

- Bir az da bölgələrdə qəzet çıxarmağın çətinliklərindən danışaq...

-  Bölgələrdə qəzet çapının kifayət qədər çətinlikləri var. Məsələn, maddi-texniki bazanın zəif olması, kadr çatışmazlığı əsas problemlərdəndir. Misal olaraq redaksiyaya gəldiyim ilk vaxtları xatırladım. Yalnız bir kompüter  və məndən başqa 2 əməkdaş var idi. Qəzetin materialları fleş karta köçürülüb əməkdaşımız tərəfindən başqa rayona aparılırdı, növbə çatanda mətbəədə yığılırdı və çap olunurdu. Kifayət qədər vaxt və pul itkisi idi. Dizaynerin haqqı, yol və  paytaxtdakından daha baha olan  mətbəə xərci... Qəzetin həftədə iki dəfə çap olunacağını da düşünəndə  işin daha da çətinləşəcəyi aydın idi. Qeyd etdiyim kimi, rayon rəhbərliyinin dəstəyi böyük oldu və maddi-texniki baza xeyli yaxşılaşdırıldı. Dizayner də artıq redaksiyanın öz əməkdaşıdır və qəzetlər burada hazırlanıb PDF şəklində  elektron poçtla çapa göndərilir. Bəlkə də müasir dövrdə belə  adi prosesi xüsusi vurğuyla qeyd etməyim  oxuculara qəribə görünər. Amma düşünəndə ki, digər rayonlarımızda əvvəldə qeyd etdiyim vəziyyət davam edir, onların ən adi məsələdə belə nə qədər çətinlik çəkdiyini görmək olar. Kadr çatışmazlığının da səbəbi məhz bölgə qəzetinin  yaşadığı maddi çətinliklərdir. Perspektivli, gənc bir jurnalist, əlbəttə, geriyə yox, irəliyə getmək istəyir. Ali təhsili başa vurandan sonra paytaxtda qaneedici məvacib, imzanın daha tez tanınma imkanı varkən heç kim ürək edib sabahı sual altında olan bölgə mətbuatına üz tutmaq istəmir. Sözüm kimlərinsə xətrinə dəyə bilər. Amma reallıq budur ki, məqaləni hələ də əl ilə, kağız üzərində  yazan, sonra xahiş-minnətlə kiməsə kompüterdə köçürtdürən, müasir texnologiyalardan istifadə edə bilməyən əməkdaşlarla operativlikdən, dəyişiklikdən danışmaq gülüncdür. Yaşlı nəslin təcrübəsindən istifadə etmək hər zaman faydalı olub və bu ənənəni saxlamaq da lazımdır. Amma bununla yanaşı, mətbuatın bu günlə ayaqlaşması üçün gənc və bacarıqlı kadrlara böyük ehtiyac var...

Hazırda Ağcabədidə mətbuata dəstək var və biz bundan yararlanmaqla,  eyni zamanda  gərgin zəhmət hesabına qaranlıqdan çıxmağı, müəyyən qədər  düz yola istiqamət almağı bacardıq. Amma sonra var axı...  Həm də Ağcabədi bütün bölgələr demək deyil. Mən düşünürəm ki,  hər səhifəsi bir tarix olan bölgə mətbuatını dirçəltmək, yaşatmaq üçün müvafiq addımlar atılmalıdır. Etiraf edək ki, heç bir qəzet, jurnal  bir bölgənin tarixini, iqtisadiyyatını, gündəlik həyatını, inkişafını o bölgənin qəzeti kimi ardıcıllıqla işıqlandırmır, salnaməyə çevirmir...

- Youtub kanalınız var?

- 2021-ci ilin noyabrından “Aran Ağcabədi” adlı internet televiziyamız fəaliyyətə başlayıb. Gündəlik xəbərlər, rayonda görülən işlər, keçirilən tədbirlər, sakinlərin müraciətləri əsasında qabardılan problemlər, onların həlli istiqamətində görülən işlər, o cümlədən müxtəlif mövzulu verilişlər izləyicilərimizin böyük marağına səbəb olur.

- Bəs, qəzetinizin maliyyə durumu necədir?

-  Əsas gəlirimiz abunədəndir. Reklamdan söhbət gedə bilməz. Yəni 3-5 reklamla  heç nə etmək mümkün deyil. Bu gün ən adi bir mağaza belə, özünün reklamını təşkil edə bilir. Bir rayonda fəaliyyət göstərən hansısa geyim mağazasının sosial şəbəkədə 7-8 min izləyicisi və onlarla ünsiyyət yaratmaq, sifariş almaq imkanı varsa, o, qəzetə niyə əlavə pul ödəsin ki? Eləcə də böyük şirkətlərin öz reklam şirkətini yaratdığı vaxtda bir bölgə qəzetini reklam hesabına saxlamaq, sadəcə, xəyaldır.

- “Aran” üçün nə kimi gələcək planlarınız var?

- Hələ plan deməyək, arzularımız var... O arzuları həyata keçirməyi planlaşdırandan sonra  bu haqda danışa bilərəm.

- İşçilərinizin sayı nə qədərdir?

- 13 nəfər

- Bu yaxınlarda qəzetinizin yaranmasının 90 ili tamam oldu. Bu barədə bir az danışardınız...

- Bəli, çox şadam ki, qəzetimizin 90 illik yubileyi yüksək səviyyədə qeyd olundu.

“Aran-90” adlı kitab tərtib etdik. Burada qəzetin yarandığı gündən bu günədək olan redaktorlarının, müəyyən əməkdaşlarının haqqında yazılar,  qəzetin keçdiyi yol, arxivdən seçmələr, tanınmış şəxslərin, mətbuat işçilərinin təbrikləri, hazırkı əməkdaşlar, fəaliyyətimizlə bağlı məlumatlar və s. yer alıb. Bununla yanaşı, yubileylə bağlı silsilə tədbirlər, görüşlər, sərgilər təşkil edildi, videoçarxlar hazırlandı. Qəzetin xüsusi buraxılışı çap olundu. İyulun 21-də isə yekun olaraq  ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon ziyalıları ilə yanaşı digər qonaqlar, həmçinin bir sıra mətbuat nümayəndələri də iştirak etdi. Yubiley tədbirində istər Mətbuat Şurası, istər rayon rəhbərliyi, istərsə də digər təşkilatlar tərəfindən  təqdim edilən diplom və fəxri fərmanlar bizə böyük stimul verdi, çəkdiyimiz zəhmətin boşa getmədiyini daha çox hiss etdik.

- Son olaraq oxucularımıza nə demək istərdiniz?

- Oxucularımıza cansağlığı diləyirəm. Nəyi, haradan oxumaq öz işləridir. Amma arzulayıram ki, qəzeti də unutmasınlar...

Söhbətləşdi:

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 427 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31