Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ən çox tənqidə məruz qalan şəxslər deputatlardır

Ən çox tənqidə məruz qalan şəxslər deputatlardır

04.02.2022 [11:14]

Parlamentin hər iclasında çıxış etmək aktiv olmaq anlamına gəlmir

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Müsahibimiz 113 saylı Şəki şəhər seçki dairəsindən parlamentə seçilmiş  deputat Vüqar İskəndərovdur. O, uzun  illər şərq idman növləri ilə məşğul olub, Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil edib, gənclərlə iş sahəsində çalışıb. Hazırda parlamentin hüquq siyasəti və dövlət quruculuğu, gənc­lər və idman komitələrinin, həmçinin Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvüdür.

Bütün sahələrdə gənclərin izləri görünür

- Vüqar bəy, ölkəmizdə gənclər siyasəti sahəsində mühüm addımlar atılır, köklü islahatlar aparılır. Bu prosesləri necə qiymətləndirirsiniz? 

- Deputat seçiləndən sonra gənclərlə mütəmadi görüşümüz olur, eləcə də 15 il gənclər sahəsində idarə rəhbəri kimi çalışmışam. Azərbaycan nadir ölkələrdəndir ki, gənclər siyasətinə bu qədər önəm verir. Hətta Gənclər Gününü BMT bizdən iki il sonra təsis etdi. Bu gün gənclər deputat seçilir, nazir, səfir, agentlik rəhbəri təyin olunurlar. Buna heç kim təəccüblənmir. Çünki bunlar ölkəmizdə gedən proseslərin, islahatların məntiqi davamıdır.

Bu gün bütün sahələrdə gənclərin izləri görünür. Azərbaycan gənci özünün ən şərəfli dövrünü yaşıyır, ona görə ki, bu gün hamı onlardan razıdır. Onlar Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bu inamı doğrultdular. Cənab Prezidentin də dediyi kimi, biz gənclərə inanırıq.

İnsan özü ilə bağlı məsələlərdə obyektiv olmaqda çətinlik çəkir

- Cəmiyyətdə gedən prosesləri yaxından izləyirsiniz, insanların  formalaşma prosesini, düşüncə və davranışlarını necə qiymətləndirirsiniz?

- Adətən insanlar daha çox narazı qalmağı xoşlayırlar. Bir qrup insan isə özündə günah görmədən yaşayır. İnsan özü ilə bağlı məsələlərdə obyektiv olmaqda çətinlik çəkir. Məsələn, olur ki, kimsə mənə qarşı mənfi yanaşır, ancaq yenə də insanları sevirəm. Hətta yalan danışdığını bilsəm də, münasibətim dəyişmir, bu, məndən asılı olan bir hal deyil, insanlara qarşı kin saxlaya bilmirəm. Çünki həyat bir-birimizə kin saxlamaq üçün o qədər də uzun deyil. Düşünün ki, hər şey var, ancaq insan yoxdur. Hər şey insanla bağlıdır. Hamı adam kimi doğulur, ancaq insan kimi ölə bilmir. Dünya insan adamların çiynindədir. İnsan ömrü çox qısadır, həyatımızın günəşi batmağa başlayanda düşünürsən ki, gərək bunu və ya digər məsələni etməyəydim.

Günümün əsas hissəsi...

- Gününüzü necə keçirirsiniz?

- Vaxtım olursa, parlamentdə, iş yerimdə oluram. Çünki günümün əsas hissəsi tədbirlərdə, seçicilərin problemlərini həll etməklə keçir. Səhərdən axşama qədər bu işlərlə məşğul oluram. Axşam da vaxt qalsa, dostlarla görüşürük. Bəzən buna da vaxt qalmır, işdən sonra da ayrı-ayrı seçicilərlə görüşlərimiz olur.

İşlərin ağırlığı səbəbindən...

- Peşəkar idmançı olmusunuz, hazırda idmana nə qədər vaxt ayıra bilirsiniz? 

- Açığı, pandemiya olduğu üçün bir müddət idmana ara verdim, hazırda işlərin ağırlığı səbəbindən evdə məşğul oluram.

Düşüncə tələb etdiyinə görə...

- Şahmatla məşğul olursunuz?

- Daha çox fiziki idman növləri ilə məşğul oluram. Düşüncə tələb etdiyinə görə, şahmata ayıracağım zamanda yazı yazmaqla məşğul oluram.

12 musiqi alətində sərbəst ifa edirəm

- İncəsənətlə dostsunuzmu?

- 12 musiqi alətində sərbəst ifa edirəm. Hətta mahnı da oxuyuram. Dostlarımın dediyinə görə, peşəkara yaxın ifa edirəm. 5 illik tar məktəbini də fərqlənmə ilə bitirmişəm.

Deputat seçilməyənlər arasında layiqli insanlar çox olub

- Niyə deputatların fəaliyyətindən daha çox şəxsi həyatları müzakirəyə çevrilir?

- Bu, dünyanın hər yerində belədir. Xarici ölkələrdə deputatların fəaliyyəti ilə bağlı şou proqramlarında elə ifadələr səsləndirilir ki, biz onları belə halda məhkəməyə verərdik. İnsanlar düşünür ki, bunları biz seçmişik və nəzarətdə saxlamalıyıq. Seçilən şəxslə yanaşı, seçilməyən, hətta namizədliyi qeydə alınmayan adamlar olur. Onların özləri və ətrafındakı adamlarda avtomatik həmin dairədən seçilən deputata qarşı bir fikir yaranır. Niyə o seçildi? Beləcə, hamıda olmasa da, bir qrup insanlar seçilən şəxsdən narazı kimi qalır. Onlar seçilən şəxsə qarşı tələbkar olurlar.

Digər məsələ də var. Bilirik ki, hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ vardır. Bəzi insanlar da düşünür ki, niyə mən seçilmədim. Əvvəlcə həmin insanlar tələb edilən digər kriteriyalara uyğunluq dərəcələrini nəzərə almalıdırlar. Yəni arzuları ilə bilik və bacarıqları üst-üstə düşməlidir. Hamı hər yerdə ola bilməz. Bunu da deməyi borc bilirəm ki, seçilməyənlər arasında layiqli insanlar çox olub. Nəzərə almalıyıq ki, parlamentdə deputatlar üçün 125 yer ayrılıb. Digər məsələ də deputatın digər dövlət qurumlarında çalışanlara nisbətən daha çox əlçatan olmağındadır. Hətta çox vaxt  həmin adamların yerinə  deputatlar məsələlərə aydınlıq gətirirlər. Buna baxmayaraq, yenə də ən çox tənqidə məruz qalan şəxslər də deputatlardır. 

Narahat olmasınlar

- Sosial media haqqında qanun layihəsinin təklif edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı, vətəndaşlar müəyyən məhdudiyyətlərin tətbiq olunmasından narahatdırlar. Bu qanunda nələr öz əksini tapacaq?

- İnsanlar bu qanundan narahat olmasınlar. Burada hər hansı bir məhdudiyyətlərdən söhbət gedə bilməz. Sadəcə, cəmiyyətin özünün də tələb etdiyi kimi sosial şəbəkələrdə baş alıb gedən özbaşınalığa son qoyulacaq. Bu kimi qanunlar insanların formalaşmasında yardımçı rolunu oynayır. Bu yolla digər insanların həyatına bezdirici müdaxilələr edənlər də qanunlara tabe olacaq. Ümumi olaraq düşünürəm ki, sosial mediada normal fəaliyyət göstərən adamlar narahat olmasınlar. Kim ki orada qanundankənar fəaliyyətlə məşğul olur, qanun onlara tətbiq olunacaq. Heç kimin kimisə təhqir etməyə haqqı yoxdur. Tənqid mədəniyyəti çox vacibdir.

Bu gün insanlar sosial şəbəkələrdə bloklanmadan şikayət edirlər, işimiz profillərdəki paylaşımlara nöqtə, vergül qoymaqdır. Bu qanundan sonra sosial şəbəkə rəhbərlikləri istədikləri vaxt profilləri bloklaya bilməyəcəklər. Sadəcə, sosial şəbəkələrdən düzgün istifadə etmək lazımdır. Sosial şəbəkələr bıçaqdır, kim necə istifadə edirsə, nəticəsi də o istiqamətdə olacaq. Yəni bıçaq qatilin əlində ölümcül silaha, həkimin əlində isə xilasedici bir məfhuma çevrilir. Baxır, bu platformalardan kim necə istifadə edir.

Vətəndaş sualları:

- Milli Məclisdə boş qalan 6 yerə əlavə və ya təkrar seçkilər nə vaxt keçiriləcək?

- MSK-nın sədri Məzahir Pənahov açıqlamasında bu məsələyə toxundu. Büdcə təyin olunan zaman seçkilərə maliyyə ayrılmışdı. Ona görə də seçkilər bu il keçirilə bilər, ancaq tarixi məlum deyil.

- Şəkidə hansı yeniliklər var, yeni layihələr nəzərdə tutulubmu?

- Şəki Azərbaycanın tarixi məkanlarından biridir. 2008-ci ildən YUNES?O ilə əməkdaşlıq edir. 2016-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. 2019-cu ildə Şəki şəhərində yerləşən “Xan sarayı” YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Həm də Şəki yeganə şəhərimizdir ki, tarixi şəhərlər liqasında Azərbaycanı təmsil edir.

Parlamentə seçiləndən sonra bizim əsas işlərimiz seçicilərlə hər ay 1-2 dəfə görüş keçirmək, seçildiyimiz ərazilərdə şəhid ailələrini, qaziləri ziyarət etmək, onların problemlərini dinləmək, problemlərin həlli istiqamətində müvafiq orqanlara müraciət etməkdir. Çalışırıq ki, deputat səlahiyyətlərindən faydalı işlər üçün istifadə edək. İş adamlarının köməyi ilə 4 şəhid uşağını 18 yaşına qədər himayəyə götürmüşük. Bunu çox səsləndirməyi sevmirəm.  Ancaq istərdim ki, digər iş adamları da nümunə olsun. Biz hər birimiz dövlətin bu sahədə gördüyü işlərin yanında olmalıyıq.

Şəkidə su-kanalizasiya, çayların istinad divarları, yol və s. məsələləri var ki, onları parlamentdə qaldırırıq və həllinə nail oluruq. Şəhərin 30 ilə yaxın qaz olmayan ərazisində qazın çəkilməsi işlərinə nail olmuşuq, proseslər hazırda davam edir. Fərdi olaraq hər bir insanla işləyirik. Sosial şəbəkə hesablarını özüm işlədirəm, xüsusilə də “Facebook”, “Instagram” və “Whatsapp” vasitəsilə seçicilərim şəxsən mənimlə əlaqə saxlayırlar.

- Əlilliyi olan şəxslər üçün işə qəbul prosesi necə aparılır?

 - Ümumiyyətlə, fiziki məhdudiyyəti olan insanların işə götürülməsi ilə bağlı inklüziv təhsil və kvota prosesləri tətbiq olunur. Bu kateqoriyadan olan insanların çalışması üçün dövlət tərəfindən şərait yaradılır. Onlar da hər zaman kiməsə möhtac qalmadan özləri nəsə etmək istəyirlər. Fiziki məhdudiyyətli insanların əzminə heyran qalıram.

- Aktiv deputatlardan birisiniz. Milli Məclisin plenar iclaslarında mütəmadi çıxış etməmənin səbəbi nədir?

- Bir gün əvvəl iki televiziya, 11 yazılı media orqanında açıqlamalarım, yazılarım yayımlanıb. Bu statistikanı hər gün və hər ay aparırıq. Parlamentin hər iclasında çıxış etmək aktiv olmaq anlamına gəlmir. Elə deputatlar var ki, iclaslarda çox az çıxış edir, ancaq seçicilərlə daha sıx əlaqədə olur, yaxud iclaslarda çıxış etmir, lakin media orqanlarında davamlı müsahibələri yayımlanır. Komitə iclaslarında mütəmadi çıxış edirəm, əsas fikirlərimi təkliflərimi orada bildirirəm. Hər iclasda danışan deputatlardan deyiləm. Ancaq plenar iclaslarda elə çıxışlarım var ki, bir ay boyunca efirlərdə və mediada gündəmdə qalıb. İclaslarda çıxış etmək xətrinə fikir bildirən deputat deyiləm. 

- “Mən də böyüyəndə deputat olmaq istəyirəm”, - deyən uşaqlara nə cavab verərdiniz?

- Fikirlərimiz materiyaya, hadisəyə dönür. Özünəinam olmalıdır, “niyə o uğur qazandı” deyə yox, “niyə mən də olmayım” deyə düşünməliyik. Bu prinsiplə yaşasan, mütləq hədəfə çatacaqsan. Çünki fikirlərimizin hər biri hadisəyə dönür. İnsan anlamalıdır ki, həyatında baş verən hadisələrin bir çoxunu öz düşüncələri yaradır. Elm də bunu sübut edir. Nəyi istəyirsənsə, onu qarşına hədəf kimi qoymalısan.

- Vətən müharibəsi veteranlarının təhsil haqqından azad olunması, yaxud güzəştlərlə bağlı qanun qəbul oluna bilərmi?

- Yaz sessiyasında “Təhsil haqqında qanun” müzakirə olunacaq. Bu, çox mütərəqqi bir qanundur. Qanunlar Quran ayəsi deyil, zamanın tələbinə uyğun olaraq dəyişir. Parlamentin də vəzifəsi odur ki, yeni günün tələbinə uyğun olaraq qanunları təkmilləşdirsin. Vətəndaşın fikri ilə mən də razıyam, həmin insanlara bir çox sahələrdə güzəştlər var, bu məsələdə də tətbiq olunmalıdır.

Paylaş:
Baxılıb: 952 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30