Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev fəaliyyətinin ilk günündən etibarən Azərbaycanı dəyişdirməyə, inkişaf etdirməyə başladı

Ulu öndər Heydər Əliyev fəaliyyətinin ilk günündən etibarən Azərbaycanı dəyişdirməyə, inkişaf etdirməyə başladı

19.01.2010 [08:49]

Telman Kazımov: Mən tam əminəm ki, ümummilli liderimiz Heydər Əliyev gələcəyi görürdü, bütün addımları da məhz bu günümüzü yaratmağa xidmət edirdi
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. 1993-2003-cü illərdə də öz tarixi missiyasını yerinə yetirən Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin həqiqi memarına çevrilmişdir.
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə “Azqur” Açıq Səhmdar Cəmiyyətinin sədri Telman Kazımovdur:
- Telman müəllim, ilk olaraq, istərdik ki, söhbətə ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşünüz haqqında təəssüratlarınızla başlayaq. Sizin, Ulu öndərlə ilk tanışlığınız necə olub?
- 1970-ci illərin əvvəllərində mən “Santexquraşdırma” trestinin Bakı Quraşdırma İdarəsinin rəisi işləyirdim. Bizim əsas fəaliyyətimiz Bakı, Sumqayıt və Gəncə kimi sənaye şəhərlərində quraşdırma işləri həyata keçirmək idi. 1971-ci ilin sonu idi. Baş İdarə rəisi mənə dedi ki, sənədlərini hazırla, səni Mərkəzi Komitəyə çağıracaqlar. 1972-ci ilin fevral ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ulu öndər Heydər Əliyev məni öz kabinetində qəbul etdi. Mən çox həyəcan keçirirdim, Onunla heç vaxt görüşməsəm də, yığıncaqlardakı çıxışlarından, gördüyü işlərdən necə tələbkar bir rəhbər olduğunu bilirdim. Mənə ilk sualı belə oldu: “Kazımov, de görək, quraşdırıcılar arasında azərbaycanlılar neçə faiz təşkil edir?”. Mən də cavab verdim ki, çalışdığım idarədə fəhlələrin 25, mühəndis və texniki işçilərin isə 10 faizini azərbaycanlılar təşkil edir. Heydər Əliyev bu rəqəmin çox aşağı olduğunu söyləyərək əlavə etdi ki, səni biz “Azərquraşdırmaxüsusitikinti” Baş İdarəsinə müavin vəzifəsinə göndəririk. Baş İdarədə və onun bölmələrində milli kadrlar yetişdirilməlidir. Lazım gələndə azərbaycanlı mütəxəssisləri irəli çəkin. Təbii ki, biz də dahi rəhbərin təlimat və tapşırıqlarına əməl etdik. 24 fevral 1972-ci ildə “Azərquraşdırmaxüsusitikinti” Baş İdarəsinə rəis müavini təyin olundum. 4 il sonra mən yenidən Ulu öndərin qəbulunda oldum. Belə ki, Baş İdarənin rəisi Nəriman İsayev Azərbaycan SSR Tikinti Materialları Sənayesi naziri təyin olunmuşdu. Onun yerinə isə mənim də namizədliyim irəli sürülmüşdü. 1976-cı ildə Heydər Əliyev məni yenidən qəbul etdi. Bu, ikinci görüşümüz idi. O, mənimlə çox mehribanlıqla görüşüb dedi ki, yəqin, 1972-ci ildə olan söhbətimi unutmamısan. Deyə bilərsənmi, indi Baş İdarədə vəziyyət necədir? Mən də cavab verdim ki, Sizin tapşırığınız Baş İdarənin rəhbərliyi tərəfindən gündəlik proqrama çevrilib. Bu gün Baş İdarədə çalışan ixtisaslı fəhlələrin 50 faizini, mühəndis-texniki işçilərin 70 faizini azərbaycanlılar təşkil edir. Ulu öndər isə dedi ki, səni Baş İdarəyə rəis təyin edirik. Uğurla başladığınız işi uğurla davam etdirin, yerli mütəxəssisləri hazırlamağa davam edin. Bunlar isə onu deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyev kadr siyasətinə çox böyük əhəmiyyət verirdi. O, çalışırdı ki, ölkədə yüksək bilikli azərbaycanlı mütəxəssislər yetişsin, onların sıraları genişlənsin. Təbii ki, bu, Onun uzaqgörənliyindən xəbər verirdi. ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində ötən əsrin 70-ci illərinin ortalarında “Azərquraşdırmaxüsusitikinti” Baş İdarəsinin nəzdində Bakı və Sumqayıtda tədris-kurs kombinatları yaradılaraq, gənc milli kadrlar biliklərə yiyələnərək ixtisaslı mütəxəssislər kimi yetişdirilib təşkilatlara işləməyə göndərilməyə başlandı. Bununla yanaşı, Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) ilə sıx əlaqə yaradılaraq ali məktəbi bitirən mühəndis-inşaatçıları təyinatla tikinti obyektlərinə göndərildi.
1982-ci ildə Ulu öndər məni yenidən qəbula çağırdı. Getdim, Onun otağında görüşdük. Məni yenə səmimiyyətlə qarşıladı. Sonra isə dedi ki, get Moskvaya, öz nazirliyinizdə danış ki, Heydər Əliyev “Azərquraşdırmaxüsusitikinti” Baş İdarəsinin nazirliyə çevrilməsinə razıdır. Əgər onlar da razılıq versələr, İdarəni nazirliyə çevirək. Getdim, orada da danışıqlar aparan zaman hamının vahid fikri belə oldu ki, əgər Heydər Əliyev razılıq veribsə, deməli artıq sözə ehtiyac yoxdur. Beləliklə, Azərbaycan KP MK-nın qərarına uyğun olaraq, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 12 aprel 1982-ci il tarixli fərmanına əsasən “Azərquraşdırmaxüsusitikinti” Baş İdarəsi Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti Nazirliyinə çevrildi. Eyni tarixli digər fərmanla isə mən nazir vəzifəsinə təyin olundum.
- ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbər təyin olunana qədər ölkənin iqtisadi, sosial, durumu hansı səviyyədə idi?
- 1969-cu ilin iyul ayında Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunanda təbii ki, biz təsərrüfatçılar Onu tanımırdıq. çünki O, başqa bir sistemdən gəlmişdi. Amma onu bilirdik ki, respublikada çox işlər görülməli, böyük dəyişikliklər olmalı idi. Qəribədir ki, biz bu dəyişikliklərin artıq başladığını cəmi bir neçə ay sonra hiss etdik. Ulu öndər elə fəaliyyətinin ilk günündən etibarən Azərbaycanı dəyişdirməyə, inkişaf etdirməyə başladı. Mən çalışdığım inşaat sahəsində baş verən dəyişikliklərə keçməzdən öncə, istərdim, ölkəmizdə digər sahələr üzrə müşahidə olunan böyük dəyişikliklər haqqında da məlumat verim. Bilirsiniz ki, Azərbaycan 1969-cu ilə qədər əsasən kənd təsərrüfatı məhsullarının istehsalının həcminə görə bütün ittifaq respublikalarından geridə qalırdı. Buna görə də, Heydər Əliyev aqrar sahəni inkişaf etdirmək üçün 1970-ci ildə çox mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul etdi. Aqrar sahənin inkişafı və torpaqların meliorasiyası ilə bağlı həyata keçirilən tədbirlər qısa müddətdə öz mühüm bəhrəsini verməyə başladı. 1969-cu ildə 534 min ton taxıl istehsal olunurdusa, 1974-cü ildə bu rəqəm 910 min tona çatdı. 1982-ci ildə isə taxıl istehsalı 1 milyon 24 min tonu keçdi. Pambıq istehsalı 10 il ərzində 3 dəfəyə yaxın artaraq 1982-ci ildə 1 milyon tondan çox oldu. Eləcə də, tərəvəz istehsalı bu illərdə 372 min tondan 608 min tona, meyvə istehsalı 52 min tondan 345 min tona çatdı. Ulu öndər 1979-cu ildə üzümçülüyün inkişafına dair yeni qərar qəbul etdi ki, bu da həmin sahədə məhsuldarlığı daha da yüksəltdi. Belə ki, üzüm istehsalı 1969-cu ildəki 272 min ton göstəricidən 1982-ci ildə 1 milyon 816 min tona çatdı.
- Kənd təsərrüfatı ilə yanaşı, digər sahələrin də inkişafı üçün gözəl zəmin yaranmışdı...
- Təbii... Xüsusilə, Azərbaycanın neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələrində qeydə alınan inkişaf, ümumilikdə, sənayenin sıçrayışına impuls vermiş oldu. 1969-1982-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin respublika sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər ölkənin iqtisadi mənzərəsini köklü şəkildə dəyişdirdi. 1970-ci illərdən başlayaraq 1982-ci ilədək Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox möhkəm sütunlara malik sənaye formalaşdırıldı. Respublikanın zəngin sənaye potensialına malik olduğunu nəzərə alan Ulu öndər bu sahənin köklü inkişafına təkan verdi. 10 il ərzində sənaye istehsalı bir neçə dəfə artdı.
- Sizin çalışdığınız sahədə vəziyyət necə idi və Ulu öndərin Azərbaycan KP MK-nın birinci katibi təyin olunmasından sonra bu sahədə hansı işlər görüldü?
- 1969-cu ilə qədər tikinti-quraşdırma sahəsində müəyyən işlər görülürdü və bunu inkar etmək olmaz. Amma görülən işlər respublikanın potensialına uyğun deyildi, qənaətbəxş deyildi. Baxmayaraq ki, respublikanın zəngin sənaye potensialı var idi, amma bu potensialdan düzgün istifadə olunmurdu. ümummilli liderimizin hakimiyyətə gəlməsindən sonra isə tam səmimiyyətimlə deyirəm ki, vəziyyət müsbətə doğru dəyişdi. ötən əsrin 70-80-ci illərində Bakıda, Sumqayıtda, Gəncədə yeni və güclü mexaniki quraşdırma və nəqliyyat idarələri, iri, nəhəng istehsal bazaları yaradıldı. ölkədə geniş sənayeləşmə prosesinə start verildi, yeni-yeni zavodlar, müəssisələr istifadəyə verildi.
1975-ci ildə “Azərquraşdırmaxüsusitikinti” Baş İdarəsi üzrə o vaxtkı pulla 40 milyon manatlıq quraşdırma işləri görülmüşdüsə, 1980-ci ildə bu rəqəm 120 milyona çatmışdı. çox yaxşı yadımdadır, ümumittifaq səviyyəsində kimyalaşdırmaya çox böyük əhəmiyyət verilirdi. Gəncədə, Sumqayıtda, Bakının özündə mühüm obyektlər tikilirdi. Mənim rəhbərlik etdiyim illərdə birinci olaraq, Sumqayıt Sintetik-Kauçuk zavodunda “EP-300” (etilen-propilen) qurğusu quraşdırıldı. Bu zavod SSRİ-də 4 yerdə - ikisi Sibirdə, digərləri isə Ukraynada və respublikamızda tikilirdi. Ulu öndər Heydər Əliyev bu zavodun tikintisinə böyük əhəmiyyət verirdi. Xatirimdədir, bu zavod tikilərkən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Nikolay Tixonov da gəlmişdi. Və o, Heydər Əliyevə dedi ki, “Heydər Əliyeviç, bu zavod sizin nəyinizə lazımdır? Gəlin, burada üzüm bağları salaq”. Cavabında isə ümummilli liderimiz bildirdi ki, Azərbaycan həm aqrar ölkə kimi, həm də sənaye ölkəsi kimi inkişaf etməlidir. Biz aqrar sahəyə paralel olaraq, sənayeni də inkişaf etdirəcəyik.
Gəncədəki alüminium zavodunun keyfiyyətlə, sürətlə tikilib istifadəyə verilməsi də qarşıda duran mühüm vəzifələrdən biri idi. Həmin zavodun quraşdırılması işinə birbaşa rəhbərlik mənə həvalə olunmuşdu. Zavodu planlaşdırılan müddətdən də tez-7 aya təhvil verdik. Mürəkkəb obyektlərdən biri də Katalik-krekinq qurğusu idi. Bu qurğuda adi benzindən yüksək oktanlı benzin alınırdı. Bu qurğuda zərgər dəqiqliyində iş və keyfiyyət tələb olunurdu. Bu obyekt respublika rəhbərliyi tərəfindən ciddi nəzarət altında idi. Bundan başqa, Bakı Məişət Kondisionerləri Zavodunun da maraqlı tarixçəsi var. 1970-ci ilin ortalarında sovet dövləti Yaponiyadan məişət kondisioner zavodu alırdı. Həmin zavodu Rusiyanın ərazisində quraşdırmalı idilər. Lakin Ulu öndər bu məsələdən xəbər tutan kimi, dərhal hərəkətə keçdi və şəxsi təşəbbüsü, qətiyyəti ilə zavodun Azərbaycanda tikilməsinə razılıq aldı. Ancaq bir şərt var idi ki, zavod 2 ilə tikilib istifadəyə verilməli idi. Zavod 20 ay ərzində tikilərək istifadəyə verildi. Dərin Dəniz özülləri Zavodunun da ilk olaraq Azərbaycanda tikilməsinə razılıq verilməmişdi. Moskvanın fikri bu zavodu Həştərxanda tikmək idi. Lakin Heydər Əliyevin tələbi ilə bu zavod da bizim respublikada inşa olundu. Xəzər neftinin çıxarılmasında bu zavodun payı inkarolunmazdır. ümumiyyətlə, bütün bu zavodların hamısının tikilməsinə Ulu öndər böyük diqqətlə yanaşırdı. İnandırım sizi ən xırda problemi belə, vaxtında həll etmək üçün konkret tapşırıqlarını verirdi. Ona hansısa bir problem haqqında məlumat verəndə, dərhal həmin problemin aradan qaldırılması üçün müdaxilə edirdi. Mən tam əminəm ki, ümummilli liderimiz Heydər Əliyev gələcəyi görürdü, bütün addımları da məhz bu günümüzü yaratmağa xidmət edirdi.
- Ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonra ölkəmizdə baş verən hadisələr barədə nə deyə bilərsiniz?
- 1982-ci ildə Ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da Azərbaycanda görülən işləri daim diqqət mərkəzində saxlayırdı. Bu böyük insan həmişə Azərbaycanla yaşayırdı. Hər zaman Azərbaycanın inkişafı üçün, xalqımızın yaxşı yaşaması üçün çalışırdı. 1987-ci ilin oktyabrında vəzifəsindən istefa verdikdən sonra, belə demək mümkündürsə, Azərbaycan üçün xoş olmayan günlər başladı. Ə.Vəzirovun Azərbaycan KP MK-nın birinci katibi təyin olunmasından sonra respublikada əvvəlki illərdə əldə olunmuş yüksək göstəricilər tədricən azalmağa başladı. Bu da səbəbsiz deyildi. Onun idarəçilikdə səriştəsi yox idi, nə etmək lazımdır, bilmirdi. Ondan sonra da ölkə iqtisadiyyatının zəifləməsinin qarşısını almaq mümkün olmadı və 1992-ci ildə hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün rəhbərliyi dövründə bu geriləmə böhranla nəticələndi. ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi, vaxtilə Onunla bir işləmiş kadr kimi məni hədsiz dərəcədə sevindirdi. Şükürlər edirdim ki, Tanrının bu xalqa yazığı gəldi, onu məhv olmaqdan xilas etdi və Heydər Əliyevi xalqa yenidən rəhbər göndərdi. ölkədəki xaosdan və qarışıqlıqdan ümidlərini itirmiş insanların gözündə sevinc hissi görünməyə başladı. Dahi öndərin hakimiyyətə gəlişindən sonra, ölkəmizdə sabitlik, əmin-amanlıq yarandı, əhalinin sabaha olan ümidləri artdı. Dahi rəhbərə olan dərin inam bütün insanların qurub-yaratmaq, çalışmaq və dövlətin inkişafı üçün hər bir əziyyətə qatlaşmaq həvəsini gücləndirdi. Beləliklə, Azərbaycanda yeni bir dövr, inkişafa doğru yol açan tarixi mərhələ başlandı. Müstəqil Azərbaycan Respublikası məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu sayəsində inkişafa qədəm qoydu. Sevindirici haldır ki, bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsəvvür edin, 10-15 il əvvəl elə problemlər, elə çətinliklər var idi ki, onların ləğvi çoxları üçün müşkül görünürdü. Amma bu gün həmin problemlər həll olunub, arxivə köçüb. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir və mən inanıram ki, bu inkişaf gələcək dövrlərdə də davam edəcək. çünki görülən işlərin təməli çox möhkəmdir, sağlamdır. Bu işlərin təməlini məhz ümummilli liderimiz Heydər Əliyev yaradıb.
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 1272 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31