Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ensiklopediya həm də ölkə haqqında ilkin təsəvvür yükünü daşıyır

Ensiklopediya həm də ölkə haqqında ilkin təsəvvür yükünü daşıyır

03.10.2009 [12:08]

Tofiq Nağıyev: Milli ensiklopediya 20-25 cilddən ibarət olacaq və 100 min termini əhatə edəcək
Uzun illər nəşrinə hazırlıq gedən Azərbaycan Milli Ensiklopediyasının “Xüsusi cild”i artıq işıq üzü görüb. Azərbaycanın atributu hesab edilən bu toplunun çapından sonra ümumi ensiklopediyanın nəşrinə hazırlıq başlayıb. Görülən işlərlə bağlı “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin rəhbəri, AMEA-nın həqiqi üzvü, professor Tofiq Nağıyevlə görüşüb söhbət etdik.
Dosye əvəzi: İndiyədək professorun 357 elmi əsəri çapdan çıxıb, bəzi əsərləri xaricdə mütəmadi olaraq çap olunur.
Əsas elmi nailiyyətləri: koherent sinxronlaşmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsinin müəllifidir.
Tofiq Nağıyev 1970-ci ildə “Şərəfli əməyə görə”medalına, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
-Tofiq müəllim, ilk olaraq oxucularımıza ensiklopediyanın yaranma tarixi haqqında məlumat verməyinizi xahiş edirik.
-İnsan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edən bu toplu ilk yaranışı vaxtlarında -antik Yunan dövründə, sadəcə, elm adamlarının maraqlarını təmin etmək üçün hazırlanıb. İlk dəfə sistematik ensiklopediya yunan filosofu, Platonun qohumu Speusippos tərəfindən yaradılıb. B.e.ə. 370-ci ildə heyvanat və bitki aləmi üzrə də ensiklopediya- Homoia tərtib edilib. Roma dövründə dövlət adamı Marcus Pocius Cato b.e.ə. 150-ci ildə “die Libri ad Marcum filium” adlı toplunu tərtib edib. Növbəti ensiklopedik kitab Marcus Terentius Varro tərəfindən yazılmış “Disciplinarum libri” kitabları tibb və arxitektura ilə tamamlanırdı. Onun 41 kitabından yalnız fraqmentlər bizə gəlib çatıb. Tam bizə qədər gəlib çatmış, latın dilində olan sistematik ensiklopediya Roma tarixçisi Plinius tərəfindən tərtib olunub. Onun “Təbiətin tarixi” adlı kitabında kosmologiya, coğrafiya, etnologiya, antropologiya, psixologiya, zoologiya, botanika, mineralogiya və metallurgiya haqqında məlumat verilib. Mənbələrin verdiyi məlumatlara əsasən bu kitabın tərtib olunmasında 500 müəllif iştirak edib. 1469-cu ildə bu ensiklopediya Venesiyada yenidən nəşr olunub.
Milli ensiklopediyalar sonralar- orta əsrlərin sonunda və yeni tarixin əvvəlində meydana gəlməyə başlayıb. Yeni dövrün başlanğıcında ensiklopediya yaradılması üzrə pioner fransız filosofu Françiz Bakon sayılır. 1704-cü ildə riyaziyyatçı Con Harris də Londonda texnika haqqında ensiklopediyanı çap etdirir. Bu, texnika sahəsində əlifba sırası ilə düzülmüş, ingilis dilində yazılmış ilk ümumi ensiklopediya idi. 1769 və 1771-ci illərdə Viliam Smille tərəfindən Encyclopedia Britannica üç cilddə çap olunub. Azərbaycanda sovet vaxtı yalnız Böyük Sovet Ensiklopediyası mövcud olub. Və yalnız müasir dövrdə ensiklopediyalar dövlət haqqında məlumat verən, ölkə haqqında təsəvvür yaradan bir nəşr kimi formalaşıb. Ensiklopediya nəşr etmək təkcə məlumatlar toplusu buraxmaq deyil. Bu işdə tarixi məlumatları elmi cəhətdən işləməklə yanaşı, həm də kitab işini gözəl bilmək lazımdır. çünki hər bir ölkənin məlumatlar toplusu o ölkə haqqında ilk təsəvvürü yaradan amildir. Ona görə də milli ensiklopediyaların hazırlanması çox ciddi və diqqət tələb edən bir işdir. ümummilli liderimiz Heydər Əliyev ensiklopediyanın nəşrinə xüsusi diqqət ayırırdı. Cənab Prezident İlham Əliyevin son qərarı ilə MEA-nın tərkibində Ensiklopediya Elmi Mərkəzinin yaradılması da bu sahədə atılan ən böyük addım idi. Bu qərarla yanaşı dövlət başçısı nəşrə rəhbərliyi də öz nəzarətinə götürüb. Bizə miras qalan Sovet Ensiklopediyası çox spesifik idi. Böyük Britaniyanın, indiki Rusiyanın, Almaniyanın ensiklopediyalarını götürsək görərik ki, orada nə ideologiya var, nə də siyasət. Sovet dövründə buraxılan nəşrlərdə isə bu iki amil çox qabarıq büruzə verilirdi. Daha doğrusu, mətnlər və məlumatlar bu iki amilə xidmət edirdi. Şübhəsiz ki, biz bu gün universal ensiklopediyanı hazırlayanda dünya standartlarının tələblərini əsas götürürük. Prezident İlham Əliyev öz çıxışlarında məsələni çox ciddi şəkildə qoymuşdu ki, heç bir tərif və şərh olmayacaq. Məlumatlar olduğu kimi, tərəfsiz yerləşdirilməli, faktlar dəqiq və elmi izahlarla verilməlidir. Hazırda ensiklopediya mərkəzinin işçi heyəti- bütün kollektivi bu prinsiplərlə fəaliyyət göstərir.
- Müstəqil Azərbaycanın Milli Ensiklopediyasının hazırlanması işi bir onilliyi əhatə etsə də, hələ oxucular intizardadır.
- Son 20 ildə ensiklopediyanın təşkili və nəşri sahəsində heç bir iş görülməmişdi. 2004-cü ilin ortasında rəhbərlik dəyişdi. Təbii, bunun obyektiv səbəbləri də vardı. Amma daha çox subyektiv səbəblərlə bağlı idi. Ona görə də ilk gündən çox böyük çətinliklərlə qarşılaşdıq. Bina bərbad vəziyyətdə idi. Otaqlar kirayə verilmişdi, kitabxana konkret olaraq fəaliyyət göstərmirdi. Qarşıda necə böyük və məsuliyyətli bir işin durduğunu anlayırdıq. Struktur dəyişikliklərilə bərabər xüsusi buraxılışın da çapını hazırlamağa başladıq. İstifadə etmək üçün bu 20 ildə heç bir baza formalaşmamışdı. Kollektiv bu böyük müddətdə yalnız əlavə kitablar nəşr etməklə dolanmışdı. Prezident İlham Əliyevin qərarına əsasən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi dövlət qurumu statusunu alandan sonra yeni dövr başladı. Biz ensiklopediyanın nəşrinə hazırlıqlarla yanaşı, onun bazasını da formalaşdırmağa başladıq. Bütün elmi mərkəzlərlə yaxından əməkdaşlıq edirik. Moskvanın “Bolşaya Rossiyskaya Ensiklopediya” Mərkəzində olarkən onlar bizə həsəd apardıqlarını gizlətmirdilər. Söyləyirdilər ki, bəzən aylarla maaş almırlar. Amma bizi dövlət öz büdcəsindən maliyyələşdirir. ümumiyyətlə, böyük dövlətlərin ensiklopediya ənənələri artıq formalaşıb. Bizim isə keçmişdən yalnız sovet Azərbaycanını əhatə edən ensiklopediya təcrübəmiz var ki, biz bu gün ondan çox az istifadə etmək imkanına malikik.
- Nələrdən imtina ediləcək?
- Milli ensiklopediya 20-25 cildi və 100 min termini əhatə edəcək. Sovet Ensiklopediyası 10 cild idi və təxminən 55 min termini əhatə etmişdi. Nəzərə alaq ki, imtina edilən terminlərdən sonra əlimizdə 34 min termin qalıb və ikinci mərhələdə onların da 20 minə yaxınından imtina etməyə məcbur olmuşuq. Əlimizdə cəmi 15 min termin qaldıqda isə ensiklopediyanı yenidən işləmək məcburiyyəti qarşısında qaldıq. Təsəvvür edin ki, 1965-ci ildə Ensiklopediya redaksiyası fəaliyyətə başlayıb. O vaxtdan “Xüsusi cild”in buraxılışı nəzərdə tutulub və plana salınıb. Bu müddət ərzində yalnız 2007-ci ildə həmin cild işıq üzü görüb.
-Bu qədər gecikmə nə ilə bağlı idi?
-Mənə belə gəlir ki, işlərin düzgün təşkil olunmaması belə nəticəyə səbəb olub. Bir məqama diqqət yetirək ki, sovet dövründə çap olunmuş 10 cildlikdə Azərbaycana aid məqalə iki kiçik abzası əhatə edir. Sonda qeyd olunurdu ki, geniş məlumatı “Xüsusi cild”də ala bilərsiniz. Bu cild isə mövcud deyil. Yəni, ensiklopediyanın nəşri “Xüsusi cild”dən başlanır. Bu cild isə yoxdur. Ona görə də qərara aldıq ki, biz ilk olaraq xüsusi buraxılışı nəşr edək. Tam üç il bu layihənin üzərində çalışdıq. Görkəmli alimlərimizi bu işə cəlb etdik. Əlimizdə olan, yəni sovet ensiklopediyasından bizə qalan və istifadə etmək üçün yararlı olan terminləri dəfələrlə, bir-bir yoxladıq, dürüstlüyünə əmin olduq. Təkcə bir faktı xatırladım ki, yaxın keçmişimizə aid olan hadisələr belə bəzən təhriflərlə dərc olunub. Məsələn, Həsən bəy Zərdabinin doğum tarixini dəqiqləşdirmək üçün bir neçə quruma müraciət etdik və üç istiqamətdən üç fərqli cavablar aldıq. Xatirinizdə olar, bizdən əvvəlki rəhbərlik tərəfindən Prezident İlham Əliyevə xüsusi buraxılışın ilkin variantı təqdim olunmuşdu və Prezident də mənfi rəy vermişdi. çünki həmin cildə salınan materiallar elmi rakursdan işlənməmişdi. 1989-90-cı illərin materialları, yəni keçid dövrünü əks etdirən və həddindən artıq aşağı səviyyədə yazılan məqalələr idi. Bizim “Xüsusi cild”də isə təxminən 156 məqalə var ki, ümumilikdə onların müəlliflərinin sayı 230 nəfərə çatır. Və bu məqalələr bir kollektivin, yaxud təkcə elm aləmində tanınan imza sahiblərinin yox, bütövlükdə MEA-nın köməyi ilə ortaya qoyulmuş məhsuldur. Onu da deyim ki, bizim iki il yarıma ərsəyə gətirdiyimiz bu iş üçün rusiyalı həmkarlarımız tam beş il çalışıblar. Onlar öz milli ensiklopediyalarının xüsusi buraxılışını hazırlamaq üçün bu qədər böyük bir vaxt sərf ediblər.
- Xüsusi buraxılış başqa dillərə də tərcümə olunacaqmı?
- Nəzərdə tutmuşuq, artıq tərcümə işlərinə də başlamışıq. Bu nəşri dünyanın aparıcı dillərinə tərcümə etmək planlaşdırılıb. İlk olaraq, rus və ingilis dillərinə tərcümə ediləcək. Amma bizim ən ümdə məsələmiz ensiklopediyanı tam olaraq nəşr etməkdir. Artıq birinci cild- A hərfi hazırdır və köhnə nəşrdən fərqli olaraq iki hissədən ibarətdir. Daha bir və ən böyük çətinliyimiz ondan ibarət olub ki, ensiklopedik nəşrin bütün bu illər ərzində bazası da hazırlanmayıb. İndi biz həm cildləri nəşrə hazırlayır, həm də bazanı formalaşdırırıq. Düşünürəm ki, bir neçə cildin nəşrindən sonra artıq heç bir çətinliyimiz qalmayacaq və bu işi nəzərdə tutulduğu vaxtdan əvvəl başa çatdıracağıq.
- Sovet dövründə müxtəlif ensiklopediyalar nəşr olunurdu ki, bunlardan ən məşhuru Uşaq Ensiklopediyası idi. İndiki halda necə olacaq? Ənənəni davam etdirəcəksinizmi?
- Uşaq Ensiklopediyası da sovet dövründə üç cilddə nəşr olunub. Amma hələ ki, biz Azərbaycan Ensiklopediyasının akademik nəşri üzərində çalışırıq. Yəni bu iş o qədər məsuliyyətli və o qədər diqqət tələb edən bir işdir ki, biz qarşıdakı onillikdə də yalnız bu yönümdə çalışacağıq. Universal ensiklopediyanı yaratmadan fikrimizi, fəaliyyətimizi başqa istiqamətə yönəldə bilmərik. Milli ensiklopediyamız tam nəşr edilib qurtarandan sonra bu məsələlər ətrafında da müzakirələr aparacağıq.
- Maraqlı söhbət üçün təşəkkür edirik.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 1529 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30