Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsveçrənin səfirinə məktub...

İsveçrənin səfirinə məktub...

21.02.2026 [12:53]

Milli QHT Forumu bu ölkəni ədalətli olmağa çağırır

Ermənistan 30 ilə yaxın müddət ərzindəki işğal siyasətində azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədib. Hərbi və müharibə cinayətlərinin bəşəriyyətə qarşı yönəlməsinə baxmayaraq, beynəlxalq birlik ermənilərin cinayətlərinə qarşı susqunluq nümayiş etdirib. Halbuki Azərbaycan bu cinayətlər barədə beynəlxaq ictimaiyyəti daim məlumatlandırıb. Dünya birliyi Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası üçün heç bir addım atmadı, həmin sənədlər 27 il kağız üzərində qaldı. Belə olan halda, dövlətimiz BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində erməni separatizmi məhv edildi. Eyni zamanda, separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər həbs olunaraq ədalət mühakiməsinə çıxarıldılar.  Məhkəmə tərəfindən onlara hökm oxunub.

İsveçrə parlamentində qondarma “Sülh Forumu”

Lakin xaricdəki müəyyən ermənipərəst dairələr, erməni lobbisi ədalət mühakiməsini beynəlxalq ictimaiyyətə yanlış təqdim etməyə çalışırlar. Onlar müxtəlif vasitələrlə ölkəmizə təzyiqlər göstərməyə cəhd edir. Bəzi ölkələrdə keçmiş Qarabağ münaqişəsi, qondarma rejimlə bağlı hansısa uydurma tədbirlər keçirilir, “bəyanatlar” verilir, “qətnamələr” qəbul olunur. Belə ölkələrdən biri də İsveçrə Konfederasiyasıdır. Bu ölkənin parlamentində “Sülh Forumu” adı altında ortaya atılan qondarma tədbir də buna sübutdur. Onların yanlış addımları isə Azərbaycan cəmiyyətində ciddi etirazlarla qarşılanır.   

Məsələ ilə bağlı Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəliyə (Thomas Stahli) açıq məktub ünvanlayıb. Məktubda bildirilir ki, biz Azərbaycan vətəndaş cəmiyyəti təsisatları olaraq, İsveçrə Konfederasiyasında sistemli şəkildə anti-Azərbaycan narrativinin formalaşdırılması cəhdlərini müşahidə edirik. İsveçrə parlamentinin hansısa “Sülh Forumu” adı altında ortaya atdığı bu narrativlər Ermənistanda revanşizmin alovlandırılmasına, Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağa xidmət edir. Azərbaycana qarşı nifrət üzərində qurulan iftira kampaniyası regionda sülh və etimad quruculuğunu zədələməyə, separatizmin yenidən təbliğinə yönəlib.

Səfirin diqqətinə çatdırılıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçı fəaliyyət, tarixin arxivinə göndərilmiş ritorika və terminologiyadan istifadə İsveçrə Konfederasiyasında adi hal almaqdadır. Bəzi İsveçrə parlamentarilərinin son vaxtlar Qarabağ məsələsini “bağlanmış” hesab etmədiyini tez-tez dilə gətirmələri, Erik Fontobelin və digərlərinin İrəvanda revanşistlərin “ofisləri”ndə görüşlər keçirmələri anlaşılmır. Qərargahı İsveçrədə yerləşən “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatı isə Qarabağ məsələsini dini müstəvidə qələmə verməyə çalışır, Azərbaycana böhtan atır.

Qərəzli və irqçi yanaşma yolverilməzdir

“Biz bundan əvvəl də sizə üz tutaraq bildirmişdik ki, belə təşəbbüslər xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət bəslədiyini iddia edən bir ölkənin parlamentində irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə obyektivlik və bitərəflik prinsipinə zidd olaraq ikili standartların bariz nümunəsinə çevrilir. XXI əsrdə Avropanın mərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşılması qəbuledilməzdir. Xüsusilə regiondan kənar dairələrin məsələlərə birtərəfli, qərəzli və irqçi yanaşması yolverilməzdir. Biz bu cür yersiz müdaxilələri bir daha qətiyyətlə pisləyir, onları Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə zərbə hesab edirik”,-deyə məktubda vurğulanır. Diplomata xatırladılıb ki, İsveçrənin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 4 min nəfərə yaxın azərbaycanlı itkinin taleyini aydınlaşdırmaq əvəzinə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə addımlar atıb, o cümlədən vaxtilə Xankəndidə icazəsiz ofis açmışdı. BQXK özünün humanitar təşkilat olduğunu iddia etsə də, əslində, qəbuledilməz siyasi fəaliyyətlə məşğul olub. BQXK-nın mandatına zidd olan bu təlimatların mənbəyi haradır?

Milli QHT Forumu bəyan edib ki, biz BQXK-nın Azərbaycanın etibarından sui-istifadə edərək emblemi altında olan yük və təcili tibbi yardım avtomobilləri ilə qaçaqmalçılıqla məşğul olmasını, bu xüsusda həmin nəqliyyat vasitələrində aşkarlanan benzin, siqaret, mobil telefon qutularını da unutmamışıq. “Humanitar yardım” adı altında Azərbaycanın suveren ərazilərində qanunsuz ticarət dövriyyəsinin aparılmasına, fırıldaqçılığa niyə göz yumulub?

“İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynov adlı birini aylarla inzibati binasında gizlətməklə, İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə qadın paltarında ölkədən qaçırmaqla hansı məqsəd güdüb? Emin Hüseynovun bu gün Azərbaycan dövlətinə qarşı çirkin iftira kampaniyasında İsveçrə dövlətinin rolu nədir? Bizim suallarımız çoxdur”,-deyən Milli QHT Forumu səfirlə görüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28