Uşaq ədəbiyyatının hazırki vəziyyəti
25.08.2009 [03:07]
Media qurumları içərisində bu məsələyə daha çox diqqət yetirən “Yeni Azərbaycan” qəzeti vaxtaşırı olaraq müxtəlif diskussiyalar təşkil edir, dəyirmi masalar keçirir. Uşaq ədəbiyyatının problemlərinə həsr olunmuş növbəti dəyirmi masa isə, Azərbaycan radiosu ilə müştərək təşkil olunub.
Suallarımızı uşaq yazarları Ələmdar Quluzadə, Aslan Qəhrəman, nağılçı Aygün Bünyadzadə və tənqidçi Əsəd Cahangir cavablandırır.
- 2009-cu ilin “Uşaq ili” olması uşaqların ədəbiyyatında nə kimi hadisələrin baş verməsinə səbəb olub?
Ələmdar Quluzadə: Ədəbiyyatda hələ ki, hadisə yaratmaq mümkün olmayıb. Uşaq ədəbiyyatına maraq isə əvvəlki illərə nisbətdə faciəli şəkildə azalıb. Bunun da öz səbəbləri var. Əvvəllər uşaq ədəbiyyatı həm də televiziya və radio vasitəsi ilə təbliğ olunurdu. Uşaq verilişlərinə diqqət həddindən artıq çox idi. Yazıçıları cəlb edirdilər, nağıllar sifariş verirdilər, efirdən hekayələrini oxudurdular. Uşaqlar üçün çox maraqlı, rəngarəng radio-pyeslər hazırlanırdı. Hətta teletamaşalar olurdu. Xanımana Əlibəylinin çox gözəl bir televiziya tamaşası vardı. Hadisələr çiçək bağçasında cərəyan edirdi: alaq otları, qanqallar qızılgüllərin və digər çiçəklərin üzərinə hücuma keçirlər. Bağça sahibi olan bacı və qardaşın köməyi ilə alaq otları məhv edilir. çox ibrətamiz və gözəl tamaşa idi. İndi bütün bu ənənələr unudulub. Giley-güzardan əvvəl demək istəyirəm ki, kim uşaq ədəbiyyatı ilə məşğuldursa, kim nağıl, uşaq hekayələri yazırsa, o, yenə də öz işindədir. Yəni yazar diqqət üçün çalışmır, diqqət üçün yaratmır, o, diqqəti gözləyir, qiymətləndiriləndə ruhlanır. Amma o da həqiqətdir ki, keçmişdə yazanlar indi yoxdur, o güc, o qüdrət indiki qələm sahiblərində özünü büruzə vermir. Uşaq ədəbiyyatını yaratmağın ən qədim dövrü elə bizim ədəbiyyatda olub. Nizamidə, Füzulidə uşaqlara hesablanmış ədəbi nümunələr kifayət qədərdir. “Kərpickəsən kişinin dastanı”, “Sultan Səncər və qarı” ədəbi nümunələrini misal gətirə bilərik. Bununla belə, Azərbaycanın uşaq ədəbiyyatı ötən əsrin ortalarından formalaşmağa başladı. Abdulla Şaiq, Abbas Səhhət, Mirmehdi Seydizadə kimi imzaların meydana gəlmə tarixini xatırlamaq kifayətdir, məncə.
Abbas Qəhrəman: Uşaqlar üçün nağıl, hekayə, şeir, fantastik əsərlər sahələri mövcuddur və bu sahələrə nəzər salanda kifayət qədər böyük boşluqların olduğunu görürük. Nağıllar və şeirlər yazılır, hekayə yazmaq çətin olduğundan bu sahədə bir qədər ləngimə var. Fantastik hekayələr isə ümumiyyətlə yazılmır. Əslində, bu gün uşaqlara fantastik ədəbiyyatın yaranması daha çox lazımdır. Texnika, internet əsrində, bütün əl çatmayan arzuların reallığa çevrildiyi bir əsrdə yaşayırıq və uşaqlar da bütün bu hadisələrin içərisində formalaşır, tərbiyyələnir. Bu ədəbiyyatın görkəmli nümayəndəsi Emin Mahmudov ABŞ-a köçəndən sonra bizdə bu janr unudulub.
- Bəlkə bazar iqtisadiyyatına keçid uşaq ədəbiyyatında bu ləngiməyə səbəb olub?
A.Q: Xarici ölkələrin əksəriyyətində belə bir qayda var ki, uşaq kitablarının çapında vergi çox az hesablanır. Bu ədəbiyyatın təbliği və nəşri üçün xüsusi fondlardan pul ayrılır. Bizdə isə hər kəs öz bacardığı kimi kitabını çap etdirir. Baxırsan ki, çox gözəl şairdi amma imkanı ona çatır ki, kitabını 1000, 500, 300 nüsxədə nəşr etdirir, öz qohum-əqrabası arasında bölüşdürür, evinə gələnə pay verir. Bu şəkildə təbliğatdan danışmaq çox artıq və gülünc görünür. Uşaqlar üçün ayrıca kitab mağazaları açmaq lazımdır. Rusiyanın təcrübəsində bu var və onların nağıl kitabları-nağıl evcikləri Bakıda da çox populyardı. Uşaq kitabı vərəqlədikcə cizgi filminin elementlərini özündə əks etdirən nağıl qəhrəmanları ilə rastlaşır. Məsələn rus xalq nağılı “Əlcək” elə əlcək formasında olan bir kitabdır. Bu kitabı açan uşaq nağılı oxuduqca baş verən hadisələri də görür. Bu həm uşaqda kitaba maraq yaradır, həm onda kitab oxumaq vərdişi aşılayır.
- Böyük dövlətlərin təcrübəsini ölkəmizdə tətbiq etmək bəlkə də bir qədər çətinlik yaradar. çünki böyük ölkə həm də böyük tirajlar deməkdir.
Aygün Bünyadzadə: Mən sizin fikrinizlə razı deyiləm. çünki cəmi üç il öncə, baş redaktoru olduğum “Cırtdan” jurnalı 10 min tirajla çap olunurdu və “vozvrat”sız satılırdı. Nəzərə alın ki, o zamandan bu vaxta qədər mətbuata diqqət xeyli artıb, həm də söhbət uşaq jurnalından gedir, hər hansı avantyurist və ya siyasi bir qəzetdən yox. Onu da etiraf edək ki, elə indinin özündə də 10 min az tiraj hesab olunmur.
Ə.Q: Bizdə də bu problem həll olunmağa başlayıb. Uşaq kitab mağazaları fəaliyyətə başlayıb. Yeni uşaq nəşriyyatlarının fəaliyyətinə start verilib.
- Bəs ən böyük təbliğat qurumlarından biri olan Azərbaycan radiosunda bu sahədə vəziyyət necədir?
Ə.Q: Bildiyiniz kimi, Azərbaycan radiosu konkret olaraq uşaq ədəbiyyatının təbliği ilə məşğul olan qurum deyil. Amma bizdə uşaq verilişləri redaksiyası fəaliyyət göstərir və mütəmadi olaraq yazıçıları, şairləri, bu sahənin mütəxəssislərini verilişlərimizə dəvət edirik. Uşaq nəşrləri, yeni kitablar və əsərlər haqqında söhbət açırıq. Son illər digər radiolarda olduğu kimi, bizim radioda da bir qədər passivlik hiss olunur. Bununla belə, uşaq verilişləri ilə bağlı bütün ağırlığın öhdəsindən gəlməyə çalışırıq. 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan olunması o demək deyil ki, ötən il, ondan əvvəlki il uşaqlar yaddan çıxmışdı, onların problemlərinə diqqət yetirilmirdi. Və ya bu o demək deyil ki, 2010-cü ildə uşaqları unudacağıq.
Təkcə yazmaq, oxumaq azdır, həm də təbliğat lazımdır. Uşaq kitabxanalarında, orta təhsil müəssisələrində müəlliflərlə görüşlərin təşkili, kitabların təqdimatı, tənqidin, mətbuatın, telekanalların münasibəti cəmiyyətin diqqətini yönəltmək üçün lazımdır. Təsadüfən görüşlərimizin birində tanıdığım gəncə uşaq yazarı ilə bağlı sual verdim. Cavabı bu oldu ki, müəllimlərimiz bu müəllifi bizə keçməyib. çox maraqlıdı, müəllimlər heç vaxt indiki şou müğənnilərini tədris etmirlər, amma dili söz tutan uşaqdan, ən yaşlı adama qədər hər kəs onları tanıyır. Mən uşaq verilişlərinin rəhbəri kimi onlarla daha çox ünsiyyətdə oluram. Son bir ildə Firudin bəy Köçərli adına kitabxanada oxucularla keçirilən görüşdə və ötən il Quba rayonunda iki günlük uşaq kitab bayramında şahidi oldum ki, uşaqlarımızın və gənclərimizin içində necə kitab aclığı var. Sadəcə, həm də onlara tələbat olan ədəbiyyatı vermək lazımdır.
A.Q: Bir zamanlar uşaq kitabları 500 min tirajla çap olunub. İndi 1000 tirajla çap edilmiş toplunu beş minə yaxın orta məktəbi olan ölkədə necə yayımlamaq olar? Ən böyük problemlərdən biri də nəşr olunan əsərlərlə bağlıdır. Bu nəşrlərə, uşaq ədəbiyyatını çap edən nəşriyyatlara heç bir nəzarət yoxdur. Və bu nəzarətsizlik onunla nəticələnir ki, pulun varsa, əsərlərin oldu, olmadı nə yaza bildinsə, onu uşaq ədəbiyyatına sırıya bilərsən.
Ə.Q: Bəzən bizim redaksiyaya elə kitablar təqdim edilir ki, 30-40 şeirin içindən uşaq şeiri adına birini tapıb ortaya qoya bilmirik. Tiraj məsələsinə gəlincə, mən Aslan müəllimin bu fikirlərinə də tam şərikəm. Vaxt vardı ən ucqar kənd kitabxanalarında istənilən uşaq ədəbiyyatını tapmaq olurdu. Hətta məktəb kitabxanaları belə uşaq ədəbiyyatı ilə kifayət qədər təmin edilirdi. Uşaq kitablarının nəşri ilə bağlı komissiya yaradılmalı, təcrübəli pedaqoqlardan yararlanaraq, bu sahənin mütəxəssisləri ilə bərabər uşaq ədəbiyyatına diqqət yetirilməlidir. Necə ki, orta məktəb dərsliklərinə nəzarət var. Uşaqların zövqünü korlamaq cinayətdir.
A.Q: Ələmdar müəllim təbliğ məsələsinə haqlı olaraq toxundu. Orta məktəb müəllimi var ki, müasir uşaq ədəbiyyatından xəbəri yoxdu. İlk əvvəl tədris edən adamın, ibtidai siniflərlə çalışan pedaqoqların çiyninə yük düşür. Bəzən deyirlər daha nənələrin nağıl danışmasına ehtiyac qalmayıb. Amma Azərbaycan radiosunun dinləyiciləri var ki, hər gün saat 08.50-də “Nağıl axşamı”na qulaq asmaq üçün radionu açır.
Ə.Q: Radiomuzun fondunda 365 nağıl var.
A.Q: Artıq yeni nağılların lentə alınması zərurətə çevrilib. Televiziyalarda isə ümumiyyətlə, bu barədə söhbət belə getmir. Əvvəllər müxtəlif uşaq verilişləri vardı, “Xoruz”, Piri baba kimi məşhur personajlar sovet dövrünün bütün uşaqlarına tanışdı. Yenə sevinək ki, heç olmasa sizin radionu açıb nağıl dinləmək olur. Uşaq nağıla qulaq asmalıdı mütləq. Nağıl isə danışılanda daha effektli olur, nəinki uşaq tərəfindən oxunanda.
A.B: Məsələ belədir ki mədəniyyət, incəsənət deyəndə bədii mətn yaradanlar nədənsə unudulur. Maraqlıdır niyə bu məqamda yazarlar kölgədə qalır? Kitab nəşri məsələsinə gəlincə, mən 2002-ci ildən başlayaraq üç il Azərbaycanın müxtəlif qurumlarının, o cümlədən, AYB-nin ən yaxşı uşaq yazarı nominasiyasını qazanmışam. Ən böyük qayğı kitablarımın çap olunması idi. Bu ilə qədər bir kitabım nəşr olunmadı. Yalnız bu il - 2009 cu ilin “Uşaq ili” elan olunması ilə bağlı ilk kitabım “Təhsil” nəşriyyatı tərəfindən çapa hazırlandı.
- Bəzi ölkələrdə uşaq yazarlarının birlikləri fəaliyyət göstərir və onlar ədəbiyyatın bu sahəsinin problemlərinin həllinə yardımçı olur, müxtəlif böyük layihələr həyata keçirirlər.
A.B: Elədir. Türkiyədə və Almaniyada uşaq yazarları və sənətçiləri kurumu fəaliyyət göstərir və demək olar ki, bütün ölkələrdə bu təcrübə var. Yalnız bizdən başqa. Heç uşaq yazarları bir-birini yaxşı tanımır. Hələ sağlığında Azərbaycan uşaq ədəbiyyatının klassiki olmuş Xanımana Əlibəyli rəhmətə getmişdi. Onun yas mərasiminə cəmi 23 adam gəlmişdi. Biz uşaq yazarları hesab edirdik ki, bu uşaq ədəbiyyatının faciəsi idi. Bu gun bu toplantıya kiminsə laqeyd yanaşması həmin münasibətin davamıdır və birbaşa uşaq ədəbiyyatına münasibətdir.
Ə.C: Mənsə düşünürəm ki, kiminsə formal olaraq muzakirədə iştirak edib şablon bir çıxış etməsi uşaq ədəbiyyatının problemlərinə heç bir yardım etməyəcək. Bu işdə yardımçı yalniz bu sahəni bilən, bu işlə məşğul olan mütəxəssislər ola bilər. Onda onları harasa dəvət etmək, israrla gəlin “filan problemi çözək” demək lazım olmayacaq. Onlar özləri qarşılaşdıqları problemləri çözmək, həlli yollarını axtarmaq üçün məkan gəzəcəklər, televiziya kanallarına çıxacaqlar, qəzetlərə müraciət edəcəklər, xahiş və tələb edəcəklər.
Faciəmiz ondadır ki, əsl istedadlar diqqətdən kənarda qaldıqca, sıradan çıxdıqca onların yerini təsadüfi adamlar doldurur. Biz oxucunun zövqündən danışırıq. Oxucu özü yaxşını pisdən ayırsın deyirik. Amma uşaqlara bu prizmadan yanaşanda cəmiyyətə faciə yaşatmış olarıq. çünki söz öz gücünü heç vaxt itirmir. Uşaqlar nə qədər təmiz, həssas, duyğulu və xəyalpərvərdirlərsə, yaranan ədəbiyyat da onların özlərini əks etdirməlidir. Uşaq özünü tapmalıdır bu mətnlərdə, sözün sehrindən bəhrələnməlidir.
- İnternet əsrində böyüyən azərbaycanlı uşağın öz ədəbiyyatı ilə virtual tanışlıq imkanları nə dərəcədə təmin olunub?
Ə.C: Məncə, Azərbaycan uşaq ədəbiyyatı ilə internetdə tanış olmaq imkanlarımız hələ ki, yoxdu. Belə bir saytın və ya internet şəbəkəsinin fəaliyyəti haqqında eşitməmişəm. Bizim dövrümüzdə xarici ölkə ədəbiyyatı az idi, indiki internet imkanları sıfıra bərabər idi, oxumaq üçün məşhur bir kitabı tapanda sevinirdik. İndi zaman dəyişib və istənilən yazıçının istənilən əsəri ilə on dəqiqəyə internet saytlarından endirib tanış ola bilərsən. Bundan başqa, cənab Prezident İlham Əliyevin Fərmanı ilə kitabların latın qrafikasında çapına başlanıb və bildiyimə görə, dünya uşaq ədəbiyyatı kitabxanasına xüsusi diqqət verilir.
A.B: Mənə elə gəlir ki, artıq internet əsrində doğulub böyüyən uşaqların təfəkkürü nəzərə alınmalıdır. İndiki yaşlı və orta nəsllə müqayisədə uşaqların internet vərdişləri qat-qat çoxdur. Bu gün bütün dünyanın uşaqların internet vərdişlərinin mənfi tərəfə yönəlməsindən narahat olduğu bir vaxtda niyə bu vərdişləri ədəbiyyata yönəltməyək? Amma, gəlin görək bizdə uşaq ədəbiyyatı, uşaq filmləri, yaxud mahnıları ilə bağlı hansı saytlar fəaliyyət göstərir? Axı bir zaman “Cücələrim” uşaq mahnısı bütün dünyanı fəth etmişdi. Yaxud “Uşaq ili” çərçivəsində bayram hədiyyəsi olaraq uşaq mahnılarının festifalını keçirmək olar. Və mənə elə gəlir ki, uşaq ilində bundan gözəl hədiyyə ola bilməz.
Ə.C: M.Ə.Sabir, A.Səhhət, A.Şaiq kimi Azərbaycan uşaq ədəbiyyatının klassikləri heç vaxt ölməyəcək gözəl nümunələr yaradıblar. Amma ədəbiyyat burada bitmir və XX əsrin əvvəllərində yaranmiş ədəbiyyatla XXI əsrin uşağını böyütmək, formalaşdırmaq mümkün deyil.
A.Q: Təbii, uşaq ədəbiyyatı böyük vəsait tələb edir. Amma bu vəsaiti biz boşuna qoymuruq. Bu aydın həqiqət və ən çox səslənən fikirdir ki, uşaqlar bizim gələcəyimizdir. Demək həmin vəsait gələcəyimizin möhkəm təməllər üzərində durmasına xərclənəcək. Düzdür “Ay pipiyi qan xoruz” gözəl ədəbi nümunədir. Bilməyənlər üçün də deyim ki, Abdulla Şaiq həmən şeiri rus dərsliyindən tərcümə edib: “Petuşok, petuşok, zolotoy qribişok” misraları ilə başlayan uşaq şeiridir. Amma artıq onun zamanı keçib. İndi birinci sinif şagirdini bu şeirlə aldatmaq olmur. Birinci sinif şagirdi internetdə dünyanın o başındakı həmyaşıdı ilə şahmat oynayırsa, ona bu şeiri təqdim edəndə güləcək.
A.B: Daha bir məsələ dünya ədəbiyyatı ilə müştərək işləməkdi. Dünya nağıl qəhrəmanları var ki, bizim uşaqlar üçün də çox doğmadır. Uzuncorab Peppi, Qırmızıpapaq kimi sevimli nağıl qəhrəmanları, dünya uşaq ədəbiyyatının Cırtdan tipli personajları... “Cırtdan” jurnalında mən Cırtdanı müxtəlif ölkələrə səyahətə göndərir, oranın nağıl qəhrəmanları ilə görüşdürür və kiçik sərgüzəştlər yazırdım. Kiçik oxucular jurnala zəng edir, öz məsləhətləri ilə balaca qəhrəmanımıza kömək etmək istəyirdilər. İnanın ki, bu balaca, yeddi, səkkiz yaşlı uşaqların xəyallarının qarşısında heyran qalmışdım. 7 yaşlı bir uşaq Türkiyədən zəng vurmuşdu. Balaca uşaqların xəyalları puç olmasın deyə mən özüm Cırtdan adı ilə onlarla söhbət edirdim. Bir dəfə özümü Cırtdan deyə təqdim edəndə zəng edən uşaq sevincindən az qala qışqıracaqdı. Xahiş etdi ki, ona nağıl danışım. Mən ona həmən dəqiqə uydurduğum bir nağılı danışdım. Məzmunu belə idi ki, iki ölkə arasında müharibə gedir, insanlar dəhşətli itkilərə məruz qalırlar. Bir gecə savaş bir neçə saatlıq dayanır. Onda silahlar deyirlər ki, gəlin insanları öldürməyək, onlara sevinc bəxş edək. Ertəsi gün qoşunlar üz-üzə durur və döyüş başlanır. Elə bu zaman da möcüzə baş verir. Silahlar güllə yox şokolad, dadlı şirniyyatlar atmağa başlayırlar. İnsanlar əvvəl çaşırlar, amma sonra bu şirniyyatların dadına baxmaqdan özlərini saxlaya bilmirlər. Bir də baxırlar ki, döyüş bitib hər kəs düşmən olduğunu unudub. Belə məzmunda bir nağıl danışdım. Yeddi yaşlı oğlan bilirsiniz məndən nə soruşdu?” Cırtdan, bu ölkələr hardadı, mən ora getmək istəyirəm.” Uşağın istəyi qarşısında tutulub qaldım. Daha bir neçə gün keçdi, uşağın atası İstanbuldan telefon açdı. Dedi ki, oğlu Cırtdanla həmin ölkəyə getmək istəyir və evdə əməlli-başlı şıltaqlıq edir. Bu bizim uşaq, yəni anlamaz deyə baxdığımız kiçiklərdi. Onlar daha həssas, daha dəqiqdirlər. Eyni zamanda, onların arzuları, xəyalları çox rəngarəngdir.
A.Q: Uşaq ədəbiyyatı təkcə sinifdən xaric oxunu əhatə etmir. Dərsliklər də, yardımçı vəsaitlər də hamısı bura daxildir.
-Sözünüzə qüvvət Aslan müəllim, maraqlıdır ki, bu qədər geniş, çoxşaxəli sahələri olan uşaq ədəbiyyatı heç vaxt ədəbi tənqidin diqqət mərkəzinə düşməyib.
Ə.Q: Təkcə ədəbiyyata yox, uşaq nəşrlərinə güclü nəzarət olmalıdır. Yəni mən senzuradan danışmıram, amma ədəbi nümunə deyib hər söz yığınını uşaqlara təqdim etmək olmaz. Uşaqlarla bağlı bütün nəşrlər, çap məhsullarına nəzarət olmalıdı. Bir ay sonra orta məktəblərdə dərslər başlanacaq. çıxın məktəb bazarına və uşaqlara təqdim olunan dəftərlərin cildlərinə baxın. İbtidai sinif şagirdi hər gün dəftərini açıb bağlayanda dünya şou-biznesinin çılpaq gözəlçələrinin şəkillərini görürsə, təbii ki, onda həmin sahəyə maraq oyanacaq. Bu da təbliğatın bir növüdür. Onda niyə ədəbi nümunələri təbliğ etmirik, uşaqlarımızı milli-mənəvi ruhda böyütmürük?
Ə.C: özlüyündə bu çox ciddi məsələlərdən biridir. Orta məktəbin aşağı siniflərində istifadə olunan dərsliklər də bura daxildir. Ədəbiyyat dərsliklərində yer alan hər bir mətn uşağın bədii təfəkkürünün, estetik dünya görüşünün formalaşmasına xidmət etməlidir, onu bilgiləndirməlidir. Eyni zamanda, tərbiyyələndirməlidir. Bizim dövrümüzdə pinti, dərs oxumayan uşaqların ümumiləşdirilmiş bir “Qədir” obrazı vardı. Yəqin ki, bu şeir hər kəsin yadında olar:”Qədir məktəbə gedir, onun yeddi yaşı var”. Amma indi belə obrazlar varmı? Uşaqların bənzəmək istəmədiyi, yaxud özünü ona oxşatmağa çalışdığı obrazlar yarada bilirmi uşaq yazarları? Mən daha bir məsələyə toxunmaq istəyirəm, biz milli ədəbiyyat nümunələrimizi tərcümə edib digər xalqların dilinə çevirməliyik. 1969-cu ildə yazıçısı Canni Rodarinin “Telefonla danışılan nağıllar” adlı bir kitabı nəşr olunmuşdu və mən inanıram ki, həmin illərdə hansı ailəyə getsəydin o kitabı orada görərdin.
A.B: Amma bu yaxınlarda həmin kitab mənə lazım oldu və Firudin bəy Köçərli adına kitabxanın Qızıl fondunda onun bir nüsxəsinin saxlanıldığını öyrəndim.
Ə.C: Dünya ədəbiyyatı ilə tanışlıq və bədii-estetik zövqün formalaşması üçün dünya uşaq ədəbiyyatından seçmələrin tərcüməsi, onun uşaq nəşrlərində çapı çox vacib və önəmli bir məsələdir.
- Son illər hansı uşaq kitablarının təqdimatı keçirilib?
A.Q: İcazə verin bu suala biz cavab verməyək. çünki bizim işimiz yazmaqdı, kitab nəşr etməkdi və onu təqdim etmək, ictimaiyyəti məlumatlandırmaqdı. Artıq digər qurumların vəzifəsidir ki, onların təqdimatını keçirsin, geniş oxucu kütləsinə təqdim etsin.
Ə.C: Bir məsələni vurğulamaq istəyirəm. İndiyə qədər Azərbaycan uşaq ədəbiyyatının heç bir nümayəndəsi Beynəlxalq Anderson mükafatına layiq görülməyib. Bəlkə də heç bu mükafatın varlığından uşaq yazarlarımızın xəbəri yoxdu. çünki ədəbiyyatın ən kölgədə qalan sahəsi uşaq bölməsidir. Bu faktdır ki, tatar ədəbiyyatı bizim ədəbiyyatdan heç vaxt irəlidə olmayıb. Tatar uşaq yazarı Robert Minnullin “Qızıl alma” kitabına görə bu mükafatı qazanıb. çünki tərcümə olunub, təbliğ edilib, çapına şərait yaradılıb-ümumi bir qayğının nəticəsi kimi də tatar uşaq ədəbiyyatı bu mükafata layiq görülüb.
KƏBUTƏR
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
