Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Məişət zorakılığına qarşı fəal mübarizə aparılır

Məişət zorakılığına qarşı fəal mübarizə aparılır

05.10.2022 [10:33]

İqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.

Qanunvericilik, institusional və praktiki tədbirlər...

Eyni zamanda, Azərbaycanın gender bərabərliyi üzrə dövlət siyasəti beynəlxalq platformalarda da nümunə kimi qəbul edilir. Yeri gəlmişkən, sentyabrın 29-30-da İrlandiyanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Dublində “Məişət, cinsi və gender zorakılığına son qoyulması” mövzusuna həsr olunan Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə təmsil edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, AŞ üzv dövlətlərinin ədliyyə orqanları rəhbərlərinin iştirak etdiyi konfransda Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç, AŞ Parlament Assambleyasının Prezidenti Tiny Kox və İrlandiyanın ədliyyə naziri xanım Helen McEntee açılış nitqi ilə çıxış ediblər. Tədbirdə qadınlara qarşı zorakılıqla mübarizə üzrə tədbirlər, bu sahədə mütəxəssislər üçün təlimlərin keçirilməsi və cinayət törətmiş şəxslərin islah olunması kimi aktual məsələlər müzakirə olunub, nazirlər tərəfindən təqdimatlar keçirilib.

Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda məişət zorakılığına qarşı fəal mübarizə aparılaraq qanunvericilik, institusional və praktiki tədbirləri qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə Milli Fəaliyyət Planının təsdiq olunaraq həyata keçirildiyini bildirib. Avropa Şurası ilə əməkdaşlıqda məişət zorakılığına qarşı mübarizəyə dair layihənin icrasını, bu məsələnin, həmçinin 2022-2025-ci illər üzrə Azərbaycan üçün birgə Fəaliyyət Planının mühüm istiqamətlərindən olduğunu vurğulayıb.

Nazir qadınların hərbi münaqişələr zamanı zorakılığa məruz qalmasına toxunaraq bu problemlə üzləşmiş yüzlərlə qadının və hətta uşaqların Ermənistanın hərbi təcavüzünün qurbanı olduğunu qeyd edib.

Bildirib ki, müharibənin başa çatmasına baxmayaraq Ermənistan üçtərəfli Bəyanat və Brüssel razılaşmaları üzrə öhdəlikləri kobud şəkildə pozaraq, müxtəlif təxribatlara əl atmaqla sülh prosesinə xələl gətirir.

F.Məmmədov Ermənistanın iki həftə öncə sərhədyanı ərazilərimizi atəşə tutaraq 80 hərbçinin həlak olması, 300-dək hərbçinin və 2 mülki şəxsin yaralanması ilə nəticələnən genişmiqyaslı təxribat törətdiyini diqqətə çatdıraraq ölkəmizin yalnız legitim hərbi hədəflərə yönələn lokal cavab tədbirləri gördüyünü bildirib.

Nazir bu təxribatların bilavasitə Ermənistanın səbəbkarı olduğunu bildirərək vurğulayıb ki, müharibədən sonra azad edilmiş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri üçün 3 milyard ABŞ dolları sərmayə qoyan Azərbaycan bölgədə gərginliyin yaranmasında qətiyyən maraqlı deyil və belə bir eskalasiyanın təşəbbüskarı ola bilməz. Əksinə ölkəmiz davamlı sülhün tərəfdarı olaraq hər zaman xoş niyyət nümayiş etdirir. Ermənistan isə müharibənin başa çatmasına baxmayaraq, hazırda da ərazilərimizi kütləvi minalamaqda davam edərək 240-dan çox insanın mina qurbanı olmasına səbəb olub.

Gender ayrı-seçkiliyi müşahidə olunmur

Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun da artırılmasını təmin edib. Bununla bağlı qanunvericilik bazamız da kifayət qədər zəngindir. Azərbaycan 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Ulu öndər Heydər Əliyev 1998-ci ildə isə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilib. Həmin il Qadın Problemləri üzrə Dövlət Komitəsi də təsis olunub. Lakin ailə və uşaq problemlərinin, qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirdi. Bu səbəbdən də 6 fevral 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu missiyanın daha geniş və effektiv şəkildə həyata keçirilməsinə imkan verdi. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Eyni zamanda, Ulu Öndərin 6 mart 2000-ci il tarixdə “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” verilən 289 saylı Fərmanı, Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı da bu mənada xüsusi vurğulanmalıdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edildi. Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edildi. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülərin götürülməsi nəzərdə tutuldu.

Beləliklə, ölkəmizdə düzgün gender siyasətinin reallaşdırılması üçün beynəlxalq təcrübədən yararlanmaq və bu sahədə geniş əməkdaşlığa imza atmaq əldə olunan uğurlarda müstəsna rol oynadı. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda gender ayrı-seçkiliyi müşahidə olunmur, belə bir problem aktuallıq kəsb etmir.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

MEDİA

Analitik

Prezident bu gün

Prezident bu gün

30 Noyabr 10:22

İqtisadiyyat

Xəbər lenti

Neftin qiyməti artıb

30 Noyabr 09:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31