Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarımızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır

Regionlarımızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır

23.09.2016 [10:00]

Davamlı dövlət dəstəyi və həyata keçirilən Dövlət proqramları nəticəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub
Son illərdə ölkəmizin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın bir sıra rayonlarının intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, eləcə də istixana komplekslərinə və meyvə-tərəvəz emalı müəssisəsinə güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturu yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Vurğulayaq ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısının 2014-cü il yanvarın 16-da imzaladığı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Yeri gəlmişkən, sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin qarşıda duran əsas məsələlərdən biri olduğunu qeyd edib: “Sovetlər vaxtında biz əsas ərzaq məhsullarını Azərbaycana başqa respublikalardan gətirirdik. Misal üçün, toyuq ətini, mal ətini, südü, şəkəri, digər əsas ərzaq məhsullarını biz Rusiyadan, Ukraynadan gətirirdik. Ona görə, qarşıya vəzifə qoyulmuşdu ki, biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik. Odur ki, Azərbaycanda taxılçılığın, heyvandarlığın, ümumiyyətlə, bitkiçiliyin inkişafı sürətlə getmişdir. Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var”.
Bu gün regionlarımızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, əldə olunan nailiyyətlər yüksək göstəricilərlə müşayiət olunur. Məsələn, bu ilin əvvəlindən sahələrdən 14,3 min ton və ya əvvəlki ilin eyni dövrünə nisbətən 752 ton az dən üçün günəbaxan məhsulu toplanıb. 2016-cı ildə emal üçün şəkər çuğunduru əkilmiş 7,1 min hektar sahənin 212,5 hektarından da məhsul yığılıb. Həmin sahələrdən hər hektardan orta hesabla 40,7 sentner olmaqla cari ilin avqust ayında 864 ton məhsul götürülüb. Eləcə də sentyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min hektar əkin sahəsinin 958,2 min hektarı biçilərək, həmin sahələrdən 2 milyon 833,5 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 13,9 min hektar dən üçün qarğıdalı sahəsindən 75,9 min ton məhsul götürülüb. Məhsul yığımı başlanandan sentyabr ayının 1-dək sahələrdən 734,4 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,4 min ton çox kartof, 985,6 min ton (25,9 min ton az) tərəvəz, 435,3 min ton (21,0 min ton az) bostan məhsulları, 355,5 min ton (2,9 min ton çox) meyvə və giləmeyvə, 34,5 min ton (2,7 min ton az) üzüm, 738,6 ton (359,2 ton çox) yaşıl çay yarpağı, 2579 ton (183,6 ton çox) tütün yarpağı yığılıb.
Bu məqamda qeyd edək ki, İsmayıllı rayonunda da kartof yığımı davam edir və əkin sahələrindən indiyədək 6483 ton məhsul yığılıb. Cari ildə İsmayıllıda 900 hektaradək sahədə kartof yetişdirilib. Talıstan, Cülyan və Kürdmaşı ərazi vahidlərində ilk dəfə olaraq 150 hektarda əkin və yığım sənaye üsulu ilə aparılıb və sahələrdə yüksək məhsuldarlıq əldə olunub. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 1483 ton çoxdur. Hazırda şimal ərazilərdə yığım davam edir.
İsmayıllıda cari mövsümdə bağlardan 2500 tondan çox üzüm yığılacağı da gözlənilir. Qeyd edək ki, hazırda bölgədə məhsul yığımı kampaniyasına start verilib. Üzümçülüyün inkişafına göstərilən dövlət qayğısının, bununla bağlı qəbul edilən Dövlət Proqramının nəticəsi olaraq rayonda plantasiyaların sahəsi 1000 hektarı keçib. Bunun da 800 hektardan çoxu bar verəndir. Hazırda məhsul yığımında hər gün orta hesabla 180-200 nəfər işçi qüvvəsi iştirak edir. Az vaxtda 100 tondan artıq üzüm yığılıb. Yığılan məhsul əsasən süfrə sortudur. Odur ki, üzüm birbaşa istehlakçılara göndərilir. Rayonun Kürdmaşı, Hacıhətəmli, Mollaisaqlı icra nümayəndəliklərində, İvanovka kolxozunda məhsul yığımına daha ciddi hazırlıqla başlanılıb və bu mühüm kampaniyanın vaxtında, itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.
Salyanda da əsas təsərrüfat sahələrindən olan üzümçülüyün inkişafı istiqamətində mühüm addımlar atılır. Rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1186,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 954 hektarı bar verəndir. İndiyədək bağlardan 160 tondan çox üzüm yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 ton çoxdur. Fermerlər mövsümüm sonunadək daha 1400-1500 ton məhsul yığılacağına əmindirlər.
Qazax rayonunda da 362 hektar üzüm bağı mövcuddur ki, bunun da 337 hektarı bar verən bağlardır. Rayonun Hüseynbəyli kəndində fermerlər artıq məhsulun yığımına başlayıblar. Bu il bol məhsul götürəcəklərini deyən torpaq sahibləri üzüm bağında dərimə qədər lazımi aqrotexniki qulluğun yüksək səviyyədə aparıldığını, gübrə və zərərvericilərə qarşı dərmanlama işlərinin vaxtlı-vaxtında aparıldığını deyirlər. Elə buna görə də üzüm plantasiyalarında sağlam üzüm salxımları diqqət çəkməkdədir. Kənd fermerləri əsasən “Bolqar” və “Təbriz” süfrə üzüm sortları becəriblər. Fermerlər qarşıdakı günlərdə texniki sort üzümlərin də yığımını həyata keçirəcəklər. İlkin göstəricilər də ürəkaçandır. Sahələrdə kifayət qədər məhsul var.
Naxçıvan Muxtar Respublikasında toxumluq buğdanın əkilib-becərilməsi ilə məşğul olan “Bərəkət”, “Araz” Elm-İstehsalat birlikləri, “Aqrotexservis” Səhmdar Cəmiyyəti və “Sədi”, “Təbriz” toxumçuluq təsərrüfatları cari ildə, ümumilikdə, 1100 tondan çox toxumluq buğda istehsal ediblər. Hazırda hasil olunmuş toxumun ələnib dərmanlanması və qablaşdırılması davam etdirilir. Qeyd edək ki, muxtar respublikada istehsal olunan bütün taxıl növlərinin toxum təminatı məhz yerli istehsal hesabına ödənilir.
Qusarın müasir tipli intensiv meyvə bağlarında da bol məhsul yetişdirilib. Hazırda alma bağlarında məhsul yığımı aparılır. Rayonun Kuzunqışlaq kəndində 200 hektardan çox sahədə əkilən intensiv meyvə bağlarında almanın 10-dan artıq növü becərilir. Bu bağların ilk məhsulu avqust ayında toplanılıb. Tezyetişən “Royal qala” sortlarından bol məhsul əldə olunub. Hazırda isə “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith” sortlarının becərildiyi bağların məhsulu toplanılır. İntensiv alma bağlarında daha çox fransız alma sortları becərilir. Bu sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir. İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də azdır. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksək olur. Meyvə bağlarından toplanan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Yığılan məhsulun böyük hissəsi isə satış üçün Rusiya bazarlarına göndərilir.
Qusarlı təsərrüfatçılar bu il kartof sahələrindən bol məhsul əldə ediblər. Rayonda kartof yığımı artıq yekunlaşmaq üzrədir. Kartofun daha çox əkildiyi kəndlərdən olan Urvada 50 hektardan çox sahədə məhsul becərilib. Təsərrüfatçılar sahələrində əsasən Belarusdan gətirilən kartof növləri əkiblər. Keyfiyyətli toxumun əkilməsi, həm də hava şəraitinin yağışlı keçməsi bu il məhsuldarlğa müsbət təsir göstərib. Urva ilə yanaşı, rayonun Hil, Düztahir, Yasab və digər kəndlərindəki təsərrüfatçıların da əsas məşğuliyyəti kartofçuluqdur. Bu il Qusarda 1316 hektar sahədən 17 min 105 ton kartof yığılıb. Rayonda kartof yığımı sentyabrın sonuna kimi davam edəcək.
Tovuzlu sahibkarlar isə 1669 hektar ərazidə bol tərəvəz məhsulu yetişdiriblər. Tərəvəzçiliklə məşğul olan fermerlər sahələrdən 30812 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 3351 ton, hektardan orta məhsuldarlıq isə 16,7 sentner çoxdur. Tərəvəz yığımı davam edir.
Bir sözlə, göründüyü kimi, davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son 10 il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 842 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30