Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Daşların danışdığı tarix

Daşların danışdığı tarix

18.04.2026 [09:12]

Dünyanın qeyri-adi və mübahisəli abidələri...

Tarixi abidələr zamanın sınağından çıxaraq bu günə qədər gəlib çatan səssiz şahidlər kimi yalnız daşdan, kərpicdən ibarət memarlıq nümunələri deyil, hər bir xalqın ruhunu, düşüncə tərzini və dünyagörüşünü özündə yaşadan canlı səhifələrdir. Bu baxımdan, bir ölkənin keçmişini öyrənmək, onun hansı mərhələlərdən keçdiyini anlamaq və mədəni irsini dünya ictimaiyyətinə tanıtmaq istəyənlər üçün ən etibarlı mənbə məhz bu abidələr olur. Çünki yazılı mənbələr zamanla itib-bata bilər, lakin əsrlərə sinə gərmiş abidələr xalqın tarixini susaraq belə danışmaq gücünə malikdir.

Məhz buna görə də, müasir dövrdə dövlətlər öz tarixi-mədəni irsinin qorunmasını prioritet məsələlərdən biri kimi müəyyənləşdirir. Abidələrin bərpasına, onların beynəlxalq səviyyədə tanıdılmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirirlər. Tarixi abidələr həmçinin insanları keçmişi ilə birləşdirən, əcdadlarının yaşadığı dövrün ab-havası ilə qovuşduran, bir sözlə, keçmişdən gələcəyə “körpü” rolunu oynayan mədəniyyət nümunələridir.

Yeri gəlmişkən, 18 aprel dünyada Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə 1983-cü ildə UNESCO tərəfindən təsis edilib.

Tarixin müxtəlif dövrlərindən bu günə qədər inşa edilmiş abidə və heykəllər özünəməxsus xüsusiyyətlərə malik olub. Belə ki, onların yaradılmasında müəyyən səbəb və məqsədlər var. Onlardan bəziləri vəfat etmiş şəxsin xatirəsini yaşatmaq naminə, digərləri isə insanların maraq və diqqətini çəkmək üçün inşa edilib. Sadaladığımız ikinci varianta aid olan heykəltəraşlıq nümunələri kreativ və orijinal obrazlarla seçilir. Bunların hər biri standartlardan kənarlaşaraq yüksək məharət və ustalıqla ərsəyə gətirilib.

Əyri ev

Əyri ev 1765-ci ildə İngiltərədə tikilib. XIX əsrin əvvəllərində bu ərazidə dağ-mədən sənayesinin səbəbindən bir tərəfi əyilmişdi. Sonralar həmin ev “Sedan House” adlandırılmağa başlanıldı (Sedan yerli dialektdə əyri mənasını verir).

Ev 1940-cı illərdə təhlükəli olaraq qeydə alınmış və məhv olunması planlaşdırılmışdı. Lakin “Wolverhampton and Dudley Breweries” şirkəti bu evi alaraq evin əyilən hissəsini dayaq kimi divar düzəltmişdi.

Dönən bədəni xatırladan göydələn

Bu göydələn Skandinaviyada ən hündür binadır. Binanın dizaynı ispan memarı, struktur mühəndisi və rəssamı Santiaqo Kalatrava tərəfindən edilmişdi. Rəsmi açılışı 2005-ci il avqustun 27-də olub. Binanın hündürlüyü 190 metr olmaqla, 54 mərtəbə və 147 mənzildən ibarətdir. Bina 2005-ci ildə Qızıl Emporis Göydələn mükafatına layiq görülüb.

Ayaqqabı ev

Evin dizaynı 1948-ci ildə ABŞ-da çəkməçi Mahlon Haines tərəfindən təklif edilmişdi. Evin hündürlüyü 7,6 metr olmaqla 5 mərtəbədən ibarətdir. Çəkməçi öz düzəltdiyi çəkməni memara göstərərək, onu kimi ev tikməyini xahiş edir. Evin qonaq otağı barmaqlarda, mətbəx ayaqqabının daban hissəsində, yataq otaqları isə topuq hissəsində yerləşir.

Kubik evlər

Kublara bənzəyən bu evlər Niderlandda Piet Blom adlı memar tərəfindən dizayn olunub. Memar kuba bənzər bu evləri 45 dərəcə əyərək 6 bucaqlı pilon üzərində dizayn etmişdi. Onun dizaynı şəhərin içində kəndi xatırladır. Çünki hər bir ev ağaca və bütün evlər birlikdə meşəyə bənzəyir. Bu evlərdən 18-i ilk dəfə Helmondda 1974 və 1977-ci illərdə tikilməyə başladı. Rotterdamdakı evlər isə 38 ədəd balaca kublardan ibarətdir.

Nağıl evi

Vyetnamda nağıllar aləmini xatırladan bu ev ümumi dizaynı heyvanlar, göbələklər, hörümçək ağları və mağaralar kimi təbii formaları təmsil edən heykəltəraşlıq dizayn elementlərini birləşdirən nəhəng bir ağaca bənzəyir. Bina özünəməxsus arxitekturası ilə çox sayda kitablarda qeyd edilmiş və dünyanın ən qəribə binalarından birinə çevrilmişdi. 1990-cı ildə tikilmiş ev Vyetnam memarı Dang Viet Nga tərəfindən şəxsi bir layihə olaraq irəli sürülüb. Ev 10 qonaq otağından ibarətdir ki, hər biri bir heyvanın (pələng, qartal, qarışqa, kenquru və s.) otağı kimi təsvir edilib. Eyni zamanda hər bir otaq bir xalqı simvolizə edir. Məsələn, pələng otağı çinlilərin güclü olmasını, qartal amerikalıların böyük və güc sahibi olmasını, qarışqa vyetnamlıların çalışqanlığını ifadə edir.

Lotus məbədi

Hindistandakı bu binanın görünüşü nəhəng lotos gülünü xatırladır və 27 ləçəkdən ibarətdir. Həmin ləçəklər 3 mərtəbə formasında qurulub. Məbədin hündürlüyü 34 metrdir və məbədin daxilində 1300 nəfər insan eyni anda ibadət edə bilər.

Məbədin unikallığı ondadır ki, burada bir ədəd də olsa düz xətt boyunca yerləşən hissə yoxdur. Məbədin tikilməsi üçün İrandan Fariburz (Fariburz Sahba) dəvət edilmişdi. Tikinti işləri 1980-ci ildə başlasa da, 1986-cı ilin dekabrında yekunlaşdırılmışdı.

Ən mübahisəli abidələr...

Dünyadakı bütün abidələr hamı tərəfindən birmənalı olaraq sevilmir. Bunun isə müxtəlif səbəbləri var.

“Mount Rushmore”

ABŞ-da yerləşən bu məşhur abidənin heykəltəraşının “Ku Klux Klan” - tarixin şahid olduğu ən qəddar təşkilatlardan birinə mənsub olduğu hesab olunur. Həmçinin məhkəmə qərarı ilə bu abidənin işğal olunmuş bölgədə inşa edildiyi də təsdiqlənib. Elə buna görə də, abidəyə münasibət yalnız müsbət deyil.

“The Fallen Angel” heykəli

Bu heykəl şeytana həsr olunmuş yeganə heykəldir. Ən mübahisəli tərəfi isə bu abidənin İspaniyada bir vaxtlar kafirləri ciddi şəkildə cəzalandıran ölkədə elə eyni ərəfədə hazırlanmasıdır.

“Yasukuni Shinto” məbədi

Yaponiya uğrunda canlarını vermiş əsgərlərin şərəfinə tikilmiş bu abidə ilk baxışda çox normal görünə bilər. Lakin insanlar burada yalnız şəhidlərin deyil, həmçinin birinci dərəcəli hərbi canilərin də xatirəsinin əbədiləşdirildiyini öyrənəndə fikirləri birtərəfli olmur.

“The Don Juan de Onate” heykəli

ABŞ-da yerləşən bu heykəl dəfələrlə vandalizmin qurbanı olub. Səbəbi isə sadədir: Onate bu bölgədə yüzlərlə insanı edam edib və qəddarlığı ilə tanınıb.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30