Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında qazlaşdırma 90-95 faizə çatdırılacaq

Azərbaycanın regionlarında qazlaşdırma 90-95 faizə çatdırılacaq

20.10.2015 [10:18]

Cari ilin 9 ayı ərzində ölkə üzrə 60333 yeni abonent qeydə alınıb ki, onların da 21903-ü Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, 38430-u isə digər regionların payına düşür
Son illərdə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin regionlarının iqtisadi güc amilinə çevrilməsi və bölgələrdə əhalinin sosial təminatı baxımından vacib olan infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsi sayəsində artıq paytaxt Bakı və digər iri şəhərlərlə bölgələr arasındakı fərq, demək olar ki, tam aradan qalxıb.
Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev ölkənin qazlaşdırılması ilə bağlı qarşıya konkret hədəflər qoyub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta Sovet dövründə bəzi rayonlarda ümumiyyətlə təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq”.
Cari ilin 9 ayında 217 yaşayış məntəqəsinə təbii qaz verilib
Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin 9 ayı ərzində 9218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilməsi təmin olunub.
Kəndlərdə sakinlər mavi yanacağın ilk dəfə alovlandırılmasının sevincini yaşayırlar
Təkcə son günlərdə regionlarda çoxlu sayda yaşayış məntəqəsinin sakinləri mavi yanacağın ilk dəfə alovlandırılmasının sevincini yaşayıblar. Oktyabrın 13-də Sabirabad, Biləsuvar, Neftçala və Yevlax rayonlarının daha 4 kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
Sabirabad rayonunda keçirilən tədbirdə bildirilib ki, 163 abonenti olan Sabirabad rayonunun Çığırğan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22383 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Biləsuvar rayonunun 67 abonentlik Arazbarı kəndinin qazlaşdırılması zamanı ümumilikdə 26766 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin olunublar.
Həmin gün Neftçala rayonunun ictimaiyyəti üçün də əlamətdar olub. Rayonun 250 abonentə malik Qaçaqkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu məqsədlə 20475 metr uzunluğunda qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yevlax rayonunun Əkşəm kəndində keçirilmiş tədbirdə qeyd olunub ki, 275 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18171 metrlik boru xətləri çəkilib, 275 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Quba rayonunun Küçeyi kəndinə isə 23 illik fasilədən sonra mavi yanacaq verilməsi təmin olunub. Bu münasibətlə kənddə təşkil olunan tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində də böyük işlər görülür. Hazırda Azərbaycanın bütün bölgələrində ucqar kəndlərin qazlaşdırılması sürətlə həyata keçirilir. Bu sahədə görülən işlər əhalinin rifahının daha da yaxşılaşdırılması üçün atılan vacib addımlardandır.
Tədbirdə bildirilib ki, 202 abonenti olan Küçeyi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 min 414 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin hər biri üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Payız günlərində, həmçinin Masallı rayonunun Təzəkənd, Sabirabad rayonunun Xəlifəli, Tovuz rayonunun Böyük Qışlaq və Molla Ayrım, Yevlax rayonunun 32-ci məhəlləsində yerləşən yeni yaşayış massivinin və digər yaşayış məntəqələrinin sakinləri də evlərində mavi yanacağın alovlandırılmasının sevincini yaşayıblar. Bu münasibətlə keçirilən tədbirlərdə söz alan kənd sakinləri yaşayış məntəqəsinə qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qaz abonentlərinin sayı 1 milyon 767 min 919-a çatıb
Bütün ölkə boyunca geniş qazlaşdırma aparılması nəticəsində, əsasən regionlarda olmaqla abonentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında 60333 yeni abonent qeydə alınıb. İlin əvvəlindən bəri qeydiyyata alınan yeni abonentlərin 21903-ü Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, 38430-u isə digər regionların payına düşür. Beləliklə, 2015-ci il oktyabrın 1-nə olan məlumata əsasən, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 767 min 919-a çatıb.
Cari ilin sentyabr ayında əhali sektoru üzrə 65 milyon 411 min 643 kubmetr həcmində təbii qaz satılıb, ödəniş isə 122,04 faiz təşkil edib. Qeyri-əhali sektoru üzrə 115 milyon 102 min 756 kubmetr həcmində təbii qaz satılıb, bunun qarşılığında isə 120,26 faiz vəsait toplanıb. Onu da qeyd edək ki, ilin əvvəlindən bəri əhali sektoru üzrə 124921 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 328 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə etmələri üçün müvafiq həcmdə limit ayrılıb.
Xətlərin və qaz cihazlarının təhlükəsizliyinə ciddi nəzarət olunur
Ölkə üzrə təbii qaz təchizatı şəbəkəsinin genişləndirilməsi ilə paralel surətdə, magistral və paylayıcı xətlərdə, həmçinin mənzillərdəki qaz avadanlıqlarında təhlükəsizlik qaydalarının gözlənilməsinə də ciddi nəzarət olunur. “Azəriqaz” İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən cari ilin arxada qalan 9 ayı ərzində 190048 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib. Qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib. Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
Kadr hazırlığına da xüsusi diqqət yetirilir
Qaz təsərrüfatı xüsusi sahə olduğundan burada kadrların peşə hazırlığı böyük önəm daşıyır. Buna görə də ölkənin regionlarında qaz təsərrüfatının genişlənməsi ilə paralel surətdə kadrların peşə hazırlığının artırılmasına və yeni kadrların hazırlanmasına ciddi diqqət yetirilir. Bir qədər bundan əvvəl ölkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi ilə əlaqədar yaranmış əlavə iş həcmlərinə müvafiq olaraq SOCAR və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində birliyin 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsinə start verilib. Müsabiqə çərçivəsində müraciətlərin qəbulu 29.09.2015-ci il tarixində başa çatıb. Müsabiqədə 8 regionu əhatə edən 46 rayon üzrə ümumilikdə 4628 nəfərin müraciəti qeydə alınıb. İşə qəbul üçün daha çox müraciət Tərtər (843), Salyan (630), Ağsu (597) Regional Mərkəzlərinin əhatə etdiyi rayonlardan daxil olub.
İndiyədək müsabiqəyə qatılanların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılıb. Hazırda testdən uğurla keçmiş 1111 nəfər üçün təlimlər keçirilir. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal, hazırda vakant olan 403 yerə işə qəbul olunacaq, digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1157 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30