Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında güclü sahibkarlar ordusu formalaşıb

Azərbaycanın regionlarında güclü sahibkarlar ordusu formalaşıb

30.09.2015 [09:46]

Son 12 ildə ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artaraq 386 minə çatıb ki, onların da böyük qismi bölgələrin payına düşür
Son illərdə dünyada ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla nəticələnən bir sıra arzuolunmaz tendensiyaların müşahidə edilməsinə baxmayaraq, Azərbaycan sosial-iqtisadi sahədə dinamik inkişaf templərini qoruyub və öz potensialını daha da artırıb. Təkcə cari ilin birinci yarısında ölkə iqtisadiyyatında 5 faizdən çox artıma nail olunub, ayrı-ayrı sahələrdə, o cümlədən kənd təsərrüfatında, sənayedə, İKT sektorunda inkişaf göstəriciləri isə bundan daha yüksəkdir. Azərbaycanın hətta qlobal risklər şəraitində də davamlı inkişaf templərini saxlamasını şərtləndirən mühüm amillərdən biri də respublikanın regionlarında özəl bölmənin inkişafının yüksək səviyyədə dəstəklənməsi ilə bağlıdır. Ölkəmizdə dövlət sahibkarlığın inkişafına həm siyasi, həm də maddi dəstək verir. Bu isə, əlbəttə ki, öz gözəl bəhrəsini verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə qeyri-neft sektorunda istehsalın genişlənməsində sahibkarlığın inkişafının müsbət rol oynadığını xüsusi olaraq nəzərə çatdırıb. Dövlət başçısı bildirib ki, qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına böyük dərəcədə tərəqqi edir.
Azərbaycan iqtisadiyyatda güclü şaxələndirmə siyasəti həyata keçirir
Azərbaycan iqtisadiyyatı uzun illər ərzində neft amili ilə sıx bağlı olub. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində ölkəmiz neft amilindən asılılıq sindromundan yan keçib. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan elə bir dayanıqlı iqtisadiyyat qurmağı hədəfləyib ki, burada neft amili başlıca rol oynamasın. Təbii ki, ölkəmizdə qeyri-neft sektorunun uğurlarından söhbət açarkən bu sahəyə göstərilən dövlət dəstəyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu sahənin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafına güclü hüquqi təminat yaradır. Bundan başqa, dövlət başçısının tapşırığına əsasən hər il bu sahəyə dövlət xətti ilə güzəştli kreditlər şəklində böyük məbləğdə maliyyə vəsaiti ayrılır.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən davamlı dövlət qayğısı öz bəhrəsini verməkdədir. Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda (ÜDM) neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Cari ilin ilk yarısında ölkəmizdə qeyri-neft sektorunda artım dinamikası 9,2 faiz olmaqla ölkə üzrə ümumi iqtisadi inkişaf dinamikasını üstələyib.
Regionlarda çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur
Yuxarıdakı statistik göstəricilər ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişaf mənzərəsini göz önündə canlandırır. Əlamətdar haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı və sahibkarların fəaliyyəti hesabına genişlənib. Buna görə də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır.
Son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttə uyğun olaraq respublikanın bütün bölgələrində çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkəmizdə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir. Fərmana uyğun olaraq həyata keçirilməsi planlaşdırılan islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. Bunlardan ikisi tamamilə yeni olacaq. Bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb ki, onların da böyük qismi regionların payına düşür. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib.
Eyni zamanda, regionlarda sahibkarlığın təşviq olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlayıb. 2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilib, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunub. Dövlət başçısının göstərişinə əsasən regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı artıq 20-yə çatdırılıb. Bu isə kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri girov problemini həll etməyə imkan verir.
Sahibkarlığın dəstəklənməsi regionların inkişafına əlavə impuls verir
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini regionlarda kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, respublikamızda həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi gücünün və maliyyə imkanlarının artması Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan istifadə edilməsinə münbit zəmin yaradır. Dövlət başçısı ölkəmizdə kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Məsələn, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Təxminən 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.
Beləliklə, ölkədə sahibkarlığın dəstəklənməsinin, həmçinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilində bölgələrdə sahibkarlıq subyektlərinin sayının artması nəticəsində regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb.
Regionlarda yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir
Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Təkcə son illərdə Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodlarının, Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması kompleksinin tikintisi başa çatdırılıb.
Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib. İri fermer təsərrüfatlarının yaradılması ilə respublikanın aqrar sektorunda məhsuldarlıq, o cümlədən də taxıl tədarükü artacaq. Yeri gəlmişkən, təcrübə göstərir ki, iri fermer təsərrüfatlarında daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. Buna görə də respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir. Respublikamızda yeni sahibkarlıq subyektlərinin yaradılması yolu ilə bu proses davam etdiriləcək. Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilib. Hazırda icra edilən yeni layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək. İndiyədək respublikamızda 20-dək iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib. Təsərrüfatlarda müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb. Ümumiyyətlə, iri fermer təsərrüfatlarının yaradılması ilə ölkəmizdə kənd təsərrüfatının yeni effektiv sistemi formalaşır. Prezident İlham Əliyev bu yaxınlarda Cəlilabad rayonuna səfəri çərçivəsində bu rayonda “Avanqard” MMC tərəfindən yaradılan yeni fermer təsərrüfatı ilə tanış olub. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərəcək və yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Ərazidə yeraltı qrunt sularının axıdılması məqsədilə 4860 metr uzunluğunda drenaj qazılıb, ABŞ-ın “Lindsay” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Təsərrüfatın fasiləsiz su ilə təminatını həyata keçirmək üçün 3 kilometr uzunluğunda mövcud kanal təmizlənib, tutumu 50 min kubmetr olan süni göl yaradılıb, 2,3 kilometr uzunluğunda yeni elektrik xətti çəkilib. Ötən il Ağdaşda dövlət başçısının iştirakı ilə Gilan yem emalı zavodu istifadəyə verilib. Təxminən 8 hektar ərazidə yaradılan zavoda iki fabrik daxildir. Birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton preslənmiş yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür. Birnövbəli iş rejimində zavodda, ümumilikdə, 210 min ton yem istehsal olunacaq.
Son illərdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən aqrar-sənaye komplekslərindən biri də “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksidir. Ümumi dəyəri 25 milyon manat olan müəssisə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.
Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda istifadəyə verilən “Sağlam qida” aqrar-sənaye kompleksi isə 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarətdir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir. Kompleksin ümumi dəyəri 28,9 milyon manatdır ki, onun da 10 milyon manatını Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit təşkil edir.
Regionların sənaye xəritəsi də əhəmiyyətli dərəcədə zənginləşib
Regionlarda yaradılan yeni sahibkarlıq subyektləri hesabına son illərdə respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Regionlarda yaradılan yeni sənaye müəssisələri böyük müvəffəqiyyətlə fəaliyyət göstərir və ölkənin iqtisadi potensialının artmasına sanballı töhfələr verir. Son 12 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Daşkəsəndə qızıl emalı, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb.
Bu sırada Qazax sement zavodunu da nümunə göstərmək mümkündür. Yeni müəssisənin tikintisi çərçivəsində Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol və bu yolun kənarı ilə zavoda dəmir yolu, həmçinin 110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilib. Bundan başqa, su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunub. Layihəyə əsasən, müəssisənin gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1 milyon ton sementdir. Zavodda bir neçə markada sement istehsal olunur. Bununla əlaqədar uyğunluq sertifikatları alınıb. Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanılması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılıb və ən müasir avadanlıqla təchiz edilib. Müəssisənin idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir. Bütövlükdə zavodun ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılıb. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ilin sentyabrında Gədəbəydə istifadəyə verilən “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodu da ən müasir standartlar səviyyəsində qurulub. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalıb. Bu məqsədlə anbar tikilib və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib. Zavodda istifadə olunan avadanlıqlar xaricdən gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub.
Hacıqabuldakı “Gilan” Seramik Parkında yaradılan seramik plitələr istehsalı zavodu Cənubi və Şimali Qafqaz, həmçinin Mərkəzi Asiya ölkələri arasında yalnız Azərbaycandadır. Sahəsi 27 hektar olan müəssisə 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Zavodda bu sahədə dünyanın ən aparıcı şirkəti olan İtaliyanın “Sacmi” müəssisəsinin avadanlığı quraşdırılıb. Bu avadanlıq vasitəsilə beynəlxalq standartlar səviyyəsində məhsul əldə etmək mümkündür.
Zavod 19,7 min kvadratmetr qapalı sahədən ibarətdir. Ümumilikdə müəssisənin yaradılmasına 40,2 milyon manat investisiya qoyulub. Avadanlığın alınması və tikintinin həyata keçirilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan beş milyon manat güzəştli kredit ayrılıb. Müəssisənin illik xammal tələbatı 80 min ton təşkil edir. Bu tələbatın əsas hissəsi yerli xammal hesabına ödənilir, bəzi qatqı maddələr isə Türkiyə və Ukraynadan gətirilir.
Zavodun xammal bazasının yaradılması məqsədi ilə aparılmış geoloji tədqiqatlar nəticəsində Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində kifayət qədər xammal yataqlarının mövcudluğu və həmin yataqlardan alınacaq xammal-materialların yüksək keyfiyyət göstəricilərinə malik olduğu müəyyən edilib. Zavodda il ərzində 1 milyon 815 min kvadratmetr döşəmə plitə, 1 milyon 798 min kvadratmetr üzlük plitə və 165 min paqonnometr dekorativ plitə hazırlamaq mümkündür.
Müəssisənin işi tam avtomatlaşdırılıb. Zavodda 500-dən çox adam daimi iş yeri ilə təmin olunub. Zavodun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar gələcəkdə iş yerlərinin sayı daha da artırılacaq.
Zavodda çalışanlara 100 və 150 yerlik iki yeməkxana xidmət göstərir. Müəssisənin ərazisində inşa olunmuş dördmərtəbəli 80 yerlik müasir qonaq evində qonaqların və zavodda çalışanların istirahəti üçün hər cür şərait yaradılıb.
Müəssisənin inzibati bölməsində də işçilər üçün hərtərəfli şərait vardır. Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə qurulub. Burada müxtəlif tədbirlərin keçirilməsi mümkündür. İkimərtəbəli sərgi salonunda zavodda istehsal olunan məhsullar nümayiş etdirilir. Bundan başqa, müəssisənin ərazisində hazır məhsullar və avadanlığın ehtiyat hissələri anbarları inşa olunub, nasosxana, qazanxana və transformator quraşdırılıb. Zavodun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, idman meydançası yaradılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1248 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30