Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / COP29 harada keçiriləcək?

COP29 harada keçiriləcək?

09.12.2023 [11:45]

Ermənistan COP29-un ev sahibliyinə öz namizədliyini Azərbaycanın xeyrinə geri götürüb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir. “Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir”, - deyə açıqlamada vurğulanıb.

COP nədir?

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) ekoloji çağırışlarla əlaqədar formalaşdırılan beynəlxalq platformadır. Milli hökumətlər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq etdilər. Daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr nəzərdə tutan bu Konvensiya, siyasi idarə və elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyə imkan verir.  

Bu çərçivədə1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində Kioto Protokolu qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Kioto Protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarını məhdudlaşdırır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Kioto Protokolu üzrə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi (2008-2012-ci illər) başa çatdıqdan sonra 2012-ci ildə Doha şəhərində 18-ci Tərəflər Konfransında Kioto Protokolunun ikinci mərhələsi üzrə Doha əlavəsi qəbul edilib.

Eyni zamanda, 2016-cı ildə aprelin 22-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib və bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar. Konvensiyanın 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq Tərəf ölkələr iqlim dəyişmələri sahəsində hazırkı milli şərait ilə bağlı müntəzəm olaraq Konvensiyanın katibliyinə atmosferə atılan istilik effekti yaradan qazların emmisiya mənbələri, səviyyəsi və onların azaldılması istiqamətində görülən işlər barədə həm ölkə, həm də sektorlar üzrə hesabatlar təqdim edirlər.

Azərbaycanın xoş niyyəti

Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır və müvafiq qaydada təqdim edir. Sözügedən hesabatların hazırlanmasında sahələr üzrə məlumatların toplanması və ümumiləşdirilməsi məqsədi ilə hər bir müvafiq sektoru təmsil edən dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

Azərbaycan həmçinin COP tədbirlərində fəal iştirak edir. Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasiminə qatılıb. COP28 çərçivəsində keçirilən tətbirlərdə həmçinin ölkəmizin müvafiq qurumlarının, o cümlədən energetika, ekologiya və təbii sərvətlər nazirliklərinin, SOCAR-ın rəhbər şəxsləri iştirak edərək mühüm görüşlər keçiriblər və müzakirələr aparıblar.

Müzakirələrdə vurğulandığı kimi, indiki dövdə dekarbonizasiya məsələlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Məsuliyyətli dövlət olan Azərbaycan müvafiq istiqamətlərdə öz fəaliyyətlərini qlobal çağırışlara adekvat qurur.   Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. COP28 çərçivəsində keçirilən tədbirlərdə  SOCAR-ın prezidenti Rövşən Nəcəf bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılmasının, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib.

COP29-a ev sahibliyi etmək istəyi Azərbaycanın xoş niyyətinin daha bir ifadəsidir. “?Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Bizim göstərə biləcəyimiz nailiyyətlər çoxdur”. Bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib. Konfransın Bakıda keçirilməsi üçün müəyyən problemlərin olduğunu deyən dövlət başçısı tezliklə  onların həllinə nail olunacağına ümid etdiyini bildirib.

Ermənistan mühüm beynəlxalq tədbirləri keçirməyə hazırdırmı?

Ermənistanın COP29-a ev sahibliyinə namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi özlüyündə müsbət qarşılana bilər. Bunu uzun tərəddüdlərdən sonra bu günlərdə başlanan ikitərəfli dialoqun və razılaşmaların, necə deyərlər, ilk meyvələrindən biri sanmaq mümkündür. İstərdik ki, Ermənistan nəhayət revanşizm, düşmənçiulik mövqeyindən geri çəkilsin və qonşu dövlətlər olan Azərbaycana və Türkiyəyə yönəlik əsassız iddialarına son versin. Bu ölkənin xilası və gələcəyi uzaq Fransa və yaxud başqa dövlətlərlə deyil, məhz region ölkələri ilə bağlıdır.

O ki qaldı Ermənistanın COP29-a ev sahibliyi namizədliyini geri götürməsinə, burada bəzi məqamlara diqqət çəkmək istərdik. Beynəlxalq tədbirlərə ev sahibliyi hüququnu qazanmağı əksər dövlətlər arzulayırlar. Bu, ölkələrin müsbət beynəlxalq imici üçün çox vacibdir. Ancaq istəyin reallaşması üçün şərtlər tələb olunur. Zənnimizcə, Ermənistanın tərəddüdləri xoş niyyətdən daha çox bu ölkənin məhdud iqtisadi-maliyyə imkanları ilə bağlıdır. Müqayisə üçün bildirək ki, güclü Azərbaycan ev sahibliyi etdiyi bütün beynəəlxalq tədbirlərdə yüksək standartlar ortaya qoyur. Ermənistan isə kasıb və ianələr hesabına yaşayan bir ölkədir.

Digər bir mühüm amil beynəlxalq birliyin etimadı ilə bağlıdır. Dünyaya uğurlu inkişaf modeli təqdim edən Azərbaycana bütün dünyada böyük inam bəslənir və etimad göstərilir. 30 illik işğalçılıq siyasəti Ermənistanın beynəlxalq imicini əhəmiyyətli dərəcədə zədələyib.

Burada cəmiyyətlərin ab-havası və istəyi də əsas şərtlərdən biridir. Respublikamızın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etmək istəyi bilavasitə cəmiyyətimizin sosial sifarişidir. Ermənistanda isə həm daxili gərginlik hökm sürür, həm də cəmiyyət multikultural dəyərlərə sadiq  və dözümlü deyil. Bir qədər bundan əvvəl bu ölkənin paytaxtında keçirilən beynəlxalq idman yarışında insident yaşandı - Azərbaycan və Türkiyə bayraqlarına hörmətsizlik edildi. Görünür, Ermənistan rəhbərliyi COP29-a ev sahibliyi namizədliyini geri götürərkən həm də bu məqamları nəzərə alıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 423 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29