Onlayn ticarətdə hansı dəyişikliklər olacaq?
05.05.2023 [11:08]
Seçim imkanı genişlənir, prosedur sadələşdirilir
Nicat Dilqəmli
Artıq bir neçə ildir ki, elektron ticarət platformalarından istifadə intensivləşməyə davam edir. Xüsusilə bütün dünyanı cənginə alan koronavirus pandemiyası vaxtı digər bütün elektron xidmətlər kimi, elektron ticarət də geniş populyarlıq qazandı. Bundan başqa, həm dünyada, həm də ölkəmizdə istifadəçilər arasında onlayn satış platformalarına olan inamsızlıq hissi əhəmiyyətli dərəcədə azaldı. Azərbaycanda da ənənəvi ticarət üsulu yavaş-yavaş aktuallığını itirir desək, yanılmarıq.
Qiymətlərdə artım var
Bu, nəinki beynəlxalq, eyni zamanda, ölkə daxilində fəaliyyət göstərən mağazalara da aiddir. O da vurğulanmalıdır ki, burada söhbət yalnız geyim, aksessuar və bu kateqoriyadan olan digər məhsulların satışı ilə məşğul olan şirkətlərdən getmir. Belə ki, artıq qida, dərman və digər gündəlik tələbat məhsullarının da məsafədən alışı geniş vüsət alıb. Sözsüz ki, onlayn satışın getdikcə daha da aktuallaşması elektron bazarda qiymətlərin bahalaşmasına gətirib çıxarır. Elə bir neçə aydır müşahidə olunan qiymət artımının əsas səbəbi də tələbin artmasıdır. Bir çox xarici ölkələrdən, xüsusilə də Türkiyədən məhsul sifarişi ən az 2 dəfə bahalaşıb. Ekspertlər qiymətlərdəki dəyişikliyin səbəbini əsasən tələbin kəskin şəkildə artmasında, həmin ölkələrdəki inflyasiyada, bir də daşınma xərclərinin artmasında görürlər.
Səbəb nədir?
Mövzu ilə bağlı suallarımızı cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov elektron ticarətdəki bahalaşmanın səbəblərindən danışarkən bildirib ki, bu, tələbin artması ilə əlaqədardır: “Həm pandemiya, həm nağdsız ödənişlərin sayının getdikcə daha da artması, əlavə vaxt itkisinin qarşısının alınması səbəbindən insanların daha çox daşınma şirkətləri vasitəsilə onlayn platformalara kəskin şəkildə axın etməsi ciddi bir tələb yaradır. Bu da, təbii ki, onlayn platformalarda qiymət artımı ilə nəticələnir”.
E-ticarətdə beynəlxalq əməkdaşlıq genişlənir
Elektron ticarətə marağın artması onlayn satış platformalarla əməkdaşlıq məsələsini də aktuallaşdırır. “TEKNOFEST” tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” ilə Azərbaycanın aparıcı biznes qrupu olan “PAŞA Holding” arasında müqavilənin bağlanması da bu zərurətdən irəli gəlir. Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək. “Trendyol” Qrupunun prezidenti Çağlayan Çetin bildirib ki, “Trendyol” özünün texnologiya, logistika və istehsalat sahəsində mövcud təcrübəsini “PAŞA Holding”in Azərbaycan bazarında olan təcrübəsi ilə birləşdirəcək. “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov isə bildirib ki, bu müqavilə istifadəçilərə daha geniş məhsul çeşidinə daha sərfəli qiymətlərlə asan çıxış təmin edərək müştəri təcrübəsini yaxşılaşdıracaq. “Eyni zamanda, platforma daxilində ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təqdim etdiyi digər maliyyə xidmətləri və loyallıq proqramları da buraya əlavə olunacaq ki, bu da ümumi maliyyə sağlamlığına da töhfə verəcək”.
Rəqəmlər danışır
“Trendyol”un ölkəmizin e-ticarət sektorunda önəmli yer tutmasını nəzərə aldıqda sözügedən əməkdaşlıq müqaviləsinin əhəmiyyəti daha aydın şəkildə görünür. Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycan “Trendyol”a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, Trendyol tətbiqi 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olub.
Qarşılıqlı razılaşmanın hansı üstünlükləri olacaq?
Bu müqavilə ilə “Trendyol” və “PAŞA Holding” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
Ekspertlər “Trendyol” kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının Azərbaycan bazarına daxil olmasını ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış-veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət bir addım kimi dəyərləndirirlər. Bu razılaşmadan sonra karqo şirkətlərinin sıradan çıxacağı ilə bağlı da müxtəlif iddialar səsləndirilməkdədir. Lakin mütəxəssislər bunu real hesab etmirlər. E.Əmirovun sözlərinə görə, son illərdə ölkəmizdə 200-dən artıq karqo şirkəti fəaliyyətə başlayıb. İqtisadçı deyir ki, onlardan təbii ki, hər biri bərabər deyil: “Nisbətən zəif olanlar bazarı tərk edirlər və bu, qarşıdakı dövr üçün də belə olacaq”.
İki nəhəng şirkət arasında imzalanan müqavilənin əhəmiyyətindən danışan iqtisadçı ekspert onu da bildirib ki, “Trendyol”un fəaliyyətində hər hansı bir məhdudiyyət olmayacaq. O qeyd edib ki, tam əksinə, yenilik istehlakçılar üçün seçim şansı yaradacaq: “Sadəcə olaraq, bu razılaşma ilə trendyola yeni bir funksionallıq əlavə olunur. Gəlin, nəzər yetirək: əvvəl mexanizm necə idi? Azərbaycanlı müştəri sifariş verərkən saytda məhsulun Türkiyədəki hansı anbara çatacağını qeyd edirdi. Həmin anbar da karqo şirkətinə məxsus idi. Oradan da ölkəmizə çatacağı ünvana göndərilirdi. Bu mexanizm yenə də qalacaq. Lakin əlavə bir funksiya əlavə ediləcək. Bu da ondan ibarətdir ki, məhsul karqo şirkətinə deyil, birbaşa öz ünvanımıza göndəriləcək. Təbii ki, belə olan halda əlavə xərclərin yaranacağı da istisna deyil. Bütün hallarda, hansısa bir mənfi məqam yoxdur. Bu, istehlakçıya seçim şansı verir”.
“Trendyol” Azərbaycanda möhkəmlənir
E.Əmirov hesab edir ki, iki böyük şirkət arasında bağlanan müqavilə “Trendyol”un Azərbaycanda möhkəmlənməsini şərtləndirəcək: “Ümumiyyətlə, trendyolun Azərbaycana gəlməsi artıq reallaşır. Çünki “PAŞA Holding” getdikcə Azərbaycanın ən böyük şirkətinə çevrilməkdədir və kifayət qədər böyük nüfuz sahibi olan bir şirkətin tərəfdaşı Azərbaycanda möhkəmlənəcək və güclənəcək”.
“Məsələnin mənfi tərəfi isə bundan ibarətdir ki, “Trendyol”un Azərbaycanda “PAŞA Holding” kimi tərəfdaşının olması digər yerli şirkətlər üçün yeni, çox ciddi bir rəqibin formalaşmasına səbəb olacaq”, - deyə E.Əmirov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

