Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Gələn ildən pensiyalarda artımlar olacaq

Gələn ildən pensiyalarda artımlar olacaq

24.11.2022 [10:18]

MÜBARİZ

Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın ardıcıl siyasəti sosial dövlət konsepti əsasında qurulub. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaşların maraqları ölkədə aparılan siyasətin mərkəzində dayanır. Belə həssas yanaşmaya uyğun olaraq respublikamızda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, getdikcə genişlənən iqtisadi və maliyyə imkanlarından cəmiyyətin bütün təbəqələri bəhrələnirlər. Bu isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksəlməsini təmin edir.

2023-cü ildə sosial sferanın prioritetliyi

Son illərdə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında geniş əhatə dairəsinə malik sosial islahatların həyata keçirilməsi bir növ ənənə halını alıb. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq büdcəyə daxil olan əlavə vəsaitlər bütünlüklə sosial məqsədlərə, o cümlədən də əhalinin gəlir imkanlarının artırılmasına yönəldilir. Davamlı şəkildə həyata keçirilən islahat tədbirləri çərçivəsində 2022-ci ilin əvvəlindən sosial müavinətlər və ayrı-ayrı təqaüdlərdə artımlar olub. Əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqlar və b. üçün aylıq sosial müavinətlər orta hesabla 25 faiz, birdəfəlik müavinətlər təxminən 46 faiz artırılıb. Bəzi təqaüdlərdə isə artım orta hesabla 32 faiz olub. Tələbə təqaüdlərində də təxminən 20 faiz artım baş verib. Ümumilikdə, 722 min şəxsin (o cümlədən 132 min tələbənin) rifahına dəstək olan bu artımlar üçün illik əlavə 194 mln. manat ayrılıb.

Sosial ödənişlərdə davamlı artım əhalinin həssas qruplarından olan insanlara verilən ünvanlı sosial yardımı da əhatə edir. Ünvanlı sosial yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarı cari ilin əvvəlindən 170 manatdan 200 manata çatdırılıb. Bu artım 250 minədək insanı əhatə edən ailələrə yönələn ünvanlı sosial yardımların da artması ilə nəticələnib. Həmin artım üçün  illik əlavə 20 mln. manat xərclənəcək.

Sosial islahat tədbirləri dövlət başçısının tapşırıqları əsasında müharibə iştirakçılarına yeni dəstək tədbirlərini də nəzərdə tutur. Bu tədbirlərə 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təmin edilməsi və  2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdünün təyin olunması daxildir.

Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu islahat paketinin maliyyə yükü də kifayət qədər böyükdür. Belə ki, bəhs olunan artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manata bərabərdir.

Respublikamızda 2023-cü ildə də sosial sferanın prioritetliyi təmin ediləcək. Belə ki, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, cari illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

Təqaüdçülər pensiyaların artımına sevinəcəklər

Artıq sonuna yaxınlaşdığımız 2022-ci ildə respublikammızda həyata keçirilən sosial islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edib. Belə ki, ilin əvvəlindən etibarən iki istiqamətdə pensiyaların artımı baş verib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib.

İkinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara bu il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.  Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a ver?lən məlumatda bildirilir ki, cari ildə ölkədə sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatının gücləndirilməsi tədbirləri ardıcıl şəkildə davam etdirilib. Məlumatda vurğulanır ki, bu ilin yanvar-oktyabr aylarında pensiyaların ödənişinə əvvəlki ilin müvafiq dövrünə nisbətən  7 faiz və ya 270 mln. manat çox olmaqla 4 mlrd. 114 mln. manat vəsait yönəldilib.

Pensiyaların proaktiv qaydada təyinatı prosesi də davam edib: 10 ayda 21 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. Pensiyaların proaktiv təyinatı mexanizmi tətbiq olunduğu 2019-cu ilin əvvəlindən isə 69 min şəxsə pensiya e-qaydada proaktiv şəkildə təyin olunub.

Ölkəmizdə pensiyaların artırılması ənənəsi 2023-cü ildə də davam etdiriləcək. Bu barədə noyabrın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən növbəti iclasında anons edilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, müzakirəyə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil edilən 8 qanun layihəsi ikinci oxunuşda təqdim olunub.

Musa Quliyev qanun layihələri barədə fikirlərini açıqlayaraq bildirib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək. Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

Pensiya amnistiyası uzadılır

“Əmək Pensiyaları” haqqında Qanuna yeni dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Bu barədə “Yeni Azərbaycan”a Milli Məclisin deputatı Vüqar Bayramov danışıb. Onun bildirdiyinə görə, dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir.

Bəs nəzərdə tutulan dəyişikliklər pensiyaçılara nə vəd edir? Sualımızı cavablandıran Vüqar Bayramov deyib: “Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Pensiya amnistiyası adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.

Belə ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə pensiya almaq üçün ya 25 il ?taj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa, o zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququna malik olacaqlar. Hətta ən kiçik məbləğdə pensiya kapitalı olan vətəndaşlarımız da yaşa görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Moldova böhranı

02 Dekabr 10:50

Xarici siyasət

Pelosinin xələfi...

02 Dekabr 10:41

Siyasət

Siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

02 Dekabr 10:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31