Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni sənayeləşmə dövrü

Yeni sənayeləşmə dövrü

22.11.2022 [10:09]

Mübariz ABDULLAYEV

Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətini milli maraqlara və qlobal çağırışlara uyğun qurur. Hazırda sənayeləşmə, xüsusilə də innovasiyalara, son nəsil texnologiyalara əsaslanan sənayenin inkişafı əsas qlobal çağırışlardan biri kimi ayrı-ayrı ölkələrin gündəliyində dayanır. Dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycan da sənaye inkişafını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Respublikamızda rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafı üçün əlverişli infrastrukturun, o cümlədən Dördüncü Sənaye İnqilabının standartlarına uyğun şəraitin formalaşdırılması istiqamətində fəal iş aparılır. Deyə bilərik ki, ölkəmizdə keyfiyyətcə yeni sənayeləşmə mərhələsi başlayıb.

Beynəlxalq səviyyədə artan maraq

Azərbaycanın sənaye inkişafının beynəlxalq səviyyədə yaxından izlənildiyinin və böyük maraqla qarşılandığının şahidi oluruq. Elə bu günlərdə BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə Azərbaycan Respublikası Hökuməti arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb. İqtisadiyyat Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, BMT tərəfdən isə qurumun Sənaye İnkişafı Təşkilatının baş direktoru Gerd Müller imzalayıblar. Bununla bağlı keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov UNIDO-nun sənayenin davamlı inkişafının təşviqi istiqamətində tədbirlərinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, ötən ilin martında imzalanmış BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda həyata keçirilən 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası da BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşır. UNIDO-nun baş direktoru Gerd Müller Azərbaycanın son illər əldə etdiyi uğurları qeyd edib, Çərçivə sənədinin ixtisaslaşmış beynəlxalq qurum kimi UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycanın sənaye potensialının daha geniş reallaşmasına töhfə verəcəyini vurğulayıb.

Bundan əvvəl isə Azərbaycanla Davos Dünya İqtisadi Forumu arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Xatırladaq ki, 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Bunun əsasında da Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Mərkəzi yaradılıb. Mərkəz 2022-ci il 23 fevral tarixindən fəaliyyətinə start verib. Açılış mərasiminə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende şəxsən qatılıb. Tədbirdə bildirilib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensial var. Dünya İqtisadi Forumunun prezidenti Borge Brende MDB regionunda ilk dəfə Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin Bakıda mərkəzinin açılmasının əhəmiyyətini, iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb edilməsi baxımından önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın rəqəmsallaşmanın genişləndirilməsi hədəfi üzrə qətiyyəti ölkəmizin regional bilik mərkəzinə çevriləcəyinə əminlik yaradır.

Məqsədyönlü sənayeləşmə siyasəti

Azərbaycanda gedən müasir sənayeləşmə siyasətinin BMT, DİF və digər beynəlxalq qurumlar səviyyəsində izlənilməsi və bu sahədə əməkdaşlığa dair sənədlərin imzalanması heç də təsadüfi deyildir. Bu, ilk növbədə, respublikamızda aparılan sənayeləşmə siyasətinə və əldə olunan nailiyyətlərə beynəlxalq səviyyədə yüksək qiymət verildiyinin ifadəsidir. Ölkəmizdə yüksək səviyyəli sənaye quruculuğu üçün bütün şərtlər təmin edilib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında aparılan yeni nəsil islahatlar, müasir infrastruktur təminatı, əlverişli investisiya mühiti, davamlı dövlət dəstəyi tədbirləri respublikamızda sənaye inkişafı üçün geniş perspektivlər açıb. Ölkəmiz dördüncü sənaye inqilabının hədəflərinə doğru inamla irəliləməkdədir. Son 10 ildə baş verən iki qlobal böhranın ayrı-ayrı ölkələrin iqtisadiyyatına kəskin mənfi təsirlər göstərdiyi heç kəsə sirr deyil. Bütün mənfi xarici amillərə baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkəmizdə makroiqtisadi sabitlik və iqtisadiyyatın böyüməsi müşahidə olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15% böyüyüb, qeyri-neft ÜDM-i isə hər il orta hesabla 3,5% artıb. Son 10 ildə respublikamızda qeyri-neft ixracının 78,3% artmasına nail olunması böyük uğurdur. Son illərdə milli iqtisadiyyatımızda əldə olunan uğurlarda qeyri-neft sənayesinin xüsusi çəkisi kifayət qədər böyükdür. Respublikamızda qeyri-neft sənayesində hər il 10 faizdən çox artım müşahidə edilir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Son 10 ildə ölkəmizin qeyri-neft sənayesi yeni müasir istehsalatlar hesabına xeyli genişlənib və 2,3 dəfə böyüyüb. Sənaye parklarının və məhəllələrinin xəritəsinin genişlənməsi ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bütün infrastruktur təminatına malik olan sənaye parkları və məhəllələri ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Sənaye zonalarında indiyədək ümumilikdə 8 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,6 milyard manatlıq hissəsi (təqribən 32,4%-i) ixraca yönəldilib. 2022-ci ilin yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,1 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 846,1 milyon manatı ixrac olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 41,5%, ixracı isə 55,3% artıb. İlin əvvəlindən bəri sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3% olub. Azərbaycanın sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

Ölkəmizdə sənaye inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər də kifayət qədər böyükdür. Bu barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda konkret müddəalar öz əksini tapıb. Sənədə əsasən, ölkəmizdə qeyri-neft sənayesi hər il orta hesabla 8,3% artacaq. O cümlədən, sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15%, qeyri-neft sənaye ixracında payı isə 25% olacaq.

“Yaşıl artım” ölkəsi prioriteti

Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında imzalanan sənəddə ətraf mühit və enerji səmərəliliyi, təmiz istehsal kimi vacib sahələrə üstünlük verilir. Bunlar ölkəmizin “yaşıl artım” prioritetinə tam uyğundur. Məlum olduğu kimi, dövlət başçısının 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Hazırda Abşeronda və Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində bir sıra layihələr uğurla reallaşdırılmaqdadır.

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Moldova böhranı

02 Dekabr 10:50

Xarici siyasət

Pelosinin xələfi...

02 Dekabr 10:41

Siyasət

Siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

02 Dekabr 10:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31