Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Baltik Pipe” Avropanın dərdinə məlhəm olacaqmı?

“Baltik Pipe” Avropanın dərdinə məlhəm olacaqmı?

06.10.2022 [10:45]

Mübariz FEYİZLİ

Bu günlərdə Avropa İttifaqı (Aİ) məkanının enerji təhlükəsizliyinin təmin olunması istiqamətində daha bir addım atılıb. Söhbət “Baltik Pipe” qaz kəmərinin istismara verilməsindən gedir. Bu kəmər Norveç qazının Baltik dənizinin dibindən keçən marşrutla Polşaya və digər Avropa ölkələrinə çatdırmaq məqsədi ilə inşa olunub. Bəs yeni kəmər Avropa bazarında Rusiya qazını bütünlüklə əvəzləyə biləcəkmi?

Rusiyadan qoca qitəyə qaz ixracına son

 “Baltik Pipe” qaz boru kəmərinin işə salınması qızmar havalarda səhrada yağışın yağması ilə müqayisə olunur. Səhrada susuz qalanlar üçün səmanın lütfü nə qədər böyük önəm daşıyırsa, enerji aclığı yaşayan Avropa üçün də qışqabağı dövrdə yeni mavi yanacaq mənbəyinə çıxış da bir o qədər əhəmiyyətlidir.

Avropa üçün enerji aclığı cari ilin fevralında başlayan və hələlik sonu görünməyən Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranıb. Müharibədə Ukraynanın tərəfində çıxış edən Avropa İttifaqı  Rusiyanı cəzalandırmaq, onun gəlirlərini məhdudlaşdırmaq məqsədilə bu ölkəyə qarşı əhatə dairəsi kifayət qədər geniş olan sanksiyalar tətbiq etdi. Bir neçə mərhələdə tətbiq olunan bu sanksiyalar müxtəlif qadağalarla yanaşı, həm də Rusiyadan Aİ məkanına enerji məhsullarının idxalının dayandırılmasını hədəfləyib. Bu siyahıda neft, kömür və digər strateji əhəmiyyətli məhsullar yer alır. Verilən məlumatlara görə, Rusiyanın hazırda mövcudluğu sübut olunan yeraltı sərvətlərinin ümumi dəyəri 30 trilyon dollar həcmində qiymətləndirilir.  Müharibə başlayanadək xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini (gündəlik 5 milyon barel) təşkil edib. Bu məhsulların 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Şimal qonşumuz qoca qitənin neftə olan tələbatının 25 faizini qarşılayırdı. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollara çatıb. Digər pozisiyalar üzrə də Rusiya oxşar mövqeyə malikdir. Son vaxtlaradək Rusiyanın ixracının strukturunda bərk yanacaq - kömür də mühüm pozisiyalardan biri olub. Rusiya kömür yanacağı ehtiyatlarına görə dünyada 3-cü, hasilata görə 6-cı yerdə  gəlir. 182 milyard ton daş kömür ehtiyatı olan Rusiya yalnız ABŞ (445 milyard ton) və Çindən (272 milyard ton) geri qalır. Şimal qonşumuz  bərk yanacaq ixracında təxminən 300 milyon ton həcmlə dünyada 3-cü yerdə gəlir.

Rusiyaya qarşı tətbiq olunan qadağalar mavi yanacaq təchizatına aid olmasa da, şimal qonşumuz Qərbdən gələn sanksiyalara cavab olaraq “dost olmayan ölkələrə” satılan mavi yanacağın dəyərinin rublla ödənilməsi tələbini şərt kimi irəli sürdü. Bir qədər bundan əvvəl isə “Şimal axını-1”lə qoca qitəyə qaz ixracı tamamilə dayandırıldı.  Bu, texniki səbəblərlə izah olunsa da, siyasi məqsədlər ortadadır. Rusiya Avropanın sanksiyalarına mavi yanacaq açarlarını bağlamaqla cavab verir. Rusiyanın dövlət başçısı V.Putin bu günlərdə birmənalı şəkildə bəyan edib ki, qoca qitə üzümüzə gələn qışda onun ölkəsindən qaz almayacaq. Xatırladaq ki, müharibə başlayanadək  Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. Avropaya qaz ixracının məhdudlaşdırılması Rusiyaya məxsus “Qazprom” şirkətinin istehsal və ixrac göstəricilərinin aşağı düşməsində də özünü büruzə verir. Şirkət cari ilin doqquz ayında qaz hasilatını 17,1% azaldaraq 313,3 mlrd. kubmetrə endirib. Bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib. Vurğulanır ki, “Qazprom” 2021-ci ildə 514,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62,2 mlrd. kubmetr çoxdur. Bu göstərici son 13 ilin ən yaxşı göstəricisi olub. Cari ildə xarici bazarlarda şirkətin məhsuluna tələbat 36,2 faiz azalıb. Uzaq xarici ölkələrə ötən dövr ərzində 2021-ci illə müqayisədə 44,6 milyard kubmetr az - 78,5 milyard kubmetr qaz ixrac olunub.

Polşanın xilası

“Baltik Pipe” layihəsinin icrasına təxminən 6 il bundan əvvəl start verilib. Bəhs olunan layihənin icrası, ilk növbədə, Avropa üçün enerji mənbələrinin və nəqletmə marşrutlarının şaxələndirilməsi baxımından önəmlidir. İndiyədək ayrı-ayrı Avropa dövlətlərinin enerji təminatı məhdud mənbələrdən təmin olunurdu. Buna görə də həmin dövlətlər təchizatçılardan asılı vəziyyətdə qalırdılar və onların manipulyasiyalarına dözməli olurdular. “Baltik Pipe”ın timsalında qoca qitə yeni nəql marşrutu qazanıb. Kəmərin tikintisinə Avropa Komissiyası böyük həcmlərdə maliyyə dəstəyi göstərib. “Baltik Pipe” layihəsi Norveç və Danimarka qaz nəqli şəbəkələrinin birləşdirilməsi, Danimarka şəbəkəsinin genişləndirilməsi, bu ölkədən Polşaya Baltik dənizinin dibindən qaz kəmərinin inşası kimi seqmentlərdən ibarətdir

Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson yeni “Baltik Pipe” qaz kəmərinin Avropa İttifaqında mövcud enerji böhranının aradan qaldırılmasına töhfə verəcəyini bildirib. “Baltik Pipe” regionun təchizatının təhlükəsizliyi üçün əsas layihədir və Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi siyasətinin nəticəsidir. Boru kəməri mövcud enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq”, - deyə Kadri Simson vurğulayıb.

Baltik dənizinin dibindən və Danimarka ərazisindən keçməklə çəkilən “Baltik Pipe”ın uzunluğu 900 kilometrə bərabərdir. İlkin mərhələdə yeni marşrutla mavi yanacaq Norveçdən Polşaya çatdırılacaq. Bu ölkə Qərblə Rusiya arasında gedən sanksiyalar müharibəsindən ən çox əziyyət çəkən dövlətlərdən biri hesab olunur. Polşa aldığı qazın dəyərini rublla ödəmək iqtidarında olmadı. Buna görə də Rusiyanın qaz nəqlini ilkin mərhələdə dayandırdığı dövlətlər sırasında yer aldı. Xatırladaq ki, əvvəllər “Yamal-Avropa” qaz kəməri ilə Rusiyadan Polşaya ildə 10 mlrd. kubmetrədək qaz tədarük olunurdu.

Müqayisələr apardıqda belə məlum olur ki, “Baltik Pipe” Polşanın xilasını təmin edəcək.  Yeni marşrutun illik ötürmə gücü də 10 mlrd. kubmetrə bərabərdir. İlkin mərhələdə kəmərlə gündə 62,4 mln. kubmetr qaz nəql olunacaq.

Gələcəkdə “Baltik Pipe” -nın genişləndirilmə perspektivləri də var. Avropa Komissiyasının rəsmiləri ilə birlikdə qaz kəmərinin açılışına qatılan Polşanın prezidenti Andjey Duda qeyd edib ki, yeni marşrut vasitəsilə qaz təkcə Norveçdən Polşaya deyil, digər ölkələrə də nəql edilə bilər. “Buradan qaz hər yerə, harada təbii qaz lazımdırsa oraya da gedə bilər”, - deyə Polşanın dövlət başçısı vurğulayıb.

Avropa soyuq qış astanasında

“Baltik Pipe” işə düşsə də, qarşıdan gələn qışın Avropa üçün sözün bütün mənalarında soyuq keçəcəyi gözlənilir. Avropa Komissiyası böyük səylər göstərsə də, Rusiya qazını bütünlüklə əvəzləyəcək mənbələr tapmağa müyəssər olmayıb.

Noyabrın 1-dən etibarən Rusiyadan qoca qitəyə qaz tədarükü tamamilə kəsilərsə və qaz tələbi sabit qalarsa, Avropa yeraltı anbarlardakı bütün ehtiyatlarını itirmək və həcmlərin fevralda 5%-ə enmək riski ilə üzləşə bilər. Bu barədə Beynəlxalq Enerji Agentliyinin qaz bazarına dair rüblük hesabatında bildirilib. Qurumun Enerji Bazarları və Təhlükəsizliyi üzrə direktoru Keisuke Sadamori gözlənilən təhlükə barədə danışaraq deyib: “Dünya qaz bazarlarına aid gözləntilərimiz buludlu olmaqda davam edir. Bütün siqnallar 2023-cü ildə bazarların çox gərgin keçəcəyini göstərir”.

“Avropa İttifaqı qısa müddətdə Rusiya qazını əvəz edə bilməyəcək”. Bu fikri isə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ifadə edib. Onun sözlərinə görə, Aİ-nin alternativ təchizatçı tapmaq imkanları həm fiziki, həm də iqtisadi amillərdən asılıdır. Bundan əlavə, Kiriakos Mitsotakis idxal olunan yanacağın qiymətlərinin məhdudlaşdırılması təşəbbüsünü dəstəkləyib. Baş nazirin sözlərinə görə, bu ilin birinci rübündə Aİ-nin yanacaq idxalı xərcləri ötən illə müqayisədə 62 mlrd. avro artıb və ilin sonuna qədər bu rəqəmlər yüz milyardlarla  və hətta trilyonlarla ölçüləcək.

Bu kimi reallıqlar fonunda Avropa Komissiyası Aİ-yə üzv ölkələrə payız-qış mövsümündə yanacağa sərt şəkildə qənaət etməklə bağlı tövsiyələrini çatdırıb. Verilən məlumatlara görə, bəzi Avropa ölkələrində qazdan israfçılıqla istifadə edilməsinə görə vətəndaşlar həm də sərt cəza tədbirləri ilə üzləşə bilərlər. Qışda mənzillərin məhdudiyyətlərlə isidilməsi də müzakirə olunan məsələlər sırasında yer alır.

Paylaş:
Baxılıb: 279 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

MEDİA

Analitik

Prezident bu gün

Prezident bu gün

30 Noyabr 10:22

İqtisadiyyat

Xəbər lenti

Neftin qiyməti artıb

30 Noyabr 09:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31