Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sentyabrda bahalaşacaq...

Sentyabrda bahalaşacaq...

18.08.2022 [10:41]

Qızıl bazarında vəziyyət necədir?

Nicat DİLQƏMLİ

Hazırda dünyada gedən geosiyasi proseslər bir çox sahələrə öz təsirini göstərməkdədir. Baş verənlər qızıl bazarına da təsirsiz ötüşməyib. Son günlər qızıl bazarı durğunluğu ilə diqqət çəkir. Məlum olduğu kimi, ölkəmizdə Məhərrəm ayıdır. Toy məclislərinin təşkil edilməməsi yerli qızıl bazarında bundan əvvəlki vaxtda mövcud olan aktivliyin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Qiymətlər endirilib? Bazarda real vəziyyət...

Ölkədəki qızıl bazarında vəziyyət necədir? Alıcıların aktivliyi hansı səviyyədədir? Qızıl bazarının hazırkı durumu barədə “Yeni Azərbaycan” qəzetinə məlumat verən satıcı Leyla Əfəndiyevanın sözlərinə görə, hazırda bazarda durğunluq müşahidə edilməkdədir: “Məhərrəmliyə görə satış çox zəifləyib. Lakin bir də görürsən ki, alıcılar axın etməyə başlayırlar”. O, qiymətlərin əvvəlki dövrlə müqayisədə aşağı olduğunu da diqqətə çatdırıb: “Adətən Məhərrəm ayından sonra qiymətlərdə artım olur, qızıl bahalaşır. Bu səbəbdən də hamımız çalışırıq ki, qızıllarımızı sataq”.

Qızılların qiymətinə gəlincə, satıcı bildirib ki, 585 əyyar qızılın satış qiyməti 78-88 manatdır: “Firmalara və modellərə uyğun olaraq qiymətlər dəyişir. İtalyan qızılını da haradasa 95-120 manat aralığında almaq olar. Ağır qramlı ikinci əl malları 90 manata da tapmaq mümkündür. Əvvəl ən sonu 84 manata satdığım modelləri indi 80-82 manata satıram. Yəni qızılın qiyməti düşüb”.

Digər həmsöhbətimiz satıcı Yaşar Həsənov da qiymətlərin aşağı endiyini, alıcıların isə azaldığını deyir: “Məhərrəmlik olduğuna görə alıcılar dəfələrlə azalıb. Çünki toy şənlikləri keçirilmir. Hazırda satdığımız qızılların qiyməti əyyar və modelindən asılı olaraq 80-150 manat arası dəyişir”.

Azərbaycan Zərgərlər Assosiasiyasının (AZO) sədri Toğrul Abbasquliyev mövzu ilə bağlı mətbuata açıqlamasında sentyabr ayının sonlarından qızıl bazarının yenidən aktivləşəcəyini bildirib: “Məhərrəm ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir. Yay ayları olduğundan daimi alıcıların istirahətdə olmasına görə də qızıl bazarında durğunluq yaşanır. Ölkəyə turist axını olsa da, bu, bazarda canlanmaya səbəb olmayıb. Sentyabrın axırından başlayaraq qızıl bazarının aktivləşəcəyi gözlənilir”.

Assosiasiya sədri diqqətə çatdırıb ki, qızıl bazarındakı vəziyyətə iyun-iyul aylarında qızılın qiymətinin enişi də müəyyən qədər təsir göstərdi: “Bu təsirin müsbət və ya mənfi olduğunu deyə bilmərəm. Xam qızılın qiyməti 54 ABŞ dollara qədər enmişdi. Hazırda müəyyən qədər stabillik yaranıb. Bu qiymət 57-58 dollara çatıb. Bu da vəziyyətin tədricən stabilləşəcəyini deyir”.

T.Abbasquliyev onu qeyd edib ki, bir neçə istehsalçı artıq xam qızılı “AzərGold”dan alacaqları ilə bağlı razılaşmaya gəliblər, qısa bir zamanda bunun şahidi olacağıq.

Qeyd edək ki, bu gün Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,11 % azalaraq 1 796,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,28 % azalaraq 20,36 ABŞ dolları təşkil edib.

Deyilənlərdən belə qənaətə gəlmək olur ki, qızılın qiymətindəki dəyişiklik bir o qədər də gözəçarpan dərəcədə deyil. Eyni zamanda, ölkəmizdə toy şənliklərinin keçirilməməsi səbəbindən qızıl bazarında müşahidə edilməkdə olan durğunluq isə daimi xarakter daşımır. Məhərrəm ayından sonra ölkəmizin qızıl bazarında əvvəlki kimi aktivliyin olacağı istisna edilmir.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31