Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bankomatların sayı niyə azdır?

Bankomatların sayı niyə azdır?

17.08.2022 [10:42]

Nicat DİLQƏMLİ

Müasir dövrün gündəlik həyatımıza daxil etdiyi bir çox yeniliklər var. Xidmət sahələrinin elektronlaşdırılması nəticəsində heç bir yerə getmədən, sadəcə mobil telefon vasitəsilə xeyli sayda əməliyyatı gerçəkləşdirmək mümkündür. Vətəndaşlar üçün zəruri olan sahələrdən biri də bankçılıqdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən bankların demək olar ki, hər birinin rəqəmsal platforma üzərindən istifadə edilməsi üçün mobil proqramları var və həmin tətbiqlər əhalinin geniş istifadəsindədir. Bütün yeniliklərə baxmayaraq, bank sistemində həllini gözləyən bəzi problemlər vətəndaşları hələ də narahat etməkdədir. Pul vəsaitini nağdlaşdırmaq funksiyasını yerinə yetirən aparatların - bankomatların azlığı da həmin problemlər sırasındadır. Nağdlaşdırma aparatlarının az olması ilə bağlı narazılıqlar bu gün də aktualdır.

Araşdırdıqda məlum olur ki, ölkəmizdə bankomat sayına görə ilk sırada dayanan bank şirkəti “Kapital Bank”dır. Bankın mətbuat xidmətindən “Yeni Azərbaycan”a verilən məlumatda “Kapital Bank”ın ümumilikdə 1000-dən çox bankomatının olduğu bildirildi. O da diqqətə çatdırıldı ki, rəqəmlər mütəmadi olaraq dəyişir. “Azərbaycan Beynəlxalq Bankı” ASC siyahıda ikinci yerdə qərarlaşıb. Bankın mətbuat xidmətindən qəzetimizə bildirildi ki, ölkə üzrə ümumilikdə 929 bankomat müştərilərin istifadəsindədir. Qeyd olundu ki, onlardan 196-sı yeni nəsildir.

Digər bankların göstəriciləri isə təəssüfləndirir. Yetərincə tanınan, əhalinin geniş istifadəsində olan bankların böyük əksəriyyətində bankomatların sayı 17-117 aralığındadır. Üstəlik, bu rəqəm bəzən yalnız payxtaxt ərazisini əhatə edir. Digər bir məqam isə sözügedən bankların bir çoxunun bölgələrdə bankomatlarının və həm də mərkəzlərinin olmamasıdır.

Xarici təcrübədə xidmətlərdən yararlanmaq istəyənlərin əziyyət çəkməməsi üçün vahid bankomatların quraşdırılması təcrübəsi də var. Əfsuslar olsun ki, bu günə qədər ölkəmizdə məsələnin həlli istiqamətində hər hansı bir real addım atılmayıb.

Çıxış yolu nədədir? Bankomatların sayının artırılmamasının hansı səbəbləri var?

İqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bankomatların quraşdırılması məsələsinə aydınlıq gətirərkən bildirib ki, banklar xərclərini azaltmaq üçün bankomatlardan minimum səviyyədə istifadə edirlər: “İstənilən bankomatın quraşdırılması əlavə xərc tələb edir. Bankomatların olması həmin bankların xidmət sahəsinə aiddir. Məlumdur ki, ölkəmizdə fəaliyyət göstərən bankların böyük əksəriyyətinin xidmət səviyyəsi bərbad vəziyyətdədir. Yalnız bəzi normal fəaliyyət göstərən banklar da var. Xarici təcrübəyə əsasən bankomatların sayının yetəri qədər olması mütləqdir. İkinci bir məsələ rəqabət məsələsidir. Lakin bizdə bankların əsasən müştəriləri maaş və pensiya alan şəxslərdir. Belə olduğu halda əlavə bankomatlar quraşdırılsa belə, onun üçün çəkilən xərci geri qaytara bilmirlər. Məhz bu səbəbdən də banklar bunu özləri üçün əlavə xərc hesab edirlər. Ölkəmizdəki banklar arasında rəqabət Avropada olan səviyyəyə çatdıqda bankomatların sayının artırılması məsələsi gündəmə gələ bilər. Hazırda bir o qədər də rəqabət yoxdur. Ona görə də şirkətlər bir o qədər də maraqlı deyillər”.

E.Əmirov bu aparatların quraşdırılması üçün çəkilməli olan xərclərdən də danışıb: “Həmin avadanlığın özünün qiyməti var. Daha sonra yerləşdiriləcəyi məkanın alınması və icarəsi məsələsi var. Digər bir məsələ isə həmin bankomatlara proqram təminatının əlavə edilməsi, onun şəbəkəyə, mərkəzi sistemə qoşulmasıdır. Həmin bankomatlara mütəmadi olaraq texniki xidmətin göstərilməsi və aparatların pul əskinasları ilə təchiz edilməsi məsələləri də bank üçün əlavə xərc hesab edilir. Görünür, elə buna görə də banklar mümkün qədər az bankomatlar yerləşdirirlər”.

P.S Əlaqə saxladığımız bir çox bankdan bildirildi ki, bankomatların sayının artırılması istiqamətində işlər davam etdirilir və göstərilən rəqəmlər mütəmadi olaraq dəyişir.

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31